BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

21 Ağustos 2020 Cuma

Xocalı soyqırımının şahidi: "ermənilərin verdiyi işgəncə yalnız qızıl dişlərimi kəlpətinlə çəkməklə bitmədi"

Posted at  8/21/2020  |  in  Xocalı soyqırımı

        Abbasov Salman Məşədi oğlu 1940-ci il yanvar ayının 15-də Laçın rayonunun Ardıclı kəndində anadan olub. Abbasovlar ailəsi 1959-cu ildə Daşbulaq kəndinə, 1990-ci ildə isə Xocalıya köçüblər. Salman kişi Daşbulaqda yaşayarkən fermada fəhlə işləyib. Xocalıya köçəndə onun ailəsi fin evlərin birində məskunlaşıb. O, Xocalıda fərdi təsərrüfatla məşğul olub. Cəfakeş ata beş qız, üç oğlan böyüdüb. Bir oğlunu və bir qızını soyqırım günündən əvvəl axırıncı vertolyotla Xocalıdan çıxarda bilib. Erməni quldurları öz havadarlarının artilleriya qurğuları ilə Xocalını mühasirəyə alanda Abbasovlar ailəsi də Xocalının digər sakinləri kimi şəhəri tərk etmək məcburiyyətində qalıb. Salman Abbasovun ailə üzvləri Qarqarçayını keçib Kətik dağına tərəf üz tutublar. Meşədə neçə yerdə erməni quldurlarının pusquları ilə rastlaşıblar. Səkkiz gün meşədə qalan ailə Xocalı soyqırımının dəhşətlərini yaşayıb. Salman kişi və onun ailə üzvləri ermənilərin məskunlaşdıqları Pircamal kəndinin üstündəki təpədə 70 nəfər həmyerliləri ilə birlikdə əsir düşüblər. Salman Abbasov əsirlikdə gördüyü müsibətləri belə xatırlayır:

        - Bizi Pircamala gətirib tövləyə saldılar. Yeddi cavan oğlanı gözümüzün önündə güllələdilər. Əsrlikdə mənə də ağlasığmaz işgəncələr verdilər, avtomatın qundağı ilə, dəmir armaturlarla, təpiklə vururdular.  Mənim qabırğalarımın üçünü sındırdılar. Dişlərimi kəlpətinlə çəkdilər. Doqquz dənə üst çənəmdə, yeddi dənə alt çənəmdə olan qızıl dişlərimi dartıb tökdülər yerə. Qardaşım oğlunun qollarını qırdılar. Onun öldüyü, qaldığı bilinmədi. Ermənilər məni döyəndə deyirdilər ki, sən bizim qadınların yanında mahnı oxuyub özünü göstərmisən.

        - Sizin yaxşı səsiniz olub? İndiki səsinizdən nə vaxtsa yaxşı səsinizin olduğu hiss edilmir.

        - Bəli, konsertlərdə oxumuşam. Elə səsimə görə də ermənilər mənə artıq işkəncələr veriblər. Ermənilər avtomatın qundağı ilə boğazımdan vurandan sonra şiş əmələ gəldi. Səsim də itib batıb.

        - Əsirlikdən necə azad oldunuz?

        - Yeddi gün bizə orada işkəncələr verdikdən sonra Əsgərana milis bölməsinə apardılar. Əsgərana çatanda yük maşınında olan 30-40 nəfər qadın-uşağı saxladılar, 40 nəfər kişini isə yerə tökdülər. Bizi dörd-dörd, dörd-beş kameralara saldılar. Məni ən çox orada döydülər. Ona görə ki, mən Daşbulaqda yaşayanda gedib Ağcabədi rayonundan silah alıb gətirmişdim. Bir tapança, bir lüləsi kəsik tüfəng, bir dənə də qoşalülə idi. Həmin vaxtı gəlib silahımı ruslar evdə tapdılar. Məni Əsgərana türməyə aparmışdılar. Elə o vaxtdan ermənilərin yadında qalmışdım.

         Kamerada başımı büküb küncdə durmuşdum. Mülki geyimdə qalstuklu bir erməni gəlib dedi ki, Abbas Salmanov kimdir. Başımı silkələdim ki, mənəm. Taqətim yox idi ayağı üstə durmağa. Həmin erməni suyun yerini göstərib dedi ki, sürünə-sürünə get üzünü yu, səni azad edəcəyik. Amma kiməsə desən ki, səni erməni bu gün salıb, onda səni harada olsan tapıb öldürəcəyəm. Qollarını, ətəklərini kəsib qızlarımın ayağına saldığım paltomu götürüb çıxdım. Milis bölməsinin qarşısından icra nümayəndəliyinə asfalt yol çıxırdı. Yolda 10-12 erməni əsgəri qalstuklu erməniyə dedi ki, onu bura gətirin. Onlar məni əhatəyə aldılar. Ayağımın üstündən təpiklə vuranda barmaqlarım rezin çəkmənin altından getdi. Amma donduğum üçün çox hiss etmədim. Sonra məni gətirib əvvəl bizi gətirdikləri yük maşınına mindirdilər. Yük maşınına çıxanda gördüm ki, göy təkər var. Onun üstündə əsgər kombinazonu vardı. Meşədə oğlumun əynindən həmin kombinazonu çıxarıb qızıma geyindirmişdim. Başımın altına qoyanda gördüm ki, saat çıqqıltısı gəlir. Əmin oldum ki, böyük oğlumun saatıdır. Bildim ki, qızımın əynindəkidir. Elə bildim ki, qızlarımı Xankəndinə aparıblar. Demə aparıblar dəyişməyə. Sonradan 4 nəfər də maşına gətirdilər. Məni dəyişəndə eşitdim ki, tez götürün, vurarlar dedilər. Sonra huşumu itirdim. Ayıldım ki, xəstəxanadayam. Gözümü açanda gördüm ki, bir həkim üz-gözümü, o biri də ayaqlarımı təmizləyir. Sonra gördüm ki, balaca oğlum Qabil meyit gəzir. Məni tanımadı. Dedim ki, atanam, bəri gəl. Ağdamda bir gün qaldıqdan sonra Bakıda üç ay müalicə aldıq.  

        Həyat yoldaşım Bəsti dəyişilərkən yolda dayanıb. Allahverdi Bağırov səbəbini soruşanda deyib ki, yoldaşım Əsgəranda qalıb, ya məni aparın ora, ya da onu çıxarıb gətirin. Bundan sonra Allahverdi Bağırov mənim adımı öyrənib və ermənidən Abbas Salmanov adlı əsirin də azad edilməsini tələb edib.  

        Oğlum Şakirin yoldaşı (sənəddə adı Çərkəz gedir) Gülizar 8 aylıq hamilə idi. Biz əsir düşən vaxtı o meşədə şəhid oldu. 60 yaşımda bacım Məryəmi də ermənilər güllələdilər. Xocalı soyqrımını, həmin müsibətli günləri sözlə izah etmək çətindir. Bir neçə aydan sonra gəlinimiz şəhid olan yeri bizimkilər aldılar, oğlum döyüş yoldaşları ilə gedib onun meyitini tapdı. Ancaq Xocalı soyqırımının dəhşətlərini, erməni vəhşiliklərini elə həmin müsibətləri görənlər yaxşı bilirlər. Ana balasını itirirdi, hər kəs öz canının hayında idi. Özümün, həyat yoldaşımın və qızlarımın ayaqları soyuqdan donduğu üçün pəncədən aşağı amputasiya edilib.


         Salman Abbasov hal-hazırda Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində müvəqqəti məskunlaşıb. Həyatın keşməkeşli yollarında əziyyətlər çəkmiş, erməni əsirliyində zülmlər görmüş 80 yaşlı müsahibim məni yola salarkən ümid dolu gözlərlə, yanıqlı səslə görəsən Qarabağa qayıda biləcəyəmmi dedi. Onun yorğun gözü həsrət çəkirdi, yaşadığı müsibətlər yaddaşında canlanmışdı, acı xatirələri isə qara bulud kimi üstünə çuğlamışdı. Hiss olunurdu ki, qoca çağında barmaqları kəsilmiş ayaqları ilə doğma torpaqlara piyada qayıtmağa hələ ki, fiziki gücü çatır, ona arzusu, ümidi güc verir. Yetər ki, ömür vəfa edə, torpaqlarımızı işğaldan tezliklə azad edək.

Qalib Bəyməmmədoğlu,

“Xocalının səsi” qəzetinin redaktoru,

Dağlıq Qarabağ Bölgəsinin

Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü


Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top