BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

10 Mart 2020 Salı

“Xocalının səsi” - Ruhlar şəhərinin müsibətlərini salnamələşdirən qəzet

Posted at  3/10/2020  |  in  Xocalı soyqırımı

      ...Xocalı qəsəbəsinə təzəcə rayon statusu verilmişdi. Rayonda sürətlə yeni binalar tikilir, infrastruktur yaradılırdı. Rayonun “Xocalının səsi” qəzeti təsis edilmişdi. Lakin rayon mərkəzində mətbəə hələ olmadığından qəzet qonşu rayonlardan birində çap olunmalı idi. Təcrübəli jurnalist, Ağcabədidə çıxan “Sürət” qəzetinin redaktoru işləmiş mərhum Sərdar Mehdiyev “Xocalının səsi” qəzetinə redaktor təyin edilmişdi. Bu mətbu orqanın ilk sayları Bərdə rayon mətbəəsində işıq üzü görmüşdü.
        Bu, o zaman idi ki, Xocalı hər tərəfdən mühasirəyə alınır, şəhərin Azərbaycanın ətraf rayonları ilə əlaqəsi getdikcə kəsilirdi. Ermənilər mühasirəni möhkəmləndirir, yolları tama-milə silah altına alır, gələn-gedəni girov götürür, öldürüdülər. Ermənistandan gətirilmiş qüvvələrlə sovet ordusunun 366-cı motoatıcı alayı Xocalı üzərinə sonuncu  hücum əməliyyatını planlaşdırırdılar. Gənc şəhərin respublikamızla əlaqəsi yalnız vertolyotla idi. Nəhayət, vertolyotlardan biri də vurulandan sonra gediş-gəliş kəsildi və Xocalı tam mühasirəyə düşdü.
         ...1991-ci ilin yazında “Tərtər” qəzetinin redaksiyasına bir nəfər orta yaşlı səxs qonaq gəlmişdi. Həmin şəxs  redaktor Təvəkkül Nəcəfovla görüşüb xeyli söhbətdən sonra onun kabinetindən çıxdı. Redaktor təcili iclas çağırdı və dedi ki, qonağımız “Xocalının səsi” qəzetinin redaktoru Sərdar Mehdiyevdir. Qəzetin nəşri dayanıb, işçilərinin  çoxu mühasirədə qalıb, qəzeti çıxarmaq üçün ona kömək lazımdır. Sonra soruşdu ki, kim o qəzetdə işləməyə razıdır? Heç kim bir söz demədi, çünki qəzetin aqibətinin necə olacağı bilinmirdi. Mən ayağa qalxıb bildirdim ki, indi hər kəs gücü çatan işlərlə xocalılara kömək etməyə çalışır, mən də qələmimlə köməyə hazıram.
         Rəhmətlik Təvəkkül Nəcəfov dedi ki, sizə otaq verirəm, qəzet bizim mətbəədə çıxacaq, kağız, çap xərci alınmayacaq, digər lazımi köməklikləri də əsirgəməyəcəyik. Beləliklə, mən “Xocalının səsi” qəzetinin məsul katibi oldum. Qəzeti Sərdar Mehdiyevlə birlikdə çıxarası olduq. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri 366-cı motoatıcı alayla birlikdə Xocalıya hücum etdilər. Üç mindən artıq erməni və sovet hərbçisi ağır artilleriyanın köməyi ilə 50-yə qədər tank və PDM-lə dörd tərəfdən Xocalıya girdilər. Yalnız yüngül silahlarla silahlanmış 250 nəfərlik özünümüdafiə batalyonunun döyüşçüləri nə qədər mətinliklə vuruşsalar da yalnız  iki saat müqavimət göstərə bildilər. Onların əksəri döyüş meydanında qəhrəmanlıqla həlak oldu. Qatillər körpələrə, qo-calara, qadınlara, xəstələrə, yaralılara belə aman verməmiş, dinc, əliyalın  əhalini vəhşliklə qırmışdılar. Bu barədə qəzetimizdə dərhal məlumat dərc etdik. Sərdar Mehdiyev iki  yüzdən artıq qəzet götürüb Ağdama apardı. Çünki Prezidentin səlahiyyətli nümayəndəsi Fəhmin Hacıyev və müdafiə naziri, general Şahin Musayev orada guya müdafiə işləri ilə məşğul idilər. Lakin sonradan məlum oldu ki, bu adamlar nəinki müdafiəni təşkil etməmiş, cəmisi bir neçə kilometrlikdə əhalimizə divan tutulan günlərdə köməyə getmək istəyənlərə belə icazə verməmişdilər. Azərbaycanın Milli Qəhrəmanı,  batalyon komandiri Allahverdi Bağırov nə qədər təkid etsə də, batalyonu döyüşə buraxmamışdılar. Bu, misli görünməmiş xəyanət idi!
        Biz qəzetdə yazmışdıq ki, Xocalıda yüzlərlə insan öldürülüb, xeyli soydaşımız əsir və itkin düşüb. General bu xəbəri kimin yazdığını soruşanda qərargahda olan Sərdar müəllimi ona təqdim ediblər. Şahin Musayev dərhal əlini tapancasına ataraq: “Bunu güllələmək lazımdır, provakatordur, xalqa yalan məlumat yayıb. Xocalıda cəmi 2 nəfər ölüb.” Qərargahdakılar araya girərək onun redaktora atəş açmasına imkan verməyiblər. Sonradan həmin general qaçıb Rusiya Federasiyasında gizləndi.
        ...Xocalı soyqırımından  iyirmi bir gün keçmişdi. Bütün xalq Xocalı qətliamının qırx təziyəsini saxlayırdı. Novruz bayramını qeyd etmək kimsənin ağlına belə gəlmirdi. Həmin  gün redaksiyaya getdim, gördüklərim məni dəhşətə gətirdi. Bina darmadağın dağılmışdı. İçəri çətinliklə keçdim, ermə-nilərin gecə atdıqları “Kristall” mərmisi mənim iş otağımı havaya sovurmuş, zərbə dalğası qonşu otaqları da yerlə-yeksan eləmişdi. Orada Xocalıya, Qarabağın tarixinə aid olan qiymətli məlumatlar, şəkillər  məhv olmuşdu.
        Ertəsi gün Sərdar müəllim gəldi, biz birlikdə Gəncəyə getdik. Gəncə şəhər mətbəəsinin direktoru İlham İmamquliyevin yanında olduq.  Pəhləvan cüssəli bir adam idi. O,  bizi səmimi qarşıladı, söhbətimizi dinləyib kövrəldi. - Heç narahat olmayın,  sizə hər cür kömək edəcəyik, - dedi.
        Gəncə Şəhər İcra Hakimiyyətində bizə bir otaq ayırdılar. O zaman “Gəncənin səsi” qəzetinin redaktoru olan Sabir Hacıyev, məsul katib Füzuli Rüzigar, müxbirlər Rəfiqə Sadıqova, İbrahim Məsimoğlu və Nüşabə Məmmədli bizə kömək və qayğı göstərirdilər.
        Qəzetin fotomüxbiri Xocalıda həlak olmuşdu. Mühasirədən salamat çıxmış əməkdaşlarımız Naftalanda, Bakıda və digər yerlərdə məskunlaşmışdılar. Allahyar Xocalı, Qasım Qırxqızlı, Səbuhi Mehdiyev ayda bir-iki dəfə redaksiyaya gəlir, özləri ilə şəkil və yazılar gətirirdilər. Bütün yazıları redaktə etmək, səhifələri tərtib etmək, nömrəni çapa hazırlamaq, hazır qəzeti lazımi yerlərə göndərmək mənim işim idi. Yəni eyni vaxtda bir neçə vəzifəni yerinə yetirməli olurdum.
        Nəhayət, maliyyə çatışmazlığı üzündən ayda səkkiz dəfə çıxan qəzetin çapını iki dəfəyə endirəsi olduq. Məni Bakıya - “Azərbaycan” qəzetinə işləməyə dəvət etdilər. Rəhmətlik Sərdar Mehdiyev - get işlə a bala, daha burada iş çox seyrəlib, orada perspektiv var, - dedi. Onun xeyir-duası ilə yeni iş yerinə gəldim. Amma “Xocalının səsi” qəzetində işlədiyim dörd il yarımı həmişə acı xatirələrlə yaşayıram. Azərbaycanın Milli Qəhrəmanları, mayor Əlif Hacıyev, Xocalı özünümüdafiə batalyonunun komandiri Tofiq Hüseynov, “Azərbaycan Bayrağı” ordenli həkim  Məmməd Nağıyev və müsibətə düçar olmuş ailələr  barədə yana-yana yazmışam. O müsibətlərdən yaza-yaza özüm də o müsibətləri yaşamışam.
        İndi “Xocalının səsi” Qalib Bəyməmmədoğlunun redaktorluğu ilə nəşr olunur. Onunla əlaqə saxlayıram və yenə də hərdən bu qəzetə məqalələr yazıram. Xocalının tarixini yazan qəzet yaşayır və fəaliyyət göstərir. Gün o gün olsun  ki, “Xocalının səsi” qəzetinin səsi Xocalıdan gəlsin. Amin!
Vəli İLYASOV,
 “İki sahil”
1991-1995-ci illərdə “Xocalının səsi” 
qəzetinin məsul katibi

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

Əlaqə

Redaksiyamızın ünvanı:
Gəncə şəhəri, Yeni qəsəbə - 2
Tel: (070 - 222 - 26 - 48; (050) 678 - 10 - 44
E - mail: xocalininsesi@gmail.com
About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top