BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

1 Temmuz 2020 Çarşamba

XOCALININ İGİD POLİSİ

Posted at  7/01/2020  |  in  

        Müsahibim Xocalı aeroportunun Xətt Milis Bölməsinin polis serjantı olmuş, Milli Qəhrəman Əlif Hacıyevin silahdaşı Qarayev İlham Süleyman oğludur. İlham Qarayev sovet ordusu sıralarında Əfqanıstan Demokratik Respublikasında hərbi xidmət keçmişdir. Əfqanıstan prezidenti Məhəmməd Nəcibulla tərəfindən xüsusi xidmətlərinə görə minnətdarlıq medalı ilə təltif edilib. Ümumilikdə sovet ordusunda nümunəvi xidmətinə görə 6 ədəd medala layiq görülüb. Azərbaycan Respublikasının Prezidentinin 25 fevral 1997-ci il tarixli Sərəncamına əsasən, Xocalının müdafiəsində göstərdiyi şücaətlərə görə “İgidliyə görə” medalı ilə təltif edilib.
        İlham Qarayev 1968-ci il iyulun 20-də Beyləqanın Dünyamalı kəndində anadan olub. 1972-ci ilin sentyabr ayında onun ailəsi Xocalıya köçüblər. Qədim və səfalı yurddan ilham alıb gənclik çağına yetişən İlham bu torpaq uğrunda erməni quldurlarına qarşı qorxmadan, yorulmadan mübarizəyə başlayıb. 
        Snayperçi İlhamın şərəfli döyüş yolu igidliklərlə zəngindir. O, ayrı - ayrı döyüş əməliyyatlarında erməni quldurlarına qarşı vuruşmuş və dinc sakinlərə qarşı törədilmiş cinayət əməllərinin qisasını almışdır. 1988-ci ildən Qarabağ-da ermənilər terrorçuluq edir, dinc sakinləri hədəfə alırdılar. Belə terror aktlarından biri 1991-ci il sentyabr ayının 24-də Ağdamdan Xocalıya fəhlə gətirən avtobusa təşkil edilmişdir. Sərnişin avtobusu Əsgəranda daşqalaq edildi, sürücü və sərnişinlər ağır yaralandılar. Xocalı aeroportunun komendantı Əlif Hacıyev, əməkdaşlardan Kamil Məmmədov, Asif Usubov, İlham Qarayev və digər döyüşçülər hadisə yerinə gedərək 50-60 nəfər yaralını xilas edərək xəstəxanaya çatdırıblar.
        Mehdikənd kəndindən ermənilər Xocalıya “Alazan” raketləri atırdılar. Əlif Hacıyevin rəhbərliyi ilə Sərxan Əliyev, Yadigar Əliyev, Nazim Hüseynov və İlham Qarayev qranatlarla kamazın üstündə quraşdırılan “Alazan”ı 8 nəfər ekipaj üzvü ilə birlikdə partladıblar. 
Ermənilər Xocalıdakı bulağı tez-tez gülləbaran edirdilər. Bulaqdan su götürmək olmurdu. Bulaqla ermənilərin arası təxminən 600-700 m olardı. Mahir snayperçi ayrı-ayrı vaxtlarda bulağı atəşə tutan 3 erməni quldurunu sərrast nişanla məhv edib.

        Ağdam-Şuşa avtobusunun Xankəndində Ağa körpüsündən keçən yerdə ermənilər avtobusu mina ilə partlatmışdılar. Ciddi xəsarət alan olmasa da tələbə qızlar çox qorxmuşdu. Əlif Hacıyev İlhamı və Təşəkkülü kabinetinə çağırıb bu hadisənin qarşılığını verməliyik deyib. Ermənilər Xocalı ilə Naraguğ arasında postda növbə dəyişirdilər. Plana əsasən Badara istiqamətində UAZ-la postları dəyişməyə gələn erməniləri İlhamla Təşəkkül gülləbaran ediblər. 2 nəfər igid 7 dənə erməni qulduruna qarşı döyüşüblər. Həmin döyüşdə 4 erməni yaraqlısı məhv edilib.
        Malıbəyliyə ermənilər hücum edərkən Xocalı aeroportunun əməkdaşları da köməyə gedib. İlham Qarayev də həmin döyüşdə məharətini göstərib. O, Kətik meşəsində əsgərlərimizin mühasirədən çıxarılmasında da iştirak edib.
        Xocalıya, eyni zamanda aeroporta demək olar ki, hər axşam atəş olurdu. Ancaq ermənilərin işğal cəhdləri fayda vermirdi. Buna baxmayaraq, Xocalını hər tərəfdən mühasirəyə alan ermənilər öz havadarlarının köməyinə arxalanaraq hücum zəmini hazırlayırdılar. Ermənilərin belə niyyətlərindən biri Qaraqayanın yuxarısında Kətik dağının ətəyində artilleriya qurğularını yerləşdirmək üçün səngərlərin qazılması idi. Cəsur döyüşçü ermənilərin bu niyyətlərinin necə qarşısının alındığından danışdı.
        -  Əlif Hacıyev mənə dedi ki, İlham, bu məkrli məqsədin qarşısını mütləq almaq lazımdır. Günorta təxminən saat 4-5 olardı. Əlif Hacıyevdə avtomat, məndə isə snayper var idi. 11səngər qazan fəhləni 3 erməni mühafizə edirdi. Həmin mühafizəçilər ara-sıra Xocalıya atəş açırdılar. Arxa tərəfə keçərək silahlı mühafizəçiləri məhv etdik. Yerdə qalan ermənilər silahsız olduğu üçün göyə yaylım atəşi açdıq. Ermənilər qaçıb meşəyə doluşdular. Aeroporta qayıdanda Xocalının icra başçısı Elman Məmmədov dedi ki, ermənilər Kətikdən biz tərəfə atəş ediblər. O, bilmirdi ki, biz ermənilərin “dərsini” vermişik. Əlif Hacıyev dedi ki, narahat olmayın biz tədbir görmüşük. Hadisəni ona danışdıq. Elman Məmmədov əlini kürəyimə qoyub Allah sizin köməyiniz olsun dedi və bizə təşəkkür etdi. Rus əsgərləri gəlib meyitləri apardılar. Ermənilər orada işlərini davam etdirmədi. Əlif Hacıyev həmişə mənə güvənirdi.
         İlham Qarayev Xocalı aeroportunun müdafiəsində iştirak etmiş və Qaraqaya istiqamətində sakinlərin mühasirədən çıxmasında böyük xidmətləri olmuşdur. İgid polis serjantı Xocalı soyqırımı gününü belə xatırlayır: - Fevralın 25-i axşam saat 10 radələri olardı. Mən növbədən çıxıb evə getmişdim. Anam dedi ki, bu dəfə ki, atışma o atışmadan deyil. O, məndən çölə çıxıb ətrafa baxmağımı istədi. Çölə çıxanda gördüm ki, ağır texnikalarla hər tərəfdən mühasirəyə alınmışıq. Tankların üstündəki gecəgörmə cihazlarını seçə bildim. Dəmiryol xəttinin altındakı sığınacaqda ailə üzvlərimizin müvəqqəti gözləməyini məşvərət etdik. Qardaşıma dedim ki, ailəmiz sənə əmanətdir, mən aeroporta gedirəm. Üstümdə makar tipli tapança və 2 ədəd F-1 qumbarası var idi. Mən kəndin içi ilə aeroporta tərəf getməyə çalışsam da, imkan tapa bilmədim. Relslərin üstü ilə gedərkən təxminən 100 m aralıdan məni gülləbaran etdilər. Dəmir yol xəttinin altına keçərək aeroporta tərəf yenidən üz tutdum. Aeroportun girəcəyində 366-cı motoatıcı alayın 10-a qədər texnikası dayanmışdı. Mən texnikaların yanından keçərkən BPM-lərlə atdılar. Ancaq mənə güllə dəymədi. Özümü aeroporta yetirərək snayperimi götürdüm. 30-a yaxın əməkdaşla səhər saat 5-ə kimi müqavimət göstərdik. Qaladərəsini ermənilər yandırmışdılar. Xocalı aeroportunun polisləri qəhrəmanlıqla döyüşdülər. Həmin döyüşdə Əliyev Sərxan yaralandı. Asif Usubov qranatomyotla erməni BMP-sini vurdu. Mən yanıma düşən BMP mərmisinin səsindən tramva aldım. Burnumdan qan açıldı. Əlif Hacıyev mənim fasilə verib dayanmağımı istədi. Ancaq mən snayperçi olduğuma görə üzərimə böyük vəzifə düşdüyünü bilirdim. Erməni pulemyotçuları məni vurmaq istəyirdilər. Lakin mən onları vurdum. Təxminən 10-a yaxın erməni quldurunu məhv etdim.
        Soyqırım axşamı Əlif Hacıyev rabitə ilə səhərə qədər Şuşadan, Ağdamdan, Prezident Aparatından kömək istədi, ancaq heç bir kömək olmadı. Müdafiə naziri Rəhim Qazıyev həmin vaxt Şuşada idi. Əlif Hacıyev Şuşa ilə danışanda rabitəçi dedi ki, Rəhim Qazıyev MTN-nin binasında istirahət edir, onu narahat edə bilmərik. Yarım saatdan sonra yenə əlaqə saxlayanda dedi ki, köməyə gəlməsəniz də heç olmasa aeroporta mərmi atın. Ancaq onun çağırışı bu dəfə də heç bir fayda vermədi. Ağdam rabitəçisi ilə danışanda da eyni aqibəti gördük. Əsgəran tərəfdən hücuma keçmələrini istədik. Ancaq onlar da əmr gözləyirdilər. Bir müddət sonra Kosalar kəndindən bizimlə əlaqə saxladılar. Məxfi kodumuzu çağıraraq əlaqəyə keçdilər. Dedilər ki, biz sizi dinləyirdik, ancaq sizə kömək olunmadı. Biz Xocalıya köməyə gəlmək istəyirik. Ancaq Əlif Hacıyev razılıq vermədi, daha gec olduğunu bildirdi. Sizin bizə köməkliyiniz ancaq o olar ki, aeroportu snaryadlarla vurasınız. Bir qədər sonra Kosalardan 4 ədəd snaryad atıldı. Sonra dedilər ki, snaryadımız qurtardı, ancaq 150 nəfər döyüşçümüzlə ora gəlirik. Onlar gəlmək istədiklərini canıkönüldən təkid edirdilər. Əlif Hacıyev isə köməyə gələcəkləri halda 366-cı motoatıcı alayın texnikaları ilə qarşılaşacaqlarını dedi. Beləliklə, bir müddət sonra rabitə danışıqları da dayandı. Artıq müqavimət göstərmək olmurdu. Əlif Hacıyev aeroportun qərargahının partladılmasına qərar verdi. Qərargahdan məxfi sənədləri götürdük, sonra isə qərərgahı yandırdıq.
Aeroport 2 km Xocalının yuxarı tərəfində idi. Xocalı istiqamətində camaata köməyə getdik. Xocalının rabitəsində işləyən qızlar bizdən kömək istəmişdilər. Əlif Hacıyev onları qurtaracaqlarına söz vermişdi. Qızları rabitə şöbəsindən götürdük. Xocalının içində erməni quldurları ilə küçə döyüşləri getdi. Xocalıda qalan əhalinin Kətik dağı istiqamətində çıxmasına kömək etdik. Qaraqayada 600-700 sakinlə mühasirəyə düşdük. Döyüşçülər öz canlarını sipər edərək dəhlizlər yaradaraq sakinlərin mühasirədən çıxmasına şərait yaradırdılar. Orada 7 nəfər əməkdaşımız şəhid oldu. Çoxlu sayda erməni azğınları da öldürüldü. Mən 2 dəqiqə ara ilə sol budun yumşaq toxumasınından, sonra isə kürəyimdən güllə yarası aldım. Buduma dəyən güllə sümüyə dəyməmişdi, əti deşib keçmişdi. Kürəyimdəki güllə sümüyə dəyməsə də bədənimdə qalmışdı. Kürəyimdəki snayper çantasında içində bir neçə güllə olan maqazin, onun altında isə tənzif var idi. Atılan güllə
əvvəl patronlara, sonra isə tənzifə dəyərək təsirini azaltmışdı. Əynimdəki qış puşlatı geyimim özümün və yaralıların qanından al qırmızı rəngə boyanmışdı. Hər tərəfindən güllə deşikləri var idi. Mənə güllə dəyəndə döyüş yoldaşlarım Əlif Hacıyevə Qarayev vuruldu dedilər. Əlif Hacıyev yanıma gəlmək istəyərkən pusquda dayanmış erməni quldurları onu vurdular. Əlif Hacıyev danışmaq istəsə də son sözünü deyə bilmədi. Amma onun danışmaq istədiklərini, bizə tapşırıqlarını bilirdik. Onun arzusu, amalı yalnız müqəddəs torpağı və xocalıları qorumaq idi. Onun ölümündən sonra döyüşçülər daha da qəzəblə, qisas hissi ilə döyüşdülər. Ermənilərin Əlif Hacıyevin axtardıqlarını bilirdik. Ona görə də onun paqonlarını çıxartdıq, cibindəki sənədləri götürdük. Başını öz pencəyi ilə büküb qaratikan kolunun altında üstünə qar yığdıq. Həmin gün bərk qar yağırdı, hava dumanlı idi. Əlif Hacıyevin meyiti 5 gün sonra götürüldü.
        Əlif Hacıyev vətənpərvər, qorxmaz, xalqını sevən insan idi. Harada bir hadisə eşidəndə çalışırdı orada iştirak etsin. O, Azərbaycan xalqının əsl qəhrəmanıdır.
Xocalı soyqırımında baş verən hadisələri ürək ağrısı ilə xatırlayıram. Mənim həyatımı xilas edən snayper maqazinini, içindəki güllə dəymiş gilizləri və tənzifi acı xatirə kimi saxlayıram. Ancaq ən ağır itki Xocalının itirilməsi və döyüş yoldaşlarımın, yüzlərlə həmyerlilərimin şəhid olması və əsir düşməsidir.
        İlham Qarayev əvvəl Ağdamda, sonra isə doğulduğu Beyləqan rayonunun Dünyamalı kəndində 20 gün müalicə alıb. Müharibə veteranıdır. O, aldığı tramvadan bir çox hadisələri çətin yada saldığını deyir.
        Xocalı soyıqırımında Qarayevlər ailəsi də itkilər verib. Bibisi Durna xanım, bibisi oğlanları İslam, Rəfil, Eldar, Yelmar, Əli, bibisinin nəvəsi Əbülfət, bisinin kötücəsi Ülfət şəhid olublar. Dəhraz kəndində İlhamın qardaşı Yusifəli kişi ailə üzvləri ilə birlikdə əsir düşüb. Əsirlərin arasından onu erməni quldurları seçərək aparıblar. İlham Qarayevin anası da əsirlikdə olub. 15 yaşlı balaca qardaşı Vüqar isə ailə üzvlərindən ayrı düşərək 7 gün meşədə mühasirədə qalıb. Onun ayağının ikisini də don vurub. Meşədə ermənilərin postunun yanından keçərək işıq gələn tərəfə - yəni Ağdama tərəf gəlib. Vüqarı ermənilər görməyiblər. Xəstəxanada həkimlər Vüqarın ayağını dizindən aşağı kəsmək istəyiblər. İlkin müalicədən sonra onun damarları açılsa da, həkimin məsləhəti ilə  barmaqları kəsilib.
        Həmsöhbətim İlham Qarayevin keçdiyi şərəfli döyüş yolu ilə fəxr hissi keçirirəm. Onun döyüş yolu, erməni quldurlarına qarşı keçirdiyi əməliyyatlar nümunəvidir. Belə igid oğulları tanımaq insanı mənəvi cəhətdən gücləndirir. İlham Qarayevlə görüş vətənpərvərlik ruhumu daha da artırdı, bir daha əmin oldum ki, Azərbaycanın döyüşkən oğulları, igid polisləri çoxdur. Onları gənc nəslə çatdırmaq isə hər birimizin borcudur.

                    
                      
Qalib BƏYMƏMMƏDOĞLU,
“Xocalının səsi” qəzetinin redaktoru,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

Əlaqə

Redaksiyamızın ünvanı:
Gəncə şəhəri, Yeni qəsəbə - 2
Tel: (070 - 222 - 26 - 48; (050) 678 - 10 - 44
E - mail: xocalininsesi@gmail.com
About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top