Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Arzuladığı ucalığa qovuşan şəhid kəşfiyyatçı

         Vətənin sinəsinə çəkilən çarpaz yara, alnımızdan xəcalət ləkəsi ancaq yenilməz xalqın həmrəyliyi, Ali Baş Komandanımızın qətiyyəti və igid oğullarımızın hünəri sayəsində götürülə bilərdi. 27 sentybr 2020-ci il 44 gün davam edərək sonu Böyük Zəfərlə yekunlaşan qalibiyyət yolunun başlandığı gün kimi tarixə düşdü. Döyüşlərin ilk günlərindən məhv edilən ermənilər qaçmağa başladılar. Hər gün Cənab Prezident topraqlarımızın alınması müjdəsini tvitlərlə, çıxışları ilə xalqımıza çatdırdı. Xalq olaraq qələbəyə kökləndik. Eyni zamanda qızğın döyüşlər davam edirdi. Düşmən bir qayda olaraq silah-sursatlarını döyüş meydanında qoyub qaçır, ancaq uzaqdan artilleriya silahları ilə atəş açırdı. Qanı bahasına torpaqlarımızı azad edən, yeni qəhrəmanlıq salnaməsində imzası olan igidlərimizdən biri də kəşfiyyatçı Əlizamin Ramazanlıdır. 

Ramazanlı Əlizamin Umud oğlu 2000-ci il mayın 9-da Bərdə rayonu Şirvanlı kəndində anadan olub. Əslən Xocalı rayonunun Kosalar kəndindəndir. Onun doğum günü ata-baba yurdunun işğalı ilə eyni günə düşürdü. Əlizamin 2006-cı ildə Şuşa rayon 19 nömrəli tam orta məktəbinin 1 sinfinə gedib, 2017-ci ildə həmin məktəbi bitirib. 2017-ci il iyulunda Sərhəd qoşunlarında hərbi xidmətə başlayıb, 2019-cu il il yanvarında hərbidən tərxis olunub.

Əlizamin  uşaqlıqdan Vətən, Ana sözlərini dilində əzbər etmişdi. O, uşaq yaşlarından igid kimi böyüyürdü. Əlizamin əsgər olarkən hər zaman Vətənin keşiyində layiqincə durmağı özünə borc bilib. Valideynlərinə mən hərbi xidməti bitirsəm də, yenidən Vətənimin keşiyində durmağa qayıdacağam deyirdi. Əlizamin evin tək oğlu idi. Valideyləri evin tək oğlu olduğu üçün bu iş çətin yoldur desə də, Əlizamin razı olmayıb. Vətənpərvər gənc valideynlərinə mən hərbçi olacağam deyərək 2020-ci il fevralın 13-də Sərhəd Qoşunlarında kəşfiyyatçı Gizir kimi işə başlayıb.

Əlizamin kiçik yaşlarından anasından qohumu, “Azərbaycanın Milli Qəhrəmanı” Tabil Həsənovun döyüş yolunu tez-tez soruşardı. “Qırxqız qartalı” ləqəbli Tabil Həsənov onun üçün qəhrəmanlıq məktəbi olub. Əlizamin Tabil Həsənovun qəhrəmanlıq hekayələri ilə böyüyüb, vətənpərvər gənc kimi yetişib. Onun döyüşkən ruhu Tabil Həsənovun qəhrəmanlıq dastanı ilə yoğrulmuşdu.

Anası ilə danışanda məndən narahat olmayın, ən ağır silah sənin oğlundadır deyərək arxayın edərdi. Ana, sadəcə onu bil ki, hər şey Vətən üçündür. Əlizamin hər zaman ailəsi ilə danışanda onun son sözləri mən yaxşıyam, təki siz yaxşı olun, təki Vətən sağ olsun sözləri olardı. Xocalıya bayrağımızı özüm sancacağam deyərdi. Görmədiyi ata yurdu Xocalının Kosalar kəndində bayrağımızı qaldırmaq ən böyük arzusu idi.

Xüsusi Təyinatlı Qüvvələrdə işlədiyi üçün necə işlədiyini, nələr etdiyi haqqında danışmazdı. Çünki həmişə deyərdi ki, kəşfiyyatçı görünmədən görmək, ölmədən dönməkdir. Əzizləri ilə danışanda qürurla Xüsusi Təyinatlı Qüvvələrdə işləmək hər oğulun işi deyil söyləyərdi. Doğrudan da belədir. Əlizamin Tovuz döyüşlərində də igidliklə döyüşərək məharətini göstərib. 

Sentyabr ayının əvvəlində ailəsi ilə görüşə gəldikdə anasına papağını, atasına isə ətrini hədiyyə edib. Əlizamin sanki şəhid olacağını bilirmiş kimi vidalaşıb evdən çıxarkən. Son görüşündə ana, gəl şəkil çəkdirək, bu şəklimizi xatirə saxlayarsan deyərək evdən ayrılıb.

Vətən Müharibəsi başladığı gündən yalnız düşməni məhv etmək məqsədi ilə vuruşan Əlizamin Ramazanlı Murovdağ silsiləsinin alınması uğrunda döyüşlərdə iştirak edib, Kəlbəcər tərəfdə kəşfiyyat əməliyyatlarında ön sıralarda olub. Sonra Füzuli istiqamətində döyüşlərə qatılıb. Şəhid olduğu gün isə iş yoldaşını maşından düşürərək erməni öldürməyə mən gedəcəyəm deyib. Komandiri isə Əlizaminə sən yeni gəlmisən, gözlə desə də, o xahişində təkidli olub. Oktyabr ayının 9-u Hadrut uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Komandiri deyir ki, Əlizamin komandanın göyərçini gözündən vuran ürəyi idi. Ramazanlı hansı döyüşə gedərdisə iş yoldaşları bizə qorxu yoxdur deyərmiş. Əlizminin uşaqlıqdan idmana böyük həvəsi vardı. O, idmanla məşğul olurdu. Çevikliyi, cüssəsi ilə sanki kəşfiyyatçı olmaq üçün doğulmuşdu.

Əlizamin kimi igidlər Qarabağ Azərbaycandır deyərək qanları ilə tarix yazdılar. İndi bütün şəhidlərimizin ruhu rahat uyuyur və şaddır. Çünki onların müqəddəs mübarizəsi qələbəmizlə yekunlaşdı, Qarabağı yağı düşmən tapdağından azad etdik. Şəhid Əlizamin Ramazanlı da toprpaqlarımızın işğaldan azad edilməsi uğrunda öz canından keçərək uca məqama yüksəldi.

Subay idi.

Şəhidimiz Bərdə şəhəri Şirvanlı kənd qəbiristanlığında dəfn edilib.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, kiçik gizir Ramazanlı Əlizamin Umud oğlu ölümündən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş kiçik gizir Ramazanlı Əlizamin Umud oğlu ölümüdən sonra  “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etdirmiş kiçik gizir Ramazanlı Əlizamin Umud oğlu ölümüdən sonra “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilib.

Ruhu şad olsun!







Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi