BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

8 Temmuz 2020 Çarşamba

9 iyul 1991-ci il "Xocalının səsi" qəzetinin ilk sayının işıq üzü gördüyü tarixdir

Posted at  7/08/2020  |  in  


        9 iyul 1991-ci il "Xocalının səsi" qəzetinin ilk sayının işıq üzü gördüyü tarixdir. "Xocalının səsi" qəzeti ilk dəfə işıq üzü görən zamanlarda Xocalı mühasirə şəraitində idi. Öz havadarlarından dəstək alan mənfur qonşularımız işğal planlarını hazırlayırdılar. Belə çətin vəziyyətdə rayonumuzun qəzeti Tərtər rayonunun mətbəəsində çap edilərək real hadisələr oxuculara çatdırılırdı. "Xocalının səsi" qəzeti Xocalı soyqırımı haqqında doğru məlumat verən ilk mətbuat orqanlarından biridir. Xocalılar kimi didərgin ömrü yaşayan "Xocalının səsi" qəzetinin fasiləsiz və çoxlu sayda tirajla çapa getməsində qəzetin ilk redaktoru Sərdar Mehdiyevin, sonrakı dövrlərdə isə Qasım Qırxqızlının, həmçinin qəzetdə çalışmış əməkdaşların fədakar əməyi danılmazdır.   

       "Xocalının səsi" qəzetinin ilk redaktoru Mehdiyev Sərdar Dadaş oğlu olmuşdur.
Sərdar Mehdiyev 22 aprel 1933-cü ildə Ağdam şəhərində anadan olmuşdur. O, uzun illər müxtəlif rayon qəzetlərində jurnalist işləmişdir. Təcrübəli jurnalist 1991-ci ildən 2000-ci ilədək "Xocalının səsi" qəzetinin redaktoru işləmişdir. Sərdar Mehdiyev "Həsən bəy Zərdabi" və "Qızıl qələm" mükafatları laureatı olmuşdur. Bütün bu illərdə Sərdar Mehdiyev Xocalı sakinlərinin dərdini, erməni quldurlarının vəhşiliklərini qəzetin səhifələrində işıqlandırmışdır. Sərdar müəllimin vəfatından sonra qəzetin redaktoru Qasımov Qasım İslam oğlu olmuşdur. Qasım müəllim 1945-ci ildə Laçın rayonunun Ardıclı kəndində anadan olmuşdur. 20 il Xocalı rayonunun Cəmilli kənd orta məktəbində direktor işləmişdir. Kərkicahan qəsəbəsinin yaranmasının təşəbbüsçüsü olmuş və ilk qəsəbə sovetinin sədri işləmişdir. Respublika
təşkilat komitəsinin (Qarabağ üzrə) sədri Polyaniçkonun güclü təzyiqi nəticəsində könüllü istefa vermiş, Xocalı rayon Təhsil şöbəsində inspektor vəzifəsində çalışmış, "Xocalının səsi" qəzetinin yaradıcılarından biri olmuş, 2000-ci ildən 2015-ci ilə qədər bu qəzetin baş redaktor olmuşdur. "General Məhəmməd Əsədov", "Qızıl qələm" və  Azərbaycan Respublikası Preziden-tinin Sərəncamına əsasən kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir. Azərbaycan Jurnalistlər Birliyinin və Mətbuat Şurasının üzvü idi. Qarabağın tarixini, bu gününü, müharibənin səbəblərini və şəhidlərin həyatını əks etdirən 11 ki-tabın müəllifidir. "Qarabağda talan var" sənədli televiziya filminin ssenarisini yazmışdır. Qasım müəllim bizim qəlbimizdə mehriban, səmimi insan kimi əbədi yaşayacaqdır. Onun "Xocalının səsi" qəzeti üçün etdikləri heç bir zaman unudulan deyil.

         "Xocalıya ədalət" beynəlxalq təbliğat kampaniyasının şüarı altında işıq üzü görən "Xocalının səsi" qəzeti əvvəlki illərdə olduğu kimi, bu gün də öz fəaliyyətini uğurla davam etdirir. Xocalı rayon İcra Hakimiyyətinin dəstəyi ilə nəşr olunan “Xocalının səsi” qəzeti rayonun əsas və tək mətbuat orqanıdır. Qəzetimizin mütəmadi işıq üzü görməsi üçün Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov qəzetin fəaliyyəti ilə daim maraqlanır, öz diqqət və qayğısını əsirgəmir. Qəzet ayda bir dəfə 8 səhifədən ibarət olmaqla, 500 tirajla nəşr edilir. "Xocalının səsi" qəzetinin müasir dövrün tələbi olan veb saytı və sosial şəbəkə hesabları vardır. Eyni zamanda "Xocalının səsi" qəzetinin internet ünvanı olan xocalininsesi.info saytı öz daimi oxucu kütləsini tapmışdır. Qarabağ həqiqətlərinə, Xocalı soyqırımının səbəb və nəticələrinə aid yazılar, ümumrayon tədbirləri, Respublikada baş verən əlamətdar hadisələr, Cənab Prezidentin apardığı uğurlu siyasət qəzetin səhifələrində öz əksini tapır. Qəzetdə yer alan mövzular və videomateriallar saytımızda yerləşdirilir. Redaksiyamıza xocalininsesi@gmail.com email ünvanından və sayta daxil olaraq "Məqalə göndər" səhifəsindən birbaşa məqalə göndərmək imkanı vardır.

       “Xocalının səsi” Ulu öndərimiz Heydər Əliyevin ideyalarına və dövlətçilik xəttinə daim sədaqətlə xidmət edib və bundan sonra da edəcəkdir. Qəzetin səhifələrində ölkədə baş verən ictimai-siyasi hadisələrə münasibət bildirilir. Rayon qəzeti qarşısında duran fəaliyyət prinsiplərini layiqincə yerinə yetirir.

        "Xocalının səsi" qəzeti öz fəaliyyətini əsasən aşağıda göstərilən xətlər üzrə davam etdirir.
 - Müstəqil dövlətimizin, onun apardığı daxili və xarici siyasətə sadiqlik nümayiş etdirmək;
 - Qarabağ müharibəsinin əsl mahiyyətini açıqlamaq, onun tarixini, bu gününü müntəzəm işıqlandırmaq;
 - Xalqımızın mübariz əhval-ruhiyyəsini, monolit birliyini təbliğ etmək;
 - Respublikamızda və rayonumuzda baş verən mühüm yenilikləri geniş oxucu kütləsinə çatdırmaq;
 - Düşmənlərimizin riyakar əməllərini faş etmək üçün bütün imkanlardan istifadə edərək həqiqəti, xalqımızın ədalətli mövqeyini nümayiş etdirmək;
 - Gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasına yardım etmək;
 - Qaçqın və məcburi köçkünlərin həyat şəraitini öz səhifələrimizdə müntəzəm işıqlandırmaq.
        "Xocalının səsi" qəzeti hər zaman Ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı, siyası varisi İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyir. "Xocalının səsi" qəzeti ölkə Prezidenti ilə həmrəydir. 
  
        Rayonumuzun yeganə mətbu orqanı olan "Xocalının səsi" qəzeti xocalıların vəhdətini təşkil edir. Respublikamızın 55 rayonunda müvəqqəti məskunlaşmış rayonumuzun sakinləri üçün mənəvi dəyərdir. Bu gün xocalıların qayğılarından, rayon gənclərinin uğurlarından yazan "Xocalının səsi" qəzeti tezliklə Xocalıya qayıdışı da öz səhifələrində yazacaq. Şanlı Aprel döyüşlərini qürurla yazdığımız kimi, Böyük qələbəmizi də yazacağımıza inanırıq...
"XOCALININ SƏSİ"
        

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

Əlaqə

Redaksiyamızın ünvanı:
Gəncə şəhəri, Yeni qəsəbə - 2
Tel: (070 - 222 - 26 - 48; (050) 678 - 10 - 44
E - mail: xocalininsesi@gmail.com
About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top