BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

23 Ekim 2020 Cuma

Ermənistan siyasi-hərbi rəhbərliyi münaqişənin müharibəyə çevrilməsi üçün münbit və əlverişli şəraiti təmin etdi

Posted at  10/23/2020  |  in  

         Ermənistan silahlı qüvvələrinin 27 sentyabr hərbi təxribatına qədər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, əsasən, "nə müharibə, nə də sülh” qeyri-müəyyənliyi ilə xarakterizə olunurdu. Lakin həmin gün həqiqət anı yetişdi. Nəticədə münaqişə ilə bağlı formalaşmış bir sıra illüziyalara son qoyuldu. Eyni zamanda, bir sıra həqiqətlər praktiki baxımdan da təsdiqini tapdı. Ermənistan siyasi-hərbi rəhbərliyinin son 3 ay ərzində davranışı və yaratdığı hərbi qarşıdurma mühiti münaqişənin müharibəyə çevrilməsi üçün münbit və əlverişli şəraiti təmin etdi. Prezident İlham Əliyev BMT kürsüsündən bütün beynəlxalq ictimaiyyətə xitabən qeyd etdi ki, Ermənistan nəinki danışıqlardan imtina edir, eyni zamanda, "yeni ərazilər uğrunda yeni müharibə”yə hazırlaşır. Bu yeni müharibədə Ermənistan Azərbaycanın böyük şəhərlərinə, mühüm mülki infrastrukturuna, o cümlədən onlarla ölkənin enerji təhlükəsizliyini təmin edən dünyanın nəhəng Səngəçal neft-qaz terminalına da hərbi zərbə endirəcəyi ilə hədələyir.

         Beynəlxalq birlik Azərbaycanın dövlət rəhbərinin bu xəbərdarlıqlarından lazımi nəticə çıxarmadı, işğalçını yerinə oturtmadı. Prezident İlham Əliyev oktyabrın 23-də Yaponiyanın '' Nikkie" qəzetinə verdiyi müsahibəsində qeyd etmişdir :"Paşinyan dünya liderlərinə dəfələrlə zəng etdikdə və Azərbaycandan şikayət etdikdə, hesab edirəm, bu liderlər ona deməlidirlər ki, sən danışıqlar prosesini pozdun, sən Azərbaycanı təhrik etdin, sən azərbaycanlıların hisslərini təhqir etdin. Ona görə sən bunun üçün məsuliyyət daşımalısan” kimi prinsipial mövqe ortaya qoymalı idilər. Həmin mövqe hələ də yoxdur. Nəticəsi isə bəllidir. Bu münaqişənin həlli missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupunun üç həmsədr dövlətindən hansı biri 30 il ərzində torpaqlarının işğal altında qalması faktına dözərdi? Yəqin ki, heç biri. Buna baxmayaraq, onlar 30 ildir ki, yorulmadan həm "münaqişə ilə bağlı status-kvo vəziyyəti qəbuledilməzdir” deyirlər, həm də eyni müvəffəqiyyətlə "müharibənin hərbi həlli yoxdur” psevdopasifist tezisi beynəlxalq ictimai fikrə sırımaqla məşğuldurlar. Nəticədə işğalçı Ermənistanda arxayınçılıq sindromu formalaşır və cəzasızlıq rejiminin hökm sürdüyü bir reallıqda yeni cinayətlər, yaxud təxribatlar törətməyə şirniklənmiş olur. Bizim daha 30 il gözləməyə vaxtımız yoxdur. Münaqişə indi həll olunmalıdır. Ermənistana kömək etmək istəyənlər onların, belə demək mümkünsə, yaxın tərəfdaşları qoy onlara kömək etmək üçün desinlər ki, əraziləri tərk edin, iradənizi nümayiş etdirin, atəşi dayandırın, deyin ki, bu gün, ya sabah, bir həftəyə mən Ağdamı tərk edəcəyəm, növbəti dəfə, növbəti həftə Füzulini tərk edəcəyəm, növbəti həftə Kəlbəcəri tərk edəcəyəm və s. və biz dayanarıq. Bu, çox ədalətli mövqedir. Bu, müharibəyə deyil, sülhə istiqamətlənmiş mövqedir”.

         Beləliklə, Ermənistanın siyasi-hərbi rəhbərliyi Azərbaycan torpaqlarının işğalına son qoymağa hazır olduğunu rəsmən bildirməli, beynəlxalq zəmanət altında öhdəlik götürməli və konkret əməli addımlar atmalıdır. Yalnız bu halda Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən konkret zaman qrafiki çərçivəsində çıxarılması məsələsi yüksəksəviyyəli Azərbaycan-Ermənistan danışıqlarının predmeti ola bilər. Bu məqsədlə məlum münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 853-cü qətnaməsində nəzərdə tutulan erməni silahlı qüvvələrinin işğal ərazilərindən çıxarılması zamanı ilə bağlı dəqiq qrafik yenilənməlidir.

Əfsanə Mustafayeva,

Xocalı rayon ziyalısı


Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top