Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

2020-ci ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır

 


        Yanvar ayının 6-da Prezident İlham Əliyevin sədrliyi ilə ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə keçirilib. Müşavirə Şanlı Zəfər tariximizin yekunlarına həsr olunmuş müşavirə kimi yadda qaldı. Müşavirədə Böyük Qələbə qazanmış ölkəmizdə 2021-ci ildə görüləcək işlər haqqında danışılıb. Prezident giriş nitqində bildirib ki, keçən ilin və nəinki keçən ilin, son 30 ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır. Azərbaycan 44 gün ərzində tarixi Qələbə qazanaraq öz torpaqlarını azad etdi, düşmənə sarsıdıcı zərbələr endirdi, Ermənistanı məğlub etdi. Bu məğlubiyyət nəticəsində Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb, təslim olub və biz 3 rayonumuzu bir güllə atmadan, bir şəhid vermədən siyasi yollarla geri qaytardıq. Beləliklə, Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyuldu. Biz bunu hərbi yollarla həll etdik. Baxmayaraq, uzun illər ərzində beynəlxalq vasitəçilər, demək olar, bütün aparıcı beynəlxalq təşkilatlar bizə deyirdilər ki, münaqişənin hərbi həlli yoxdur. Biz də deyirdik ki, əgər belədirsə, onda münaqişə sülh yolu ilə həll olunsun, biz də bunun tərəfdarıyıq.

        Prezident İlham Əliyev ötən ildə korrupsiya və rüşvətxorluğa qarşı aparılmış mübarizə tərbirlərindən də söz açıb. Ölkə başçısı qeyd edib ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha ciddi aparılmağa başlanmışdır. Hesab edirəm ki, o da sırf kadr islahatları ilə bağlı olan məsələdir. Xoşagəlməz hallar bürokratiya tərəfindən ört-basdır edilirdi və bəzi hallarda düzgün məlumat mənə çatdırılmırdı. Müvafiq qurumlar korrupsiyaya və rüşvətxorluğa qarşı kifayət qədər ciddi mübarizə aparmırdılar, bəzi hallarda cinayətlərə göz yumurdular. Bütün bunlar həqiqətdir. Kadr islahatları artıq buna da son qoyub. Bu gün heç kim, cinayət törətmiş insan vəzifəsindən asılı olmayaraq məsuliyyətdən boyun qaçıra bilməz. Heç kim qanundan üstün deyil. Heç kim üçün heç bir xüsusi status, heç bir imtiyaz yoxdur. Bunu hər kəs bilməlidir. Hesab edirəm, 2020-ci ilin hadisələri göstərir ki, hər kəs bunu artıq bilir.

        Prezident İlham Əliyev nitqində onu da vurğulayıb ki, koronavirus, əlbəttə ki, bütün dünya üçün çox böyük sınaq idi. Hesab edirəm ki, Azərbaycan bu sınaqdan şərəflə çıxır. Vəziyyət tam nəzarətdədir. Operativ tədbirlər nəticəsində yeni xəstəxanalar tikildi, laboratoriyalar alındı. Həkimlər səfərbər olundu. Koronavirus xəstələrinə qulluq edən həkimlərin maaşları artırıldı, onlar əməkhaqlarının 3-5 misli həcmində maaş alırlar. Çox böyük sosial paket təqdim edildi. Bir neçə milyard manat dəyərində sosial paket koronavirusdan əziyyət çəkən insanlara, o cümlədən qeyri-formal çalışan və işsiz vətəndaşlara yardım kimi göstərildi. Bu gün biz peyvəndi gözləyirik. Ümid edirik ki, peyvənd bu ay ərzində Azərbaycana gətiriləcək. Hər halda bütün kontraktlar imzalandı. Peyvəndin bir qədər gec gətirilməsi bizdən asılı deyil. Ondan sonra insanlar kütləvi qaydada bu peyvənddən istifadə edəcək və canımız bu xəstəlikdən qurtaracaq. 

        Baxmayaraq ki, 2020-ci il bütün ölkələr üçün iqtisadi sahədə ağır il olub, amma Azərbaycan digər ölkələrə nisbətən bu vəziyyətdən daha az itkilərlə çıxıb. Bizim iqtisadiyyatımız təqribən 4 faizdən bir qədər çox azalıb. Hesab edirəm ki, bu, yaxşı göstəricidir. Amma, eyni zamanda, onu da bildirməliyəm ki, qeyri-neft sənayemiz 11 faizdən çox artıb. Nəyin hesabına? Məhz şaxələndirmə hesabına. Ona görə ki, sənayeləşmə siyasəti düzgün aparılıb. Neftin hasilatı bizdə azalır. Eyni zamanda, OPEC+ razılaşmasına görə biz özümüz də azaltmışıq. Neftin qiyməti aşağı düşüb. Əgər bu neft amili olmasaydı, bizim iqtisadiyyatımız bəlkə də daha az düşərdi. Amma qeyri-neft sənayesinin 11 faizdən çox artması real iqtisadiyyatın, qeyri-neft iqtisadiyyatının inkişafı deməkdir.

        Ölkə başçısı azad olunmuş torpaqlarda ilkin infrastruktur layihələrinin icrasından danışıb. Məlumat verib ki, Xudafərin və Qız qalası hidroqovşaqlarında qurulacaq su elektrik stansiyaları böyük enerji potensialına malikdir. Eyni zamanda, Kəlbəcər və Laçın rayonlarında su elektrik stansiyalarının yaradılması məsələsi gündəlikdədir. Prezident İlham Əliyevin sözlərinə görə, biz dünyaya göstərəcəyik ki, nəinki bu əraziləri bərpa etdik, həm də dünyanın ən gözəl məkanlarından birinə çevirdik. 240 meqavat gücündə külək elektrik stansiyasının tikintisinə start verilir, xarici investor bu stansiyanı öz pulu ilə tikəcək. Xarici investorlar azad olunmuş torpaqlara cəlb edilməlidir. Bu torpaqlarda ilkin infrastruktur layihələrinin icrası artıq başlamışdır. Birinci layihə Şuşa şəhərinə yol layihəsidir. Digər vacib layihə çox çətin relyefdən keçən Toğanalı - Kəlbəcər yoludur. Toğanalıdan Kəlbəcərə çəkiləcək yol Laçın rayonuna da davam etdiriləcək.Horadizdən Zəngilana, oradan Qubadlıya və oradan da Laçın rayonuna qədər yol çəkilməsi üçün də hazırlıq işləri gedir.Beləliklə, həm şimaldan, həm cənubdan Laçın və Kəlbəcər rayonlarına yol-nəqliyyat infrastrukturu yaradılır.Ya Laçın, ya da Kəlbəcər rayonunda yeni beynəlxalq hava limanı tikiləcək. Füzuli şəhərində isə beynəlxalq hava limanının tikintisinə artıq az vaxt qalıb. İki beynəlxalq aeroport Qarabağ zonasını bərpa etmək, yüklərin daşınması, turizmin inkişafı üçün bizə kömək göstərəcək. Horadiz-Füzuli və ondan sonra Füzuli-Şuşa dəmir yolunun tikintisi də nəzərdə tutulur. Horadiz-Ağbənd(Zəngilan rayonunda Ermənistan sərhədinə yaxın olan qəsəbə) dəmir yolu da yenidən tikiləcək.Naxçıvan dəhlizini açmaq üçün bu yol xüsusi əhəmiyyət daşıyır. Bu yoldan həm Azərbaycan, həm Türkiyə, həm Rusiya, həm Ermənistan, həm də İran istifadə edəcək. Bu yol gələcəkdə çoxtərəfli əməkdaşlıq üçün xüsusi əhəmiyyətə malikdir. Ermənistan dəmir yolları Rusiya dəmir yollarının mülkiyyətindədir, bizim tərəf müqabilimiz, əlbəttə, Rusiyadır. Biz bu məsələni Rusiya ilə müzakirə edirik.

        Ən mühüm məsələlərdən biri isə Vətən Müharibəsinin birinci qəhrəmanları olan şəhidlərimizə və onların ailələrinə dövlət qayğısının daimi olacağı ilə bağlı Ali Baş Komandan İlham Əliyevin səsləndirdiyi fikirlər idi. Prezident bildirdi ki, məcburi köçkünlər üçün nəzərdə tutulmuş evlər şəhid ailələrinə veriləcək. “Bu qərarı mən qəbul etdim. Artıq göstəriş verdim ki, Dövlətqaçqınkomun balansında olan mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilsin. Kifayət qədər böyük bir proqramdır. Ona görə həm müharibəyə qədər növbədə dayanan şəhid ailələri yerləşdirilməlidir bu evlərdə. Eyni zamanda, İkinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəman hərbçilərimizin yaxınları bu evlərdə yerləşdirilməlidir. Bu, ədalətli qərardır.” Doğrudan da belə bir qərarın qəbul edilməsi öz canlarını Vətən torpaqlarımızın işğaldan azad edilməsi üçün fəda edən müqəddəs şəhidlərimizin ruhuna hörmət, onların ailələrinə isə diqqət və qayğının nümunəsi kimi qimətləndirilməlidir.

        İlin sonunda, dekabrın 31-də daha bir şad xəbərin gəldiyini vurğulayan Prezident İlham Əliyev deyib ki, Cənub Qaz Dəhlizi, onun son seqmenti olan TAP tam istismara verilib. Tarixdə ilk dəfə olaraq Azərbaycan qazı artıq Avropa məkanındadır. Bu, bizim tarixi nailiyyətimizdir.

Seymur İsgəndərov,

Xocalı şəhər 5 saylı tam orta məktəbin müəllimi

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönderme

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi