BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

11 Ekim 2020 Pazar

XOCALIDA SOVET REJİMİNİN QURULMASI

Posted at  10/11/2020  |  in  

        Azərbaycanın Xocalı ərazisində sovet rejiminin qurulması prosesini təhlil etməzdən öncə XX əsrin əvvəllərində bölgədə baş verən sosial-siyasi prosesləri izləmək yerinə düşərdi. Qarabağ bölgəsi Azərbaycanın tarixən ayrılmaz bir hissəsi olub onun qərbində yerləşir. Rusiya imperiyasının “1897-ci ildə əhalinin ümumi siyahıya alınması məlumatına” görə XIX yüzilliyin sonlarında Qarabağın ümumi sahəsi bir milyon 101 min 748 desyatin, əhalisi 415.712 nəfər olmuşdur [Moskva 1904, s.78]. Burada yaşayan əhali əsasən əkinçilik və maldarlıqla məşğul olurdu. Rusiyanın mərkəzi şəhərləri ilə Qarabağ əhalisinin iqtisadi və mədəni əlaqələri var idi. Əvvəllər Bakı, Gəncə, Təbriz, Dərbənd, Şəki, Şamaxı, Naxçıvan şəhərlərində alver edən Qarabağ tacirlərini həm də Peterburq, Kazan, Həştərxan, Moskva və digər şəhərlərdə də görmək olardı.
        XX yüzilliyin əvvəllərində Xocalıda sənaye də inkişaf etmişdi ki, həmin sənaye sahələrindən biri də ipəkçilik olmuşdu. Qeyd edək ki, baramanın mexaniki üsulla qurudulması ilk dəfə Qarabağ ipək müəssisələrində tətbiq edilmişdi. XX əsrin əvvəllərində ipək mallar Moskvaya və Rusiyanın digər şəhərlərinə göndərilirdi.
        Bəhs olunan dövrdə Xocalının kənd təsərrüfatında taxılçılıq və bağçılıq əsas yer tuturdu. Burada pambıq da əkilirdi. 1906-cı il məlumatına görə Xocalı ərazisində bütün torpaqların 28 faizi kəndlərin, qalanları isə dövlətin və bəylərin ixtiyarında idi. Burada əmtəə-pul münasibətləri genişlənmiş, daxili və xarici ticarət inkişaf etmiş, Xocalı tacirlər öz mallarını ümumrusiya və dünya bazarına çıxarmışlar.
        XX əsrin əvvəllərində bütövlükdə Qarabağda, o cümlədən Xocalıda Qaçaq hərəkatı genişlənmişdi. Vəziyyətdən istifadə edən Rusiya Sosial Demokrat Fəhlə Partiyasının (RSDFP) birbaşa diktəsi ilə Qarabağda sosial-demokrat qrupları yaratdı və xalq içərisində “inqilab” ideyaları yayılmağa başlandı. Onlar “İskra” qəzeti vasitəsilə kinoteatr binalarında seminariyalarda təbliğatlarını davam etdirirdilər. Bu işə tələbləri, fəhlələri və sənətkarları cəlb etmişdilər. Belə bir şəraitdə Şuşa, Cavanşir və Qaryagin qəzalarında “Difayi” (“müdafiəçi”) təşkilatı da yaranmışdı ki, onlar xalqı bolşevik təbliğatından uzaq durmağa çağırırdılar. Bolşeviklər fəhlə və kəndliləri silahlanmağa və in-qilaba istiqamətləndirirdilər.
        Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin  (bundan sonra ARPİİSSA)  f.276, s.1, i.42-də göstərilir ki, Cavanşir, Şuşa və Qaryagin (Xocalı nəzərdə tutulur – M.N.) qəza¬larında silahlı kəndli dəstələri mülkədarlara və bəylərə qarşı hücuma keçir, onların mali¬kanələrini zəbt edir, müqavimət göstərənləri öldürürdülər... Həmin qəzalarda Kərbəlayi Həsənli oğlunun və Əli Abbas oğlunun başçılıq etdiyi silahlı kəndli dəstələri 1906-cı ilin dekabrında polis və kazak dəstələri üzərinə hücuma keçərək hərbi ləvazimatı ələ keçirərək ... malikanələri dağıdır, meşələri qırırdılar... Tətillər, kəndli həyəcan-ları, silahlı kəndli dəstələrinin fəaliyyəti gündən-günə artırdı.
        Rusiyada baş verən 1917-ci il fevral inqilabının sədası Qara-bağa da öz təsirini göstərmişdir. Arxiv sənədlərində göstərilir ki, “1917-ci ilin mart-aprel aylarında Qarabağda əsgər deputatları sovet və əsgər komitələri təşkil edildi. Bu zaman qəzada Müvəqqəti Hökumət orqanları da yaradıldı... 1917-ci il martın 12-də isə Xocalıda Əsgər Deputatları Soveti və əsgər komitələri təşkil edildi. Az sonra kəndli Deputatları Soveti və qəza nümayəndələrindən ibarət icraiyyə komitəsi yaradıldı” [ARPİİSSA, f. 456, s.16, i.122].
“Bakı” qəzeti 26 avqust 1917-ci il /191/-ci sayında yazırdı ki, Qarabağda hakimiyyət başına keçmiş Müvəqqəti hökumət zəhmətkeş kütlələrin ağır vəziyyətini yüngülləşdirmək üçün heç bir tədbir görmədi... Əvvəllər hakimiyyət başında olanlar yenə də əvvəlki mövqelərində qalmaqda idilər. 
        1917-ci il mart-avqust aylarında Qarabağı gəzən müvəkkil, buradakı vəziyyəti həyəcanla mərkəzə məlumat vermiş və bütün bunlar arxiv sənədlərində öz əksini tapmışdır. Belə ki, həmin sənəddə göstərilir ki, “kənd əhalisi yerli hakimiyyət orqanlarından üz döndərmişdir.... kim ölkənin idarə edilməsini möhkəm ələ alsa, bizə ucuz qiymətə taxıl versə, onun arxasınca gedəcəyik... Ona görə də hökumət Qarabağda bu problemi həll etmək üçün tələsməlidir. Yoxsa sabah gec olacaq” [ARPİİSSA, f.30, s.1, i.13, v.30].
Bəhs olunan dövrdə Xocalıda əhalinin hər nəfərinə gündə 200-250 qram çörək buraxılırdı. Taxılın qiyməti gündən-günə bahalaşırdı. Aclıq, yoxsulluq, ölüm, orduya səfərbərlik bölgədə əhalinin sayının 32 faiz azalmasına səbəb olmuşdu. Hərc-mərclik, özbaşınalıq, talançılıq, ordu hissələrinin qarətçiliyi, zorakılığa gündən-günə artırdı. “Kaspi” qəzeti 1917-ci ilin avqust ayında yazırdı Qarabağda talançılıq və sui-qəsd çoxalır. Hazırda vəziyyət o dərəcəyə çatıb ki, heç kəs bilmir ki, sabaha salamat çıxacaq yoxsa yox. Oğurluq, ölüm halı adiləşmiş və heç kəs məsuliyyətə cəlb edilmir.
        Arxiv sənədlərindən birində göstərilir ki, 1918-ci ilin əvvəl-lərində Xocalıda kəndlilər Müvəqqəti hökumətin yerli orqanlarına qarşı hücuma keçir, Zemstvo təşkilatlarına mən¬sub anbarları dağıdır və yerli məmurlara divan tuturdular... [ARPİİSSA, f.268, s.2, i.7, v.4]. Həmin dövrə nəzərə salan zaman məlum olur ki, bu hücumların əsas səbəblərindən biri camaatın aclıq və səfalət içərisində yaşaması idi. Belə ki, erməni qəsbkarları tərəfindən torpalqarından qovualaraq didərgin salınmış, bütün maddi nemətlərini, hətta ailə başçılarını itirmiş ailələr yeni məskunlaşdıqları ərazidə aclıqla üz-üzə qaldıqları üçün bu cür hərəkətlərə yol verirdilər. Hətta bəzi məlumatlara görə ərzidən keçən taxılla dolu karvanlara hücumlar təşkil edilirdi. Qeyd edək ki, Ermənistan dövləti öz mövcudluğunun ilk gün¬lərindən Azərbaycana təcavüz etməyə, qədim Azərbaycan torpaqları olan Zəngəzur, Naxçıvan və Qarabağı işğal etməyə çalışırdı. Bəhs olunan dövrdə yaranmış əlverişli vəziyyətdən istifadə edən Andronik 8 min nəfərlik güclü silahlı qoşunu ilə Qarabağa hücum etdi. Andro¬nikin quldur dəstələri Qara¬bağın azərbaycanlılar yaşa¬yan qədim kəndlərini dağıdır, yandırır, dinc əhalini vəh¬şicəsinə qılıncdan keçi¬rirdi. Daş¬naklar 1918-ci ildə Zəngə¬zurda 115, Cavanşir, Cəbrayıl, Şuşa qəzalarında 21, İrəvan quberniyasında 60-dan çox Azərbaycan kəndini məhv etmişdi. 100 mindən çox azər¬baycanlı öz doğma yurdlarından qovul¬dular. Qeyd edək ki, 1918-ci ilin dekabrında Xo¬calı ərazi¬sindəki azərbaycanlı kəndlərinə erməni hücumları genişlən¬miş, bu hal 1919-cu ilin əvvəllərində daha dağıdıcı xarakter almışdı. Azərbaycan hökuməti Andronikin dəstələrinin Qarabağ¬da törət-dikləri quldurluğun qarşısını almaq üçün təcili tədbirlər gördü. Qara¬bağ general-qubernatoru Xosrov bəy Sultanovun rəh¬bərliyi altında Azərbaycan özünümüdafiə qüvvələri tərəfin¬dən Andronikin quldur dəstələrinin hücum¬larının qarşısı alındı.
        Həmin dövrdə Qarabağ bolşeviklərinin fəa¬liyyət dairəsi getdikcə genişlənirdi. 1919-cu ilin yazında Xocalıda gizli partiya Komitəsi yaradıldı [“Azərbaycanda sovet hakimiyyəti uğurunda fəal mübari¬zə”. Azərnəşr, 1958, s.409].
        Qarabağda o cümlədən Xocalı ərazisində sovet rejiminin qurul¬ması prosesini izləməkdən öncə Demokratik Cümhuriyyət dövrünə ekskurziv nəzər yetirmək, dövrün tarixşünaslığı haqqında yığcam məlumat vermək yerinə düşərdi:
        Xalq Cümhuriyyətinin yaradılması Vətənimizin şima¬lında Azərbaycan dövlətçiliyinin bərpası yolunda ən böyük tarixi hadisə idi. Cümhuriyyət dövründə torpaq¬larımızın bütöv¬lüyünün qorunması sahə¬sində böyük işlər görülməsinə baxmayaraq, daxildə bolşevik-daşnak qrup¬ları Xalq Cümhu¬riy¬yətinin fəaliy-yətinə maneçilik törət¬məyə çalışır¬dılar. Xari¬ci hərbi müdaxilə-çilərin və daxildə antiazər¬baycan siya¬səti yeridənlərin birliyi nəticəsində Şərqdə və türk-İslam dünya¬sında ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriy¬yəti süqut etdi.
        Uğursuz nəticəyə baxmayaraq, Azərbaycan Xalq Cümhuriy-yətinin iyirmi üç aylıq fəaliyyəti xalqımızın yaddaşına əbədi həkk olundu. Azərbaycan SSR 70 ilə yaxın bir dövrdə kom¬munist ideologiyasının hökmran olduğu SSRİ-nin tərki¬bində olmuşdur: Mürəkkəb, ziddiy¬yətli hadisələrlə dolu bu 70 il müddətdə xalqımız böyük məhrumiy¬yətlərə uğramış, soy¬qırımına məruz qalmış, böyük itkilər vermişdir. Eyni zamanda bu müddətdə bütün məhrumiyyətlərə baxmayaraq, xalqımız yaşamış, yaratmış, inkişaf etmişdir. Bu 70 il ərzin¬də itkilə¬rimizlə yanaşı, Azərbaycan xalqı böyük nailiyyətlər qazanmış, iqti¬sadi, elmi, mədəni yüksəlişə nail olmuşdur. Azərbaycan bu dövrdə öz müstəqilliyini faktiki olaraq itirsə də, formal olaraq müstəqil dövlətin atributları olan kons¬titusiyaya, əraziyə, sərhədlərə malik idi.
        Məhz dövlətçilik ənənələrinin, mədəni elmi, iqtisadi, kadr po¬ten¬¬sialının mövcudluğu Azərbaycan xalqına öz varlığını, mədəniy¬yətini, milli mənliyini qorumağa və yeni¬dən dirçəlib 1991-ci ildə milli dövlət – Azərbaycan Res¬publikası kimi tarix səhnəsinə çıxmağa imkan verdi.
        1918-1920-ci illərdə Azərbaycan Cümhuriyyətinin top¬la¬dığı böyük tarixi təcrübə, əsasını qoyduğu demok¬ratiya, demokratik döv¬lət quruculuğu bu gün onun hüquqi və mənəvi varisi olan Azər¬bay¬can Respublikasında dönmədən həyata keçirilir və inkişaf etdirilir. Tam əsasla demək olar ki, varis öz sələfinin müstəqillik və suve¬renlik prinsipini hər şeydən əziz və uca tutur.
        İyirminci yüzilliyin əvvəllərində fəal inqilabçı, hərbi siyasi qurumların rəhbər işçiləri, Sovet hakimiyyəti döv¬ründə isə respub¬lika¬nın partiya-dövlət nü¬mayəndələri olmuş yerli kommunistlər – N.Nərimanov, Q.Musabəyov, M.D.Hü¬sey¬nov, M.Quliyev, Q.Hüsey¬nov, Ə.Qarayev və b. tədqiq edilən dövrə aid bir sıra sərt xarakterli polemik əsərlər qələmə almışlar. Bu əsərlərin dəyəri siyasi rəqiblərə tənqidi münasibət ifadə etmələrində, hadisələrin qənaətbəxş və ob¬yektiv təsvirini vermələrində yox, o vaxtkı kommu¬nistlərin dünya¬görüşü və psixologiyası haq¬qında dolğun təsəvvür yaratmalarındadır. Onlara xas olan ümumi cəhət “müsavat hökuməti” ilə müqayisədə sovet idarəetmə sistemi və sosial-iqtisadi quruluşunun Azərbaycan xalqının tərəqqisi üçün daha çox işlər gördüyünü sübut etməyə çalışmalarıdır.
        XX yüzilliyin 20-ci illər tarixşünaslığını üç dövrə bölmək olar: 20-30-cu illərin marksist tarixşünaslığı, 40-80-ci illərin milli kom¬munist tarixşünaslığı, 90-cı illərin liberal-milli tarixşünaslığı.
        Azərbaycanda marksist tarixşünaslığın əsas nümayən¬dələri 1921-1931-ci illərdə Qırmızı Professura İnstitutunu bitirmiş qeyri-azər¬baycanlılar idi. Onlar 1917-1920-ci illəri əhatə edən inqilab döv¬rünü dünya kapita¬lizminin tam çürümə mərhələsində zəhmətkeşləri burjua¬ziyanın zülm və istisma¬rından azad edəcək dünya inqi¬labının ilkin müjdəçisi kimi qələmə alırdılar.
        “Azərbaycanda Sovet hakimiyyətinin qələbəsi”nə aid tarixi əsərlərin müəllifləri – A.Rayevski, Y.Ratqauzer, N.Pçelin, A.Papov, S.Sef, A.Steklov, A.Dubner hadisələri tədqiq və təqdim edərkən tarixi reallığın təfsilatlarına maraq göstərmək, hadisələrin izahında ideologiyaya üstünlük ver¬mək, mənbələrdən geniş iqtibas gətirmək və s. kimi xüsusi yanaşma üslubu nümayiş etdirmişlər. Həmin müəl¬liflərin əsərlərində sonrakı sovet tarixçilərinin tez-tez müraciət et¬dikləri partiya-sovet rəhbərlərinin çıxışlarından geniş isti¬fadə, tarixi məkanın təfər¬rü¬atınadək dövrləş¬dirilməsi, arxiv mənbələrini kütləvi fetişləşdirmə hallarına az-az rast gəlinir.
        Yuxarıda adıgedən müəlliflərin əsərlərində “Zəhmət¬¬keşlərə vəhşi nifrət”, “dünya miqyaslı quldurlar”, “müsavat nökərləri”, “bəy-xan hökuməti”, “öz xalqının mənafeyi ilə alver edənlər” Azərbaycan Xalq Cümhuriy¬yəti “Müsavat rejimi”, “Müsavat dövləti” kimi təq¬dim edilmişdir.
Ali təhsil müəssisələri üçün nəzərdə tutulmuş, 1961-ci ildə nəşr olunan “Azərbaycan tarixi” dərsliyinin kiçik bir abzasını diqqətinizə çatdırmaqla Azər¬baycanda sovet haki¬miyyətinin yaranmasına verilən qiymətin şahidi olarıq: “Azərbaycanda Sovet hakimiyyətinin qələ¬bəsi Azərbaycan xalqının müqəddə¬ratında dönüş nöqtəsi, onun tari¬xində yeni dövrün başlanğıcı oldu. Sovet haki¬miyyəti azadlıq və ana yurdunun istiqlaliyyəti haqqında Azərbaycan xalqının ən müqəddəs arzularını həyata keçirtdi. Azərbaycanın ən yaxşı oğulları və qızları həmin istiqlaliyyət uğrunda canlarını qurban vermişdilər. Sovet ha¬kimiyyəti Azərbaycanı burjua-mülkə¬dar istismarından və xarici imperialistlərin zülmündən həmişəlik azad etdi, onun üzünə azadlıq və səadət yolunu açdı. Zəhmətkeşlər öz müqəddəratının, öz yur¬dundakı sərvət¬lərin tam sahibi oldular” [s.246].
        Kiçik bir açıqlamadan məlum olur ki, sovet haki¬miyyəti döv¬ründə yazılmış əsərlərdə sosializm cəmiyyətinin yaran¬ması “xalqın müqəddəratında dönüş nöqtəsi”, “xalqın ən müqəddəs arzularının real¬laşması”, “istismar və zülmdən azad olması” kimi təqdim edil¬mişdir.
        Qeyd edək ki, Sovet hakimiyyəti Azərbaycan Sovet Sosialist Respublikasını ancaq elan etmişdi, qarşıda hələ çətin vəzifə – onu həqiqətə çevirmək tələb olu¬nurdu. Labüd sual doğur: bütün Azər¬baycan bu vəzifəni yerinə yetirmək üçün hazır idimi? Ümumən so¬sialist dəyişikliklər üçün Azərbaycan iqtisadiyyatda, siyasətdə, so¬sial-maddi sahədə, mədəniyyət və ideologiyada lazımi ilkin şərtlərə və əsas amillərə malik idimi?
        Qərəzsiz elmi araşdırma göstərir ki, Azərbaycanın tim-salında sovet res¬publikası quruculuğu, əslində, onun maddi, elmi-texniki və insan potensialını hakim mərkəzin məqsəd və mənafeyinə tabe etməklə aparılırdı. Mərkəzin sosi¬alizm quru-culuğu siyasətində Azər¬bay¬canın yeri əsasən onun öz “beynəlmiləlçilik borcunu” yerinə yetir¬məsi dəlili ilə əsas-landırılırdı. Həmin siyasətin ümdə istiqaməti bunlar idi: Bütövlükdə Respublikamız o cümlədən Qarabağ ölkənin başlıca xammal xəzinəsi və Sovet İttifaqının ikinci pambıq bazasıdır. “Ümumi sosialist vətəninin” mənafeləri ilə pərdələnən, əslində isə, “sosializm” bayrağı altında əsarətə almaq siyasətinin incə formada davamı olan siyasət belə idi. Prinsip etibarilə, bölgədə sosializm quruculuğu bu cür intişar edirdi. Başlıcası isə bunu obyektiv surətdə izah etməyə və işıqlandırmağa çalışmaq lazımdır. Çünki inkar etmək olmaz ki, Xocalıda öz tarixinin sovet dövründə də mühüm iqtisadi sosial-mədəni dəyişikliklərə nail olmuşdur. Xocalı əhalisi əməksevər əhalidir, qarşısına çıxan böyük çətinlikləri və səhvləri aradan qal¬dı¬raraq, ədalətsizliyə tab gətirərək yeni həyat quruculuğu naminə tari¬xən fədakarlıqla çalışmışlar və bu gün də bu proses uğurla davam edir.
        Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin (ARDTA)  894-cü fondunun, 970-ci fondunun, 28-ci fon¬dunun, ARPİİSSA-nin 1-ci fondunun, 159-cu fon¬dunun materiallarına, M.Ə.Rəsulza¬də¬nin [68-70], T.Svetoxovis¬ki¬nin [71], N.A.Ağamalı¬yevanın [2-4], P.Dara¬ba¬dinin [34-36], A.F.Ab¬dul-layevanın [13], Ş.Rüstəm¬bəy¬linin [65], A.Qara¬yevin [81], A.N.Xey¬fesin [66], N.Nərima¬novun [58] əsərlərinə, “İqtixad”, “İskra”, “Ba¬kinskiy rabo¬çiy”, “Azərbaycan”, “Kommunist”, “Noviy mir”, mət¬buat mate¬rialları [114-122], «Очерки истории Коммунис¬тический партии Азербай¬джа¬на» [110-111], «Директивы Главного коман¬дования орронта Красный Армии 1917-1920 годов» və digər rəsmi sənədlərə əsaslanaraq Azər¬bay¬canda, o cüm¬lədən onun Xocalı ərazisində Sovet haki-miy¬yətinin qurulması prosesinin qısaca diqqə¬tinizə çatdırırıq:
        Azərbaycan hökumətinə siyasi, diplomatik təzyiqləri güclən¬dirən Sovet Rusiyası milli hökuməti devirmək üçün “beşinci kolon” rolunu oynayan bolşevik¬lərdən, Azərbaycan ərazisini işğal etməyə çalışan ermənilərdən və türk amilindən istifadə edirdi. 1920-ci ilin əvvəllərində erməni sosial-demokratları Pirimov və Zaxaryan Mos¬kva¬da “ərazi güzəşt¬ləri müqabilində Azərbaycan Cümhuriy¬yəti hö¬ku¬mə¬tini devir¬mək işində öz hökumətlərinin tək¬lifini bildirdilər”. Moskva¬nın razılığı ilə mart ayının 22-də – Novruz bayramı günü daşnak dəstələri Azərbay¬can ordusunun Xankəndi şəhərində yerləşən qarnizonuna və Xocalıya hücum etdilər. Eyni zamanda, Ermənistan ordusu Qazax və Gəncə qəzalarına da basqın etdi. Qarabağda baş verən erməni qiyamı Azərbay¬can hökumətini ordunu təcili olaraq Dağıstan sərhədindən və Bakıdan Qarabağa o cümlədən Xocalıya yeritməyə məcbur etdi. Rəsmi Moskvanın planı baş tutdu. Cümhuriyyətin şimal sərhədləri demək olar ki, müdafiəsiz qaldı.
        Mötəbər mənbələrə əsaslanaraq deyə bilərik ki, ermə¬nilərin “sifarişli” qiyamının, inqilabi cəhdlərin gözlənilən nəti¬cəni vermə-di¬yini görən bolşeviklər türk nüfuzundan isti¬fa¬dəyə, türk milli hərəkatı ilə əlaqəyə girməyə çalışdılar. İmperialist dövlətlərin vahid cəbhəsi ilə üz-üzə qalan Türkiyə Sovet Rusiyasının hərbi-iqtisadi yardım haqqında təklifini qəbul etməyə, əvəzində isə Azərbaycanın Rusiya¬nın nüfuz dairəsinə daxil olması ilə razılaşmağa məcbur oldu. Təb¬liğat vasitələrində XI Qırmızı ordu Türkiyənin yardı¬mına gedəcək ordu kimi təqdim olunurdu. XI qırmızı or¬dunun tərkibindəki müsəl¬man hissələrinə Xəlil paşa və digər türk zabitləri başçılıq edirdilər.
        A.Balayevin 1990-cı ildə nəşr olunmuş “1917-1920-ci illərdə Azərbaycanda milli-demokratik hərəkatı” adlı əsərində yazır ki, 1920-ci il aprel ayının ortalarında XI Qır¬mızı ordu Denikin ordu¬sunun qalıqlarını əzərək Azərbaycan Xalq Cüm-huriyyətinin şimal sərhədlərinə yaxınlaşdı. F.Xoy¬ski aprel ayının 15-də G.V.Çiçe¬rinə gön¬dərdiyi teleqramda yazır¬dı: “Hazırda Azərbaycan Cümhuriy¬yətinin sərhə¬dində, Dərbənd rayonunda Sovet Rusiyası hökumətinin böyük hərbi qüvvə¬lərinin toplaş¬ması müşahidə edilir. Sovet höku¬mətinin niyyət¬lərindən xəbər¬siz olan Azərbaycan hökuməti xahiş edir ki, göstərilən rayonlarda ordu hissələrinin top¬laşmasının səbəb¬ləri və məqsədləri haqqında təcili məlumat verilsin”. Lakin G.V.Çiçerin Azərbaycan hökumətinin tele¬qramına cavab verməyi belə lazım bilmədi [s. 66].
        Aprel ayının 17-də RSFSR Xalq Xarici İşlər komis¬sarının müa¬vini milliy¬yətcə erməni M.Qaraxanın Sovet Rusiyasının ticarət-iq¬tisadi münasibətlərə dair danışıqlara hazır olması barədə Azərbay¬can hökumətinə göndərdiyi teleqram sırf taktiki mülahizələrlə bağlı idi.
        1974-cü ildə Moskvada nəşr olunmuş «Директив Главного командоно¬вания фронтов Краской Армении» kita-bında hadisələr olduğu kimi təhlil edilmişdir. Həmin materi¬alda göstərilir ki, aprel ayının 21-də Qafqaz cəbhəsi koman¬danlığının XI Qırmızı ordu rəhbərliyinə və Volqa-Xəzər donanmasına göndərdiyi 490 nömrəli direktivdə Azərbaycan ordusunun əsas qüvvəsinin öz dövlətinin qərb cəbhəsində məşğul olduğu bildirilirdi. Habelə direktivdə aprel ayının 27-də Azərbaycan sərhədlərini keçib beş gün ərzində Yalama – Bakı əməliyyatını yerinə yetirmək əmr edilirdi. Aprelin 23-də Qafqaz Cəbhəsinin ko¬man¬danı Tuxaçevski və Hərbi İnqilab Şurasının üzvü S.Orconikid¬zenin imzaladığı 52 nömrəli əmrdə göstərilirdi ki, “XI ordunun son vəzifəsi Bakı quberniyasını tutmaq deyil, Azərbaycanın bütün ərazisinin tutulması hesab edilsin” [s.310].
        “Qırmızı Ordunun komandanlığının döyüş bölgə¬sindən verdiyi məlumat”da (cild. III, Moskva, 1974) göstəri¬lirdi ki, Sovet Rusiyasının Azərbaycana hərbi müdaxiləsi həlledici mərhələyə daxil olurdu. Bakı bolşeviklərinin nümayəndə heyəti A.İ.Mikoyan başda olmaqla Azərbaycan xalqı adından XI Qırmızı ordunu Azərbaycana dəvət etdi. XI Qırmızı ordunun Bakıya hücum əməliyyatı planı hazır idi. Aprel ayının 25-dən 26-na keçən gecə Levandovskinin başçılığı altında XI Qırmızı ordu hissələri Azərbaycan Xalq Cümhuriy¬yətinin sərhədlərini keçdi. Yalama stan¬siyasında iki saatlıq döyüş Azərbay¬can hərbçilərinin məğ¬lubiyyəti ilə nəticələnirdi. “Qırmızı Ordunun koman-danlığının döyüş böl¬gəsindən verdiyi məlumat”da (cild. III, Moskva, 1974) göstərilirdi ki, üçə yaxın artilleriya diviziyası itirildi, 600-700-dək döyüşçü əsir düşdü. Rus ordusunun itkiləri 30 nəfərə çatırdı [s.310]. Aprel ayının 27-də hərbi nazir S.Meh-mandarov qərb cəbhəsinə vurduğu teleqramda bildirirdi: “Bolşeviklər Yalama stansiyasına hücum edib, içəriyə doğru hərəkət edərək Xudatı tutmuş¬lar, vəziyyət böhranlıdır. Əmr edirəm elə bu gün hər birində 500 tüfəngdən az olmayaraq Qazaxdan bir batal¬yonu, Gəncədən bir batalyonu Qızıl-Buruna gətirin” [“Azərbaycan Demokratik Respub¬likası (“tarix, ictimai, siyasi və mədəni həyat”). Bakı, 1992].
        XI Qırmızı ordunun sərhədi keçməsi barədə Xaçmaz¬dan teleqram alınması hakimiyyət dairələrində çaşqınlıq yaratdı.
        1967-ci ildə Bakıda nəşr olunmuş “1918-1920-ci illərdə Azər¬bay¬canda sovet hakimiyyətinin qələbəsi uğrunda müba¬rizə (sənədlər və materiallar)” adlı əsərinə istinadən deyə bilərik ki, 1920-ci il aprel ayının 27-də saat 12-də AK (b)P MK, RK(b)P Qafqaz Diyar Komi¬təsinin Bakı bürosu və fəhlə konfransı adından hakimiyyətin bol¬şeviklərə təhvil verilməsi haqqında parlamentə ultimatum verildi. Həmin gün axşam saat 11-də Azərbaycan parlamenti özünün son iclasına toplandı. M.Ə.Rəsulzadə, Ş.Rüstəmbəyli və başqa müsavat¬çıların kəskin etirazlarına bax¬mayaraq, sosialist fraksiyasının və ona yaxın olan fraksiyaların tələbi ilə haki¬miyyətin Azərbaycan bolşevik¬lərinə təhvil verilməsi haq¬qında qərar qəbul edildi. Nahaq qan tökül-məsinin qarşısını almaq məqsə¬dilə hakimiyyəti aşağıdakı şərtlərlə Azərbaycan kommunist¬lərinə təhvil vermək qərara alındı:
1) Azərbaycanın tam müstəqilliyinin qorunub saxlanıl¬ması;
2) AK(b) P-nın yaratdığı hökumətin müvəqqəti orqan olması;
3) Hökumət idarələrindəki qulluqçuların tutduğu vəzi-fələrdə qalması;
4) Hökumət və parlament üzvlərinin həyat və mül¬kiyyətinin toxunul¬maz¬lığının təmin edilməsi;
5) Azərbaycan siyasi partiyalarının tam sərbəst fəa¬liyyətinin təmin edilməsi;
6) Azərbaycan ordusunun saxlanması;
7) Rus ordusunun Bakı şəhərinə daxil olmadan dəmir yolu ilə Türkiyənin köməyinə getməsi [531].
        Lakin parlamentin qərarından bir neçə saat sonra Anadoluya getmək bəhanəsi ilə Biləcəri stansiyasına gəlib çatmış XI Qırmızı ordu hissələri Bakıya daxil oldu. Bununla da Azərbaycan Xalq Cüm¬huriyyətinin müstəqil¬liyinə son qoyuldu və Azərbaycan yenidən Rusiya tərə¬findən işğal edildi. Azərbaycan Milli Elmlər Akademi¬yasının Xəbərləri (Tarix, fəlsəfə hüquq seriyası) 1992-ci il 5-ci nöm¬rəsində yazır ki, aprel ayının 29-da gündüz saat 2-də Azərbaycan Müvəqqəti İnqilab Komitəsi “… Qızıl ordunu (Qırmızı ordu nəzərdə tutulur – N.M.) təxirə salmadan göndərməyi, real kömək göstər¬məyi xahiş edirik” məzmunlu teleqramla Sovet Rusiyasına müraciət edildi. Həmin teleqramın gön¬də¬ril¬məsində əsas məqsəd Azərbaycan Xalq Cümhu¬riyyətinin XI Qırmızı ordu tərəfindən işğalını ört-basdır etmək, onun xalq kütlələrinin silahlı üsyanı nəticəsində devrildiyini iddia etmək idi [s.34].
ARPİİSSA-nin, f.1, s.1, iş 3, v. 275-də saxlanılan sənəd¬lərə əsas¬lanaraq cəmi 23 ay fəaliyyət göstərən Azər¬bay¬can Xalq Cüm¬huriy¬yətinin süqutunun səbəblərini aşağı¬dakı kimi ümumiləşdirmək olar:
        Beynəlxalq aləmdə, eləcə də Qafqaz bölgəsində yaranmış ümu¬mi hərbi-siyasi vəziyyəti;
        Sovet Rusiyasının beynəlxalq münasibətlərə və bey¬nəlxalq hü¬quqa zidd olaraq suveren dövlət olan Azərbay¬cana təcavüz etməklə onun ərazisini işğal etməsi;
Azərbaycan hökumətinin daxilində sabitliyin olma¬ması, par-lament frak¬siya¬larının, siyasi partiyaların hakimiy¬yət uğrunda müba¬rizəsinin daxili çəkişmə və şəxsi düş¬mənçilik həddinə çatdırılması, hökumət kabinetlərinin tez-tez dəyişil¬məsi, siyasi-iqtisadi islahatların aparılma¬sında qətiyyət və ardıcıllığın olmaması;
        M.Ə.Rəsulzadə, 1925-ci ildə yazdığı “İstiqlal məf¬kurəsi və gənc¬lik” əsərində müstəqillik dövründə Azərbay¬canda istiqlal şüu¬runun zəif olduğunu göstərərək, bu sü¬qutun səbəblərindən bəhs edərək yazırdı: “Azərbayca¬nı¬mızda milli fikrin həyatı nisbətən asan olsa da, sözün aydın mənası ilə istiqlalçılıq fikri çox yenidir”.
Ermənistanın ərazi iddiaları və hərbi təcavüzü, XI Qırmızı ordunun hücumu ərəfəsində Dağlıq Qarabağda ermə¬nilərin “sifarişli” qiyamının təşkil etməsi ilə əlaqə¬dar milli ordu hissələrinin cəbhə xəttindən götürülməsi nəti¬cəsində Azərbaycanın şimal sərhəd¬lərinin müdafiəsiz qal¬ması;
        XI Qırmızı ordunun Anadoluya Türkiyənin yardı¬mı¬na getməsi bəhanəsi ilə işğalda türk zabitlərinin nüfu¬zundan və gücündən isti¬fadə edilməsi;
        Azərbaycan bolşeviklərinin şəxsində “beşinci ko¬lon”¬un pozuculuq fəaliy¬yəti, A.İ.Mikoyan başda olmaqla türk dilini, məişəti, yerli şəraiti bilən qrupun (Q.Musabəyov, H.Cəbiyev və b.) XI Qırmızı orduya bələdçilik etməsi və s.
        Azərbaycan xalqının milli azadlıq hərəkatı nəticə¬sində yaradıl¬mış Azərbay¬can Xalq Cümhuriyyətinin 23 aylıq fəaliy¬yəti xalqı¬mızın tarixində və taleyində mühüm hadisə idi. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə XIX əsrin əvvəllərində itirilmiş dövlətçilik ənənələri bərpa edildi. Azərbaycan Xalq Cümhu¬riyyəti qısa vaxtda öz hökuməti, par¬lamenti, milli ordusu və pul vahidi olan demokratik respub¬likaya çevrildi.
Dünya dövlətlərinin əksəriyyəti tərəfindən müstəqil¬liyi tanınmış Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq müna-sibətlərin iştirakçı¬sına və beynəlxalq hüququn subyek¬tinə çevrildi. Azərbaycan xalqı¬nın milli-azadlıq hərəkatının qa¬nu-nauyğun nəticəsi kimi yaranmış, xalqımı¬zın demokratik ənənələrinin qanuni varisi kimi forma¬laşmış Azərbaycan Xalq Cümhuriy¬yəti milli dövlətçi¬liyimizin tarixi nailiy¬yəti idi. O, Azərbaycan xalqının əzəli arzusu olan müstəqilliyin gələ¬cək¬də ger¬çəkləşməsi üçün zəngin ənənələr və möhkəm mənəvi zə¬min verdi.
        Bu gün artıq öz müstəqilliyini yenidən bərpa etmiş xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin hər il ildönü¬münü qeyd edir. 1998-ci ildə xalqımız Azər¬baycan Respub¬likasının prezidenti Heydər Əliyevin təşəbbüsü ilə Xalq Cümhuriy¬yətinin 80 illik yubileyini çox böyük təntənə ilə qeyd etdi.
        Qeyd edək ki, Rusiyanın məqsəd və məramı AXC rəhbərliyinə əvvəlcədən məlum idi. Bunu həmin dövrə aid materiallardan da görmək olar. Belə ki, 1920-ci il aprel ayının 27-də parlamentin so¬nun¬cu iclasında M.Ə.Rəsulza¬də nitqində göstərmişdir ki, “Qardaşlar! Qarşımızda bir ulti¬matum durur. Burada təslimdən bəhs edilir… Bizə deyirlər ki, hüdud-larımızdan keçən ordunun başında Nicati adında bir türk komandanı var. Rusiyadan gələn bu təcavüzkar ordu təxminən bilirəm ki, həyat və ölüm mübarizəsi aparan Türkiyəni xilas etmək üçün gedir.
        Qardaşlar! Türkiyə Azərbaycanın xilaskarıdır. Milləti¬mizin ama¬lını uca eyləyən bir məmləkətdir. Onun xilasına gedən bir qüvvəni biz məmnuniyyətlə yola salarıq. Fəqət bir şərtlə ki, bu qüvvə bizim azadlığımızı, müstəqilliyimizi-çeynə¬məsin. Halbuki qardaşlar, bizdən soruşmadan torpağı¬mıza keçən hər hansı bir qüvvə dostumuz deyil, düş¬mə¬nimizdir…. Gələn rus ordusudur. Onun istədiyi 1914-cü il hüdud¬larını almaqdır. Anadolu¬nun imdadına getmək bəha¬nəsilə yurdumuza girən işğal ordusu buradan bir daha çıxmaq istə¬mə¬yəcəkdir. Rusiya ilə anlaşmaq üçün hökuməti mütləq bolşeviklərə təslim etmək ultimatumunu qəbul etmə¬yə ehtiyac yoxdur. Bu ultimatumu kəmali-nifrətlə rədd edirik” [69].
        P.Q.Darbadinin 1991-ci ildə nəşr olunmuş «Воен¬ные проб¬лемы полити¬чес¬кой истории Азербайджана начала ХХ века» adlı əsərində, Bakıya çevrilişdən əvvəl silah və sursat gətirilməsi haqda məlumat verilmişdir: “1920-ci ilin əvvəllərində Moskvadan Bakıya hərbi məqsədlər üçün 15 milyon manat pul göndərilmişdi…”. Xəzər vasitəsilə qayıq¬larla Bakıya 2 min tüfəng, çoxlu döyüş sursatı, pul vəsaiti gətiri¬lərək Qaraşəhər və Bayılda gizlədilmişdir [ s.151].
        ARPİİSSA-də (f.1, s.1, i.8, v.280) saxlanılan sənəddə Həmid Sultanovun AK(b)P-nın II qurultayındakı nitqi geniş şərh edilmişdir: “Biz bilirik ki, indi də olmasa, sabah ya birisi gün qırmızı süngü (Qırmızı ordu nəzərdə tutulur – N.M.) burada olacaqdır... Belə də oldu, biz sovet haki¬miy¬yətini hazır formada aldıq, onu bizə boşqabda gətirdilər”.
Azərbaycanda işğalçılıq siyasətini həyata keçirən bol¬şeviklər keçmiş Rusiya imperiyasını bərpa etmək məqsədilə 1920-ci il aprelin 28-də Bakıda Azərbaycan Sovet Sosialist Respublikasının yaran¬dığını elan etdilər. Doğrudur, xalqın narazı olacağından qorxan bol¬şeviklər öz işğalçılıq siya¬sətini pərdələmək üçün Azərbay¬canı “müs¬təqil” Sovet Sosialist Respublikası elan etsələr də, əslində aprel çev¬rilişindən sonra Azərbaycan öz dövlət müstəqilliyini itirdi. “Müstəqil Azər¬baycan Respub¬likası” şüarı altında bol¬şeviklərin XI qırmızı ordu hissələri qısa bir müddətdə ciddi müqavimətə rast gəlmədən Azərbaycanın əksər ərazilərini öz nəzarəti altına aldılar.
        “Şeypur” jurnalı, 7 dekabr 1920-ci il, 8-ci nömrə¬sində yazıl-mış¬dı ki, 1920-ci ilin martında A.İ.Miko¬yan Moskvada bir qrup Er¬mənistan nümayəndəsini qəbul etdi. A.İ.Mikoyan bildirdi ki, əgər Sovet qoşunları Bakıya daxil ola bilərsə, onda Ermənistan dövləti də öz məqsədinə çatacaqdır. Yəni “Böyük Ermənistan” ideyası reallaşa¬caq¬dır. Bakının asan yolla ələ keçirilməsi üçün burada yerləşən Milli Ordunun çıxarılması tələb olunurdu. Ona görə də Rəsmi Moskvanın “planına” uyqun olaraq bütövlükdə Qarabağa o cümlədən Xocalıya erməni müdaxiləsi yenidən başlandı. ARDTA-nin 970-ci fondunda saxlanılan materiallara əsasən deyə bilərik ki, er¬məni vandalları yaranmış əlverişli vəziy-yətdən çox məharətlə istifadə etdilər. 1920-ci il 22 martda başdan-ayağa silahlanmış güclü, təlim görmüş nizami erməni ordusu Xocalıya daxil olub amansız qırğınlar törət¬dilər. Həmin gün yüzlərlə dinc əhali daşnak quldurları tərəfindən öldürüldü və əhalinin yaşayış evləri yandırılmışdı. Şərəf və ləyaqətin tapda-lanması, qadına, qo¬ca¬ya, uşağa aman veril¬mədən qırılması adi hala çevrilmişdi [s.1, i.190, v.68]. ARDTA-nin 2894-cü fondunun mate¬riallarında göstərilir ki, Moskva öz mənfur məqsədinə nail oldu. Xocalıda, bütövlükdə Qarabağda baş verən bu qırğının qarşısını almaq üçün Azərbaycan Milli Ordu hissələri 1920-ci il aprelin 26-da bölgəyə daxil oldu. Təcavüzkar erməni quldur dəstələri mü¬vəq¬qəti olaraq ərazidən uzaqlaşdı. Lakin Şimal sərhəd¬lə¬rimizdəki yaranmış boşluqdan istifadə edən XI Ordu hissələri Azərbaycan sərhədlərini keçdi [s.2, i.56, v.57].
        “Kommunist” qəzeti 3 iyun 1920-ci il (№26) yazır ki, 1920-ci il aprelin 29-da Xocalıda hakimiyyət kom¬munistlərin əlinə keçdi.
        Azərbaycana qarşı Mərkəzin məqsədlərinə V.İ.Lenin 1920-ci il aprelin 29-da öz çıxışında aydınlıq gətirmişdir: “Dünən Bakıdan aldığımız bir xəbər göstərir ki, Sovet Rusi¬yasının vəziyyəti yax¬şılaşacaqdır: Sənayemizin yana¬caqsız qaldığı bizə məlumdur, indi isə xəbər almışıq ki, Bakı pro¬letariatı hakimiyyəti öz əlinə almış və Azərbaycan hökumətini yıxmışdır. İndi bizim də bir iqtisadi bazamız vardır ki, (Bakı nefti nəzərdə tutulur – N.M.) bu bizim bütün sənayemizi canlandıracaqdır” [31-ci cild, s.111].
        , 1920-ci il aprel çevrilişi ərəfəsində Qarabağ¬da o cümlədən Xocalıda erməni daşnaklarının məkirli ərazi iddiaları kütləvi xarakter aldı və onların yerli dinc azər¬bay¬canlılara qarşı təcavüzü, zorakılığı, qarəti daha da geniş¬ləndi. AK (b)P Qarabağ Komitəsi yaranmış vəziy¬yətdən istifadə edərək öz təbli¬ğatlarını genişlən¬dirdilər. Bəhs etdi¬yimiz dövr¬də Şuşa gizli bolşevik komi-təsinə milliyətcə erməni olan Akop Kamari rəhbərlik edirdi. Qara¬bağda xal¬qımızın iqtisadi və siyasi böhranla üzləşməsi, onların mil¬li çəkişmə və qarşıdurmadan təngə gəlməsi əhalinin müəyyən təbə¬qəsinin bolşevik təbliğatına inanmasına səbəb olmuşdur. Qarabağda o cümlədən Xocalıda Akop Kamari başda ol¬maqla Ş.Şahna¬zaryan, B.Vəlibəyov, B.Qaragözyan, A.Qe¬vel-yan, A.Tataryan və başqaları xalqı “ədalətli və dinc quruluş” yaratmaq üçün birliyə səsləyən yığıncaqlar keçi¬rirdilər [ARPİİSSA, f.276, s.2, i.36, v.8].
        Təəssüf hissi ilə qeyd etməliyik ki, Qarabağda inqilab ərəfə-sində Moskva birbaşa burada yaşayan erməni xalqına müraciət etmiş və onları birliyə çağırmışdır. Belə ki, Ermə¬nistanda 1957-ci ildə nəşr olunmuş “Ermənis¬tanda Sovet haki¬miyyətinin qələbəsi uğrunda mübarizə (1917-1920)” sənəd¬lər toplusunda “zəhmətkeş erməni xal¬qına müra¬ciətdə” göstərilir: “Qarabağın erməni kənd-ləri və xalqı…. Sizi birgə mübarizə aparmağa çağırırıq. Zülmə dözdü¬yünüz bəsdir, ayıl¬maq vaxtıdır…. İnqilab Komitəsi, Sovetləri təşkil edin, buraya öz nümayən¬dənizi [erməniləri nəzərdə tutulur – N.M.] seçin… sovet¬lərdə və inqilab komitəsində birləşin” [s.361].
        ARPİİSSA-nin 27-ci fondunun materiallarında göstə¬rilir ki, Mər¬kəzdə hakimiyyəti ələ keçirən XI qırmızı Ordu Azərbaycanın bütün ərazisini zəbt etmək üçün 1920-ci il mayın 1-dən respub¬li-kanın daxili əyalətlərinə “Zəfər yürü¬şü”nə başladılar. 1920-ci il ma¬yın 2-3-də XI qırmızı Ordu¬nun silahlı qüvvələri Yevlax stan¬si-ya¬sın¬da qərar¬laşdılar [s.1, i.54, v.43]. XI Ordunun Qarabağ istiqa¬mətində gələcəyi xəbərini eşidən Qarabağ bolşevikləri 1920-ci il mayın 4-də Qarabağ general-qubernatoru X.Sultanovu hakimiy¬yətdən uzaq¬laşdı¬raraq hakimiyyətin qəza İnqilab Komitəsinin əlinə keçdiyini elan etdilər. İnqilab Komitəsinin tərki¬binə B.Vəli¬bəyov, S.A.Am¬bar¬sumyan, K.Şah¬¬nazarov, Q.İbrahi¬mov daxil oldular [s.2, i.54, v.44].
        ARPPİİSSA, f.1, s.85, i.89, v-8-də göstərilir ki, “1920-ci il mayın 20-də bolşeviklərin Qarabağ mahal Komitəsinin, Qarabağ üzrə fövqəladə komissar dadaş Bünyadzadənin və onun müavini Karakazovun iştirakı ilə keçirilən birləşmiş iclasında Qarabağ Vila¬yət İnqilab Komitəsi yaradıldı. İnqilab Komitəsinin sədri Bahadur Vəli¬bə¬yov, katibi Abram Mar¬quliyev, üzvləri isə Qambay İbrahim¬bəyov, Hacı Zalov və baş¬qaları təsdiq edildi. Təşkil edilmiş Vilayət İnqilab Komi¬təsi Şuşa, Zəngəzur və Cavanşir, Cəbrayıl qəzalarına da rəhbərlik etməli idi: İnqilab Komitəsi nəzdində torpaq, daxili işlər, ədliyyə, dövlət nəzarəti, səhiyyə, ictimai-təminat, təc¬hizat, maarif, maliyyə şöbələri və xalq təsərrüfatı şurası təşkil edilmişdi”.
        Apardığımız araşdırmalardan məlum olur ki, Qarabağ¬da İnqilab Komitəsinin tərkibi milliyyətcə qeyri azərbaycan¬lılardan ibarət ol¬muş¬dur. Məsələn, ARPİİSSA-nin 276-cı fondunda saxlanılan mate¬riala əsasən deyə bilərik ki, Qara¬bağda təşkil edilmiş İnqilab Komi¬təsinə Sako Hambar¬sumyan, Hadrud İnqilab Komitə¬sinə S.Şaduns, Tuğ İnqilab Komitəsinə Armenak Şabur¬yan, Aptaşesi Muselyan, Ağdərə rayon İnqilab Komitəsinə Ter Mirzəbekyan, Xocalı İnqilab Komitəsinə Artakaz Saakyan, Tağverd İnqilab Komitəsinə Arso İonesiyan və sair təyin edilmişlər [s.2, i.28, v. 130; i.84, v.131].
        Rus, erməni silahlı dəstələrinin və bolşevik təbliğa¬tına uyan bir qrup azərbaycanlının köməyi ilə Qarabağın bütün şəhər və kənd¬lərində o cümlədən Xocalıda qısa bir müd¬dətdə hakimiyyət İnqilab Komitəsinin əlinə keçdi. İnqilab Komitəsi bölgədə yerləşən Milli Ordu silahlı qüvvələrinin ləğv olunması işinə başladı.
        Arxiv sənədlərindən birində göstərilir ki, 1920-ci il aprelin 29-da Xocalıda da İnqilab Komitəsi yaradılmışdı. Lakin İnqilab Komi¬təsi tərəddüd edir, fəaliy¬yətsizlik gös¬tərirdi. Burada ciddi səhvlərə də yol verilmişdi. Belə ki, inqilabdan sonra Qəza partiya Komitəsinin də vəzifəsini icra edən İnqilab Komitəsi partiyaya hər cür adamları qəbul etmişdi [ARPİİSSA, f.276, s.2, i.84, v.8]. 
        Yerli dinc əhali tərəfindən xilaskar kimi qarşılanan Qırmızı Ordu döyüş¬çülərinin soyğunçu, quldur, işğalçı hərəkətləri, hakimiy¬yətdə olanların qarətçilik siyasəti, varlı adamların, o cümlədən ziyalıların evlərində kütləvi şəkildə axtarışlar aparılması, əmlakların müsadirə edil¬məsi, insan ləyaqətinin tapdalanması və təh¬qirlər xal¬qımı¬zın yeni yaran¬mış hakimiyyətə qarşı narazılığını artırırdı. Xocalı ərazisində bu hal daha kütləvi xarakter almışdı. Çünki bütün bunlarla yanaşı Qırmızı Ordunun timsalında mənfur niyyətlərinin böyük qüvvəsini duyan ermənilər 1920-ci ilin mayında torpaq iddiası ilə daha da azğınlaşmış və kəndlərin yan¬dırılması, dinc əhalinin gül¬lələn¬məsi adi hala çevrilmişdir. Qəzəb dalğası xalqın müqavimət hərəkatını yetişdirmişdi. 1920-ci ilin mayından Azərbaycan milli or¬dusu, erməni təcavüzkarlığının, erməni basqınlarının qarşısını almaq məqsədilə Yuxarı Qarabağda yerləşdirilmişdi. Milli Ordu hissə-lərindəki əsgər¬lərimiz, qırmızı Ordunun xalqımızın adət-ənənəsinə, milli xüsusiyyətlərinə toxunan hərəkətləri ilə barışmır, hətta yeni hakimiyyətin özbaşınalığına qarşı biganə qalmır və onların qarşısını almağa cəhd göstərirdilər.
        “Kommunist” qəzeti 15 may 1920-ci il [№14] sayında yazırdı Xocalıdan alınan xəbərdə göstərilirdi ki, Azərbaycan İnqilabi komitəsinin torpaq haqqında verdiyi 5 may 1920-ci il dekreti qəzanın zəhmətkeş kəndlilərinə mayın 14-də elan edildi. Onlar çoxdan gözlədikləri bu dekret haq¬qında məruzəni böyük diqqətlə dinlədilər.
        Bunlardan bir az sonra Xocalıdan Azərbaycan İnqilab komi-təsinə göndər¬diyi bir məktubda xəbər verirdi ki, torpağın zəh-mət¬keşlərə verilməsi haqqın¬dakı dekret mayın 18-dək həyata keçirildi [“Kommunist” qəzeti, 22 may 1920-ci il, №17].
        Xocalıda sovet hakimiyyəti qurulduqdan sonra yaradıl¬mış or¬qan¬lardan biri Fövqəladə Komissiya idi ki, bu orqanın anti¬azər-baycan fəaliyyəti arxivlərdə saxlanılan sənədlərdə geniş əks olun-muşdur.
        Belə ki, ARDTA fond 1-də saxlanılan sənədlərdə yuxa¬rıda adı¬gedən məsələyə aydınlıq gətirilmişdir. Həmin fond¬dakı materialda göstərilir ki, 1920-ci il mayın 12-də Azər¬bay¬can İnqilab Komitəsinin əmri ilə əksinqilabçılara, təxribat¬çılara və alverçiliyə qarşı Fövqəladə Komissiya (FK) yara¬dıldı. FK tərəfindən görülən tədbirlərə hökm verilməsi Ali İnqilabi Tribunala həvalə olundu. FK təşkil olunduğu ilk gündən Sovet Rusiyasında olduğu kimi terrorçu bir orqan kimi fəaliyyətə başladı. Qarabağda FK-nın sədri vəzifəsinə Armenak Mkırtiçeviç Qaragözov təyin edildi. Armenak həm də Xocalının fövqəladə Komissara idi. O “şübhəli ünsür” adı altında azərbaycanlı imkanlı şəxslərin, mədəniyyət xadim¬lərinin həbslərinə başladı. 1920-ci ilin sonu və 1921-ci ilin birinci rübündə Xocalıda 90 nəfər mə-suliyyətə cəlb olun¬muşdu. Məsuliy¬yətə cəlb olunanların demək olar ki, hamısı azər¬bay¬¬canlılar idi. 1920-1921-ci illərdə 100 nəfər azər¬bay¬canlı şahidsiz, sübutsuz ən ağır cəzaya məhkum olmuşlar [s.1, i.96, v.16-17]. Xocalıda təqib olunanların, həbs edilənlərin çoxusu milli ayrı-seçkiliklə, milli ədavətlə bağlı məsələlər üstündə müha¬kimə edilmişlər. FK yerlərdə əhali arasında vahimə yaratmaq məq¬sədi güdürdü.
Bəhs etdiyimiz dövrdə Xocalıda FK ilə yanaşı XI Ordunun xüsusi şöbələri də geniş fəaliyyət göstərirdi. FK kimi XI Ordunun xüsusi şöbəsi də kəndlərə gedərkən ilk növbədə varlı adamların siyahısını tələb edir, qaçaqçılıqla məşğul olanları arayıb-axtarır, hər bir ailənin keçmişi ilə maraq¬lanır, təqib olunmaları üçün tədbirlər görürdülər. ARPİİSSA fond 1-də 1920-ci ildə Xocalıdakı durum aşağı¬dakı kimi göstərilmişdi: “İstər FK-nın və istərsə də XI Ordunun siyasi şöbəsinin qeyri-məhdud səlahiy¬yətləri var idi. Məhz buna görə xalq təsərrüfatının bərpasına keçid dövründə respublikanın hər yerində və xüsusilə Qarabağda” [deməli həm də Xocalıda - M.N.] siyasi vəziyyət son dərəcədə gərgin bir halda idi. Əhalinin qarət olunması, təqiblər, insan ləyaqətinin tapdalanması adi bir hala çev¬rilmişdir. Buna görə Qarabağda xeyli imkanlı ailələr İrana, bir qismi isə Türkiyəyə çıxıb getməli oldular. XI Ordunun 8-ci divi¬ziyasının siyasi şöbə¬sinin əməkdaşları Qarabağa daxil olarkən keçmiş qəza rəislərini, pristavları, kəndxudaları, bir çox din xid¬mətlərini, varlı hampaları, onların ailə üzvlərini, hətta qadınlarını həbs edib, Şuşa və Qıraxtında saxlanmış, bir çox bəylər əhalinin gözü qar¬şısında güllələnmişlər… [f.1, s.1, i.8, v.143]. Həmin fondun di¬gər vərə¬qin¬dən oxuyuruq: Xocalı İnqilab Komitəsinin fəaliyyəti ilə bağlı 1920-ci il 17 oktyabr məlu¬matında bildirilirdi ki, bölgəyə gələn komis¬siya inqilab düşmənlərinin güllələnməsini həyata keçirdi. Həmin vaxt Xocalıdan Azərbaycan İnqilab Komitəsinə göndərilən gizli məktub¬da göstərilirdi ki, bu böl¬gədə daxili “sakitliklə” bağlı bir çox tədbir¬lər görülmüş, inqilab düşmənlərindən intiqam alınmışdır. Əhali bö¬yük qorxu, ciddi təlaş içərisində idi. Xocalıdan verilən xə¬bər¬lərdən aydın olur ki, son zamanlarda bölgədə yerləşən ordu his¬sələri əhali arasında iş apararkən əhalinin adət-ənənələrinə, di¬ninə, dilinə hörmət etmir, onlarla vəhşicəsinə rəftar edir və kütləvi həbslər aparılmışdır [f.1, s.1, i.105, v.49]. 1920-ci ilin sonlarında Qara¬bağ¬dan AK(b)P MK-nə daxil olan məlumatda göstərilirdi ki, Xocalıda vəziyyət son vaxtlar daha da ağırlaşıb. Azər¬baycanlılar keçmişə daha çox meyl¬lidirlər. Bunun əsas səbəbi heç bir qaydaya sığmayan mal-qaranın, taxılın ot-ələfin müsadirəsi, kəndlilərə qarşı FK-nın rep-ressiyalar tət¬biq etməsidir. Ona görə də xalq yenə hakimiyyətə inan¬mır [f.4, s.1, i.8, v.144].
         Tanınmış tarixçi, alim, ermənişünas K.Patkanov hələ 1875-ci ildə qələmə aldığı «Ванские надписи и их значение для Передней Азии» əsərində göstərirdi ki, “Ermənilər bəşər tarixində heç zaman xüsusi rol oynama¬mışlar. Bu, siyasi ter¬men yox, ayrı-ayrı erməni məskən¬lərinin səpələn¬diyi coğrafi vilayətin adıdır. Ermənilər həmişə yaşadığı torpağın pis sahibləri olmuşlar, ancaq onlar çox məharətlə öz yaxınlarını sataraq güclülərə xidmət göstərmişlər” [s.104]. Əlbəttə bəhs edilən dövrdə Moskvanı özlərinə arxa hesab edən ermənilər XI Qırmızı ordunun Qarabağa daxil olması ilə hakimiyyəti ələ keçirib daha da fəallaşdılar. Bütün bunlar ARDTA-nin 970-ci fondunda saxlanılan materiallarda öz əksini tapmışdır. Həmin sənəddə oxu¬yuruq: 1920-ci ilin əvvəllərində özlə¬ri¬nin ən “müqəddəs arzu”larını “Böyük Ermənistan” yaratmaq kimi bəd, ədalətsiz niyyəti – praktiki olaraq həyata keçirməyə çalışan erməni daşnakları Xocalıda dinc əha¬li¬yə qarşı təcavüz¬karlıq edir, vahimə salır, qarətçilik və zora¬kılıqla məşğul olur, onlara ən ağır cəza verməkdən çəkinmir, bütün kəndləri yandıraraq əhalinin yaşadıqları əraziləri tərk etməyə məcbur edirdilər [f.970, s.1, i.190, v.21]. Aprel faciəsindən sonra özlərinə güclü arxa tapan təcavüzkarların bəd əməlləri daha da artmış, Qarabağda milliyyətcə erməni – rus və kommunistlərdən ibarət ali hakimiyyət orqanı yaradılmış, onların “sosializm quruculuğu” adı al¬tında apardıqları siyasət, həm mahiyyət cəhətdən, həm də üsul eti¬barilə yuxarıdan, zorakılıq yolu ilə, şovinist mövqedən yanaşma və ya buna bənzər hallar istər-istəməz xalqımızın kütləvi narazılığına sə¬bəb olurdu. Bu narazı¬lıqlar isə özünü xalq üsyanları şək¬lində göstərirdi.
1920-ci ildə Xocalıda vəziyyət olduqca ağır idi. Bunu ARPİİSSA-də fond 1-də saxlanılan AK(b)P MK-ya daxil olan məlu¬matlardan aydın görmək olar: Hazırda Xocalı ərazi¬sində vəziyyət çox ağırdır. Əhalisi keçmiş vaxtlara daha çox meyillidir. Bunun səbəbi kütlələrin siyasi hazırlıq səviy¬yəsinin aşağı olması və ərzaq siyasətidir…, kəndli¬lərə qarşı repressiyaların tətbiq edilməsi, heç bir qaydaya sığış¬mayan mal-qaranın, taxılın, ot-ələfin müsadirəsi… Bunlar hamısı güman etməyə əsas verir ki, qırmızıların bu ərazini tərk etməsindən sonra, Sovet hakimiyyəti arxasız qalacaq və əhali bir mənalı əks-inqilabçıların tərəfini saxlayacaq [siy.1, i.8, v.143]. Həmin fondun digər vərəqində Qarabağdan AİK-nə verilən məlumat yığcam şərh edilmişdir. Həmin məlumatdan oxuyuruq: Xocalının kəndlərinin heç birində Sovet hakimiy¬yəti yoxdur və burada aclıq hökm sürür… Yerli əhalinin Sovet hakimiyyəti haqqında təsəvvürü an¬caq XI Qırmızı ordunun xüsusi şöbəsi ilə bağlıdır.... Bütövlükdə Qarabağda qayda-qanun yoxdur. … Burada hər həftə kef məclisi təş¬kil edilir. Xalılar döşənmiş zalda çox varlı süfrə arxasında əyləşən yarımsərxoş zabitlər öz arvadları ilə fasiləsiz çalan musiqi dinləyir və rəqs edir [f. 1, s.2, i.105, v. 48-50]. Fikir verin, bütün torpağın sər¬vət¬lərin, yerin yiyəsi olanlar güllələnir, təhqir edilir, acından ölür, əlin¬də silah olan qırmızı mundir sahibləri isə eyş-işrət içərisində ya¬şayır.
        Beləliklə, 1920-ci ildə Azərbaycanın Xocalı ərazisində totalitar bir cəmiyyət – sovet hakimiyyəti bərqərar oldu. Ərazidəki varlı, imkanlı, savadlı olanlar şahidsiz sübutsuz güllələndi, sürgün edildi. Bölgədəki qiymətli və nadir yeraltı və yerüstü sərvətlərimiz gizli və açıq yollarla Rusiyaya və Ermənistana daşındı.

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top