Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Ən böyük zəfər günümüz Azərbaycan Bayrağının Qarabağda dalğalanacağı gün olacaq


            Hər bir insan dünyaya göz açdıqda ilk olaraq anasını gördüyü kimi, ilk qədəmlərini də vətən torpağında atır və vətən sevgisinin hərarətini o zaman duyur. Vətən sevgisi insanın qəlbinə hakim kəsilən, ana qədər müqəddəs bir hissdir. 
             Tarixən Vətənimizin ərazisi dəfələrlə qəsbkarların hücumlarına məruz qalmışdır.Bunun nəticəsidir ki, torpaqlarımızın bir hissəsi, Dağlıq Qarabağ kimi dilbər guşəmiz ermənilərin əlinə keçmişdir. Bütün bunlar o zamankı rəhbərliyin yarıtmaz siyasəti və ordumuzun zəifliyi nəticəsində baş vermişdir. 
              Bu gün bizim güclü dövlətimiz və sərhədlərimizi qoruyan güclü ordumuz var. Əgər vətənimizin sərhədlərini qoruyan güclü ordumuz varsa, dövlətimiz çox şeylərə qadirdir.Əlbəttə, Vətən sərhəddən başlayır!  
               Bu güclü ordumuzun əməyinin bəhrəsidir ki, 2016-ci il aprel döyüşlərində böyük şücaət göstərərək Lələtəpə yüksəkliyi və onu ətrafındakı bəzi ərazilər düşməndən azad edildi. Azərbaycanın üçrəngli bayrağı Lələtəpə yüksəkliyinə sancıldı. Bununla Cəbrayıl rayonunun Cocuqmərcanlı kəndi düşmənin atəş səslərindən xilas edildi və “Qarabağa qayıdış”ın təməli qoyuldu.
              2018-ci ildə Naxçıvan MR-də Azərbaycan  və  Ermənistan silahlı qüvvələri arasında münaqişə baş verdi. Ordumuzun gücü sayəsində Şərur rayonunun Günnüt kəndi, Ağbulaq yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı düşməndən azad olundu və Dərələyəz mahalının Arpa kəndi ordumuzun nəzarətinə keçdi.                       12 iyul 2020-ci il tarixdə Ermənistan silahlı qüvvələri Azərbaycan - Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində təxribat  törətdilər. Bu təxribat nəticəsində  Azərbaycan Ordusunun on iki nəfər hərbiçisi və bir nəfər mülki şəxs şəhid oldu.  Onların itkisi bir vətəndaş olaraq hər birimizə çox pis təsir etdi. Çünki burada Azərbaycan Generalı Polad Həşimovu və Polkovnik İlqar Mirzəyevi itirdik. Bu döyüşdə neçə-neçə övladlar atasız, analar övladsız qaldılar. 18 yaşında təzəcə həyata atılmış  gəncimiz şəhid oldu. Şəhid hərbiçimizin övladı valideynlərinin səkkiz illik  həsrətindən sonra dünyaya gəlməsinə iki  gün qalmış , gözünü həyata şəhid övladı kimi açdı. Analar, bacılar, övladlar gözü yaşlı qaldı. Şəhid verməyimizə baxmayaraq, bu döyüşdə də ordumuz tərəfindən düşmənə ağır və sarsıdıcı zərbələr endirildi. Yüzə yaxın düşmən hərbiçisi və çoxlu sayda döyüş texnikaları məhv edildi. Bununla da Azərbaycan ordusu XXI əsrdə hansı gücə malik olduğunu isbat etdi. Şəhid verməyimizə baxmayaraq, Ordumuz böyük qəhrəmanlıq göstərdi.
            Şəhidlərimiz  üçün bütün Azərbaycan xalqı ayağa qalxdı. Hər kəs mənsub olduğu partiyadan asılı olmayaraq, silahlı qüvvələrimizə və Ali Baş Komandanımıza dəstək olaraq şəhidlərimizin intiqamını almaq üçün döyüş bölgəsinə getmək istəyirdilər. Bütün dünya ölkələrində yaşayan azərbaycanlılar həmrəylik göstərərək Səfirliklər qarşısında aksiya keçirdilər. 
            Bir çox dövlətlərlə yanaşı, Azərbaycan Respublikasının ən yaxın dostu olan qardaş Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Müdafiə Naziri Hulusi Akar və başqaları böyük dəstək nümayiş etdirərək Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bir daha sübut etdilər.
           Prezidentimiz İlham Əliyevin müdrik siyasəti, rəşadətli ordumuzun qüdrəti, xalqımızın əzmi və  Azərbaycana dəstək olan dost ölkələrin birliyi sayəsində, inanırıq ki, şəhid qanı ilə suvarılmış müqəddəs torpaqlarımız tez bir zamanda düşmən əsarətindən azad olunacaq və şanlı bayrağımız Qarabağda dalğalanacaq.
          Bu çətin yolda Allah Prezidentimizə, Dövlətimizə və sərhədlərimizin keşiyində duran bütün əsgərlərimizə yardımçı olsun! Tezliklə torpaqlarımız düşməndən azad olunsun və şəhidlərimizin ruhu şad olsun.
Vəsilə Quliyeva,
Xocalı rayon ziyalısı
Paylaşın:

İşğal altında olan rayonların fəal gənclərinin iştirakı ilə “Gənclər Qarabağ üçün bir arada” devizi altında videokonfrans keçirildi


         Xocalı, Füzuli, Ağdam, Laçın, Şuşa, Xocavənd, Kəlbəcər, Cəbrayıl, Qubadlı və Zəngilan rayonların gənclər və idman idarələrinin təşkilatçılığı ilə 30 iyul 2020-ci il tarixdə işğal altında olan rayonların fəal gənclərinin iştirakı ilə “Gənclər Qarabağ üçün bir arada” mövzusunda videokonfrans keçirildi. Gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsini gücləndirmək, Azərbaycanın müstəqillik əldə etdikdən sonra keçdiyi tarixi yol və digər mühüm məsələlər barədə gənclərin məlumatlılığını daha da artırmaq, son zamanlar baş verən hadisələrə gənclərin münasibətini öyrənmək məqsədilə keçirilən tədbirə məcburi köçkün rayonlardan 112 nəfər fəal gənc qatılmışdır. Konfransda Azərbaycan xalqının azadlığı, suverenliyi uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsinin yad olunmuş, ölkəmizdə gənclərlə iş sahəsində aparılan siyasət, ərazi bütövlüyümüzü, müstəqilliyimizi qorumaq yolunda şərəfli addımlar atan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranması, dövlətin ordu quruculuğu ilə bağlı gördüyü işlər, gənclərin vətənpərvər ruhda tərbiyələndirilməsinin vacibliyi barədə gənclər və idman idarələri rəislərinin çıxışları səslənilmiş, mövzu ilə bağlı ayrı-ayrı gənclərin fikirləri dinlənilmişdir.
        Konfransda Xocalı rayon gəncləri də fəal iştirak etdilər.
Paylaşın:

SUYUN QƏDRİNİ QUYU QURUYANDA BİLMƏYƏK


         Odlar diyarımız Azərbaycan yeraltı və yerüstü sərvətlərlə zəngindir. Buna görə də daim yadelli işğalçılar torpaqlarımıza həsəd aparıblar. Bunun nəticəsidir ki, dilbər guşəmiz Qarabağ erməni quldurlarının işğalı altındadır. İndi Qarabağın bütün sərvətlərini mənfur qonşularımız talayır. Bu sərvətlərimiz içində gursulu çaylarımız, şəfalı bulaqlarımız, təsərrüfat əhəmiyyətli su anbarlarımız və göllərimiz də var. Məlumdur ki, mənfur qonşularımız Azərbayana qarşı ekoloji vandalizm siyasəti də həyata keçirir. İşğal altında qalan çaylarımız zəhərli tullantılarla çirklədilir. Erməni vandalları şəfalı sularımızı xarici ölkələrə satır, su ehtiyatlarımızdan özləri üçün istifadə edir və cəbhə rayonlarından keçən çayların axınını dəyişirlər. Belə olan halda minlərlə hektar əkin sahələrimiz susuzluqdan əziyyət çəkir. 
          Ölkəmizdə olan su ehtiyyatlarını qorumaq və ondan düzgün istifadə etmək çox vacibdir. Azərbaycanda su ehtiyyatları, çaylar, kanallar və süni anbarları çoxdur. Su resurslarından düzgün istifadə edilmədiyi üçün hazırda su çatışmazlığı fermərləri narahat edən aktual məsələdir. Bəzi bölgələrimizdə vətəndaşlar içməli su çatışmazlığından əziyyət çəkir. 
          Ölkə başçısı vətəndaşlarımızın sağlamlığı və ölkə iqtisadiyyatının davamlı inkişafı üçün su problemlərinin qarşısını almaq üçün qabaqlayıcı tədbirlərin görülməsini prioritet sahələrdən biri kimi diqqət mərkəzində saxlayır. Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilmiş müşavirədə bu sahədə yaranmış problemləri təhlil etdi, mövcud nöqsanlara görə “Azərsu” ASC-yə, "Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyətinə və digər aidyyəti qurumlara öz iradını bildirdi. Cənab Prezident müşavirədə bildirdi ki, Regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının qəbul edildiyi 2004-cü ildə Azərbaycanda içməli su ilə təminat 40 faiz səviyyəsində idi. Bu gün isə bu rəqəm 70 faizə çatıbdır. Bakı şəhərində içməli suyu davamlı şəkildə alan əhalinin sayı 29 faiz idi. Bu gün bu rəqəm təxminən 82 faizə çatıbdır. Regionlarda isə əhalinin içməli su ilə əhatə dairəsi cəmi 9 faiz idi. Bu gün bu rəqəm 63 faizdir. Bu, doğrudan da tarixi nailiyyətdir. Biz bunu, ilk növbədə, insanların sağlamlığı, iqtisadiyyatın, kənd təsərrüfatının inkişafı üçün etmişik. Ancaq bununla bərabər, bu rəqəmlər onu göstərir ki, biz istədiyimizə tam nail ola bilməmişik. Buna görə bundan sonra içməli su layihələri, meliorasiya layihələri bizim gündəliyimizdə ən vacib məsələlər kimi duracaq. Bugünkü müşavirənin əsas məqsədi odur ki, bu sahədə buraxılmış səhvlər, mövcud çatışmazlıqlar bundan sonrakı illərdə aradan qaldırılsın, vahid idarəetmə mexanizmi işlənib təqdim edilsin və biz ardıcıl olaraq qısamüddətli, ortamüddətli və uzunmüddətli fəaliyyət planımızı icra edək. Bunun nəticəsində Azərbaycanda içməli su və suvarma suyu ilə təminat 100 faiz olmalıdır.
        Prezident çıxışının sonunda qeyd etdi ki, necə ki, enerji təhlükəsizliyi məsələləri həll olundu, nəqliyyat təhlükəsizliyi məsələləri həll olundu. İndi biz ərzaq təhlükəsizliyi məsələlərinin həllinə yaxınlaşırıq. Su təhlükəsizliyi məsələləri də öz həllini tapmalıdır. Dövlət başçısı su ehtiyyatlarından səmərəli istifadə edilməsi məqsədilə “Azərsu”, “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyəti, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən planlı işlər görülməsi üçün tapşırıq verdi.  
        Artıq məlumdur ki, dünyada su ehtiyyatları gündən-günə azalır. Su həyatdır. Suyu israf etmək isə günahdır. Düzgün istifadə edilməklə su problemlərini həll etmək olar. Suvarma kanallarının torpaq məcralarının yenidən qurulması su itkilərinin qarşısını ala biləcək addımlardan biridir. Suvarmada müasir texnologiyalardan istifadə olunması və digər tədbirlərin həyata keçirilməsi zəruridir. Ancaq aidiyyəti sturukturların sistemli işlər görməsi ilə yanaşı, vətəndaşlar da məsuliyyətli olmalı, suyun israfına yol verməməlidirlər. Suyun qədrini quyu quruyanda bilməmək üçün, hər damcısının dəyərini bilməli, ondan səmərəli istifadə etməliyik. 
Qalib Quliyev,
"Xocalının səsi" qəzetinin redaktoru
Paylaşın:

Su ehtiyyatlarından səmərəli və koordinasiyalı şəkildə istifadə etməklə çatışmazlığı aradan qaldırmaq olar

     
      Hazırda su problemi dünyada qlobal problemlər sırasındadır. Qərbi Asiya, Afrika ölkələrində insanlar içməli su çatışmazlığından əziyyət çəkir. Bu ərazilərə yağışların az yağması və su ehtiyatlarının az olması səbəbindən həmin ölkələrin kənd təsərrüfatı da iflic vəziyyətindədir. Gündən-günə bu ekoloji problemin arealı genişlənməkdədir. Çox təəssüflər olsun ki, ölkəmizdə də artıq su çatışmazlığı problemi ilə üzləşmişik. Bu problemlərin başvermə səbəblərindən biri işğalçı bədnam qonşuların törətdiyi ekoloji vandalizmə görədir, digər səbəbi isə su anbarlarının, kanalların, ümumi olaraq su resurslarının ehtiyatlarından səmərəli və koordinasiyalı şəkildə istifadə edilməməsi ucbatındandır. 
         Yaranmış problemləri diqqətdə saxlayan ölkə başçısı iyulun 23-də su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirə keçirdi. Prezident İlham Əliyev müşavirədə mövcud problemlərin aradan qaldırılması ilə əlaqədar olaraq tapşırıqlar verdi. Ölkə başçısı çıxışında bildirdi ki, suyun çatışmazlığı iqtisadiyyatımıza, kənd təsərrüfatının inkişafına, fermerlərin gəlirlərinə nə qədər böyük ziyan vurur. Taxılçılıqda və pambıqçılıqda məhsuldarlıq daha yüksək olmalı idi. Prezident həmçinin qeyd etdi ki, suya qənaət olunmalıdır, xarici mütəxəssislər cəlb edilməlidir. Bütün bu qanunsuz qoşulmalar tezliklə aradan qaldırılmalıdır. Yerli və mərkəzi icra orqanları, lazım gələrsə, hüquq mühafizə orqanları bu işlərə cəlb edilməlidir.
      Prezident müşavirədə içməli su çatışmazlığının vətəndaşların sağlamlığına mənfi təsirinin azaldılması, kənd təsərrüfatı sahəsində su probleminin zərərinin mimumuma endirilməsi üçün ölkə başçısı aidiyyəti qurumlara planlı şəkildə tədbirlərin həyata keçirilməsini, mütəxxəsislər tərəfindən su resurslarının müəyyən edilməsi və ondan səmərəli istifadə üçün operativ işlərin görülməsini tapşırdı. 
        Biz ölkəmizin hərtərəfli inkişafının təmin edilməsində, istənilən təhlükəyə qarşı adekvat tədbirlərin görülməsində Cənab Prezidentin atdığı addımları müsbət qiymətləndirir, ona daim güvənərik. Su qıtlığı probleminin həlli bu gün ölkə başçısının diqqətində və nəzarətindədir. İnanırıq ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti qurumlar su problemlərinin həllinə məsuliyyətlə yanaşacaqlar. Eyni zamanda vətəndaşlar da artıq su israfının qarşısını almaqla, axan hər su damcısının qədrini bilməklə ümumi problemə öz dəstəklərini verəcəklər. 
Fazil İsmayılov,
7 nömrəli Regional Sukanal İdarəsinin Xocalı Sukanal sahəsinin mit üzrə mütəxəssisi

Paylaşın:

Şəhidlərimiz bizim qürur mənbəyimiz, ailələri hər birimizin əmanətimizdir!

       Azərbaycan qədim bir tarixə malik böyük bir dövlətdir. O, hər zaman öz gücü, qüvvəti ilə öz düşmənlərinə qalib gəlib və gəlməkdə də davam edir. Əlbəttə ki, əgər bir dövlət qarşısına məqsəd qoyubsa ki, hər zaman inkişaf edəcək, deməli, onun düşmənləri dostundan çox olacaq. Biz bütün bu ola biləcək prosesləri gözə alıb yola çıxmışdıq. Arxamızda o qədər güclü bir qüvvə var idi ki, onun siyasəti, millətsevərliyi bizə bir stimul verirdi. Çox acılar çəkdik, itkilər verdik, amma Heydər Əliyev gücü ilə sinə gərib, qalib gəldik. Müstəqillik əldə edib, azad bir dövlətə çevrildik. Artiq bundan sonra o azadlıq uğrunda çalışmaq və onu qorumaq lazım idi. Ataların çox gözəl bir misalı var:” El bir olsa, dağ oynadar yerindən" Əslində bu misal son illər ərzində özünü daha çox ifadə etdi. Belə ki, bu il dövlətimizə, eləcə də dünyaya o qədər düşərli oldu demək olmaz. Belə ki, pandemiya deyilən bir bəla bilə vuruşdu bütün dünya. Dünyanı ağzına alan bu xəstəlik çox canlara son qoydu, çox problemlərə yol açdı.Yəqin mənimlə razılaşarsınız ki, hər bir dövlət təkcə bu günü ilə yetinməməli, pis günü üçün də azuqə yığmalıdır. Hər birimiz şahid olduq ki, həqiqətən bizim pis günümüzü də düşünən dövlət başçımızın azuqəsi hazırdır. Belə ki, pandemiya ərəfəsində yaranan karantin rejimində hər kəs evində oturub, işsiz qalsa da, ac qalmadı.Dövlət həm tibbi sahədə, həm də işsizlik sahəsində böyük işlər görərək hər kəsin işini uğurla icra etdi. Bu il, həm də yaddaşımıza az müddət davam etməyinə baxmayaraq, "şəhid ili" kimi də yazıldı. Belə ki, mənfur erməni ordusu iyulun 12-si atəşkəs rejimini kobud şəkildə pozaraq Tovuz rayonunun Ağdam kəndinə, ordumuzun mövqelərinə iri artilleriya silahlarından atəş açmışdı. Hətta mülki əhaliyə ziyan verməkdən belə çəkinməmişlər. Onların evlərinə atəş açmış, dinc əhalinin qurub-yaratdığı həyət-bacalara ziyan vurmuşlar. Qarşılıqlı olaraq ciddi müharibə vəziyyəti yarandı və hər iki tərəf itkilər verdi. Amma təəssüf ki, yenə öz hiyləgərliklərindən qalmayan erməni mənfurları öz itkilərini gizlətməyə çalışaraq özlərini güclü göstərməkdən çəkinmədi. Lakin müəyyən bir müddət keçdikdən sonra xeyli sayda itki verdikləri üzə çıxdı. Bu bir daha onların məğlubiyyətinin bariz göstəricisidir. Əgər bir dövlət var olmaq istəyirsə, məlum məsələdir ki, onun şəhidi də olacaq, qalibi də. Bizim hər zaman qalibiyyətimizin olacağı bütün dünyaya məlumdur. Son vaxtlar böyük orduya malik olan Azərbaycana hərbi qüvvə baxımından başqa dövlətlər də dəstək çıxır. Biz buna son hadisələr zamanı daha çox şahid olduq. Dostumuz düşmənimizdən çoxdur. Bu da qürurverici bir hisdir. Bu cür ruhlandırıcı hadisələr bizdə inam yaradir, kədərimizi unutdurur. 
Şəhidlərimiz bizim qürur yerimizdir. Onların ucaldığı şəhidlik zirvəsi bizim yaşamağımıza, qisas hissimizə stimul verməlidir. Onlar şəhid olub, amma onların ailələri bizə və dövlətimizə əmanətdir. Cənab Prezidentimizin onları necə qoruması, necə sahib çıxması hər birimizin gözləri önündə baş verir. Hər il onlarla mütəmadi görüşlərin keçirilməsi, ehtiyaclarının ödənilməsi dövlətimizin prioritet istiqamətləri hesab edilir. Bütün bu diqqət və qayğı yaşadıqları dərdlərin nisbətən yüngülləşdirilməsinə dəstək olur. İyul döyüşlərində Tovuzda şəhid olan igidlərimizin ailələri ilə tək-tək və yaxından maraqlanan dövlət başçımız, deputatlarımız, icra nümayəndələrimiz onların tək olmadığını bir daha sübut etdi. Millətimizin həmrəylik nümayiş etdirməsi şəhid ailələrinin dərdinin millət olaraq hamımızın acısı olmasının sübutudur. Dövlət başçımız ilk öncə onların ailələrinə sahib çıxmaq, yaşayışlarının maksimum dərəcədə yaxşılaşdırılması istiqamətində işlər görmək barədə tapşırıq verdi. Həmçinin, şəhid analarının dərdini öz dərdi bilən Mehriban xanım Əliyeva bir daha Heydər Əliyev fondunun əli ilə onlarla əlaqə saxladı. Şəhid analarına dəstək olaraq onlara mənəvi dayaq oldu. General-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin ailələri ilə əlaqə yaradan Cənab Prezident İlham Əliyev onlara təsəlli verdikdən sonra əminliklə vurğuladı ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. Bu çox qürurverici və dəstəkləyici bir çixiş idi. Dövlətimizdə yüzlərlə şəhid ailəsi Prezidentimizi dəstəkləyir, daim vətənin bütövlüyü naminə apardığı siyasətə inandıqlarını ifadə edirlər. Biz də Prezidentimizin yürütdüyü daxili və xarici siyasəti dəstəkləyir və hər zaman onun yanında olduğumuzu nümayiş etdirməkdən çəkinmirik.
Ülviyyə Əhmədova,
Xocalı rayon ziyalısı
Paylaşın:

Gücümüz həmrəyliyimizdədir!

           
            Bizim vətənimiz Azərbaycanın həm keşməkeşli, həm də şərəfli bir tarixi var. Bu şərəfli tarixə öz adlarini yazan vətənin gözəl gələcəyi üçün şirin canlarından keçən oğullarımız və qızlarımız var. Bütün xalqım, başda Cənab Prezidentimiz İlham Əliyev olmaqla hamımız vətənimizi göz bəbəyimiz kimi sevir və qorumağa çalışırıq. Nəinki təkcə azərbaycanlılar, həm də Azərbaycanı dəstəkləyən Türkdilli ölkələr də bizim vətənimizi öz vətənləri bilir,  acılararımızı öz acıları kimi çəkir, sevincimizə şərik olurlar.  Bütün bunlar hamısı onların bizim xalqımızı düşünməsindən, ölkəmizi sevməsindən irəli gəlir.
          Bu günlərdə Möhtərəm Prezidentimizin Bakının Xətai rayonunda şəhid ailələrinə və müharibə əlillərinə mənzillərin və avtomobillərin verilməsi zamanı etdiyi çıxışdan məlum olur ki, Cənab Prezidentimiz ölkəmizin belə  ağır  bir vəziyyətində,  belə çətin pandemiya dönemində yenə də öz xalqını, öz milletini fikirləşir. Ümumilikdə Azərbaycanda xüsusi kateqoriyadan olan şəxslər üçün güzəşt və imtiyazların ildən ilə çoxaldılması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. 1997 və 2019-cu illər ərzində şəhid ailələri və müharibə əlillərinə 7588 ədəd mənzil və fərdi ev verilib. İlin əvvəlindən indiyədək 450 mənzil təqdim olunub. 2020-ci ilin bu gününə qədər 150 yerli istehsal olan "Khazar LX" avtomobili  verilib  və 400 ədəd də verilməsi planlaşdırılır. Şəhid ailələrinə və müharibə əlillərinə müavinət və təqaüdlər 2019-cu ilin aprelindən təxminən 100% artib. İlin birinci və ikinci yarısında DOST  (Dayanıqlı Operativ Sosial Təminat) mərkəzlərinə 61057 vətəndaş müraciət edib. Tezliklə Binəqədi, Abşeron, Sumqayıt, Quba və Bərdədə də DOST mərkəzlərinin açılması nəzərdə tutulur.
           Bizim hamımız birdəfəlik dərk etməliyik ki, uzaq görən prezidentimizin siyasəti nəticəsində dövlət büdcəmizin çox hissəsi sosial məsələlərin həllinə xərclənir. Sevindirici haldır ki, Cənab Prezidentimizin özünün də qeyd etdiyi kimi onun çağırışına artıq özəl sektorlar PAŞA Holding və KAPİTAL Bank da qoşulub. PAŞA Holding Qobu qəsəbəsində şəhid ailələri və müharibə əlilləri üçün 3 şəhərcik inşa edib. Biz güclü dövlətik, bizim güclü sosial siyasətimiz var. Bunu bəzi müavinətlərin 50%,  bəzilərin isə 100% artırılması sübüt edir. 
           Bizim günü-gündən artan həmrəyliyimizi və gücümüzü bizim düşmənlərimizin gözü götürmür. Biz bunu 12 iyulda mənfur ermənilərin Tovuz rayonuna etdiyi hərbi təxribatda gördük. Onlar namərdcəsinə artileriya hücümü edib,  nəinki hərbiçilərimizi hətta dinc əhalini də atəşə tutmuşlar. Lakin bizim mərd əsgərlərimiz QİSAS əməliyyatı keçirərək onların arzularını gözlərində qoymuşlar. Düzdür, biz yenə də adlı sanlı generalımızı, mayorumuzu və bundan başqa bir neçə hərbiçimizi şəhid verdik. Ancaq biz bununla fəxr edirik,  necəki onların ailələri onların bu yüksək adı  "ŞƏHİDLİK"  adı ilə fəxr etdiyi kimi. Biz onsuzda ermənilərin necə satqın, necə xain olduqlarını bilirdik. Onlar Tovuza etdikləri qəfil hücumdan sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına etdikləri müraciətlə bunu bir daha təsdiqlədilər. Lakin sevindirici haldır ki, 6 dövlətdən 3-ü - Qazaxıstan, Qırğızıstan Qoşulmama hərəkatına üzv olan Belarusiya Azərbaycanı dəstəklədi
             Bizim Ordumuzu gücləndirən, müasir silahlarla silahlandırmağa qadir olan büdcəmiz var. Bizim büdcə vəsaitimizin əsas hissəsi enerji sektorundan gəlir. Bu da Heydər Əliyev neft siyasətinin uğurlu icrası nəticəsindədir. Bu siyasət nəticəsində bir də Azərbaycanı sevən Türk dilli ölkələrin köməkliyi nəticəsində  bizim ordumuz daha da güclənəcək, düşməndə qalan qisasımızı mərdliklə alacağıq. Bu işdə İslam Əməkdaşlıq Təşkilatinda 57 ölkə, Qoşulmama hərəkatında isə 120 ölkə Azərbaycanı dəstəkləyir. 
          Sonda bir azərbaycanlı kimi, yurdundan yuvasından ayrı düşən bir vətəndaş kimi əminliklə demək istəyirəm ki, biz həmrəy olaraq  bütün şəhidlərimizin  qisasını  mənfur, namərd, xain ermənilərdən alacaq,  öz dogma ata-baba yurmuza qayıdacağıq. Necə ki, Cocuq- Mərcanlı sakinləri qayıtdıqları kimi. Biz buna Möhtərəm  Prezidentimizin uzaq görən siyasəti və xalqımızın birliyi nəticəsində nail olacağıq.    
Reyhan Əliyeva,
Xocalı rayon ziyalısı
Paylaşın:

Azərbaycan xalqı öz şəhidləri ilə hər zaman fəxr və qürur hissi duyur

 
        Ümumiyyətlə, şəhid ailələrinə dövlət qayğısının göstərilməsi Azərbaycanın daxili siyasətində prioritetdir. Bu, Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi -mənəvi yoldur. Xatırladım ki, Ulu öndərimizin  təşəbbüsü ilə Şəhid adının əbədiləşdirilməsi haqqında qanun qəbul olunmuşdu və bu qanun məhz Heydər Əliyevin 1993-cü il 3 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmişdi. Bütövlükdə Ümummilli liderimiz Heydər Əliyevin siyasətində şəhid ailələrinə dövlət qayğısı xüsusi yer tutmuşdur. Hazırda Prezident İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir. 2003-cü  ildən indiyə qədər bu istiqamətdə görülən işlər bunu sübut edir. Ötən il keçirilmiş prezident seçkilərində sonra dövlət başçısı İlham Əliyevin imzaladığı ilk fərman məhz şəhid ailələri ilə bağlı olub.Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə şəhid ailələrinə hərtərəfli diqqət və qayğı göstərilir.İndiyə qədər şəhid ailələrinə böyük əksəriyyəti mənzillə təmin olunub. Şəhid övladlarının təhsil haqları da dövlət tərəfindən ödənilir. Prezident İlham Əliyevin şəhid ailələri ilə görüşlər təşkil olunması bu bir daha göstərir ki, şəhid ailələrinə nə qədər böyük ehtiram qayğı və diqqət göstərilir. Təbii ki, hər zaman Azərbaycan xalqı öz şəhidlər ilə hər zaman fəxr və qürur hissi duyur. Xüsusilə son günlər Prezident İlham Əliyev səsləndirdiyi fikirlər cəmiyyətimiz üçün bir mesajdır ki, şəhid ailələrinə hörmətlə ehtiramla yanaşılmalıdır. Tətbiq olunan sosial layihələr şəhid ailələrinin və aztəminatlı ailələrin maddi rifahının daha yaxşılaşdırılmasına istiqamətlənir. Son günlər neftin qiymətində azalma müşahidə olunmasına baxmayaraq, Prezident İlham Əliyevin qeyri neft sektorunun inkişafına yönələn islahatlar həyata keçirilməsi ölkəmizin neftdən asılılığını daha da azaltmışdır. O cümlədən Tovuz istiqamətində düşmənin təxribatlar törətməsi və Ordumuzun adekvat addımları və layiqli cavab verməsi bir daha bunu göstərdi ki, torpaqlarımızı hər zaman işğaldan azad etməyə hazırıq. Belə bir dönəmdə Xüsusilə qardaş ölkə Türkiyə tərəfindən, o cümlədən Pakistan tərəfindən ölkəmizi dəstəklənməsi  ölkəmiz dünya miqyasında tək olmadığını göstərdi. Belə bir həssas məqamda ölkə daxilində müəyyən qüvvələrin qarışıqlıq yaratması, ölkə daxilində çaxnaşmalar yaratmaq istəyinin qarşısı görülən tutarlı addımlar nəticəsində qətiyyətlə  alınmışdır. Bütün bunlara baxmayaraq ölkə Prezidenti İlham Əliyevin həm ölkəmizi həm də xalqımızı qorumaq, o cümlədən şəhid ailələrinin sosial rifahını yüksəltmək üçün həyata keçirdiyi tədbirlər bir daha onu deməyə əsas verir ki, dövlət strategiyamızın mərkəzində yalnız və yalnız Azərbaycan vətəndaşı dayanır.
Mətanət Zamanova,
Xocalı rayon ziyalısı 

Paylaşın:

Doğma torpaqlarımızı düşmən tapdağından təmizləyəcəyimiz gün yaxındadır

         
        21 iyul 2020-ci il tarixdə Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimi keçirilmişdir. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva da iştirak etmişlər. Diqqətlə nəzər salsaq, görərik ki, ölkədə şəhid ailələrinə, müharibə əlillərinə pensiya və müavinətlərin vaxtlı-vaxtında verilməsi, artırılması, onlara mənzillərin və avtomobillərin verilməsi mütəmadi xarakter daşıyır. Bu məqam da ölkə Prezidenti Cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu kateqoriyadan olan insanları daim diqqət mərkəzində saxlamalarının bariz sübutudur. Onların sonuncu təqdimetmə mərasimindəki iştirakı və cənab İlham Əliyevin çıxışı bir daha Azərbaycan vətəndaşlarının rəhbərlik üçün nə qədər dəyərli olduğunu gözlərimiz önündə canlandırdı.                         
         Hamıya məlumdur ki, Azərbaycan iqtisadiyyatının əsasını neftdən gələn gəlirlər təşkil edir. Son zamanlar neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi ölkə iqtisadiyyatına öz mənfi təsirini göstərmişdi. Ölkə iqtisadiyyatında müəyyən geriləmələrin baş verməsi qəddar düşmənlərimiz erməniləri sevindirməkdədir. Onların bu hisslərini anlamaq mümkündür. Çünki, onlar düşməndir və düşmən heç vaxt istəməz ki, düşmənçilik etdiyi ölkə iqtisadi cəhətdən ondan güclü olsun. Ancaq maraqlı burasıdır ki, neftin qiymətinin düşməsinə ermənilərlə bərabər, özümüzdən olan, adlarını milli şura qoyan, Prezidentin təbirincə desək, milli satqınlar da vardır. Nə qədər şərəfini itirəsən ki, öz ölkənin itkilərinə sevinəsən. Bax beləcə "Sapı özümüzdən olan baltalar" olduqca, itkilərimiz də çox olacaqdır. Tovuz hadisələri zamanı ölkə əhalisi, xüsusilə gənclər, dövlətə, dövlətçiliyə, dövlətin Ali Baş Komandanına, orduya dəstək nümayiş etdirərək küçələrə axışdılar. Ancaq təəssüflər olsun ki, xalq cəbhəsi adı altında fəaliyyət göstərən düşmən qüvvələr yenə də öz çirkin əməllərindən əl çəkmədilər. Silaha sarılıb düşmənə qarşı vuruşmağa hazır olan insanların xoş niyyətindən özlərinin xain planlarını həyata keçirmək istəyərək müəyyən təxribatçı qüvvələri Milli Məclisin binasına basqın edib dövlət əmlakına zərər vurmağa yönəltməyə nail olsalar da, millətin nifrəti ilə qarşılaşdılar.                              
             Eyni zamanda Tovuz hadisələri zamanı Azərbaycan ordusunun güclü əks zərbəsi qarşısında aciz qalan düşmən ölkənin başçısı Paşinyan yenə də özünün tülkü xislətindən geri qalmayaraq öz ağalarının yanına qaçıb Kollektiv Təhlükəsizlik Müqaviləsi ölkələrinin dəstəyinə nail olub, özünün təcavüzkar niyyətinə haqq qazandırmaq istəsə də, yenə adəti üzrə xəyalları boşa çıxdı. Əksinə, Kollektiv Təhlükəsizlik Müqaviləsinə daxil olan 6 dövlətdən 3-ü, Qazaxıstan, Özbəkistan və Belarus Azərbaycanın haqq işinə dəstək nümayiş etdirdilər. Bütün bu qeyd olunanlar onu göstərir ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən doğru və məqsədyönlü xarici siyasət aparılır, məhz bu siyasətin nəticəsində əksər beynəlxalq qurumlarda Azərbaycanın haqq işi daim dəstəklənir.                
           Ölkə Başçımızın son çıxışında da ermənistan rəhbərliyinin hazırkı status-kvonun saxlanılması cəhdlərinə Azərbaycan tərəfinin laqeyd qala bilməməsi fikri bir daha vurğulandı. Cənab İlham Əliyev qeyd etdi ki, ermənilər seçim etməlidirlər. Ya işğal altındakı Azərbaycan torpaqları qeyd-şərtsiz azad edilməli, ya da müharibə qaçılmaz olacaqdır. Çünki, Azərbaycan hansı yolla olursa-olsun, öz tarixi torpaqlarını azad etməlidir. Biz də Azərbaycan vətəndaşı olaraq hamı kimi ölkə başçısı Cənab İlham Əliyevin xarici və daxili siyasətini dəstəkləyirik, inanırıq ki, dədə-baba torpaqlarımızın düşmənlərdən təmizlənəcəyi gün yaxındadır.
Ələddin Əhmədov,
Xocalı rayon ziyalısı 

Paylaşın:

Heç bir Azərbaycan vətəndaşı Cənab Prezidentimizin diqqətindən kənarda qalmır

        Yəqin ki, 2020-ci il Azərbaycan tarixinə ən keşməkeşli il kimi düşəcəkdir. Bu il təkcə Azərbaycan üçün deyil, bütün dünyanı narahat edən qlobal problemlərə dolu bir ildir. Dünyanı cənginə almış "COVİD-19" bəlası, dünya iqtisadiyyatını təhdid edən iqtisadi böhran bu qəbildən olan problemlərdəndir. Üstəlik ölkəmizin bu çətin məqamda illərdir ki, həlli müşkülə çevrilmiş, hər bir Azərbaycan vətəndaşını düşündürən ağrılı Qarabağ problemi vardır. Ölkə başçımız Cənab İlham Əliyev, Birinci-vitse Prezidentimiz Mehriban Xanım Əliyeva bu ağır problemlərin aradan qaldırılması üçün gecə-gündüz yorulmadan çalışdıqları bir zamanda murdar ermənilər yenə də iyrənc niyyətlərindən əl çəkmədilər. Dünya ölkələri pandemiya ilə əlaqədar bütün problemləri kənara qoyaraq bir-birlərinə yardım etdikləri bir zamanda mənfur düşmənlərimiz olan ermənilər Tovuz rayonu ərazisində sərhəd zonasında hücuma keçərək Azərbaycan respublikasının yaşayış məntəqələrini, sərhəd zastavalarını ağır artilleriyadan istifadə etməklə atəşə tutdular. Erməni faşistlərinin bu vəhşiliyi nəticəsində yüksək rütbəli hərbçilərimiz - General  mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və daha 9 hərbçimiz, eyni zamanda 2 nəfər dinc sakin həlak oldu. Əlbəttə, Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə düşmənə layiqli cavab verildi və hərbçilərimizin, eləcə də mülki vətəndaşlarımızın qisası alındı.                                        
          Bu hadisələrin baş verdiyi ilk gündən istər həlak olmuş hərbçilərimizin ailələri, istərsə də mülki vətəndaşlarımız ölkə prezidenti Cənab İlham Əliyevin, eləcə də Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olundu. Belə ki, cənab İlham Əliyevin tapşırığı ilə Şəhid General mayor Polad Həşimovun və polkovnik İlqar Mirzeyevin ailəsinə ev verildi, digər hərbçilərin ailələrini Mehriban xanım Əliyeva öz himayəsinə götürdü. Aradan qısa müddət keçməsinə baxmayaraq, Cənab İlham Əliyev dinc əhaliyə dəymiş ziyanın aradan qaldırılması, düşmən hücumu nəticəsində infrastruktura dəymiş ziyanın təcili surətdə aradan qaldırılması üçün göstəriş verdi.
        Xocalı soyqırımı zamanı mən 3 övladımı itirmişəm. Hal-hazırda Goranboy rayonunda müvəqqəti olaraq məskunlaşmışam. Bu qəsəbədə bizə ev təqdim olunanda Cənab Prezidentimiz şəxsən mənim evimdə olmuş, bizə olduqca böyük qayğı göstərmişdir. 
         Bütün bunlar bir daha onu göstərir ki, ölkə başçısı ölkənin hər bir vətəndaşının qayğısına qalır və heç bir Azərbaycan vətəndaşı onun diqqətindən kənarda qalmır. Elə ona görə də hər bir vətəndaş tam əmindir ki, Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız düşmən tapdağından azad olunacaq və özünün də dediyi kimi üçrəngli bayrağımız Azərbaycanın qədim mədəniyyət beşiyi Şuşada, Xankəndində ən uca zirvələrdə dalğalanacaqdır.

Sədaqət Hüseynova,
Xocalı soyqırımı zamanı 3 övladı şəhid olmuş ana

Paylaşın:

Prezident İlham Əliyevin Sərəncamının icrası ilə bağlı düşmən təxribatı nəticəsində mülki əhalinin əmlakına dəyən ziyanın aradan qaldırılmasına başlanılıb

Məlum olduğu kimi, Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 12 nəfər hərbiçimiz, o cümlədən general, polkovnik rütbəli hərbiçilərimiz şəhid olmuşdur. Hərbiçilərimizlə bərabər 1 nəfər mülki şəxs Tovuz rayonunun Ağdam kənd sakini Əziz Əzizov təxribatın qurbanı olmuşdur. Düşmən tərəfindən atılan mərmi onun yaşadığı evin həyətinə düşərək həm evini dağıtmış, həm də özü şəhid olmuşdur. Əlbəttə ki, 70 yaşdan yuxarı bir şəxsin heç bir günahı  olmadan bu cür vəhşiliklə öldürülməsi erməni vandalizminə yaraşan hərəkətdir.

Şəhidlərimizlə bərabər təxribat nəticəsində dinc əhalinin yaşayış məntəqələrinə ciddi ziyan dəymişdir. Düşmənin istifadə etdiyi  ağır artilleriyanın yaşayış məntəqələrinə  düşməsi nəticəsində bir neçə yaşayış evi və obyektlər tamamilə yararsız hala düşmüşdür.

Dinc əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikasını Prezidenti İlham Əliyev tez bir zamanda sərəncam imzaladı və müvafiq qurumlara tapşırdı ki, əhaliyə hər cür köməklik göstərilsin. Düşmən təxribatı nəticəsində dağıdılmış yaşayış evləri və obyektlər tezliklə bərpa olunsun.

Bu çətin vəziyyətdə Prezidentimizin İlham Əliyevin xalqın yanında olması və Azərbaycan Respublikasının Birinci Xanımı Mehriban Əliyevanın şəhid ailələrini sonuna qədər öz himayəsinə götürməsi hər birimiz üçün qürurvericidir.

Tezliklə torpaqlarımızı düşməndən azad etmək və qələbə sorağını almaq üçün prezidentimizin və əlində silah vətən keşiyində duran əsgərlərimizin yanında olmaq hər bir Azərbaycan vətəndaşının borcudur. Allah bütün əsgərlərimizi qorusun!

 Rafiq Quliyev,

Xocalı rayon ziyalısı

 


Paylaşın:

Qəhrəman hərbiçilərimizin arxasında güclü Azərbaycan dövləti dayanır

 
         Ermənistan silahlı qüvvələrinin 2020 – ci ilin iyul ayının 12 - dən başlayaraq Azərbaycan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində qəsdən və hədəflənmiş şəkildə yaşayış məntəqələrini iri çaplı silahlardan və ağır artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına ciddi ziyan dəymişdir.Əsas ziyan Tovuz rayonunun 6 yaşayış məntəqəsinə - Ağdam, Əlibəyli, Dondar Quşçu, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərinə çox ciddi ziyan dəymişdir. İlkin qiymətləndirmələrə görə bu kəndlərdə dinc əhaliyə məxsus 35 ev və yardımçı tikililərin habelə vətəndaşların şəxsi əmlakını və əkin sahələrinin müxtəlif dərəcədə ziyan gördüyü müyyən edilib. İntensiv atəş nəticəsində dövlət əmlakına da zərər dəyib. Bu əsasən kəndlilərə çəkilən qaz boruları, elektrik naqilləri sosial və rabitə infrastukturudur. 
              Dondar Quşçu kəndinin ərazisinə 20 – dən çox top mərmisi düşmüşdür. 
Mərmilərdən ikisi dinc əhalinin yaşadığı əraziyə düşərək yaşayış evlərini yararsız hala salmışdır. Ermənilərin atdığı atəşlər nəticəsində Ağdam kəndinin 76 yaşlı sakini həlak olub. Erməni cəlladlarının bu məkirli hiyləgər planları dinc sakinlərin ev eşiklərinin dağılmasına və onların öz həyət bacalarında gəzərkən düşmən gülləsinə tuş gələrək  həyatlarını itirmələrinə səbəb olur. 
              Təcavüzkar Ermənistan dövlətinin bu hiyləgərliyi məkirli təxribatı baş tutmadı. Tovuzluların, kənd sakinlərinin ümumiyyətlə bütöv Azərbaycan xalqının birliyi dəyanətliliyi, mərdliyi, vətənpərvərliyi bütün dünya ölkələrində böyük müzakirələrə səbəb oldu. Lider ölkələrin xüsusən də qardaş Türkiyə dövlətinin ölkəmizə olan diqqəti qürur verici oldu. Qarabağ cəbhəsində Azərbaycan qarşısında tab gətirə bilməyəcəyini bilən ermənistanın təxribatı baş tutmadı. Cənab Ali Baş Komandirimiz İlham Əliyevin millətini hər zaman diqqət mərkəzində saxlaması göz önündədir.  Belə ki, “Böyük Qayıdış” ın rəmzinə çevrilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi cəbhəyanı bölgələrdə normal həyat tərzinin bərpa edilməsinin nə dərəcədə vacib olduğunun əyani göstəricisidir. 
            Ağdam və Tərtər rayonlarında da döyüş əməliyyatları zamanı yaşayış məntəqələrində ciddi ziyan dəymiş evlərin və sosial obyektlərin tikintisi təmiri və bərpası işləri cəmi 6 ay ərzində başa çatdırıb. Cənab Prezidentimizin tapşırığına əsasən  kənd sakinlərinə dəymiş ziyan tam həcmdə müəyyən edildikdən və qiymətləndirmə aparıldıqdan sonra dinc əhaliyə yaşayış ərazilərinə, dövlət və bələdiyyə əmlakına, təsərrüfatlarına, infrastruktra dəymiş ziyanın aradan qaldırılması ilə bağlı hökumət tərəfindən Tədbirlər Planı hazırlanacaq, zərər vurulmuş obyektlər və yaşayış evlərinin tam bərpası işlərinin tam sürətlə həyata keçirilməsi üçün təkliflər Azərbaycan Prezidentinə təqdim ediləcək. Dəymiş zərərin müəyyənləşdirilməsi və qiymətləndirilməsinin qısa müddətdə başa çatdırılması üçün mütəxəssislər qrupuna bütün zəruri dəstək göstərilir. İşlərin gedişi dövlət başçısının şəxsi nəzarətindədir. Onuda vurğulamaq lazımdır ki, dövlət başçısının tapşırığı ilə Tovuz rayonunun döyüşlər gedən ərazisində infrastrukturu bərpa olunması prioritet məsələ olaraq müəyyən edilib.
            Azərbaycan dövləti vətəndaşlarının təhlükəsiz yaşamasının qarantıdır. Vətəndaşlarımızın  qəhrəman hərbiçilərimizin arxasında güclü Azərbaycan dövləti dayanır. Tovuz rayonuna dəyən zərərin tezliklə aradan qaldırılması bunun daha bir göstəricisi olacaq.  
Vüsalə Mirzəyeva, 
    Xocalı rayon ziyalısı
Paylaşın:

Biz bütün düşmənlərimizə qarşı birlikdə güclüyük

        
        Tarix boyu torpaqlarımızda gözü olan təcavüzkar ermənilər zaman-zaman dövlət sərhədlərimizə hücumlar etmiş, hətta dinc əhaliyə belə zərər vermişdir. Qəhrəman torpağımızın qəhrəman oğulları bu təcavüzkar hücumlara həmişə layiqli cavab verərək düşmənə ağır zərbələr endirmişlər. İstər “Aprel döyüşləri”, istərsə də iyulun 12-də Tovuzda baş vermiş döyüşlər igid vətən oğullarının necə cəsur, necə yenilməz olmasına bariz nümunələrdir. Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı bölmələrimizin gördüyü cavab tədbirləri nəticəsində böyük itkilər verən düşmən geri çəkilməyə məcbur edilib.
         Cənab Prezidentimiz İlham Əliyev  “Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında “ sərəncam imzalamışdır. Sərəncamda qeyd edilir ki, Ermənistanın hücumu nəticəsində dəymiş ziyan qısa müddətdə təmin edilsin. 
          Dövlət başçımız şəhid ailələrini daim diqqət mərkəzində saxlayır. İlham Əliyev Cənabları iyulun 15-də Tovuz  rayonunda gedən döyüşlər zamanı  ön cəbhədə olarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış general-mayor Polad Həşimovun anası Səmayə xanım və polkovnik İlqar Mirzəyevin oğlu Elvinlə telefonla danışıb. O, şəhidlərin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib. Onlara Allahdan rəhmət və səbir diləyib. Prezident İlham Əliyev qeyd edib ki, torpaqlarımız uğrunda şəhid olmuş hərbi qulluqçularımızın igidlikləri heç bir zaman unudulmayacaq , onların qisası alınıb və alınacaq, qanları yerdə qalmayacaq. 
          Qəhrəmancasına həlak olan General-mayor Polad Həşimovun ailəsinin mənzillə təmin edilməsi də dövlət başçımızın şəhid ailələrinə göstərilən qayğının nümunəsidir. Vətən sevgisi ilə yaşayıb, Vətən sevgisi ilə gözünü belə qırpmadan  şəhid olan General-mayor Polad Həşimov II Fəxri xiyabanda dəfn edilib. 
          Biz öz qəhrəman oğullarımız ilə fəxr edir, onlara Allahdan rəhmət, ailələrinə səbir diləyirik. Şəhidlərimizin ailəsi bizim ailəmizdir. Onlar bilsinlər ki, bütün Azərbaycan xalqı onların yanındadır. Dövlətimizin başında belə dövlət başçısı, Ali Baş Komandan, qəlbimizdə vətən sevgisi, biləyimizdə qüvvət olduqdan sonra bizi heç bir düşmən məğlub edə bilməz! Prezidentimiz  gözəgörünməz düşmən Covid-19 ilə mübarizədə necə də gözəl demişdir: “Biz birlikdə güclüyük”. Bəli, biz bütün düşmənlərə qarşı birlikdə güclüyük! Yaşasın güclü Azərbaycanım! Yaşasın yenilməz xalqım!
Məhəmməd Məmmədov,
Xocalı rayon ziyalısı 

Paylaşın:

Bu gün Cənab Prezidentimizin çağırışlarına dəstək vermək Azərbaycanın müstəqilliyinin güclənməsi deməkdir

        İşğalçı Ermənistan Azərbaycan ərazilərinin işğalda saxlanması prosesini uzatmaq
məqsədilə sülh danışıqlarından boyun qaçırmaq yolunu qoşunların təmas xəttində gərginlik yaratmaqda görür. Bu məqsədlə davamlı olaraq, cəbhənin bu və ya digər istiqamətlərində təxribatlar törədir. Təxribatlar nəticəsində azərbaycanlıların yaşayış məntəqələri atəşə tutulur. Bəzi hallarda isə mülki şəxslər arasında itkilər də baş verir. Son vaxtlar bu cür təxribatların sayı və miqyası artmaqdadır. Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədi istiqamətində, Tovuz rayonu ərazisinə hücum etməsi də bu prosesin tərkib hissəsidir. 
        İyulun 12-də Tovuz rayonu istiqamətindən hücuma keçən Ermənistan hərbi birləşmələri Azərbaycan ərazisində olan strateji məntəqələri ələ keçirmək və bununla da adıçəkilən rayon ərazisində üstünlük əldə etmək istəyirdilər. Ermənistan ordusu dövlət sərhəddini pozaraq, sürətli əməliyyat həyata keçirmək, strateji yüksəkliklərdəki mövqeləri tutmaq, bununla da iri yaşayış məntəqələrimizə nəzarət etməklə işğal prosesini həmin istiqamətdən davam etdirmək niyyətində idilər. Lakin Ermənistan ordusunun bu hücumunun qarşısı Azərbaycan Silahlı Qüvvələri tərəfindən alındı. Bununla yanaşı, Ermənistan ordusunun həmin istiqamətdə dislokasiya olunan tabor və bölüklərin dayaq məntəqələri raket-artilleriya zərbələri ilə məhv edildi. Qısa vaxtda ordumuz döyüş ərazisində üstünlük qazanaraq, Ermənistan ordusunu itkilərə məruz qoydu. Onlarla hərbçisini itirən ermənilər geri çəkilmək məcburiyyətində qaldılar. Bu o deməkdir ki, artıq Azərbaycan Ordusu 1990-cı illərin əvvəllərindəki dağınıq və qeyri-peşəkar hərbi birləşmə deyil, əksinə müasir döyüş aparmaq imkanlarına malik olan güclü ordudur. 
        Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı xalqımız da Prezident İlham Əliyevin və ordunun yanında olduğunu açıq şəkildə bəyan etdi. Həmin günlər xalq-ordu-İlham Əliyev birliyinin təcəssümü idi. 
        Lakin erməni dəyirmanına su tökənlər də tapıldı. Bu adamlara qarşı sərt tədbirlər həyata keçirildi. Bununla bağlı Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva da xalqa müraciət ünvanladı. Müraciətində Tovuzda döyüşlər gedən günlərdə vətəndaş həmrəyliyinə toxunan Mehriban Əliyeva, bəzilərinin təxribat xarakterli fikirlərinə və bunların sosial şəbəkələrdə yayılmasına reaksiya verib. Bu müraciəti vətəndaş həmrəyliyinin daha da güclənməsinə və təxribatçılara qarşı birgə mübarizəyə çağırış kimi də qiymətləndirmək olar.
Cənab Prezidentimizin hər zaman xalqının, elinin  yanında olmasının ən bariz göstəricisi də son döyüşlərdə şəhid olan hərbiçilərimizin dövlətimiz tərəfindən xüsusi qayğı ilə əhatə olunması, onların sosial problemlərinin həlli istiqamətində bütün tədbirlərin görülməsinin diqqət mərkəzində saxlanılmasıdır. 
        Hesab edirəm ki, dövlətə rəhbərlik edən şəxslərin yanında olmaqla, Azərbaycanın müstəqilliyini qorumaq və düşmənə qarşı mübarizədə ön cəbhədə olmuş olarıq. Çünki bu gün Prezident İlham Əliyevin çağırışlarına dəstək vermək Azərbaycanın müstəqilliyinin güclənməsi deməkdir. 
Elmira Allahverdiyeva,
Xocalı rayon sakini, şəhid ailəsi 
Paylaşın:

Şəhid ailələrinə və Qarabağ əlillərinə qayğı daim dövlətin nəzarətindədir!

 
        Çox gözəl və müdrikcəsin deyilmiş  bir fikir var “Vətən onu qoruyanındır” !
Müstəqil  Azərbaycan Dövləti hər zaman hər bir çətin  anda vətəndaşının  yanında  olmuş, Dövlət  tərəfindən vətəndaşa hərtərəfli  qayğı göstərilmiş, bu siyasət bu gündə davam  etdirilir.
        Ölkəmizdə ilk dəfə  Ümummilli Lider Heydər Əliyev tərəfindən vətən uğrunda şəhid  olmuş  oğulların ailə üzvlərinə  qayğının göstərilməsi, şəhid  ailələrinin üzvlərinə  şəhid  övladına qanunla bir çox  imtiyazların verilməsi sosial-iqtisadi mənafelərinin maddi  vəziyyətlərinin yaxşılaşması üçün fundamental sosial  siyasi  ənənənin  bünövrəsi  qoyulmuş  bu siyasət dövlətin daim nəzarətində olmuşdur.
        Bu gün də Ölkə  başçısı Prezident  Cənab İlham Əliyevin göstəriş  və  sərəncamına  əsasən Vətənin müdafiəsi  uğrunda Şəhid olmuş minlərlə oğullarmızın  xatirəsi daim  uca  tutulur, onların ailə üzvləri  hərtərəfli   dövlətimizin  qayğısı   ilə  əhatə  olunmuşdur. Vətənin  müdafiəsində qəhrəmancasına həlak olmuş  və yaxud  əlil  olmuş  şəxs dövlətimiz tərəfindən  birmənalı   olaraq  bu  qayğıdan  kənar   qalmır. Bu  bir  növ   insan  kapitalına  verilən  ən  böyük  dəyər  kimi  başa  düşülməlidir.
        Xatırlatmaq istərdim ki,  2016  cı  il  aprel  ayında   Tərtər   rayonu   istiqamətində  düşmənin  başladığı  hücum  təxribatının  qarşısını  alarkən düşmənə  ağır  zərbələr  endirərək  qəhrəmancasına   şəhid  olan  oğullarımızın  xatirəsi  həm  dövlətimiz,  həmdə  xalqımız   tərəfindən  hər  il  uca  tutulur  və   yad   olunurlar. Hər  il  Şəhid  ailələrinə   Qarabağ   əlillərinə  mənzillər   dövlətimiz  tərəfindən  təqdim  olunur. Qarabağ  əlillərinə  şəxsi  avtomobillər   verilir  və  bu   qayğı   daha   çox   bir  ənənə  xarakteri   daşıyır. 
Müharibə  şəraitində  yaşamağımızı  nəzərə  alaraq, Ölkə  başçısı   Cənab  İlham  Əliyevin  siyasi   iradəsi    sayəsində  hər  bir  sahədə   məqsədyönlü   inkişaf   davam  etdirilir, insanların  qayğısına  qalmaqla   yanaşı   hər  bir   vətəndaşın  probleminin  həlli  istiqamətində  mühüm   işlər   görülür.Şəhidlərin  ailə  üzvləri də   vətəndaş  olaraq   özünü  daim  dövlətin  qayğısı  əhatəsində  hiss  etmiş. Hər  bir  çətin  anında dövlətinin  yanında  olmasından,  vətəndaşına  arxa-dayaq  olmasından  qürur  duymuşdur.
        2019-cu  ilin  yanvar  ayının  28-də Prezident   Cənab  İlham  Əliyevin və  birinci  vitse-prezident   Mehriban  xanım  Əliyevanın  iştirakı  ilə  Şəhidlərin  ailə   üzvləri , Qarabağ  qaziləri   ilə   görüşün   keçirilməsi bu qayğının  sözdə  deyil  əməldə  olması, problemi  olan  Şəhid   oğulların  ailə  üzvlərində, Qarabağ  uğrunda   döyüşlərdə   əlil  olmuş  şəxslərdə  dövlətə   qarşı  böyük  sevgi  və  hörmət,   minəttdarlıq hissi yaratmışdır.
Xüsusilə   son  dövrlərdə   Heydər   Əliyev  Fondu  tərəfindən yüzlərlə Qarabağ   qazisinin  müalicəsinə  dəstək  göstərilmiş,  həttda  onların xaricdə  belə  müalicəsinə   maddi  yardım  olunmuşdur. Bununla  yanaşı   Heydər  Əliyev  Fondunun  Prezidenti, Vitse-prezident      Mehriban  xanım  Əliyeva   tərəfindən  Şəhid  ailələrinin  problemləri  daim  diqqətdə  saxlanılaraq  onlara  Fondun  vəsaiti  hesabına  ev  verilmiş, şəhid  oğullarımızın  övladlarının  təhsil  haqqı  ödənilmiş.  Şəhid  ailələri  üçün  çoxmənzilli   bina  tikilərək  Şəhidlərin  ailə  üzvlərinə  təqdim  olunmuşdur.
        Vitse-prezident   Mehriban  xanım  Əliyeva   dəfələrlə  Şəhid  alilərinin  üzvləri  ilə yaxından   maraqlanmaq  üçün  onların  evində  qonaq  olmuş  Şəhid  anaları  ilə   görüşmüş, onları   bir-bir   bağrına  basaraq   onların  kədərinə   şərik   olduğunu   səmimiyətilə  bildirmişdir.
        Bir  neçə  gün  öncə  Bakı  şəhərində  yerləşən   Qobu-3  yaşayış kompleksində Şəhid  ailələrinə  çoxmənzilli   binanın  Prezident    Cənab  İlham  Əliyevin  və   I vitse-prezident  Mehriban  xanım  Əliyevanın  iştirakı  ilə təqim  olunma  mərasimi  keçirilmiş, mənzillər şəhidlərin  yaxınlarına   təqdim  olunmuşdur. Bu  insansevərliyin,  humanizmin   ölkəmizdə   təbliği   vətəndaşa  göstərilən  qayğının  bariz  nümunəsidir. 
        Təcavüzkar   Ermənistanın  12  iyul  tarixdə   Tovuz  rayonu   istiqamətində   yerləşən  mövqelərindən   təxribata   cəhd  edərkən,  vətənin  müdafiəsi  uğrunda   qəhrəmanlıq  göstərərək,  düşmənin   hücumunun  qarşını  alaraq  şəhid  olmuş  oğullarımızın  ailə  üzvlərinə  Dövlətimiz  tərəfindən  dəstək  göstərildi. Şəhid  olmuş  yüksək rütbəli hərbiçilərimiz general-mayor   Polad  Həşimovun  və  polkovnik   İlqar  Mirzəyevin  ailə  üzvlərinə  Ali  baş  Komandan  Prezident   Cənab  İlham  Əliyevin  göstərişinə  əsasən  mənzil  verildi.
Heydər  Əliyev  Fondunun  Prezidenti, I vitse-prezident   Mehriban  xanım  Əliyevanın  birbaşa   göstərişinə  əsasən  12  iyul  tarixində   Tovuz  rayonu  istiqamətində  düşmənin  təxribatının  qarşısını  alarkən şəhid  olmuş  oğullarmızın  problemlərinin  həllinin  yerində  araşdırılması  Şəhid   ailələrinə  qayğı   göstərmək   məqsədilə  fondun  əməkdaşları  Şəhidlərin  ailə  üzvlərilə  görüşlər   keçirmiş  onların  problemləri  dinlənilmişdir. Birinci  xanım  Vitse-prezident   Mehriban  xanım  Əliyeva   qeyd   etmişdir ki,   “Mən  fəxr  edirəm  ki  mənim   belə  qardaşlarım  var.Biz  tezliklə  onların  sayəsində   Azərbaycanın  üç  rəngli  bayrağının  Qarabağda  dalğalanmasına  nail  olacağıq”.
        Bu  dövlətin   öz  vətəndaşının  daim  hər  bir  çətin  anda  yanında   olması   humanist   ideyaların  cəmiyətdə  təbliğinə  yönəlmiş  çox  mühüm  çağrışdır.
        Məhz  yüzlərlə  şəhid  oğullarının  yaxınları   Qarabağ  əlilləri,  dövlət   başçısı   Cənab  İlham   Əliyevə  göstərilən  qayğıya   görə  öz  minəttdarlığını   bildirməklə  yanaşı,  daim  Prezident  İlham  Əliyevi  dəstəklədiklərini   lazım  gələrsə  vətən  uğrunda   onlar da  şəhid  olmağa   hazır  olduqlarını  bildirmişlər.
        Prezident   Cənab   İlham   Əliyevin  dediyi    kimi  “Şəhidlərmizin  adı   Dövlətimiz  tərəfindən   daim  uca  tutulur  onların   xatirəsi  əbədiləşdirilir. Şəhid  oğullarmızın   qisası   düşməndən  alınır   və  alınacaqdır da!”.
        Vətənin  müdafiəsi  uğrunda   həlak olan  hər şəhid  öz   ölümü  ilə  ölümsüzlük  qazanır, hər bir vətəndaşa vətənpərvər olmağı öyrətməklə yanaşı, milyonlarla insanın qəlbində qəhrəman  adını   yazmışdır.
        Allah   vətən  uğrunda   Şəhid  olmuş   oğullarmıza  rəhmət   eləsin!
Aydın  Əliyev,
Xocalı  rayon ziyalısı  

.

Paylaşın:

Şəhidlər unudulmur!

  
        12 iyul 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətindəki sərhəd ərazilərinə xaincəsinə basqınından və Ordumuzun düşmənə layiqli cavabından sonra Azərbaycanda əsl Ali Baş Komandan – Xalq, ön və arxa cəbhə birliyi, vəhdəti yaşanır. Siyasi baxışlarından, yaşından, statusundan, məşğuliyyət növündən, cinsindən asılı olmayaraq Azərbaycan vətəndaşları ağır pandemiyanın  törətdiyi çətinlikləri  və məhdudiyyətləri unudaraq, mənfur düşmənin növbəti dəfə vətənimizin torpaqlarına göz dikdiyi zaman hamı bir nəfər kimi Ali Baş Komandana, Silahlı Qüvvələrimizə dəstəklərini ifadə etmişlər.
     Ölkə ərazisində fəaliyyət göstərən siyasi partiyalar da bu prosesdən geri qalmamışlar. Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq müxtəlif proqramı, platforması, fərqli məqsədi və məramı olan siyasi partiyalar iqtidar partiyası ilə olan fikir ayrılığını, məsələlərə müxtəlif yanaşma tərzini bir yana qoyaraq həmrəylik nümayiş etdirmiş və  Ali Baş Komandanın yanında olduqlarını bəyan etmişlər. 43 partiya sədri birgə bəyanat imzalayaraq bildirmişlər: Biz Azərbaycanın siyasi partiyaları Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni təxribatının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyir,onun ətrafında sıx birləşməyi bəyan edirik. Xalqımızı həmrəyliyə, Vətənimizə qarşı uzanan qanlı erməni əllərini qətiyyətlə kəsib atmağa hər an hazır olmağa səsləyirik. Şərəfli tarixi olan Ordumuzla qürur duyur, onunla bir olduğumuzu ifadə edirik. Möhtərəm Prezidentimizi və Ali Baş Komandanımızı əmin edirik ki, hər birimiz Vətənimizin şərəfi və namusu yolunda onun istənilən tapşırığını hər an yerinə yetirməyə hazır olan müsəlləh əsgərik!
     Ordumuzun Tovuz istiqamətində düşmən hücumunun qarşısını alması, canlı qüvvələrini və texnikalarını məhv etməsi xalq tərəfindən coşqunluqla qarşılanmışdır. Xalq – Ordu həmrəyliyi çərçivəsində döyüşçülərimizə dəstək məqsədi ilə çoxsaylı insan Şəhidlər Xiyabanına yürüş etmişdir. Ancaq əfsuslar olsun ki, hər zamankı kimi onların arasına Azərbaycan Xalq Cəbhəsinin tör-töküntüləri girib, bu gözəl və nəcib addıma kölgə salmağa, qanunsuz əməllər törətməyə çalışmışlar. Buna baxmayaraq heç bir daxili və xarici siyasi güc Azərbaycan dövlətinin qətiyyətini, gücünü,  Ali Baş Komandan – Xalq həmrəyliyini şübhə altına ala bilməz. Azərbaycan xalqı hər şeyi görür, qiymət verir. Azərbaycan dövləti daima xalqı ilə birlikdədir. Buna sübut olaraq Ali Baş Komandan – Prezidentimizin sonuncu döyüşlərdə şəhid olan General-Mayor Polad Həşimovun və Polkovnik İlqar Mirzəyevin ailələrinə ev verməsi və eləcə də şəhid ailələrinin daima dövlət tərəfindən nəzarətdə olmalarını göstərmək olar.
     Dövlətimizin Birinci vitse-prezidenti, eləcə də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə daima maddi və mənəvi dəstəklər olur. Bu da o deməkdir ki, Vətən uğrunda şəhid olanlar heç vaxt dövlətimiz tərəfindən unudulmur və heç zaman da unudulmayacaqlar. Şəhidlərin adı və yeri Allah dərgahında olduğu kimi, Xalq və onun rəhbərlərinin qəlbində də həmişə ucadır, əlçatmaz bir Zirvədədir! Biz hər zaman şəhidlərimizlə fəxr etmişik, onların yolu ilə getmək üçün can atmışıq. Şəhid, şəhid qanı adi torpağı Vətənə çevirən bir varlıqdır. Buna görə də deyirik ki, Şəhidlər ölməz! Uca Allah şəhidlərimizə rəhmət, Xalqımıza, Ordumuza Ali Baş Komandanımızın rəhbərliyi altında Zəfərlər, Qələbələr qismət eləsin!
İslam Bayramov,
Xocalı rayon ziyalısı

Paylaşın:

Dövlət strategiyamız vətəndaşlarımızın təhlükəsiz həyatının qarantıdır

        Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının Tovuz rayonu
istiqamətindəki sərhəd ərazilərinə xaincəsinə basqınından və Ordumuzun düşmənə layiqli cavabından sonra Azərbaycanda əsl xalq-iqtidar birliyi yaşanır. Azərbaycan vətəndaşları ağır pandemiyanın törətdiyi çətinlikləri və məhrumiyyətləri unudaraq mənfur düşmənin növbəti dəfə Vətən torpaqlarına göz dikdiyi zaman bir nəfər kimi Ali Baş Komandana, Silahlı Qüvvələrimizə dəstəklərini ifadə etmişlər. Azərbaycan xalqı hər şeyi görür, qiymət verir. Azərbaycan dövləti də xalqı ilə birlikdədir. Elə bu birlikdəlikdir ki, bu gün Azərbaycan Ordusu regionun ən güclü ordusudur. Tovuz döyüşləri bir daha göstərdi ki, bizim güclü Ordumuz və güclü Ali Baş Komandanımız var. Döyüş zamanı Ermənistandan fərqli olaraq Azərbaycan Ordusunun yüksək rütbəli zabitləri-General-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev ön xətdə əsgərlərlə çiyin-çiyinə döyüşərkən, qəhrəmancasına şəhid olublar. Bu Azərbaycan Ordusunun gücü, Azərbaycan əsgərinin qəhrəmanlığı idi. Döyüşlərdə şəhid olmuş Azərbaycan oğulları hər bir azərbaycanlının qəhrəmanıdır. Allah şəhidlərimizə rəhmət eləsin! 
     Tovuz rayonunda düşmən hücumunun qarşısını alarkən şəhid olmuş hərbi qulluqçuların ailələrinin sosial müdafiəsi məqsədi ilə bir sıra tədbirlər görülmüşdür. Belə ki, şəhid hərbi qulluqçuların ailələrinin sosial müdafiəsinin məşğulluğunun təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin xüsusi tapşırığı ilə müvafiq tədbirlərə başlanılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhidlərin ailələrinə Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdlərinin, həmçinin, pensiya hüququ olmayan ailə üzvlərinə aylıq müavinətlərin, ailə başçısını itirməyə görə müvafiq sosial təminat ödənişlərinin təminatı istiqamətində işlər görülür. 
     Tovuz rayonunun Ağdam, Əlibəyli, Dondar Quşçu, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərinin sakinləri döyüşlər gedən zaman mərdliklə Azərbaycan ordusuna güvənərək öz doğma torpaqlarını müdafiə etmişlər. Ermənilər həmişəki erməni xisləti ilə Azərbaycanın mülki əhalisini atəşə tutması nəticəsində 1 nəfər mülki şəxs şəhid olmuş, onlarla evə ziyan dəymişdir. Prezident İlham Əliyevin “Tovuz rayonunun Ermənistan silahlı qüvvələrinin intensiv atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında" imzaladığı Sərəncamla dövlət qurumlarına Tovuz rayonunda mülki əhaliyə, dövlət əmlakına dəymiş ziyanın qısa müddətdə qiymətləndirilməsi tapşırılıb. Kəndlərdə dinc əhaliyə məxsus 35 ev və yardımçı tikililərin, əkin sahələrinin müxtəlif dərəcədə ziyan gördüyü müəyyən edilib. İntensiv atəş nəticəsində dövlət əmlakına da zərər dəyib. Kəndlərə çəkilən qaz boruları, elektrik naqilləri, rabitə xətləri zərər görüb.
      Azərbaycan xalqı öz Prezidentinə güvənir və dəymiş ziyanın tezliklə aradan qaldırılacağına inanır! 2016-cı il Aprel döyüşlərindən sonra Prezident İlham Əliyevin yeni həyat bəxş etdiyi və “Böyük qayıdış”ın rəmzinə çevrilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi cəbhəyanı bölgələrdə normal həyat tərzinin nə dərəcədə bərpa olduğunun əyani göstəricisidir. Azərbaycan dövləti vətəndaşlarının təhlükəsiz yaşamasının qarantıdır! Vətəndaşlarımızın, Qəhrəman hərbçilərimizin arxasında güclü, qüdrətli və sarsılmaz Azərbaycan xalqı dayanır!
Ramiz Nəsirov,
Xocalı rayon sakini, Qarabağ qazisi,
 ehtiyatda olan baş-leytenant


Paylaşın:

“Məcburi Köckün Qadınlar” İctimai Birliyi yeni layihə həyata keçirir - 2020

       
         “Məcburi Köckün Qadınlar” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə 2020-ci ilin avqust-sentyabr aylarında Sabirabad rayonunun Rüstəmli qəsəbəsi, Hacıqabul rayonu Yeni Qızılburun və Atom qəsəbəsi, Şirvan şəhəri Yeni qəsəbə, Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi 8 saylı yataqxana və Gəncə şəhərində məskunlaşan zəngilanlı ailələr, Şəki rayonu 450 məcburi köçkün üçün salınmış Yeni qəsəbə (Xocalıdan olan ailələr), Oğuz rayonu Kəlbəcər və Xocalıdan olan ailələrin məskunlaşdığı ərazi və Göygöl rayonu Mirzik kəndi (1988-ci ildə ermənistandan qaçqın düşən ailələr) arasında “Qaçqın, məcburi köçkün, Şəhid və Qarabağ əlili ailələri arasında sosial müdafiənin təmini istiqamətində maarifləndirmə işləri aparmaqla onların həyat şəraitinin yaxşılaşdırılmasına dəstək olmaq” mövzusunda yeni layihə həyata keçirir.
        Layihənin həyata keçirilməsində məqsəd qaçqın, məcburi köçkün, Qarabağ əlili və şəhid ailələrinin məskunlaşdığı ərazilərdə əhali  arasında sorğu və diskussiya aparmaq yolu ilə onların qarşılaşdığı sosial problemləri öyrənmək, sosial müdafiyəyə ehtiyacı olan insanları müəyyənləşdirmək, problemlərin həlli üçün onlar arasında maarifləndirmə və izahat işləri aparmaqla mövcud problemlərin həll etmək  üçün aidiyyat dövlət orqanları  ilə səmərəli əməkdaşlıq quraraq həmin ailələrin sosial  şəraitinin yaxşılaşdırmasına  dəstək  olmaqdır.
        Qeyd: Sosial müdafiyəyə təmini ilə bağlı hüquqi məsləhətə ehtiyacı olan məcburi köçkünlər  (zerife_cebrayilli@mail.ru)  elektron poçt ünvanına yazılı surətdə müraciət edə bilərlər.

Paylaşın:

Vətən uğrunda ölən varsa, Vətəndir!

       
         Məlum olduğu kimi 12 iyul  erməmilərin  törətdiyi təxribat nəticəsində Tovuz rayonunun Dondar Quşcu və Ağdam  kəndlərindəki  evlərə  və  yaşayış  sahələrinə  də  ciddi  ziyan  dəymişdir. İyulun  20-də Prezident  İlham Əliyev imzaladığı Sərəncama əsasən dövlət  qurumlarına Tovuz rayonunda  mülki  əhaliyə, dövlət  əmlakına dəymiş ziyanın  qısa  müddətdə  qiymətləndirilməsini, ödənilməsini, dağıdılmış  evlərin bərpa olunmasını  tapşırıb. Vurğulamaq lazımdır ki, 2016-cı il aprelin əvvəllərində Ermənistan silahlı qüvvələrinin  qoşunlarımızın  təmas xəttinə yaxın olan yaşayış məntəqələrini intensiv atəşə tutması  nəticəsində mülki əhalinin həlak olması və yaralanması ilə yanaşı, bir çox  evlərə də  ciddi  ziyan dəymişdir. Hadisədən dərhal sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva  təmas xəttinə gələrək cəbhəboyu  zonada  vəziyyətlə  yerində  tanış  olmuş, sakinlərlə görüşmüş, dağıdılmış evlərə baxmış, evlərin yenidən inşası və bərpası ilə bağlı  konkret tapşırıqlar vermiş və sərəncam  imzalamışdır.
  İlham Əliyevin tapşırığına  əsasən, Tovuz  istiqamətindəki döyüşlərdə şəhid olan hərbi  qulluqçuların ailələrinin  hərtərəfli diqqətlə  əhatə  olunması və onlara  yüksək  qayğı  göstərilməsi  istiqamətində  konkret  addımlar atılır. Müdafiə Nazirliyinin əməkdaşları general-mayor Polad Həşimovun və Polkovnik  İlqar Mirzəyevin ailələrini ziyarət ediblər. Hər iki  ailənin qayğıları ilə maraqlanan Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri bir daha Ali Baş Komandanın və Müdafiə Nazirinin  başsağlıqlarını şəhid ailələrinə  çatdıraraq, Prezident İlham Əliyev tərəfindən onlar üçün ayrılan mənzillərin sertifikatlarını ailələrə təqdim etmişlər.
        Vitse-Prezident  Mehriban Əliyevanın  tapşırığına  əsasən Heydər Əliyev Fondunun  nümayəndələri  Tovuz  istiqamətindəki  döyüşlərdə  şəhid olan hərbçilərin ailələrində  olub.Onlar  general-mayor  Polad Həşimov  və  polkovnik  İlqar Mirzəyevin ailələrini də  ziyarət  ediblər. Həlak  olan hərbçilərin  ailə  üzvlərinin  bütün  qayğılarının  Mehriban Əliyevanın  tapşırığına  əsasən  daim  fondun  nəzarəti altında  olacağı  bildirilib.
  Xatırlatmaq istərdim ki, Aprel döyüşlərində şəhid  olmuş  gizirlər  Adil  Adilzadənin  və Teymur Qasımovun ailə vəziyyətini  tam  nəzarətə  götürən  Mehriban  xanım  şəhid  ailələrinin qəzalı vəziyyətdə  olan  evlərinin  əvəzinə bütün məişət  təminatı  ilə  birlikdə  yeni  fərdi  evlərin tikilib  təhvil  verilməsinə  dair  göstəriş vermişdir. 
      Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın  ərazi  bütövlüyü  uğrunda  həlak  olmuş  şəxslər, şəhid  ailələri  ölkə  rəhbərliyinin  xüsusi qayğısı  ilə  hərzaman  əhatə  olunub.
Dövlətimiz  torpağımızın, vətənimizin  ərazi  bütövlüyü uğrunda  şəhid  olan  bu  fədailərin  ailələrini hər cür qayğı  ilə  himayə edir, “Siz Vətəni qorudunuz, qanınızla  qəhrəmanlıq  salnaməsi  yazdınız, sizin  ailələriniz  isə  bizə  əmanətdir, gözünüz  arxada qalmasın”-deyir.
Firidun Əliyev,
Xocalı rayon sakini, Qarabağ qazisi, 
“Azərbaycan bayrağı” ordeni ilə təltifli, 
ehtiyatda olan baş-leytenant  

Paylaşın:

Mövzu Vətən olarsa, heç bir fikir ayrılığı ola bilməz!


          Ermənistan unutmuşdur ki, Azərbaycan Ordusu keçən əsrin 90-cı illərindəki ordu deyildir. Artıq bizim püxtələşmiş ixtisaslı kadrlarımız güclü ordumuz vardır. Dünyanın ən güclü ordularından sayılan Azərbaycan Ordusu bu gün istənilən tapşırığı yerinə yetirməyə qadirdir. Təəsüf ki, şəhidlərimiz də olmuşdur. Allahdan şəhidlərimizə rəhmət diləyir, Vətən sağ olsun deyirik. Xain ermənilərin ərazilərimizə hücum etməsi xəbəri bütün Azərbaycan Xalqını ayağa qaldırmışdır. Azərbaycan gəncləri küçələrə axışaraq “Şəhidlər ölməz, vətən bölünməz!”, ”Ya Qarabağ, ya ölüm!”  şüarları ilə Şəhidlər Xiyabanına kimi yürüş edərək Şəhidlərimizi ziyarət etmişlər. Belə bir məqamda ölkə ərazisində fəaliyyət göstərən siyasi partiyaların da bu prosesdən geri qalmaması, 143 siyasi partiyanın bir araya gələrək xalqın, dövlətin, əsgərlərimizin yanında olmalarını bəyan etmələri bir daha göstərdi ki, Vətən məsələsi, dövlət məsələsi olan yerdə heç bir fikir ayrılığı ola bilməz. Gənclərimizin kütləvi şəkildə ordu sıralarına yazılaraq düşmənə qarşı müharibəyə qoşularaq işgal altında olan torpaqlarımızı azad etmək arzusunda olmaları bunun bariz nümunəsidir.


Sayad Quliyeva,
Xocalı rayon sakini

Paylaşın:

Təbii ki, ölkə başçısı sərhəddə baş verənlərə laqeyd yanaşa bilmədi

    
           Məlum olduğu kimi İyul ayında Ermənistan, Ermənistan-Azərbaycan dövlət sərhəddinin Tovuz istiqamətində növbəti təxribat törətmiş, bu çirkin əməl nəticəsində hərbiçilərimiz həlak olmuş və yaralanmışdır.        Təbii ki, ölkə başçısı sərhəddə baş verənlərə laqeyd yanaşa bilməzdi. Cənab Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclası təşkil olundu. İclasda ölkə prezidenti son günlərdə ön cəbhədə baş verənlərlə bağlı gördüyü işlərdən,qarşıda duran məsələlərdən, XİN-nin yarıtmaz fəaliyyətindən, Türkiyə dövlət başçısının hər zaman Azərbaycana dəstək olacağını bildirdiyindən danışdı.
        Dövlət başçısı qeyd etmişdir ki, Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınmışdır, adekvat cavab verilmişdir. Hərbiçilərimizin qisasi alınmışdır. Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğramışdır. Azərbaycan öz dövlət sərhəddini qorudu və Ermənistan əsgərləri bir sm belə Azərbaycan sərhəddini keçə bilməmişdir. Ermənistanda ümümi vəziyyət artıq böhranlı vəziyyətə çatıb. Daxili çaxnaşmalar geniş vüsət alıb. Eyni zamanda ölkəmizin son zamanlar əldə etdiyi beynəlxalq uğurlar onları çox narahat edir və onlarda paxıllıq hissi gücləndirilib. Xüsusilə beynəlxalq  təşkilatlar çərçivəsində uğurlu fəaliyyətimiz, son müddət ərzində bütün aparıcı beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, verilmiş açıqlamalar, qəbul edilmiş qərarlar ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsi əlbəttə ki, Ermənistanın münaqişə ilə bağlı mövqelərinə çox ciddi zərbə vurmuşdur. Ermənistan bir tərəfdən beynəlxalq ictimayyətə müraciət edir və Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs rejiminin möhkəmləndirilməsi üçün kömək xahiş edir. Digər tərəfdən hərbi təxribatlar törədərək mövqelərimizi zəbt etmək istəyir, mülki əhalini, kəndlərimizi atəşə tutur. Bu çirkin və məkrli siyasət Ermənistanı uçuruma aparacaq. Bütün məsuliyyət Ermənistan ordusunun üzərinə düşür.
        Azərbaycan öz ərazi bütövlüyünü bundan sonrada qoruyacaq. Həlak olan hərbiçilərimizin qisası alındı və onların qanı yerdə qalmıyıb və qalmayacaq. Son günlər Tovuz rayonu istiqamətində gedən hərbi əməliyyatlar zamanı yaranmış vəziyyətlə əlaqədar Azərbaycanın minlərlə vətənpərvər oğul və qızları, xaricdə yaşayan soydaşlarımız,ehtiyatda olan hərbi qulluqçular Müdaifə Nazirliyinə müraciət ünvanlayaraq ordumuza dəstək məqsədilə hərbi xidmətə çağırmaqla döyüşlərər qatılmalarını xahiş edirlər. 
İşin bu səviyyəyə gələcəyi məlum idi. Ermənistan mütəmadi olaraq Azərbaycanda mülkü əhalinin yaşadığı bölgələri atəş altında saxlayır, hücumlar edir. Hücumlar nəticəsində Azərbaycan  öz üzərinə düşən addımları atır. Biz qardaş Azərbaycanı qətiyyən yalnız buraxmayacağıq. Cənab İlham Əliyevlə danışıqlar aparırıq.Azərbaycandan bir nümayəndə heyyəti Türkiyəyə göndəriblər, ətraflı danışıqlar aparılıb. Mən də onlarla görüşdüm. Biz həmişə Azərbaycanın yanındayıq. Bu sözlər qardaş ölkə olan Türkiyə prezidentinin çıxışındandır. Burdan məlum olurki, Türkiyə Azərbaycanın hər bir çətin anında ona dəstək olur.
        Ölkə başçısının son çıxışından sonra hər kəsə aydın idi ki, Elmar Məmmədyarov vəzifəsindən azad ediləcək. Hər kəsin diqqətində olan yeni nazirin kimliyi idi. Çünki faktiki olaraq müharibədə olan ölkənin xarici siyasəti təcrübəli, etibarlı və ən əsası vətənpərvər məmura tapşırılmalıdır. Ölkə prezidenti artıq seçimini edib. Son 2 ildə Təhsil Naziri vəzifəsini tutan, ondan əvvəl isə dörd il nazirin müavini vəzifəsində işləmiş Ceyhun Bayramov bundan sonra Azərbaycanın Xarici siyasətini həyata keçirən orqana rəhbərlik edəcək.
Əminik ki, bu təyinat ölkə diplomatiyasını hər zaman adekvat fəaliyyət göstərməsinə öz tohvəsini verəcəkdir.

Venera Rəsulova,
Kərkicahan qəsəbə tam orta məktəbin müəllimi

Paylaşın:

Xumar Səlimovanın faciəli taleyi

        Müsahibim Xocalı soyqırımında atası, üç qardaşı şəhid olmuş Səlimova Xumar
Bahadur qızıdır. Xumar Səlimova bir neçə saat yaralı vəziyyətdə erməni əsirliyində olmuşdur. Sağ tərəfindən qəlpə yaraları alan Xumarı ermənilər sürüyə-sürüyə aparmaq istəyiblər. Huşunu itirən Xumarın öldüyünü zənn edərək erməni quldurları ondan əl çəkiblər. Döyüşçülər Xumarı Səlimovanı meyitlərin arasından çıxarıblar.
        Uzun illər çəkən müalicədən sonra fiziki ağrıları qismən azalmışdır. Lakin qəlbindəki mənəvi ağrılar ömrü boyu bu gözüyaşlı qadını tərk etməyəcəkdir. O, gördüyü dəhşətləri, çəkdiyi iztirabları "Xocalının səsi" qəzetinə göz yaşları ilə danışdı.
        Xocalı soyqırımı günü valideynlərim, gəlinimiz, qardaşımın 3 uşağı və mən evdə idik. Şəhər hər tərəfdən mühasirəyə alınmış və ağır artilleriya silahları ilə atəşə tutulmuşdu. Şəhəri tərk etmək məcburiyyətində qaldıq. Digər xocalılarla birlikdə Qarqar çayını keçərək Kətik dağına tərəf getdik. Fevralın şaxtasında çayı keçmək çətin idi. Əlində silah olan döyüşçülər bizi qorumaq üçün önümüzdə gedirdilər. Ayaqlarımız donmuşdu, getmək olmurdu. Sıldırım qayalarla çıxmalı olduq. Səhərə qədər bir – birimizin əlindən tutaraq qayaları dırmaşdıq. Hava işıqlandı. Məşvərət oldu ki, hamı bir yerdə getməsin. Kişilər ətrafı yoxlamağa getdi. Qardaşım da onların içində idi. Bir az getmişdik ki, ermənilər meşədə bizi güclü atəşə tutdular. Güllə sanki yağış kimi üstümüzə yağırdı. Ağır texnikalardan, snayper, avtomat və qumbaralardan bizə güclü atəş edildi. Orada tankın gülləbaranı ilə bir nəçə nəfər şəhid oldu. Gəlinimizin bacısı altı uşaq anası olan Zərifi başından vurdular. Uşaqları anasının başına toplaşıb ağlaşırdılar. Bu acı mənzərə hər kəsi qəhərə boğmuşdu. Hərə öz canının dərdində olsa da, yetim qalan körpələrin aqibəti hər kəsi narahat edirdi. Uşaqlar analarını özləri ilə aparmaq istəsələr də, ağsaqqallar buna icazə vermədi. Meyitin üstünü qarla örtdülər. Çətinliklə oradan uzaqlaşdıq. Hər dəqiqə aqibətimiz daha da pisləşirdi. Yorğunluq və soyuq insanları heydən salmışdı. Erməni qaniçənləri isə bizə yaxınlaşırdı. Qardaşım Mikayıl silahı mənə tuşlayıb öldürmək istədi. Ermənilərə əsir düşməyimi istəmirdi. Mən özüm də düşmənə əsir düşməyin nə olduğunu başa düşəcək yaşda idim. Gözlərimi yumub ölümü gözləyirdim. Mikayıl silahı iki dəfə çəkib məni vurmaq istəsə də, atam icazə vermədi. Qardaşıma qeyrət hissi güc gəlsə də, ata yalvarışına dözə bilmədi. Qolları yumşaldı. Sonra silahını mənə verib qaçmağımı istədi. Dedi ki, görsən ki, erməniyə əsir düşürsən, özünü vur. Silahı götürüb qaçanda fikirləşdim ki, qardaşım mənim kürəyimdən vuracaq. Bir az qaçmışdım ki, məni bir səs gerə çağırdı. Qayıdıb qardaşımla möhkəm qucaqlaşdım. Sanki ürəyimizə dammışdı ki, bir daha görüşməyəcəyik. Onu qucaqlayanda qulağıma son sözlərini söylədi. Mənə ölümdən qorxmamağı, erməni qulduru yaxınlaşarsa özümü vurmağımı tapşırdı. Sən bizim namusumuzsan. Ola bilər ki, mühasirədən çıxa bilərsən dedi. Məni Allaha tapşırdı. Elə o vaxtdan təklənib ayrı düşdüm.
Qardaşımın yanından sürətlə uzaqlaşdım. Hər tərəfə güllə yağışı yağırdı. Qaçmağımın səbəbi qardaşımın yanından aralı düşmək idi. Artıq bilirdim ki, onun yanında mənə nəsə olsa, o, bu ağrıya dözə bilməz. Mənim üçün ermənilərlə döyüşə girməyindən qorxurdum. Mən gözümü yumub dayanmadan qaçırdım. Xeyli qaçandan sonra başqa istiqamətdən gələn camaata qarışdım. Təxminən 30 nəfər olardıq. Bu vaxt erməni quldurları bizi mühasirəyə aldılar. Orada yaralananlar, ölənlər oldu. Ermənilər əl qumbarası atdılar. Mən də orada sağ tərəfimdən ağır yaralandım. Bədənimdə qəlpələr var idi. Müşfiq adlı oğlanın əlini qumbara paraladı. Sonradan bildim ki, Müşfiq dünyasını dəyişib. Əbülfət Əliyevi, Taleh Quliyevi də güllələdilər. Onlar döyüşürdülər. Talehin həyat yoldaşı belinə bağladığı uşaqla ərinin yanına qaçdı. Taleh son nəfəsinə qədər həyat yoldaşı Ramiləyə, qaç, bu alçaqlara əsir düşmə dedi. Ər sözünə hörmət edən Ramilə var qüvvəsi ilə qaçmağa başladı. Xocalı qadını öz həyasını, qeyrətini qorumağı hər şeydən üstün tutdu. Ramilə qaçdıqca ermənilər onun arxasınca güllə atdılar. Ayaqlarından qan süzülürdü. Ermənilər onu vurduğunu güman etdilər. O öz namusu ilə bərabər, bətnində dünyaya gələcək bir körpəsini, kürəyində Talehin nişanəsi olan oğlunu qaçırırdı.
        Erməni quldurları bizə tərəf yaxınlaşdılar. Yaralıları əsir götürərək maşına yığmağa  başladılar. Qız-gəlinləri seçib aparırdılar. Məni də sürümüyə başladılar. Mən aparmamaları üçün müqavimət göstərirdim. Orada tanıdığım Dadaş adında əsir var idi. Dadaşın başına silahı dirəyib məni maşına tərəf aparmasını dedilər. Dadaş nifrət dolu baxışlarla onlara baxaraq, mən sizin qədər alçaq deyiləm, qonşumun qızına xəyanət edə bilmərəm dedi. Onu öldürsələr də bu istəyinizi yerinə yetirməyəcəyini bildirdi.
        Mən maşına minmək istəmədiyim üçün bərk döyüldüm. O zaman huşum getdiyi üçün yerə yıxılmışam. Quldurlar məni ölmüş zənn edib əl çəkiblər. Özümə gələrkən cəsədlərin arasında olduğumu gördüm. Ətrafda ağır yaralılar var idi. Onlar su və kömək istəyirdilər. Su istəyən bir yaralı gəncin yanına sürünə-sürünə yaxınlaşıb qanlı qartopunu onun dodaqlarına sürtdüm. Bu zaman erməni quldurları bizə tərəf gəldilər. Səssiz-səmirsiz dayandıq. Ermənilər bizim üstümüzdən keçərək getdilər. Bizim yaşadığımızı bilmədilər. Onlar getdikdən sonra həmin gənci oyandırmağa çalışdım. O, gözlərini açdı və of!, ay Allah deyərək gözlərini əbədi yumdu. Onun ölümü bu gün qardaşlarım qədər məni yandırır. Xocalı soyqırımını hər yadıma salanda al qan içində uzanan o yaralı əsgər gözlərimin önünə gəlir. Meyitlərin içində tək qalıb ağlamağa başladım. Birdən bizimkilərin səsini eşitdim. Gücümü toplayaraq ayağa qalxdım və onları səslədim. Bu zaman ermənilər məni atəşə tutdular. Ancaq mənə güllə dəymədi. Bizim döyüşçülər də onlara cavab atəşi etdilər. Hər iki tərəf arasında qalmışdım. Özümü itirdim. Ağdam döyüşçüləri səsimi eşitmişdilər. Həyatımı onlara borcluyam. Onlardan birinin adı Elgiz idi.
Məni yaralı vəziyyətdə Ağdama çatdırdılar. Ancaq ağır yaralı olduğum üçün vertolyotla Bakıya göndərdilər. Üç aydan sonra Rəssamlar İttifaqının vasitəsilə ilə qardaş ölkə Türkiyədə müalicə olundum. Əməliyyat nəticəsində qolumdan paslı bolt və qayka çıxartdılar. Onların çəkisi 35 qram idi. Bu gün yaşamağıma və Xocalı soyqırımı haqqında danışa bilməyimə görə onlara borcluyam.
Xəstəxanada müalicə olunanda gözlərim qardaşlarımı axtarırdı. Hər qapı açılanda qardaşlarımın içəri girəcəyini düşünürdüm. Bir gün ağlaya-ağlaya yalvarıb anamdan qardaşlarımın harada olduğunu soruşdum. Niyə mənimlə gəlib maraqlanmırlar dedim. Anamın gözlərindən axan yaş, səssiz duruşu cavab işarəsi idi. Üç aydan sonra xəbərim oldu ki, qardaşlarımın üçü də şəhid olublar. Xocalı soyqırımında 1928-ci il təvəllüdlü atam Bahadur Səlimov, qardaşlarım 1958-ci il təvəllüdlü Fəxrəddin Səlimov, 1960-cı il təvəllüdlü Araz Səlimov, 1970-ci il təvəllüdlü Mikayıl Səlimov şəhid olublar. Qardaşım Araz Səlimov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görüldü. Araz könüllü olaraq Xocalı Özünümüdafiə Batalyonuna yazılmışdı. O, dəfələrlə qaynar döyüşlərə girmişdi. Araz 1992-ci il 26 fevral Xocalı faciəsi zamanı son gülləsi qalana qədər vuruşdu. Onlarla dinc sakini xilas etdi. Erməni vəhşiləri onun izinə düşdülər. Əsgəran rayonunda qardaşım Fəxrəddinlə Arazı vəhşicəsinə min bir əzabla qətlə yetirdilər. 21 yaşlı kiçik qardaşım Mikayıl Xocalı polisində çalışırdı. Xocalı soyqırımının qurbanlarından biridir. Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edildi.

        Anamın sinəsinə onsuz da dağlar çəkilmişdi. Onun dərdi üstünə dərd gətirməmək üçün atamı, qardaşlarımı gizlincə ağladım. Yenə də öz halıma şükür etdim. Gözlərimin qarşısına əsirlikdə olanları, ağlasığımaz işkəncələrə məruz qalanları gətirdim. Mənim üçün ən müsibətli erməni zindanında əsir olmağım olardı. Bu atamın, qardaşlarımın ruhunu incidərdi.
Xocalı soyqırımı mənim qəlbimdə əbədi sağalmaz yaradır. Bu yaraya illərdir dözə bilməyim mənə ilahinin verdiyi gücdəndir. Axı anam, iki bacım bu dərdə dözə bilmədi. Üç qardaşımın, atamın şəhid olmasına, Xocalı qətliamına onlar tab gətirmədi. İndi mən bu çəkdiyim mənəvi iztirablarla ermənilərin törətdiyi vəhşilikləri danışmağı özümə borc bilirəm. Qəlbimdəki bütün ağrılar Qarabağ torpaqları, Xocalı yağı tapdağından azad edilən zaman səngiyəcək. Ancaq Xocalıya qayıdarkən qardaşlı günlərimi, uşaqlığımı, xoş çağlarımı gözlərimin önünə gətirərək təskinlik tapa bilərəm. 
Qalib BƏYMƏMMƏDOĞLU,
"Xocalının səsi" qəzetinin redaktoru,
"Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması"
 İctmai Birliyinin İdarə Heyətinin üzvü


Paylaşın:

Ən çox oxunan

Blog Arşivi