Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

29 ildən sonra Xankəndində ilk azərbaycanlı vəzifəyə təyin edilib

              Azərbaycan Respublikası Ədliyyə nazirinin əmrinə əsasən, işğaldan azad edilmiş ərazilərdə yerli ədliyyə qurumlarının yeni strukturu və ştat bölgüsünün təsdiq edilməsi ilə əlaqədar müvafiq vəzifələrin icrası barədə verilən təkliflər və müraciətlər nəzərə alınaraq, Xankəndi şəhər icra və probasiya şöbəsinin rəisi vəzifəsinin icrası, Xocalı şəhər icra və probasiya şöbəsinin rəisi, ədliyyə müşaviri Bəşirov Rac Şükür oğluna həvalə edilmişdir. 

Xankəndi şəhər icra və probasiya şöbəsinə rəis təyin edilən Rac Bəşirov Beynəlxalq Universitetinin Hüquq fakültəsini bitirib. O, 2003-cü ildən 2008-ci ilə qədər Xocalı rayon İcra Hakimiyyətində Hüquq şöbəsində hüquqşünas vəzifəsində işləyib. 2008-ci ildən indiyə qədər Xocalı şəhər icra və probasiya şöbəsinin rəisi vəzifəsində çalışır. Qeyd edək ki, Rac Bəşirov Xankəndi və Xocalı şəhər icra və probasiya şöbələrinə rəhbərlik edəcək. Hər iki şöbə hələlik Goranboy rayonunun Meşəli qəsəbəsində fəaliyyət göstərir.

29 ildən sonra ilk dəfədir ki, Xankəndində rəsmi quruma Azərbaycan vətəndaşı rəhbər təyin edilib. Artıq Xankəndi şəhər və Kərkicahan qəsəbə sakinlərinin müraciət edə biləcəkləri hüquq orqanı vardır.

Rac Bəşirova şərəfli və məsuliyyətli peşəsində uğurlar arzulayırıq. Bütün xankəndililəri, kərkicahanlıları təbrik edirik. Doğma torpaqlarmıza qayıtmağa sayılı günlər qalıb. Qoy ədalət həmişə zəfər çalsın. Biz torpaqlarımızı düşməndən geri aldığımız kimi, haqqımızı da sonadək alacağıq.

                            "XOCALININ SƏSİ"


Paylaşın:

Vətən Müharibəsində döyüşən igid hərbçi qardaşlar

         Quliyev Şəhriyar və Cavad qardaşları Böyük Zəfərimizin əldə edilməsində xidməti olan hərbçilərdir. Böyük qardaş olan Şəhriyar 1996-cı ilin iyulun 12-də, kiçik qardaş Cavad isə 1998-ci il noyabrın 24-də Bakı şəhərində anadan olublar. Xocalı rayon Kosalar kənd sakinləridir. Şəhriyar ADAU-nun İqtisadiyyat fakültəsini bitirib. Cavad isə kollecdə kompyuter ustalığı təhsili alıb. Hər iki qardaş aprel ayından müddətdən artıq həqiqi hərbi xidmətə yollanıb. Ailədə iki qardaş olan bu igidlər hərb peşəsini sevərək seçiblər. Qardaşların ikisi də artilleriya bölməsində baş tuşlayıcıdır. Talış və Suqovuşan kəndlərinin, həmçinin bir neçə yüksəkliklərin alınmasında hərbçi qardaşlar igidliklə döyüşüblər.
Döyüşçü qardaşların atası Feruz Quliyev I Qarabağ müharibəsi iştirakçısıdır. Hal-hazırda Xocalı şəhər 4 saylı tam orta məktəbdə Çağırışaqədərki hazırlıq fənnini tədris edir. Onun dərs dediyi şagirdlər yüksək vətənpərvərlik ruhunda tərbiyə alır. Şübhəsiz ki, vətənpərvər qardaşların hərb peşəsini seçmələri Feruz müəllimin övladlarına aşıladığı Vətən sevgisindən irəli gəlir. Fədakar ata övladlarının hərbi qulluqçu olması ilə fəxr və qürur hissi duyur. Feruz müəllim 44 günlük Vətən Müharibəsində fədakar ata kimi arxa cəbhədə dayandı. Ata duası və əsgər övladlarına, onların yoldaşlarına olan sovqatı böyük mənəvi dayaq oldu.
Vətənin keşiyinə qorxmaz, bacarıqlı iki hərbçi oğul böyüdüb göndərən Şəhriyar və Cavadın ata və anasına minnətdarlıq edirik. Böyük Zəfərdə igid oğullarımız qədər, onları sağlam, vətənpərvər böyüdən valideynlərin də əməyi vardır.
Paylaşın:

LAÇIN AZƏRBAYCANDIR​

Laçın Azərbaycanın cənub – qqərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən​ Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı, qərbdən isə Ermənistan ilə həmsərhəddir. İnzibati mərkəzi Laçın​ şəhəridir. Rayonda 1 şəhər, 1 qəsəbə​ və 125 kənd var.​

Laçın​ tarixi zəngin olan bir​ ərazidir.​ Onun qədim abidələri​ 2 – 3-cü minilliyə aid edilir.​
12-ci əsrin sonu, 13-cü​ əsrin əvvəllərində​ Qarabağın dağlıq hissəsində yaranan alban​ Xaçın knyazlığı Laçını əhatə edirdi.​
1828 – ci il​ Türkmənçay​ sülhündən sonra Osmanlı və İran ərazisindən köçürülən​ ermənilərin​ Laçın bölgəsində​ məskunlaşması​ mümkün olmadı. Xanlıqlar ləğv​ edildikdən​ sonra​ Laçın bölgəsi 1829-cu​ ildə Qarabağ əyalətinə qatılıb,​ 1918 – 1922 –ci illərdə​ Qarabağ Quberniyasının tərkibində​ olub.​ ​
1905 – 1907, 1914 – 1920​ – ci illərdə Laçında​ daxil olmaqla Zəngəzur bölgəsində silahlı erməni dəstələri​ qırğınlar törətmiş və yarım milyona yaxın insanı qətlə yetirmişlər.​
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra ermənilər​ Qarabağ və Zəngəzuru mənimsəmək​ ​iddiaları ilə kütləvi qırğınlar​ törədirdilər.​ ​
Daşnak​ Andranik​ bu məqsədlə​ öz silahlı qüvvələri ilə​ Gorus, Laçın, Şuşa istiqamətindən Qarabağa daxil olmaq​, bölgədə təxribat, itaətsizlik,​ qırğın törətmək​ istəyirdi. Bundan xəbər tutan​ Sultan bəy Sultanov​ Laçının – Zabux yolundakı dərədə​ Andranikin​ qoşununu​ mühasirəyə alaraq​ məhv etmişdir.​ Andranik​ güclə qaçıb canını qurtarmışdır.​ ​
1992 – ci ildə Laçın rayonu​ ermənilər tərəfindən işğal​ edilmişdir.​ 30 ildən sonra, 2020 – ci ildə​ Prezidentimiz demişkən “bir güllə belə atmadan” Laçını işğaldan azad etdik.​ Xalqımız bu qələbəyə görə​ Ali Baş Komandamıza​, cənab İlham Əliyevə​ və milli ordumuza, igid​ əsgərlərimizə​,​ şəhidlərimizə​ borcluyuq.​
Laçının​ strateji əhəmiyyəti ondan ibarətdir ki, rayon ərazisindən və Laçın​ şəhərinin​ içindən​ Laçın dəhlizi keçir. Bildiyimiz kimi​ bu dəhliz uzun illər erməni nəzarətində olub.​ Biz indi döyüş meydanında zəfər​ çalmışıq və bu zəfər bizi yeni dövr​ açmışdır. Bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrü​ olacaqdır. Eşq olsun Ali Baş Komandana! Yaşasın​ Azərbaycan! Qarabağ Azərbaycandır!​ ​
​Xalidə Əmraslanova,
Xocalı rayon​ ziyalısı
Paylaşın:

Laçınlar yuvasında kor yapalaq ömür sürməz!

​ ​ ​ ​ ​ 1 dekabr 2020-ci il...10 noyabrdan sonra həsrətlə gözlədiyimiz şərəfli, şanlı tarix yetişdi. Bu tarixi əlbəttə Azərbaycan xalqına İlham Heydər oğlu bəxş etdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hər bir səfərində, hər bir görüşündə Azərbaycan xalqının öz torpaqlarının işğal altında qalması ilə barışmayacağını bəyan etmişdir. Bu bəyanat tək bir ölkə başçısının dili ilə deyil, sanki öz torpaqlarının işğaldan azad ediməsinə cəhd edən sadə bir vətəndaş yanğısı ilə də gündəmdə idi. Ulu öndər Heydər Əliyev 90-cı illərdə öz çıxışlarının birində Azərbaycan dövlətçiliyinin yolunda təkcə öz həyatıbndan keçmək deyil, lazım gələrsə övladlarını bu yolda qurban verməyə hazır olduğunu demişdir. Cənab Ali Baş Komandanın ölkə başçısı kimi deyil, lazım gələrsə sıravi əsgər kimi silaha sarılaraq öndə getməyə hazır olduğunu görən xalq bir daha onun ətrafında yumruq kimi birləşdi. Ermənistan silahlı qüvvələrinə əsl məğlubiyyət yaşadan Azərbaycan oğulları məğlub tərəfi kapitulyasiyaya məcbur etdi. Ağdam, Kəlbəcər və Laçın rayonları siyasi liderin sözünün qüdrəti ilə Azərbaycana qaytarıldı. Torpağının altı da, üstü də faydalı qazıntılar,mineral sular, tarixi abidələr olan Laçın rayonu mənfur ermənilərin tapdağından azad edildi. Cənab prezident birinci növbədə laçınlılara və eyni ilə bütün Azərbaycan xalqına Laçının füsunkar təbiətinə qayıtmağı tövsiyə etdi. Mənim bu gün əlim gəlmir bu canilərin adlarını yazmağa. Cənab Ali Baş Komandan onları başından elə zərbə ilə vurdu ki, çətin ki, onlar bir də özünə gələ. Artıq Xankəndinin, Xocalının öz sakinlərinə qovuşacağı gün uzaqda deyil. Cənab Ali Baş Komandanın müdrikliyi sayəsində Laçından sonra Xocasız Xocalı Xocasına, Xansız Xankəndi öz Xanına mənsub olacaq. İşğal altında olan torpaqlarımızın işğaldan azad olunması qürurumuzu daha da yüksəltdi. Yaşasın cənab Ali Baş Komandan! Azərbaycan ordusuna eşq olsun! Qarabağ Azərbaycandır!

Aydın HƏSƏNOV,
Xocalı rayon sakini
Paylaşın:

Xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları qəsəbələrdə şəhidlərimizin xatirəsi yad edildi

  

         Vətənimizin ərazi bütövlüyü uğrunda on minlərlə igidlərimiz könüllü döyüşlərə atıldı. Sinəsini Vətənə sipər edən yüzlərlə mərd oğullarımız qazi və şəhid oldular. Biz onların hünəri, şücaəti sayəsində torpaqlarımızı işğaldan azad edə bildik. Şəhidlərimizin müqəddəs ruhu daim Azərbaycan xalqının qəlbində yaşayacaqdır. Bizə Böyük Zəfərin sevincini yaşadan, qəhrəmanlıq salnaməsi yazan igidlərimiz xalqımızın yaddaşına əbədi həkk olunub. 

        Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında Sərəncamına uyğun olaraq bu gün saat 12:00-da Respublikasımızın bütün bölgələrində Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Bu münasibətlə xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində də anım mərasimi keçirildi. Mərkəzi küçələrdə avtomobillərin hərəkəti dayandırıldı. Qəsəbə sakinləri şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etdilər. Şəhidlərimizin ruhuna Allahdan rəhmət dilədilər.

        Qeyd edək ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına cavab olaraq, Azərbaycan Ordusu cəbhənin bütün istiqamətlərində əks-hücum əməliyyatları həyata keçirib. 44 gün davam edən müharibə Azərbaycanın parlaq qələbəsi ilə başa çatıb və 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlar azad edilib. Beləliklə, Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. İndiyədək Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub. Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bəyanata uyğun olaraq, 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana təhvil verilib.

        Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri tədbirlər görülür. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.

         Allah bütün şəhidlərimizə rəhmət eləsin və yaralı hərbçilərimizə şəfa versin!

Paylaşın:

Ən çox oxunan

Blog Arşivi