BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

31 Mayıs 2020 Pazar

“Gəncənin səsi” çətin vaxtlarda bizə dayaq olub, səsimizə səs verib

Posted at  5/31/2020  |  in  Ümumi hadisələr

        Gəncə və “Gəncənin səsi” qəzetinin adını eşidərkən ilk öncə fikrimə qonaqpərvər, mehriban insanlar gəlir. Bəli, Gəncə camaatı doğma torpaqlarından didərgin düşmüş məcburi köçkünlərə hər zaman diqqət və qayğı göstərirlər. Çətin vaxtlarda evlərinin qapısını onlara pənah gətirmiş köçkünlərə açıblar. Dərdimizə şərik olub, əllərindən gələn köməkliyi ediblər. 
        “Xocalının səsi” qəzetinin də çətin vaxtlarında “Gəncənin səsi” qəzetinin əməkdaşları öz diqqət və qayğılarını qəzetimizin əməkdaşlarından əsirgəməyiblər. Soyqırımın səbəb və nəticələrinin yazılı olaraq rayon qəzetində işıqlandırılmasının vacib olduğu ərəfədə qəzetin çapa getməsinə şərait yaradıblar. Qəzetimizdə 1991-1995-ci illərdə məsul katib vəzifəsində işləmiş Vəli İlyasov deyir ki, 1992-ci il mart ayının 19-da Tərtər qəzetinin redaksiyasında “Xocalının səsi” qəzeti üçün ayrılmış otağa “Qrad” mərmisi düşdü. Qəzetin fəaliyyəti bir neçə gün dayandı. Mərhum redaktor Sərdar Mehdiyevlə birlikdə Gəncə şəhərinə gələrək nəşriyyatın sədri İlham İmamquliyevlə görüşdük. Qəzet Gəncədə çap olunmağa başladı. Redaksiyamız üçün “Gəncənin səsi” qəzetində yer ayrıldı. Orada bizə canıyananlıq göstərən insanlar var idi. “Gəncənin səsi” qəzetinin redaktoru Sabir Hacıyev, şöbə müdiri Rəfiqə Sadıqova, məsul katib Füzuli Ruzigar, müxbir İbrahim Məsimoğlu, “Novosti Gəncə” qəzetinin redaktoru Nüşabə Məmmədli bizə köməklik edirdilər. Biz onlardan qayğını çox hiss edirdik. Qəzetin nəşri üçün bütün köməklikləri göstərirdilər. Həm “Gəncənin səsi” qəzetinin əməkdaşları, həm də Gəncə nəşriyyatının sədri İlham İmamquliyev qəzetimizin nəşrini öz üzərlərinə götürmüşdülər.
        “Gəncənin səsi” qəzetinin əməkdaşları “Xocalının səsi” qəzetinin qeydinə bu gün də qalır. Baş redaktor, yazıçı-jurnalist Rəfiqə Sadıqova və digər əməkdaşlar ilə hər görüşəndə onlarda bizə qarşı həssas yanaşmanı, diqqəti görürəm. Rəfiqə xanım qəzetimizin nəşri ilə maraqlanır, tövsiyələrini verir və Xocalıda işıq üzü görməsini kövrək hislərlə arzulayır. 
         “Gəncənin səsi” qəzetinin səhifələrində dövrümüz üçün ən aktual mövzular, Gəncənin ictimai-siyasi, abadlıq-quruculuq, mədəni və idman sahəsində baş verən yeniliklərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsindən, Xocalı soyqırımından yazılar da yer alır. 
        Daim dövlətə və dövlətçiliyə sədaqət göstərən xocalılar nə başımıza gətirilən müsibətləri, nə də dərdimizə şərik olan, diqqət göstərən insanları yaddan çıxardan deyillər. Biz inanırıq ki, Cənab Prezidentimizin apardığı uzaqgörən siyəsət nəticəsində dədə-baba torpaqlarımızı yağı tapdağından azad edəcəyik. O zaman “Gəncənin səsi” qəzetinin əməkdaşlarını doğma Xocalımızda qarşılayacağıq. 
        100 yaşını qeyd edən qocaman mətbu orqanın yaradıcı kollektivini təbrik edirik. Gəncənin salnaməsini yazan “Gəncənin səsi” qəzetinin ömrünün dahi Nizami yurdu kimi əbədi olmasını arzulayırıq.
Qalib BƏYMƏMMƏDOĞLU,
“Xocalının səsi” qəzetinin 
redaktoru

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

Əlaqə

Redaksiyamızın ünvanı:
Gəncə şəhəri, Yeni qəsəbə - 2
Tel: (070 - 222 - 26 - 48; (050) 678 - 10 - 44
E - mail: xocalininsesi@gmail.com
About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top