Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Ömür payını Vətənin bütövlüyü uğrunda qurban verən şəhidimiz

        Qəhrəman igidlərimiz Vətənimizin, dövlətimizin tarixinə qızıl hərflərlə yazmaq kimi bir şərəfə nail oldular. Erməni təcavüzü və terrorizminə qarşı ölüm-dirim mübarizəsinə qalxan minlərlə igidlərimiz torpaqlarımızın bütövlüyü uğrunda öz canlarından keçiblər. Vətən Müharibəsində şərəfli ölümə - daha doğrusu ölümsüzlüyə qovuşan oğullarımızdan biri də Nicat Əhmədovdur. O, şəhidlik zirvəsinə ucalmaqla ömür payını Vətən torpağının bütövlüyü uğrunda qurban verdi.

Əhmədov Nicat Həsən oğlu 1998-ci il sentyabrın 22-si Bakı şəhəri Xətai rayonunda anadan olmuşdur. Onun ailəsi 1989-cu ildə Xankəndindən Bakıya köçübdür. Nicat ilk təhsilini 2005-ci ildə Nizami rayonu 62 nömrəli məktəbdə almış, daha sonra təhsilini Nizami rayonu Y.Kavalyov adına 229 nömrəli tam orta məktəbdə davam etdirmişdir. 2016-cı ildə orta məktəbi bitirərək 508 balla Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin Dövlət və İctimai münasibətlər ixtisasına qəbul olmuşdur. İxtisasca diplomat idi. O, ixtisasını çox sevirdi, həmin ixtisas üzrə işləmək arzusu idi. Maraqlı tələbəlik illəri keçib, qrup yoldaşları ilə çox mehriban olub. Bu gün onlardan Nicatın tələbəlik xatirələrini eşidirik.

Nicat universiteti bitirdikdən sonra 2020-ci il iyulun 24-ü Ağca-bədi rayonunun Taxta Körpü qəsəbəsində yerləşən “N” saylı hərbi hissəyə yola düşdü. O, əsgərlikdə rabitə bölüyündə baş xətlərə nəzarətçi vəzifəsini daşıyırdı. Hər şey çox yaxşı idi, özü də çox həvəsli idi. Ailəsi onu gözəl abu-havada xidmətə yola salmışdı. Sentyabrın 22-si Nicatın doğum günündə əzizləri onu görməyə gedir. Nicatın 22-ci doğum günü hərbi hissədə qeyd edilir. Hər əsgər anası kimi, Nicatın anası Xatirə xanımın da narahatlığı vardı, amma heç vaxt oğlunun şəhid olacağı ağlına gəlməzdi.

Sentyabrın 27-si müharibə başlayanda, qorxmaz Nicat da döyüşlərdə iştirak edirdi. Evdəkilər narahat olsa da, o özü döyüşlərin cəsur iştirakçısı kimi düşmən üstünə gedirdi. Hər zəngində mənə görə narahat olmayın, mən yaxşıyam, siz özünüzə yaxşı baxın deyirdi. Oktyabrın 7-nə qədər hər gün evə zəng edib. Son zəngi oktyabrın 6-sı olub. Axşam saat  9-a qalmış evə zəng edib, hamı ilə danışıb. Yenə mən yaxşıyam, hər şey yaxşıdı, narahat olmayın deyib. O, zəng Nicatın sonuncu zəngi olub. Nicat oktyabrın 8-i səhər saatlarında Füzuli, Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır.

Şəhidin bacısı Lalə Əhmədova onun haqqında xatirələrini qürur hissi ilə danışır: Nicatın uşaqlıqdan ən sevdiyi oyuncağı silah, avtomat olubdur. Həmişə davalı, döyüşlə bağlı kinolara baxardı. Hətta yaşı kiçik olanda anam ona qorxar deyə döyüş kinolarına baxmağa icazə verməzdi. Amma böyüdükcə onda daha çox maraq yaranırdı. Futbolu da çox sevərdi, dostları ilə tez-tez yığışıb futbol oynamağa gedərdilər. Uşaqlıqdan ünsiyyətcil, şən, mehriban, səmimi, dostcanlı idi. Elə bu xüsusiyyətləri onu hamımızdan fərqləndirirdi. Özünə tez dost tapan idi, buna görə də çox dostları, tanışları var idi. Hətta son illər dostları ilə daha çox vaxt keçirirdi. Nicat çox mərd oğlan idi. Evimizin balacası olmasına baxmayaraq, həmişə özünü böyük, yetkin kimi aparırdı. Evdə hamımızın köməyinə çatardı. Məni də böyük qardaş kimi hara lazım olsa aparar, dərsdən gəlib gətirərdi. Hara əlimizi atsaq, Nicat deyə çağırardıq. Ona görə də bu gün onun yoxluğu çox hiss olunur. Bəzən hər şey yuxu kimi gəlir, onun yoxluğuna inana bilmirik, hələ də dərk edə bilmirik. Çox çətindi insanın canından can getməsi...

Bizə müsahibələrdə, elə adi halda da o sual verilir ki, “Şəhid ailəsi olmaq və ya şəhid anası, atası, bacısı olmaq necə hissdir?” Mən o suala ümumi belə cavab vermək istəyirəm. Şəhid ailəsi olmaq bir yanın acı çəkərkən, digər yanının qürur hissi keçirməsidir. Şəhidlik uca bir zirvədir, Nicatımız da ucalardadır. Biz həmişə onunla fəxr etmişik, indi onunla daha çox fəxr edirik. Nicat bizim qəlbimizdə daim yaşayacaq...

Nicat evin tək oğlu olub. Özündən başqa bir bacısı var.

Subay idi.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Əhmədov Nicat Həsən oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

Ruhu şad olsun!














Paylaşın:

Hiç yorum yok:

Yorum Gönderme

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi