BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

19 Ocak 2021 Salı

XOCALI AZƏRBAYCANIN QƏDİM YAŞAYIŞ MƏSKƏNİDİR

Posted at  1/19/2021  |  in  XOCALI RAYONU

Dünyada insanın yarandığı ilk mәskәnlәrdәn biri olan və әsrlәr boyu tәkcә Azərbaycanın deyil, bütün Zaqafqaziyanın iqtisadi, siyasi və mәdәni həyatında mühüm rol oynamış Qarabağın olduqca zəngin bir keçmişi vardır.

Dәfәlәrlә yadelli işğalçıların ardı-arası kәsilmәyәn hücum­larına sinә gәrmiş qәdim Qarabağ əhalisi nəinki öz varlığını qoruyub saxlamış, hәmçinin xalqımızın çoxәsirlik tarixini özündə əks etdirən zəngin maddi-mәdәniyyәt abidәlәri yaratmış və onu indiyə kimi qoruyub saxlamışdır. Öz tarixinin və abidәlәrinin zənginliyi ilə şöh­rət tapmış Qarabağın keçmişi bir çox məşhur dünya şərqşünaslarının, o cümlәdәn Amerika, İngiltәrә, Fransa, Almaniya və digər ölkə alimlərinin diqqətini cəlb etmişdir. Onlar bu zəngin diyarın iqtisadi, siyasi və mәdәni həyatına aid maraqlı mülahizәlәr söylәmişlәr. Onu da qeyd etmək yerinə düşərdi ki, Azərbay­canın digər bölgələrindən fərqli olaraq, Qarabağın özünün xüsusi tarixşünaslıq әnәnәlәri möv­cud olmuşdur. Onun tarixini özündə əks etdirən çoxlu zәngin ədəbiyyat silsiləsi vardır.

Qeyd edək ki, Xocalı olduqca əhəmiyyətli coğrafi şəraitdə - Yuxarı Qara­bağın dağlıq hissəsində, Şuşa şəhərindən 18 km, Xan­kəndidən 12 km Şimal-Şərqdə, üç çayın – Qarqar, Xocalı və İlis çaylarının qovşağında, Ağdam-Şuşa-Laçın yolunun üstündə, Xan­kən­di və Əsgəran arasındakı geniş bir ərazidə, hər tərəfdən dairəvi əhatə olunmuş Qarabağ dağ (Kiçik Qafqazın Kirs və Qırxqız dağları) silsiləsində yerləşir. Qırxqız dağından hündürlüyü 2827 m) Ağdama, Xankəndidən Bozdağa, Meydan­dan (Qırxqız ətəklərindən) Kətiyə qədər geniş, münbit torpaq və otlaq sahələri xocalıların ulu baba­larının yurd yerləri olub. Olduqca gözəl təbii və coğrafi şəraiti – bol sulu çaylarının, buz bulaqlarının, əkin üçün yararlı münbit torpaq sahələrinin, maldarlıq üçün otlaq sahələrinin (qışlaq və yaylaq), zəngin flora və faunasının, bir sözlə, həyat üçün lazım olan bütün təbii şəraitinin olması Xocalı ərazisində qədimdən ulu əcdad­la­rımızın məskən salmasına səbəb olmuş, minilliklər boyunca bu ərazidə yaşamışlar. Xocalı ərazisində tapılan, qədim türk soylarına (tayfalarına) məxsus olan tarix və mədəniyyət abidələri buna parlaq misaldır. Xocalı abidələr kompleksi bizə ulu əcdad­larımızdan, babaları­mızdan miras qalmış yadigardır. Bu abidələr qədim ulu tariximizin canlı nümunə­ləridir. Xocalı abidələr kompleksinə əsasən bunlar daxildir: son tunc, erkən dəmir dövrünə (eramızdan əvvəl XIV-XIII əsrdən, e.ə.VIII-VII əsrə kimi) aid edilən 5 adda 11 nəhəng kurqan (ən böyüyü Haçatəpə kurqanı), torpaq və daş kurqanlar, irili xırdalı böyük əraziləri tutan nisbətən yastı torpaq kurqanlar (Üzərlik təpə, Xoruz təpə, Göyərçin təpəsi, Tülkü təpə, Kərbəlayı Abış qa­yası, Cəfər təpəsi, Sarı qaya, Çınqıl təpə və s.). Bu kurqanlar ərazidə yaşa­yan qədim türk tayfalarının əli ilə bünövrə tutaraq yüzilliklər boyunca salınan möhtəşəm abidələrdir.

Son illərdə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu­nun əməkdaşları tərəfindən Qarabağın o cümlədən qədim tarixə malik Xocalının tarixinin öyrənil­məsi sahəsində xeyli işlər görülmüş və hal-hazırda da bu sahədə işlər davam etdirilir.

Oxuculara təqdim olunan bu fəsildə də məqsəd məhz həmin tədqiqatların nәticәlәri ilə qismən də olsa onları tanış etməkdir.

Әlbәttә, kiçik bir fəsildə Qarabağın o cümlədən onun bir hissəsi olan Xocalının keçmiş tarixinin hәrtәrәfli işıqlandırılması qeyri-mümkündür. Bizim başlıca məqsədimiz bu zəngin diyarın keçmişinə qısa ekskurs vermәklә, geniş oxucu diqqətini cəlb etməkdir.

Qarabağın qədim yaşayış məskənlərindən biri də Xocalıdır. Xocalı öz abidәlәrinin növləri, onların xarakterik xüsusiyyәtlәri və maddi-mәdәniyyәt qalıqlarının zənginliyi etibarilə hәlә keçən әsrdәn dünya alimlərinin diqqətini cəlb etmişdir. Bu abidәlәrlә alman arxeo­loqu E.Resler, rus şərqşünası M.Xanıkov, ingi­lis F.Bayer, fransız A.Berje vә başqaları tanış olmuş və oradan tapdıqları əşyaları öz ölkә­lәrinә apararaq ayrı-ayrı muzeyləri zәnginləşdirmişlər.

Xocalı ərazisində - Qarqar çayının sol sahilində Fərəcanlı ad­lanan böyük bir sahədə, tarixi mənbələrə əsasən çox qədimdə möv­ud olmuş, lakin naməlum səbəbdən bataraq, torpaq altında qalmış Fərəcan şəhəri olmuşdur (Laçın rayonunda da Fərəcan adlı kənd var). Bundan başqa, Xocalı və İlis çaylarının arasındakı üçbucaqda, Yerli Xocalıdan 1-2 km yuxarıda çox böyük bir ərazini tutan Üzərliktəpə kurqanı yerləşir. Xocalı ərazisində babalarımızın və onların ata babalarının tanıdığı və yaşayıb yaratdıqları kənd, Xoca­lıdan 10-12 km şimal-qərbdə Sarı Qaya adlanan nəhəng kurqanın və İlis çayının sağ sahilində yerləşən Qədim Xocalı – Qışlaq adlanan kənd olmuşdur. Bu kənd Xocalıda tanıdığımız ən qədim kənd idi. Kəndin yaxın­lığında ulu əcdadlarımızın, dədə-babalarımızın uyu­duğu, yaşı 3500-4000 il olan (Ağdamdakı qədim Qarağacı qəbiris­tanlığı ilə həmyaşıd) qədim qəbiristanlıq mövcud olmuşdur. Burada daşdan yonulmuş yazısız abidələr – qoç, öküz, bayquş, yəhər, nəhrə və digər şəkilli abidələr də olmuşdur. (Bu abidələr ermə­nilər tərə­findən oğurlanmış, məhv edilmişdir). Kənd əhalisinin adı Qarabağ xanən­dələrinin və şairlərinin dilindən heç zaman düşməyən, ilin bütün fəsillərində başı qarla örtülü olan Qırxqız dağının ətəklərində “Meydan” adlanan, böyük bir ərazini tutan yaylaq yerləri var idi. Kənd əhalisi mal-qarasını, qoyun sürü­lərini yay aylarında yaylaqda – Meydanda bəsləyər, payız, qış mövsümünü isə Qışlaqda keçirərdi. Meydanda hər bir Qışlaq (Qədim Xocalı) ailəsinin öz yurd yeri – yaylaq yeri var idi. Belə­liklə, Qədim Xocalı kəndi – Qışlaq kəndi (bəzən babalarımızın dilində “Qışdaqlar” ya “Qışlaqlar” kimi söylənilən) sonralar – ermənilərin XIX əsrin əvvəllərində Qarabağa kö­çün­dən sonra əsasən ermənilərin məskunlaşdığı Daşbulaq kən­dinin yaxın­lığından İlis çayının mənbəyinə doğru, Sarıqaya Kur­qanının sağ yamaclarına qədər geniş bir ərazidə yerləşirdi.

Xocalı ərazisində son Tunc və ilk Dəmir dövrünə (e.ə. XIII-VII əsrlər) aid arxeoloji abidə olan “Xocalı qəbiristanlığı” aşkar edil­mişdir. XIX əsrin sonunda təqdim olunmuş bu abidə, daş qutu və Kurqanlarından ibarətdir. Tədqiqatlar nəticə-sində Xocalı qəbiris­tanlığında dövr etibarilə biri-digərini əvəz edən beş tip kurqanlar müəyyənləşdirilmişdir. Həmin Kurqanlarda müxtəlif tipli saxsı qab­lar, silahlar (qılınc, xəncər, nizə və ox ucluğu, balta-təbərzin), qızıl, tunc, balıqqulağı, əqiq, şüşə, pasta və digər materiallardan hazırlanan bəzək əşyaları, tunc əmək alətləri və at əsləhləri aşkar edilmişdir. Xocalı Kurqanlarından tapılmış əqiq muncuğun üstündə Assuriya çarı Adadnirariyə aid mixi yazısı, o cümlədən şirli saxsı qablar, pasta və şüşədən muncuqlar, qızıldan bəzək əşyaları, silindirik möhür və s. yerli əhalinin Yaxın Şərq ölkələri ilə iqtisadi-mədəni əlaqələrini göstərir.

Azərbaycan alimləri tәrәfindәn Xocalı abidәlәrinin tәdqi­qinә 1920-ci illәrdә başlanmışdır. Burada ilkin tədqiqat işləri aparmış Azərbaycanın görkəmli alimi Ә.Әlәkbәrov Xocalı abidәlәri kom­pleksini Azərbaycan abidәlәri haqqında tәsәvvür әldә etmək üçün açar adlandırmışdır.

Әsasәn eramızdan әvvәl XVII-XIII әsrlәri әhatә edәn Xocalı abidәlәri kompleksi yaşayış yerlәrindәn, daş qutu qәbir­lәri, müxtəlif tipli kurqanlardan, siklop tikililәr, kromlexlәrdәn vә menhirlәrdәn ibarәtdir.

Xocalı abidələr kompleksinə aid yaşayış yerləri, bir qayda olaraq, çay kənarlarında, təbii-coğrafi cәhәtdәn əlverişli yerlәr­dә, xüsusilә strateji cәhәtdәn müdafiəsi qismən asan olan tәpәlәr üzә­rindә salınırdı. Yaşayış yerlәrindә evlər әksәr hallarda yarım­qazma halında olub, yuxarı hissәsi yonulmamış çay daşlarından palçıqla suvamaq yolu ilә tikilirdi. Evlәrin әksәriyyәti çoxgözlü olub, bütün tayfa üzvlәrinә aid hesab edilirdi. Arxeoloji qazın­tılar nәticәsindә müәyyәn edilmişdir ki, çox vaxt tayfa evləri uzunsov olub, düz­bucaqlı formada inşa edilmişdir. Bәzәn uzunluğu 17-18 metr, eni isә 8-10 metr olan bu cür evlәr xüsusi arakәsmәlәr vasitəsi ilә bir neçə hissәyә bölünmüşdür. Evin divarlarında xüsusi baca yerlәri düzəl­dilirdi. Onun içәrisindә ərzaq saxlamaq üçün ya quyu qazılırdı, yaxud da iri tәsәrrüfat küpləri basdırılırdı. Tunc dövrünün sonu vә Dәmir dövrünün әvvәllәrindә, yəni eradan әvvәl II minilliyin so­nunda artıq bu cür evlərin döşәmә vә divarları xüsusi ağ maddәlәrlә suvanır vә böyük ailә evlәri kiçik ailә evlәri ilә әvәz olunur. Xocalı qəbiristanlığında şirli gil mücrü, qızıldan şir başı, yastı balta təbə­rizin, tunc quş fiquru, şirli cam, sərnic formalı gil qab, saxsı kuzə və digər nadir maddi-mədəniyyət nümunələri aşkar edil­mişdir.

Bəhs olunan dövrdə Xocalıda möhrәdәn hörülmüş evlәrә və formaca dairəvi olan yarımqazma evlәrә dә təsadüf edil­mişdir. Bütün bunlar primitiv şәkildә dә olsa yerli əhalinin müxtəlif tikinti texni­kasına malik olmasını parlaq surәtdә sübut edir.

Xocalı-Gәdәbәy mәdәniyyәtinә aid abidәlәrin böyük bir qismini dә siklop tikililәri tәşkil edir. Әsasәn yüksәk tәpәlәrdә vә alçaq dağ­larda bina edilmiş bu abidәlәr yerli әhali tәrәfindәn “Qalaça”, “Örtük daşı”, “Hasar”, “Düzülü daş” vә s. adlanırdı. Siklop tikililәrinin xara­k­terik cәhәti ondan ibarәtdir ki, bu abidәlәr yonulmamış iri daş­lardan, suvaqsız olaraq, müәyyәn bir plana riayәt olunmadan tikil­mişdir. Bu tikililәr bәzәn iki vә hәtta üç qat divarlarla әhatә olu­nurdu. Hәr bir divarın arasındakı mәsafә 5-10 m-ә qәdәr olur. Siklop tikililәrindә qapı yerlәri üç sal daşdan düzәldilib, üstündәn isә hörgü davam etdirilmişdir. Siklop tikililәrini tәdqiq etmiş alimlәr onların nә vaxt meydana gәlmәsi vә nә mәqsәdlә bina edilmәsi üzәrindә xeyli mübahisә etmişlәr. Mәlum olmuşdur ki, bu abidәlәr әsasәn, eradan әvvәl II minillikdә vә I minilliyin әvvәllәrindә mövcud olmuşdur. Onların dövrü müәyyәn edilsə də onların vəzifəsi, yәni nә mәqsәdlә tikilmәsi hәlә dә mübahisəlidir. Bəzi alimlər onların daimi yaşayış yeri və böyük ticarət yolları üzərində müdafiə məntəqələri, bəziləri siklopların böyük bir qismini müqəddəs yer olub, ibadətgah məqsədilə buna edildiyini, bəziləri bağ-bostan yeri olduğunu, daha başqaları isə bu tikililəri köçərilərin mal-qara saxlamaq üçün inşa etdiklərini söyləyirlər. Lakin son tədqiqatların nəticələrindən aydın olmuşdur ki, bütün Kiçik

Qafqaz dağlarının köç yolları kənarında inşa edilmiş siklon tikililərinin heç dә hamısı eyni mәqsәd güdməmişdir vә başlıca ola­raq üç mәqsәd daşımışdır: 1) iri ticarət yolları üzәrindә bu yolları müdafiә etmәk mәqsәdilә; 2) düşmәn hücumları zamanı әhalini mü­vәq­qәti mühafizә etmәk mәqsәdilә; 3) müqәddәs yerlәri әbәdi­lәş­dirmәk məqsәdilә bina edilmişlәr. Onların bir çoxu sonralar yaşayış mәskәni kimi vә yaxud da köçәrilәrin öz mal-qarasını saxlamaq üçün istifadə edilmişdir.

Onu da qeyd edək ki, Xocalı-Gәdәbәy mәdәniyyәti – Azərbay­canda Qafqa­zın dağ və dağətəyi rayonlarında, Kür-Araz çayları arasında, Şərqi Gürcüstanda son Tunc və ilk Dəmir dövrlərinə (e.ə. XIII-VII əsrlər) aid arxeoloji mədəniyyət nümu­nəsidir. Xocalı-Gәdә­bәy mәdәniyyәti Xocalı yaxınlığında Gədə­bəy rayonun­da ilk dəfə tədqiq olunmuş abidələrin adı ilə adlan­dırılmışdır. Xocalı-Gәdәbәy mәdәniyyәtinin abidələri yaşayış yerləri, emalatxanalar, qəbirlər, ibadətgahlardan ibarətdir.

Xocalı-Gәdәbәy mәdәniyyәti sakinlәrinin hәyat tәrzini vә mә­dәni inkişaf sәviyyәsini öyrәnmәk üçün həmin mәdәniyyәtә mәxsus qәbir abddәlәri vә qәbirlәrdәn toplanmış maddi mәdә­niyyət qalıqları böyük әhәmiyyәt kəsb edir. Arxeoloji tədqiqat­lardan aydın olmuşdur ki, bu mәdәniyyәt sahiblərinin bir neçə tip qəbir abidəsi olmuşdur ki, onların da böyük bir qrupunu kurqan qәbirlәri təşkil edir.

Qarabağ düzlərinin bir növ təbii yaraşığı olan bu kurqanlar müxtəlif quruluşlu vә müxtəlif tərkibli hündür tәpәlәrdәn ibarət olub, vaxtilə süni surətdə qәbirlәrin üstünə tökülmüşdür. Kurqanlar bәzәn sadәcә olaraq torpaqdan, yaxud daşdan, bir çox hallarda isə daşla torpağın qarışığından tökülmüşdür.

Kurqanların özlәri müxtәlif olduğu kimi, onların altındakı qәbirlәr dә müxtəlif olmuşdur. Ölünü dәfn etmәk üçün bәzәn kur­qanın altında “ev” tikilmiş, dairəvi hasar çəkilmiş, bәzәn isə daş qutular düzəldilmişdir. Xocalı kurqanlarında aparılmış qa­zın­tılar nә­ti­cәsindә müәyyәn edilmişdir ki 3-4 min il bundan əvvəl bu ərazidə iki cür dəfn adəti olmuşdur. Onlardan biri ölünü olduğu kimi dəfn etmək, digəri isə ölünü yandıraraq dəfn etmək. Hər iki halda kur­qanlar həm ailəvi, həm də tək-tək şəxslərə məxsus düzəldilmişdir. Ailəvi kurqanlarda bəzən 50-dən çox skelet aşkara çıxarılmışdır.

Xocalı-Gәdәbәy mәdәniyyәtinin yayıldığı ərazidə misәrit­mә kürәlәri (Mingəçevir), mis və tunc məmulatları hazırlayan emalat­xana (Topal Hәsәnli) qalıqları, çaxmaqdaşıdan alәt və silahların istehsal tullantıları (Gillikdağ) aşkar edilmişdir. Yaşayış yerləri hasarlı (Xaçbulaq) vә hasarsız (Mingəçevir) bina və tikililəri әsasәn, dördkünc yarımqazmadan (yerüstü divarlar, daş, qamış, gildən) iba­rәtdir. Torpaq, daş qutu qәbirlәr vә kurqanlarda ölülər bükülü, uza­dılmış, oturdulmuş (bәzәn yan­dırılmış) vәziyyәtdә dəfn edilmişdir. Yoxsul vә varlı qәbirlәrin keramikası eynidir. Varlıların qәbirinә qiymətli silahlar, bəzək əşyaları qoyulmuş, öküz, qoyun, zəngin bəzə­dilmiş at, dəvə, qadın, döyüşçü, qul da basdırılmışdır (Goran­boy, Qarabağ, Füzu­li, Mingəçevir). Qəbirlərdən tunc qılınc, təbərzin, xəncər, toppuz, ox, yaba, nizə ucluğu, qazan, bardaq, cilov, kəmər dəsti, ov və mifoloji səhnə bəzəkləri, bilərzik, üzük, əqiq vә sü­mükdən bәzәk əşyaları (muncuq, asma, sırğa vә s.), dulus çarxında gildən (piyalə, bardaq, sərnic, nehrə, süzgəc vә s.), daşdan (vaza, qulplu bardaq, qapaqlı daş qab) müxtəlif məmulatlar aşkar edil­mişdir. Şirəli qara qablar, ov sәhnәsi, heyvan vә səma cisim­lərinin tәsvirlәri vә s. ilә bәzәdilmişdir. Maddi-mədəniyyət nü­mu­nələri sübut edir ki, Xocalı-Gədəbəy mədəniyyətinin son dövründə dəmir alət vә silahlar (nizə, bıçaq, xәncәr vә s.), möhkәmlәndirilmiş yaşa­yış yerlәri meydana gәlmişdir. Әhali әkinçilik, maldarlıq, həmçinin bağçılıq, üzümçülük, ovçuluq, balıq ovu, sәnәtkarlıq vә s. ilə məşğul olurdu. Metallurgiya da inkişaf etmişdi. Təsviri sәnәt materialları (gil vә tunc fiqurlar, qab, kәmәrlәr üzərində cızılmış təsvirlər və s.) əhalinin dini və estetik görüşlərini əks etdirir. Yerli əhali qonşu tay­falarla әlaqә saxlamışdır. Xocalı-Gədəbəy mədəniyyəti əhalisinin Qafqazın müasir xalqlarının uzaq əcdadları olmasını güman etmәyә əsas var.

Onu da qeyd edək ki, ölüyandırma hadisəsi Qarabağda uzun ömür sürmәmişdir vә alimlәrin ehtimalına görə bu adət, qalıqları indi dә dünyanın bir çox xalqları arasında mövcud olan müqәddәs od ayini ilə әlaqәdar idi. Lakin istər ölü yandırmaq, istәrsә də ölünü olduğu kimi dəfn etmə adәtindә kurqan qәbirlәri üçün xarakterik olan ümumi bir әlamәt vardır. Bu әlamәt həmin qәbirlәrdә dəfn olu­nan adamın axirət dünyaya böyük var-dövlәtlә yola salınması idi. Azərbaycanın hər yerində olduğu kimi Qarabağ sakinlərinin dә qәdim dini әqidәsinә görə guya ölən adam ölmür, o, yalnız dünyasını dәyişir. Daha doğrusu müvәqqәti olaraq bu dünyanı tərk edib, әbәdi axirət dünyasına gedir. Ona görə də ölən şəxsi axirət dünya üçün hər şeylə: mal-qara, ev avadanlığı, bәzәk şeylәri, şәxsi geyim, silah vә başqa qiymətli әşyalarla tәmin edib, bu şeylәri onun qәbrinә qoyurdular, hәtta bәzәn elә olurdu ki, ölən adamın әzizlәrindәn birini dә öldürüb onun yanında dəfn edirdilər. Sinifli tәbә­qәlәşmә dövründə isə iri qәbilә başçıları öldükdə onun xid­mәtçilәrindәn bir-iki nәfәrini ölən adamla birlikdә dәfn edirdilәr ki, axirәt dünyasında da ona xidmәt etsinlәr. Belәliklә, hәr bir kurqan özü ayrılıqda bir xәzinәni xatırladır. Kurqan qazıntıları zamanı oradan aşkar edilmiş maddi mәdәniyyәt qalıqları yerli әhalinin ibtidai dini ideologiyasını, onun tәsәrrüfat hәyatını, hәrbi lәvazimatını, incәsәnәtini, mәişәtini vә bir sıra başqa sahәlәrini öyrәnmәk üçün böyük әhəmiyyәt kәsb edir.

Xocalı kurqanlarının tədqiqi nәticәsindә məlum olmuşdur ki, bəhs etdiyimiz dövrdə Qarabağın sakinlərinin həyatında sənətkar­lığın iki böyük sahəsi mühüm yer tutmuşdur. Onlardan biri dulus­çuluq, digəri isə metal işlәmә sәnәtidir.

Ümumiyyәtlә, bәşәr tarixinin Tunc dövründə demək olar ki, mәişәtin bütün sahәlәrindә, әsasәn, gil qablardan istifadә edilirdi. Gildən tәsәrrüfat qabları, bәzәk əşyaları, uşaq oyun­caqları vә digər sahәlәrdә istifadә etmәk üçün olduqca müxtәlif әşyalar hazırlanırdı. Xocalıdan toplanmış, külli miqdarda gil qablar kolleksiyası sübut edir ki, Qarabağ dulusçuları bu sәnәt sahәsindә çox yüksәk inkişaf pillәsinә qalxmışdılar. Onlar hazırlayacaqları qablar üçün xüsusi, yararlı gil mәdәnlәri aşkar etmiş vә bәşәr tarixindә ilk texniki tәrәqqi üsullarından biri olan ayaq çarxının sirlәrinә dәrindәn bәlәd olmuş­lar. Qarabağın dulusçu ustaları böyük mәharәtlә hazırladıqları gil qabları bişirmәk üçün dairәvi dulus kürәlәrindәn istifadә etmişlәr. Bir qayda olaraq dulusçular Tunc dövründә hazırladıqları gil qab­ların hamısının üzәrini cilalamış və onları qara rәngdә bişirmişlәr. Qabların bәdii tәrtibatına da ciddi fikir verilmişdir. Belə ki, әksәr qabların üzәrindә müxtәlif hәndәsi fiqurlar, nәbati tәsvirlәr cızıl­mışdır. Әn maraqlısı isә odur ki, qablar üzәrindәki xәtlәrin içәrisini xüsusi ağ maddә ilә doldurmuşlar. Bu da Qarabağ qablarının ən mü­hüm xüsusiyyətlәrindәn biridir.

Xocalı-Gәdәbәy mәdәniyyәtinә məxsus gil qabların xüsusiyyәt­lәrindәn biri dә odur ki, dulusçu ustalar hazırladıqları әksәr qabların çiyni üzәrindә xüsusi göbәlәkvarı çıxıqlar düzәltmişlәr. Bu çıxıqlar hәmin qablara xüsusi gözәllik verir.

Xocalıdakı kurqandan aşkar edilmiş bir әdәd gil qabın qulpu üzәrindә isә buğda dәnәlәri tәsvir edilmişdir. Alimlərin tədqiqatı nәticәsindә məlum olmuşdur ki, 3-4 min il bundan әvvәl Qarabağın sakinləri mәdәni buğda əkinçiliyi ilə məşğul olmuşdur. Yeri gәlmişkәn qeyd edək ki, Xocalıda qәdim bağçılığın inkişafını da sübut edәcәk xeyli maddi mәdәniyyәt qalıqları aşkar edilmişdir ki, bunların içәrisindә şaftalı, üzüm tumları vә s. әsas yer tutur.

Xocalının qədim yeraltı mədəniyyət nümunələrinə əsasla­naraq düyə bilərik ki, Tunc dövründә Qarabağda inkişaf etmiş mühüm sәnәtkarlıq sahəlәrindәn biri dә metalişlәmә olmuşdur. Bütün Qaf­qazda mis ilə talayın qarışdırılmasından tunc metalın alınması sir­rlәrinә ilk dәfә bәlәd olanlardan biri dә Qarabağın qәdim sakin­lə­ridir. Bu möhkəm metaldan yerli əhali, әsasәn silahlar hazırlamışdır. Bәzәn isə ondan bәzәk əşyaları hazır­lanmasında da istifadə edil­mişdir. Tuncdan hazırlanmış qılınc­lar, xәncərlәr vә çoxlu ox ucları demək olar ki, Qarabağ abi­dәlәrindәn tapılan әn çox silah növlәridir.

Qarabağ qılınclarının dәstəlәrinin baş hissәsi formasına görə digәrlәrindәn fәrqlәnir. Belə ki, Qarabağın qәdim qılınc­larının dәstә hissəsinin başında iki tәrәfli çıxıqları olur və həmin çıxıqlar qılıncın əsas hissәsinә doğru maili düzəldilir. Bu çıxıq­lar bәzәn zoomorf formada, bәzәn isə müxtəlif hәndәsi cizgilәrlә bәzәdilirdi.

Xocalıda aşkar edilmiş maddi mədəniyyət nümunələrinə əsasən deyə bilərik ki, eramızdan әvvәl birinci minilliyin başlanğıcında Qara­bağın qәdim sakinlәri artıq dәmir istehsalının sirrlərinә bәlәd ol­muşdular.

Xocalı abidәlәrinin öyrәnilmәsi nәticәsindә burada bütün Azər­baycan üçün yeganə olan iki mühüm tip abidə dә aşkar edilmişdir. Onlardan biri menhirlәrdir. Menhir ingilis sözü olub “uzun daş” deməkdir. Bu abidәlәrin əsas vәtәni Böyük Britani­yadır. Orada elә menhirlәr vardır ki, ağırlığı 50-60 tona yaxın olur. Xocalı menhirlәri isә nisbәtәn kiçikdirlәr. Menhir qәbilә quruluşu dövrünün məhsulu olub, ölәn adamın qәbiri üzәrindә dik basdırılmış bir növ heykәlә oxşar daşdır. Adәtәn belә daşları qәbilә başçılarının qәbirlәrinin üzәrindә qoyurdular. Qәdim dini әqidәyә görә, guya ölәn adamın ruhu bәdәni tәrk edir vә hәmin ruh daşa keçirdi. Daşa keçmiş ruh isә orada әbәdi yaşayırdı. Hәtta qәbilә başçısı ölәrkәn uzun müddәt qәbilə üzvlәri onun əvәzinә qәbilәyә başçı seçmirdilәr. Qәbilә başçılığını mәrhumun daşa keçmiş ruhu әvәz edәrdi. Hәtta, qәbilә üçün müәyyәn tәhlükәlәr baş verdikdә üzvlәr yığışıb menhirin (yәni qәbilә başçısının ruhu yaşayan daşın) yanına gәlәr vә orada müxtəlif dini ayinlər icra etmәklә guya qәbilәni yaranmış tәhlükәdәn xilas edәrmişlәr. Maraqlı burasıdır ki, ibtidai dini tәsәvvürlәrin qalığı olan həmin daşlardan biri son zamanlara kimi, dindarların ibadәt yerinә çevrilmişdir. Onlar, havalar quraqlıq vә ya hәd­dindәn artıq yağışlı keçdikdə hәmin daşın yanına gәlib ona ibadət edir, daşdan mәrhәmәt dilәyirdilәr. Bu ayinlәrin icrası zamanı həmin daşı yerә yıxıb yenidәn basdırır vә digәr әmәliyyatlar aparırmışlar.

Xocalı abidәlәri içәrisindә nadir yadigarlardan biri də krom­lexlәrdir. Kromlex dairәvi düzülmüş bir neçə dik vә onların üzәrinә qoyulmuş bir әdәd köndәlәn daşdan ibarətdir. Yenә dә, ibtidai dini әqidәnin mәhdud olan bu abidә dindarlar arasında “axirәt evi” adlanır. Guya bu cür abidәlәr düzәltmәklә mәrhum üçün ev tikmiş olurdular. Bütün bu abidәlәr yerli əhalinin mәnәvi mәdәniyyәt tarixini öyrәnmәk üçün son dərəcə böyük elmi әhәmiyyәt kəsb edir.

Nәhayәt, göstәrmәliyik ki, Azərbaycanda әn qәdim yazı da, məhz Qara­bağda aşkar edilmişdir. Belә ki, Xocalıda tədqiq olunan Kurqandan, üzәrindә mixi yazısı olan bir әdәd kiçik muncuq tapıl­mışdır. Akademik İ.İ.Meşşaninov müәyyәn etmiş­dir ki, bu mun­cuğun üzәrindә eramızdan әvvәl VIII әsrdә yaşamış Assuriya çarı Adadnirarinin adı yazılmışdır. Bu yazı tәkcә Qarabağın deyil, elәcә dә bütün Azәrbaycanın siyasi tarixinin öyrәnilmәsindә böyük әhә­miy­yәtә malikdir.

Xocalı-Gәdәbәy arxeoloji mәdәniyyәtinә mәxsus abidələrә yekun vurarkәn qeyd etmәliyik ki, bu mәdәniyyәtin izi ilә mәşğul olan bir çox Qafqazşünas alimlər tәkcә Azərbaycanın deyil, ümu­miy­yәtlә Yaxın Şәrq ölkәlәrinin maddi mәdәniyyәt tarixi ilə әlaqәdar bir sıra problemlərin həlli üçün ondan geniş istifadә edirlәr. Bu problemlərdən biri, 3-4 min il bundan әvvәl Yaxın Şərq ölkәlәrinin bir-biri ilə mәdәni vә iqtisadi əlaqələrinin sәviyyәsini öyrәnmәkdir. Xocalı abidәlәri sübut edir ki, belə әlaqәlәr geniş olmuş vә müxtәlif etnik qruplar mehriban iqtisadi vә siyasi təmasda yaşamışlar.

Xocalının gözəl təbiətə, əsrarəngiz gözəlliyə malik olan yer­lərindən biri də Kosalar kəndinin yerləşdiyi ərazidir. Bu ərazi soyuq bulaqları, zəngin meşələri, bol sulu çayları, başı qarlı dağları ilə məşhurdur. Kənd, Kiçik Qafqaz dağ silsiləsində yerləşir. Kəndin Qırxqız, Dəvəboynu, Ya Əli kimi adları ilə məşhur olan dağları vardır. Kosalar kəndi 700 illik tarixə malik olan qədim türk kəndidir. Ərazidəki “Balaqan” adlanan kurqanda qazıntılar zamanı gildən ha­zır­lanmış müxtəlif formalı küplər, misdən, gümüşdən hazırlanmış bəzək, zinət və məişət əşyaları, əmək alətləri, qəbir abidələri və s. aşkar edilmişdir. Bu ərazidə qədimdən yerli tayfalar (türklər) yaşa­mışlar. Kəndin adının onun ilk sakinlərindən biri Hacı Avazın – Kosa Avazın adı ilə bağlı olduğu söylənilir. Kənd Xankəndidən 8, Şuşadan 10 km. şimal-qərbdə, Xocalıdan isə 14 km. cənub-qərbdə Qarabağ silsiləsindədir.

Xocalının qədim tarixə malik olan Cəmilli kəndi Xankəndi şəhərinin 3 kilometrliyində, Qarabağ dağ silsiləsində yerləşir. Kən­din adı vaxtilə bu ərazinin sahibi olmuş Cəmil bəyin adından gö­türlüb. Cəmilli kəndi bir tərəfdən Xankəndi ilə, digər tərəflərdən isə Xənəzək, Ballıca və Kosalar kəndləri ilə həmsərhəd idi. Əhalisi əsasən heyvandarlıqla, əkinçiliklə məşğul olmaqla yanaşı, yaxın ol­duğundan Xankəndidə yerləşən sənaye obyektlərində də çalışır­dılar. Cəmilli kəndində “Darlı”, “Kürən”, “Zərgər tala”, “Qənşər daş”, “Xoruz təpə” və digər adlı yurd yerləri, “Keçiqalan qaya”, “Tu­maş daş”, “Ayrana qonan” adlı quş qonmaz böyük qayalıqlar olmuşdur.

Kərkicahan Xocalının qədim kəndlərindəndir. Ərazidən top­lamış maddi-mədəniyyət nümunələri bunu sübut edir. Kərkicahanın üç böyük qəbiristanlığı olmuşdur. Qəsəbənin aşağı hissəsində yer­ləşən qəbiristanlıqda 1400-cü ildən bu günümüzə qədər qalan qə­birlər vardı. Tarixi araşdırmalar göstərir ki, Kərkicahan 1000 ildən artıq tarixə malikdir. Kərkicahan sözü əksər mənbələrdə “Dünyanın burnu” kimi izah edilir. Bu qəsəbənin Qırxqız yaylağında geniş otlaq sahələri, Xocavənd rayonunun ərazisində isə qış yataqları və əkin sahələri olmuşdur.

Tәәssüf hissi ilә qeyd edilməlidir ki, 1992-ci ilin fevralında erməni və rus ordusunun birləşmiş qoşunları Xocalı əhalisini vəhşicəsinə qırarkən, hərbi texnika ilə genosidin ən iyrənc mәrhəlәsi olan “izi məhv etmək” kimi mənfur bir әmәlә əl atmış və bəşəriyyət üçün nadir abidәlәr toplusu olan Xocalı abidәlәrini dağıt­mışlar.

"Müqəddəs  Yurd: Xocalı" kitabından


Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top