Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda videoformatda çıxış edib. Azərbaycan Respublikası 120 ölkənin yekdil qərarı ilə 2016-cı ildə Qoşulmama Hərəkatının sədri seçilmişdir. 2019-cu ilin oktyabrında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində Bakıda keçirilmiş 18-ci Zirvə toplantısında Azərbaycan sədrliyi öz üzərinə götürmüşdür. Ölkə prezidenti öz çıxışında bildirmişdir ki, BMT, onun nizamnaməsi və beynəlxalq hüquq dünyada sülhün və təhlükəsizliyin qorunub saxlanılmasında və beynəlxalq əməkdaşlığın gücləndirilməsində mühüm və əvəzolunmaz alətlərdir. Məhdudiyyətlərinə baxmayaraq, BMT hazırda bütün ölkələrin qarşılaşdığı qlobal məsələ və çağırışların müzakirəsi üçün çoxtərəfli mərkəzi forum olmaqda davam edir.
İnsan hüquqlarının pozulması, maliyyə böhranları və ekologiyanın pisləşməsi ilə müşahidə olunan silahlı münaqişələr, təcavüzkar ekspansionist siyasətlər, terrorçuluq, separatizm, beynəlxalq mütəşəkkil cinayətkarlıq və ekstremizm dünyada milyonlarla insana mənfi təsir etməkdə davam edir.
Ölkə prezidenti çıxışında Ermənistan tərəfindən Dağlıq Qarabağ və ətraf yeddi rayonun işğal edilməsini diqqətə çatdırmışdır. Bildirmişdir ki, Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından qeyri-şərtsiz çıxması ilə bağlı BMT-in dörd qətnaməsini icra etməmişdir. Dağlıq Qarabağla bağlı Ermənistanın irəli sürdüyü yeddi şərt bizim tərəfimizdən rədd edilmişdir. Dağlıq Qarabağ münaqişəsi ancaq Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll oluna bilər.