Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Aprel döyüşlərində şücaətindən yazdığım igidin indi şəhidlik zirvəsindən yazıram

       
    
             Daim xatirələrimizdə, qəlbimizdə yaşayacaq Vətənin mərd oğullarından biri də Elnur Məmmədovdur. Onun 2016-cı ildə Aprel döyüşlərində göstərdiyi şücaətini “Xocalının səsi” qəzetində işıqlandırmışdıq. Hərbçimizin sağlığında döyüş yolu haqqında yazdığımız üçün mənəvi rahatlıq tapırıq. Ancaq indi Elnur Məmmədovun şəhadəti haqqında dərin hüzn, eyni zamanda qürur hissi ilə yazırıq.

Məmmədov Elnur Xurşud oğlu 1982-ci il oktyabrın 21-də Gəncə şəhərində anadan olmuşdur. Elnur 3 yaşında olarkən ailəsi Ağdama köçmüşdür. O, 1990-cı ildə Ağdam rayon 1 nömrəli orta məktəbə getmişdir. 1993-cü ildə Ağdam rayonu işğal olunduqdan sonra Məmmədovlar ailəsi yenidən Gəncə şəhərində məskunlaşıb. Elnur həmin il Gəncə şəhəri 16 nömrəli tam orta məktəbdə təhsilini davam etdirib. 2000-ci ildə Şuşa Kənd Təsərrüfatı Texnikumunda təhsil alıb. 2004-cü ildə həmin texnikumu bitirdikdən sonra ordu sıralarına xidmətə getmişdir. 2005-ci ildə xərbi xidməti bitirmişdir. 2005-2014-cü illər ərzində Gəncə şəhərində çörəkçi işləyib. 2014-cü il iyul ayının 15-dən Göygöl rayonunun Toğanalı kəndində yerləşən “N” saylı hərbi hissənin taborlarından birinin tağımında manqa komandiri vəzifəsində işləyib. Xocalı rayon Kosalar kənd İƏD-si üzrə nümayəndəliyin qeydiyyatındadır.

2016-cı il Aprel döyüşlərində Elnur Məmmədov igidliklə iştirak etmişdir. Aprelin ayının 3-dən 9-nadək Goranboy rayon Tapqaraqoyunlu kəndi istiqamətində gedən uğurlu döyüş əməliyyatlarında iştirak etdiyinə görə hərbi hissə komandiri tərəfindən Fəxri Fərmanla təltif edilmişdir.

Elnur Məmmədov döyüş əmrini səbrsizliklə gözləyən hərbçi idi. Həmişə müharibənin başlanmasını arzulayardı. Ordumuzun gücündən, döyüşlərə hazırlığından fəxr hissi ilə danışardı. Ali Baş Komandanımızın əmri ilə az bir müddətdə torpaqlarımızı işğaldan azad edə bilərik deyirdi.

Vətən Müharibəsi zamanı hərbi vəzifəsini yerinə yetirərkən Elnur Məmmədov oktyabrın 26-da həlak olmuşdur. Elnurun adı indi xalqımız üçün müqəddəs olan şəhidlərimizin sırasındadır.   

Elnuru tanıyanlar onun haqqında xoş xatirələrini bölüşürlər. O, sakit təbiətli, mehriban, vətənpərvər gənclərimizdən biri idi. Elnur kimi qeyrətli Vətən oğulları heç bir zaman unudulmur. 

Ailəli idi. İki oğlu - Vahid, Yusif Vətənə əmanət qalıb.

Gəncə şəhəri Şəhidlər Xiyabanında dəfn edilib.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, əsgər Məmmədov Elnur Xurşud oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə ölümündən sonra "Vətən uğrunda" və Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş əsgər Məmmədov Elnur Xurşud oğlu ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Ruhu şad olsun!





Paylaşın:

Hiç yorum yok:

Yorum Gönderme

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi