Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Qəhrəmanlıq dastanında imzası olan şəhidimiz

Sentyabrın 27-də başlayan Vətən Müharibəsi 30 ilə yaxındır düşmən tapdağı altında inildəyən torpaqlarımızın həsrətilə yaşayan, səbri tükənmiş bir xalqın ən böyük arzusu, müqəddəs haqq savaşı oldu. Bu haqq savaşının sonunda qələbə qazanan Azərbaycan Ordusu öz gücü, məharəti ilə bütün dünyanı heyran etdi. Vətən Müharibəsində şəhidlərimiz, yaralılarımız, itkin düşənlərimiz bizim yenilməzlik, qəhrəmanlıq simvolumuza çevrildi. Məhz, onların sayəsində qələbə sevincini, qürurunu yaşayırıq. Azərbaycan xalqı igid oğulları ilə hər zaman fəxr edir, onların adını uca saxlayır. İkinci Qarabağ müharibəsinin şəhidlərindən biri də Namiq Cavadovdur.

Namiq Rəhbər oğlu Cavadov 1973-cü ilin noyabr ayının 7-də Xocalı rayonunun Cəmilli kəndində anadan olmuşdur. 1993-cü ildə BDU-nun Coğrafiya fakültəsinə daxil olmuşdur. 1997-ci ilə qədər davam edən ali təhsili zamanı həm də həmin universitetin hərbi kafedrasında da təhsil almışdır.

Vətənə, torpağa uşaqlıqdan bağlı olan Cavadov Leytenant rütbəsi ilə 2003-cü ildə Naxçıvan şəhərinin Sədərək rayonunda 2 il 6 ay Vətənə xidmət etmişdir. Xidmət etdiyi zaman əsgərlərinin və zabit heyətinin dərin hörmətini qazanmışdır. Namiqlə olan xatirələrdən danışan zabit yoldaşları onun səlistliyi, dəqiq qərarlığı, əsgərlərinə necə diqqətlə yanaşmasını, onlara canının bir qardaş, bir valideyn kimi yanmasını dilə gətirir. Öz ixtisasının atıcı-snayperçi olmasına baxmayaraq, tank sürməyi, mina dəf etməyi də bacarırmış. Əsgərlərinə ən çətin şəraitdə belə səbrli olmağı, ac və susuz dözümlü qalmağın dərsini öyrədirmiş.

Hər zaman işğal olunmuş torpaqların həsrətindən danışan, müharibə olmağını səbrsizliklə gözləyən Namiq şəhidlik zirvəsinin ucalığından bəhs edərdi. Gerbinə, Bayrağına düşkün olan Namiq hər zaman milli atributları əziz tutub, uca saxlayıb.

Vətən Müharibəsi zamanı ehtiyatda olan Leytenant Namiq Cavadov Səfərbərlik Xidmətinə çoxsaylı müraciətlər etməsinin nəticəsində oktyabrın 19-u Vətən döyüşlərə çağırılmışdır. Hərbidən ayrıldığı 15 ilə yaxın olmasına baxmayaraq, könüllü olaraq ön cəbhəyə getmiş, Qubadlı döyüşlərində iştirak etmişdir. Burada gedən ağır döyüşlərdə şücaətlər göstərərək Laçının Güləbird qəsəbəsinə kimi gəlib çıxmışdır. Döyüşlər zamanı 60 əsgərdən ibarət kazarmanı təhlükəli vəziyyətdən çıxarmış, 20 yaralı əsgərə köməklik göstərərək həyatlarını xilas etmişdir. Oktyabr ayının 25-i, döyüşə yollandığının 6-cı günündə Laçının Güləbird qəsəbəsində düşmənin xain qəlpəsinə tuş gəlmiş, şəhidlik zirvəsinə ucalmışdır.

Namiq Cavadavoun 2 övladı - 22 yaşlı qızı, 20 yaşlı oğlu yadigar qalıb. 

Şəhid Leytenant Namiq Cavadov II Fəxri Xiyabanda dəfn olunmuşdur.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Cavadov Namiq Rəhbər oğlu ölümündən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

Ruhu şad olsun!







Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi