BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

20 Nisan 2020 Pazartesi

Ermənilərin kabusu, Şəhid şəhərin "Mixaylo"su

Posted at  4/20/2020  |  in  Xocalı soyqırımı

Ermənilər Azərbaycana qarşı işğal yürüşünə başlayanda sakit həyatını yaşayan xocalılıların yuxusuna da girməzdi ki, bir neçə il keçəcək, bu şəhərin dinc sakinləri soyqırıma məruz qalacaq, yüzlərlə məsum insan vəhşicəsinə öldürüləcəkdi. O qanlı günə isə hələ üç il vardı.

1988-ci ilin qış ayları idi, Xankəndidə ermənilər separatçı niyyətlərini açıq şəkildə bəyan edir və şəhərin küçələrində aksiyalar keçirirdilər. Ermənilər Dağlıq Qarabağ Muxtar Vilayətini (DQMV) Ermənistan SSRİ-yə birləşdirməklə Azərbaycana qarşı açıq savaşa başladıqlarını bəyan edirdlər. Xankəndindən alovlanan bu atəşin adı “Miyasum” (erm.dilində – Birlik) idi. Bir neçə ay ərzində İrəvandan və xaricdə fəaliyyət göstərən erməni təşkilatlarının maddi və ideoloji dəstəyi ilə bu alov Dağlıq Qarabağı bürüdü. Artıq 1989-cu ildə demək olar ki, hər gün erməni silahlı qruplaşmaları azərbaycanlılara məxsus nəqliyyat vasitələrinə və avtobuslara, yaşayış məntəqələrinə hücum edir, etnik təmizləmə siyasətini açıq şəkildə bəyan edirdilər. Belə gərgin vaxtlarda Bakıdan – paytaxtdan yetərli təhlükəsizlik tədbirləri ala bilməyən qarabağlılar öz kəndlərini, el-obalarını qorumaq məcburiyyətində qaldılar. Yaşayış məntəqələrində özünümüdafiə dəstələri yaranmağa başladı. Bu dəstələr məhdud imkanlar hesabına silahlanır və yaşayış məntəqələrini qoruyurdular. Belə özünü müdafiə bölmələrindən biri də Dağlıq Qarabağın strateji yaşayış məntəqələrindən olan Xocalı şəhərində yaradıldı. Sonradan Xocalı özünümüdafiə taboruna çevrilən bu dəstəyə kapitan Tofiq Hüseynov komandirlik etməyə başladı.

Tofiq Hüseynov 19 aprel 1954-cü ildə Xocalı şəhərində doğulub. Hərbi xidməti başa vurduqdan sonra Xocalı şəhər orta məktəbində hərbi hazırlıq müəllimi kimi əmək fəaliyyətinə başlayır. T. Hüseynov 1991-ci ildə Xocalı özünümüdafiə dəstəsinin təşkilatçılarından biri olur və bu tabora ömrünün sonunadək komandirlik edir. Qısa müddətdə o döyüş bacarığı və qəhrəmanlığı ilə ermənilərin kabusuna çevrilir. Meşəli kəndi uğrunda gedən döyüşdə düşmən hərbi birləşməsinə vurulan zərbədən sonra ermənilər onu öldürən şəxsə pul mükafatı da təyin edilər. Lakin “Mixaylo” ləqəbi ilə tanınan Tofiq Hüseynovun komandiri olduğu tabor Xocalı ətrafındakı erməni hərbi birləşmələrinə bir-birinin ardınca zərbələr endirir, onların şəhəri mühasirəyə almaq cəhdlərinin qarşısını alırdı. Mehdikənd yaşayış məntəqəsində qazanılan uğurlu hərbi əməliyyatdan sonra isə Tofiq Hüseynova mayor rütbəsi verilir.

Lakin vəziyyət getdikcə gərginləşirdi. Artıq 1992-ci ilin fevralın əvvəllərindən başlayaraq Xocalını işğal etməyi qarşısına məqsəd qoymuş ermənilər şəhərə hücumların sayını artırmışdılar. Quru yol da bağlanmış, ümid yalnız özünümüdafiə taborunun döyüş imkanlarına qalmışdı. Şəhərin müdafiəsi üçün savaş meydanından bir addım da geri çəkilməyən xocalılılar komandirin döyüş bacarığına inanırdılar. Lakin taborun şəxsi heyət və silah-sursat imkanları tükənməz deyildi. Mərkəzi komandanlıq da Xocalının mühasirədən çıxması üçün effektiv addım ata bilmirdi. Tofiq Hüseynovun taboru isə Xocalının qəhrəman övladları ilə bir addım da olsun geri çəkilmək niyyətləri yox idi.

Nəhayət, 1992-ci il fevralın 25-i gecə saatlarında Rusiya Ordusunun Xankəndindəki 366-cı alayının şəxsi heyətinin və texnikasının iştirakı ilə Xocalının üzərinə ermənilərin geniş miqyaslı hərbi əməliyyat başladı. Komandir döyüş yoldaşları ilə çiyin-çiyinə verərək sona qədər döyüşdü. Şəhərin işğalının qaçılmaz olduğunu görən mayor Hüseynov yüzlərlə xocalılını təhlükəsiz yerə çıxmasına nail oldu. Düşmənin hücumunun qarşısının alınmasında rəşadətlə vuruşdu. Mayor Tofiq Hüseynov canlı qüvvə və texnika cəhətdən qat-qat üstün olan düşmənlə qeyri-bərabər döyüşdə əsir düşməmək üçün qumbaranı sinəsinə sıxdı və özü ilə bərabər düşmən hərbçilərini də məhv etdi.

Xocalının “Mixaylo”su son nəfəsində də düşməndən qisas alaraq şəhidlik zirvəsinə ucaldı. Tofiq Hüseynov o dəhşətli gecədə həm də silahdaşı olan qardaşı Bakir Hüseynovu da itirir. Atası Mirsiyab, anası Minəş xanım, həyat yoldaşı Məxmər xanım və 47 yaxın qohumu da faciə günü şəhidlik zirvəsinə ucaldılar. Ölümündən 4 ay sonra mayor Hüseynov Tofiq Mirsiyab oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü.

Tofiq Hüseynov gənc nəslə vətəni qorumağı, onun uğrunda öldürməyi və ölməyi öyrətdi. O Azərbaycanın hərb tarixinə öz adını cəsur komandir kimi qızıl hərflərlə yazdırdı.

Qəhrəman Bakıdakı Şəhidlər Xiyabanında dəfn olunub.

Bu gün komandirin ocağında – oğlunun ailəsində onun adını fəxrlə daşıyan nəvəsi böyüyür. Yeniyetmə Tofiq Hüseynov babasının hərbçi yolunu davam etdirməyi qarşısına məqsəd qoyub. Düşmənin hiyləsi və məkri varsa da, bizim də qəhrəmanlarımız – tofiqlərimiz var…


Ramil Məmmədli
hərbi jurnalist 



Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

Əlaqə

Redaksiyamızın ünvanı:
Gəncə şəhəri, Yeni qəsəbə - 2
Tel: (070 - 222 - 26 - 48; (050) 678 - 10 - 44
E - mail: xocalininsesi@gmail.com
About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top