Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

XOCALI SOYQIRIMI: SƏBƏBLƏRİ, HƏYATA KEÇİRİLMƏSİ ÜSULLARI VƏ AĞIR NƏTİCƏLƏRİ

         “Xocalı soyqırımı” mövzusunun araşdırılmasının çox böyük elmi və siyasi əhəmiyyəti
vardır. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Xocalı soyqırımının onuncu ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətindəki nitqi mövzunun ak­tuallığını şərtləndirmiş və fundamental şəkildə araşdırılmasını zəru­riləşdirmişdir. Həmin dərin məzmunlu nitqdə göstərilir: “...Bu gün Azərbaycan hökuməti və xalq qarşısında Xocalı soyqırımında ermənilərin törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi, bütün miqyas və dəhşətləri ilə dünya dövlətlərinə, parlamentlərinə, geniş ictimaiyyətə çatdırmaq, bütün bunların əsl soyqırımı aktı kimi tanınmasına nail olmaq vəzifəsi durur. Bu, Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur. Digər tərəf­dən, faciənin əsl beynəlxalq hüquqi-siyasi qiymət alması, onun ideo­loqlarının, təşkilatçılarının və icraçılarının layiqincə cəzalan­dırıl­ması, bütövlükdə insanlığa qarşı yönəlmiş belə qəddar aktların gələcəkdə təkrarlanmaması üçün mühüm şərtdir”. Bütün bunlar, tarixi sənədlərə, faktlara, Qarabağ müharibəsi iştirakçısı kimi şahidi olduğum məlumatlara əsaslanaraq Xocalı soyqırımının təhlili və tədqiqini, dünya ictimaiyyətinə çatdırılmasını əsaslandırmışdır.

Fəsildə, Xocalı soyqırımının baş verdiyi tarixi şərait və həyata keçirilmə üsulları, səbəbləri faktlar və sənədlər əsasında, müqayisəli şəkildə araşdırılmışdır. Araşdırma nəticəsində bu qənaətə gəlinmişdir ki, Xocalı soyqırımını həyata keçirən təşkilatçının və sifarişçinin başlıca məqsədi xalqımızı müstəqillik yolundan döndərmək, onu yenidən öz təsir dairəsinə qaytarmaqdan ibarət olmuşdur. Bu soy­qırımda icraçı kimi iştirak edən ermənilərin əsas məqsədi Qarabağı və digər ərazilərimizi işğal etmək idi. Düşmənlər məqsədlərinə çat­maq üçün xalqımıza qarşı görünməmiş vəhşiliklərlə, insanlığa yaraş­mayan üsullarla dəhşətli soyqırımı həyata keçirmişlər. Bunun nəti­cəsində torpaqlarımızın bir hissəsi işğal olunmuş, minlərlə azər­baycanlı qətlə yetirilmişdir. Ancaq düşmənlərin xalqımızı qorxutmaq və onu müstəqillik idealların­dan uzaqlaşdırmaq cəhdi baş tut­ma­mışdır.

Fəsil yazılarkən Heydər Əliyevin “Xocalı soyqırımının onuncu ildönümü ilə bağlı Azərbaycan xalqına müraciəti”ndən, İlham Əliyevin “Bəşəriyyətə qarşı ən ağır cinayətlərdən olan Xocalı soy­qırımı Azərbaycan xalqının qan yaddaşından silinməyəcək” Akade­mik Y.Mahmudovun “Xocalı soyqırımını və erməni vəhşiliklərini bütün dünyaya çatdırmalıyıq”, “Xocalını unutma”, professor O.Sultanovun “Xocalı soyqırımına aparan yol-hakimiyyət hərisliyi və cinayətkar səhlənkarlıq”, Ş.Ş.Usubovun “Xocalı rayonunun 2018-ci ilin sosial-iqtisadi inkişafın yekunları və 2019-cu ildə qarşıda duran vəzifələr”; K.M.Məmmədovun “Xocalı soyqırımını törədənlər layiqli cəzalarını alacaqlar”, “Xocalı soyqırımı”; t.e.d. Q.hacıyevin “Xocalı faciəsi Ermənistanın Azərbaycana qarşı torpaq iddialarının nəticəsidir”, t.e.d. Boran Əzizin “Xocalı soyqırımı” Z.Sultanovun “Xocalı faciəsi”, Q.Qırxqızılının “Əsrin faciəsi – Xocalı”, N.Yaqub­lunun “Xocalı qırğını”, S.Müslümqızının “Qar üstünə qan yağırdı”, H.Məmmədovanın “Xocalı. Şəhidlər, şahidlər”, «Ходжалы. Хрони­ка геноцида», «Ходжалинский геноцид. Фонд Г.Адиева» M.Şü­kürovun “Xocalı: Daş yaddaşı, qan yaddaşı” R.Ağahüseynlinin “Xo­calı soyqırımı”, Z.Sultanovun “Qarabağın qara günləri”, E.Əhmə­dovun “Ermənistanın Azərbaycana təcavüzü” və digər əsərlərdən bəhrələnmişik.

Xocalı qətliamının həyata keçirilməsi üsulları və nəticələrini təhlil etməzdən öncə soyqırımı doğuran səbəblərə aydınlıq gətirmək yerinə düşərdi. Belə ki, əzablı, çətin milli mübarizə nəticəsində, 1991-ci ildə dövlətimiz yenidən müstəqilliyini bərqərar etdi. Xocalı faciəsi müstəqilliyimizə qarşı yönəldilmiş, məqsədli bir plan idi. Hər bir hadisəyə doğru-düzgün qiymət verən dünya siyasətçisi Heydər Əliyev çıxışlarından birində məsələyə belə münasibət bildirmişdir: “Xocalı faciəsi təsadüfi hadisə deyildi. Dəhşətli Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, onu tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin hiyləgər düşmən məqsədinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğ­runda mübarizədə daha da mətinləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi”.

Qərb dövlətlərindən, Rəsmi Moskvadan dəstək alan mənfur siyasət sahibləri olan ermənilər çirkin “Böyük Ermənistan” ideya­larını reallaşdırmaq üçün fürsəti əldən verməməyi qərara aldılar. Məkirli və bədnam siyasətlərini həyata keçirmək üçün erməni lob­bisindən hərtərəfli yararlanan bədnam “qonşularımız” məqsəd­lərinə çatmaq üçün türkə qarşı terrorun bütün vasitələrindən istifadə etməyə başladılar. 1995-ci il fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Xocalı soyqırımının üçüncü ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində qeyd etmişdir ki, “xaricdəki imperiyapərəst qüvvələrin dəstəyi ilə törədilən bu soyqırımı erməni qəsbkarlarının müstəqil Azərbaycan dövlətinə qarşı yeritdiyi məqsədyönlü təcavüz planının ən amansız həlqəsi, misli görünməmiş vəhşilik aktı, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı törədilmiş cinayət kimi XX əsrin tarixinə daxil olmuşdur. Azərbaycan Prezidenti vurğulamışdır ki, günahsız dinc əhaliyə tutulmuş amansız divan, ağlasığmaz qəddarlıq erməni irti­casının və onun xaricdəki havadarlarının iç üzünü beynəlxalq icti­maiyyət qarşısında bütünlüklə açıqladı”.

XX yüzilliyin 80-ci illərinin sonunda dünyada və o cümlədən SSRİ-də baş verən ictimai-siyasi proseslər nəticəsində sosializm sis­temi iflasa uğradı. SSRİ dünyada oynadığı hegemon rolunu itirməyə başladı. Belə bir vaxtda digər amillərlə yanaşı, sovet imperiyasına qarşı, ərazisi ruslar tərəfindən işğal edilərək zorla bu dövlətə bir­ləşdirilən xalqlar tərəfindən başlanılan milli-azadlıq hərəkatı sovetlər birliyinin çökməsini sürətləndirdi və bu proses sonda öz siyasi nəticəsini verdi. Xalqımızın illərlə, uğrunda mübarizə apardığı müs­təqillik arzusu gerçəkliyə çevrildi. Lakin, SSRİ süqut etdikdən sonra müstəqil milli dövlət quruculuğu dövrünə qədəm qoyan Azərbay­canın vəziyyəti, həm götürdüyü xarici siyasi kurs, həm də 1988-ci ildən başlayan erməni təcavüzü nəticəsində xeyli ağırlaşdı.

Qeyd edək ki, milli azadlıq hərəkatının gücləndiyi ərəfədə Azər­baycanın Dağlıq Qarabağ bölgəsində Moskvanın və erməni lob­bisinin təhriki ilə ərazimizin bir hissəsinin qoparılması istiqamətində fəaliyyət planı işə düşdü. Münaqişənin ilkin vaxtlarında Moskva, DQMV-nin nə Ermənistana birləşdirilməsinə, nə də Azərbay­canın tərkibində qalmasına aid qəti bir qərar qəbul etmədi. Bunu, o dövrdə Sov.İKP MK-nın Dağlıq Qarabağ haqqındakı qərarlarında, Sov.İKP MK-nın Baş Katibi M.Qorbaçovun 1988-ci il 26 fevral çıxışında da görmək mümkündür. İlkin baxışda belə təəssürat yaranır ki, Baş Katibin SSRİ-nin milli-ərazi quruculuğu prinsipləri haqqında kifayət qədər aydın mövqeyi, məlumatı yoxdur. Ancaq, hadisələrin sonrakı gedişi və təhlili göstərir ki, M.Qorbaçov düşünülmüş, dəqiq plan əsasında fəaliyyət göstərmişdi. SSRİ-də milli münaqişələrin qızış­ması yönündə edilən hərəkətlərə qarşı, mərkəz tərəfindən heç bir tədbir görülmürdü. Problemlə bağlı apardığımız tədqiqat və hadisə­lərin müqayisəli təhlili bunun iki başlıca səbəbinin olduğunu gös­tərir. Bu səbəblər eyni zamanda baş verən, bir-birilə bağlı olan proseslər olmuşdur. Bunlardan birincisi – SSRİ-nin rəhbərliyinə daxil olan adamların əksəriyyəti milli münaqişələr vasitəsilə Sovet imperiyasının bütövlüyünü qoruyub saxlamaq niyyətində idi. Onlar əzəli Azərbaycan torpağı olan Qarabağı ermənilərə vəd etməklə erməni-Azərbaycan müharibəsinə start vermiş oldular. Bu yolla ruslar həm Azərbaycanı, həm də erməniləri əllərində saxlamağı düşünürdülər. Ölkəmizin müstəqillik uğrunda mübarizəyə qalxması və suverenliyini elan etməsi Qarabağın işğalına təkan verdi. Rus-erməni birgə işğalı Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kiçik məntəqələrindən başlandı.

Xüsusi olaraq qeyd olunmalıdır ki, XX yüzillik ərzində Rusiya iqtisadi-siyasi cəhət­dən zəiflədikcə laxlayan imperiyanın bütövlüyünü qoruyub saxlamaq üçün bir neçə dəfə milli münaqişələr, qırğınlar törətmək siyasətindən “uğurla” istifadə etmişdir. Xalqımız bu siyasətin ağrı-acısını bir neçə dəfə - 1905-1907, 1917-1920 və 1948-1953-cü illərdə dadmışdır. Çar və sovet Rusiyası “parçala, hökm sür” siyasəti həyata keçirməklə xalqları, o cümlədən azər­bay­canlıları əsarət altında saxlamaq, onları milli-azadlıq mübarizəsindən yayındırmaq, Rusiya əsarətindən qurtarmaq niyyətindən uzaqlaş­dırmaq siyasəti yeritmişdir.

Avropada və Amerikada ermənilərin separatçı hərəkətləri “yeni­dənqurmanın” ilk dövrlərində demokratiya, insan haqları uğrunda mübarizə adı altında mütərəqqi, sovet totalitarizminə qarşı çıxan qüvvə kimi müdafiə və təbliğ olunmağa başlandı. Öz torpaqlarını müdafiə edən, separatizmin əleyhinə olan Azərbaycan xalqı isə guya SSRİ-ni qoruyub saxlamaq istəyən mühafizəkar, dindar, islam fundametalistləri kimi təqdim edildi. Ermənilərin Xocalını əsas hədəflərdən biri kimi seçməsi təsadüfi deyildi; Düşmən Xocalını işğal etməklə bir sıra məqsədlər güdürdü. Belə ki, Dağlıq Qarabağ regionunun digər şəhərlərini ələ keçirmək üçün strateji üstünlük qazanmaq; Regionda yeganə mülki hava limanına malik olan mühüm kommunikasiya mərkəzini ələ keçirmək; Xocalıda törədilən soy­qırımı ilə psixoloji üstünlük əldə etmək və azərbaycanlıların iradəsini qırmaq; Xocalıda və ətraf ərazilərdə olan tarixi izlər onların ərazi iddialarını puça çıxartdığı üçün bu şəhəri yer üzündən silmək.

Dağlıq Qarabağdakı hadisələr müstəqilliyimizin əleyhinə yönəlmişdir və Xocalı soyqırımı da həmin prosesin kulminasiya nöqtəsi idi. Bu, əslində xalqımızın müstəqillik mübarizəsinin məhv olması üçün hazırlanmış ssenari olsa da, bu ssenarinin həyata keçirilməsində alət rolunu oynayan ermənilər, mənfur “planı” soyqırımı kimi həyata keçirdilər.

Beləliklə, ermənilər Qarabağın dağlıq ərazisinin bir hissəsindən ibarət olan Dağlıq Qarabağı coğrafi anlam kimi deyil, siyasi termin kimi irəli atmaqla onu ələ keçirmək uğrunda mübarizəyə başladılar.

Dağlıq Qarabağ bölgəsinin erməniləri Azərbaycan dövlətində yaşayan milli azlıqlardan biridir və bu baxımdan ermənilərin öz müqəddəratını təyinetmə hüququnu bəhanə edərək bu torpaqların Ermənistana birləşdirilməsi üçün atdığı bütün addımlar beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması deməkdir.

Prezident İlham Əliyev çıxışlarından birində göstərmişdir ki, Sov. İKP və Sovet hökumətinin rəhbərliyi SSRİ-nin süqutunun qar­şısını almaq, imperiyanın ərazi bütövlüyünü qorumaq və əhalinin diqqətini mühüm məsələlərdən yayındırmaq üçün respublikalarda milli qarşıdurma yaratdı”.

Məhz, Moskvanın xeyir-duası ilə Dağlıq Qarabağ Muxtar Vila­yətinin erməniləri arasında Ermənistanla birləşmək uğrunda “Miat­sum” (birləşmə) hərəkatı başlandı. Vilayətdə uzun müddət gizli fəa­liy­yət göstərən, Ermənistanda yaradılmış “Qarabağ Komitəsinin” bir qolu olan “Krunk” (“Durna”) adlı cəmiyyət açıq mübarizəyə keçdi.

Ermənistanda dövlət səviyyəsində gizli dəstələr yaradıldı. 1988-ci il fevralın 19-da Yerevandakı “Ermənistanda ermənilər yaşama­lıdırlar”, “Ermənistanı türklərdən təmizləməli” kimi antitürk şüar­larla mitinqlər keçirildi. Vilayətin şovinist ruhlu erməniləri də onlar­dan geri qalmadı, mitinqlərə başladı. 1988-ci il fevralın 20-də DQMV-i sovetinin deputatları, vilayətin Azərbaycan SSR-in tərki­bindən çıxarılıb Ermənistan SSR-ə verilməsi qərarına səs verdilər. Qeyd edək ki, vilayət sovetinin azərbaycanlı deputatları bu səsver­mədə iştirak etməkdən imtina etdilər. Vilayət sovetinin erməni deputatları Moskva, Bakı və Yerevan Ali Sovetlərinə “müraciət” göndərdilər. 1988-ci ilin iyununda Ermənistan SSR Ali Soveti “DQMV-i sovetinin Ermənistana birləşdirmək” qərarına razılıq verdi. Bu, bir tərəfdən SSRİ-nin milli-ərazi quruluşu prinsiplərinə zidd idi, digər tərəfdən Azərbaycanın ərazi bütövlüyünə kobudcasına qəsd idi.

Ermənistan parlamenti 1989-cu il dekabrın 10-da “Dağlıq Qara­bağın Ermənis­tana birləşdirilməsi”, yəni qonşu dövlətin ərazisinin bir hissəsinin ilhaq olunması haq­qında heç bir hüquqi əsası olmayan qərar qəbul etdi. Bu, əslində Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qəsd idi və münasibətləri daha da kəskinləşdirdi.

Dağlıq Qarabağda yaşayan, terrorçuluq və separatçılıq mövqe­yində dayanan ermənilərə Ermənistana birləşməyin zəruri olduğu ideyasını qəbul etdirən Ermənistan Respublikası Rusiyadakı himayə­darlarının havadarlığı ilə Azərbaycan ərazisinə hərbi qüvvə gön­dərərək açıq təcavüzə başladılar.

Acınacaqlı hal orasında idi ki, belə vaxtda Azər­baycana rəhbərlik edənlərin problemi həll etmək üçün konseptual yanaşması, aydın, düşünülmüş proqramı yox idi.

Sovetlər Birliyinin dağılmasının mümkünlüyünə inanmayan o zamankı Azərbaycan rəhbərliyi Dağlıq Qarabağ qondarma prob­leminin həllində Moskvaya hədsiz inam və ümid bəsləyirdi və bu özünü doğrultmadı. Moskvadan asılı siyasət yürüdərək milli ordunun yaradılmasına nail olmayan Azərbaycan rəhbərliyindən fərqli olaraq Ermənistan öz ərazisindəki keçmiş 7-ci sovet ordusunun bazasında güclü ordu yarada bilmişdi. Sovet ordusundan həm texnika, həm də canlı qüvvə köməyi alan ermənilərin Dağlıq Qarabağda və Ermənistanla sərhəd bölgələrdə artan təcavüzünün qarşısını almaq getdikcə çətinləşirdi.

Rusiya SSRİ dağıldıqdan sonra keçmiş sovetlər birliyi ərazisində öz hegemon­luğunu saxlamaq üçün Müstəqil Dövlətlər Birliyi ideyasını ortaya atdı. Azərbaycan bu birliyə daxil olmağa tələsmədi, bunu xeyli götür-qoy etdi. Ermənistan isə əksinə, dərhal oraya üzv oldu. Bununla da, onlar Rusiyanın timsalında özlərinə təkrar və həm də güclü havadar tapdılar.

Dağlıq Qarabağ problemini ortaya atmaqla Ermənistan vasitə­silə Azərbay­cana təzyiq edən Rusiyanın bu siyasəti erməni təca­vüzkarlarını həm şirnikləndirdi, həm də gücləndirdi.

Ermənilər eyni vaxtda həm DQMV-nin içərisində yaşayan azər­baycanlılarla, həm də sərhədyanı rayonlarda mübarizə apar­mağın çətinliyini bildiyindən əvvəlcə Vilayətin içərisindəki azərbaycanlılar yaşayan məntəqələri zəbt etmək taktikasını seçdilər.

Ancaq istər ermənilər, istərsə onlar üçün planı hazırlayan Moskva, istərsə də ermənilərin Avropa və Amerikadakı havadarları başa düşürdülər ki, Ermənistan ərazisində azərbay­canlılar yaşadığı dövrdə bu planı reallaşdırmaq mümkün deyil. Bu səbəbdən öncə azərbaycanlılar Ermənistandan – öz ata-baba torpaqlarından, əzəli yurd­­larından qovulmalı idi.

Rusiyadan kömək alan ermənilər azərbaycanlılar yaşayan kənd­ləri, şəhərləri zəbt etmək, onların daimi sakinlərini sıxışdırıb qov­maq, yaxud qətlə yetirməklə Dağlıq Qarabağı Ermənistana birləş­dirmək, bu baş tutmasa müstəqillik əldə etmək niyyətində idilər.

1991-ci ilin payızında Rusiya və Ermənistan arasında “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında” müqavilə bağlan­ması Rusiyaya, DQMV-də yaşayan erməniləri Azərbaycana qarşı açıq-aşkar silahlandırmaq imkanı verdi. Bu özünü çox gözlətmədi. Belə ki, 1991-ci ilin noyabr ayının 20-də içərisində Azərbaycanın dövlət və hökumət rəhbərliyinə daxil olan şəxslərlə bərabər SSRİ Müdafiə Nazirliyinin, Rusiya və Qazaxıstanın müşahidəçilərini Xoca­vənddə yaşayan azərbaycanlıların qətlə yetirilməsini araşdır­mağa gedən adamların olduğu vertolyot erməni terrorçularının atəşi nəticəsində məhv edildi. Bu terror aktı nəticəsində 22 nəfər faciəli şəkildə həlak oldu. Bundan sonra Dağlıq Qarabağdakı azərbay­canlılar yaşayan əraziyə erməni terrorçularının hücumları daha da gücləndi. Füzuli rayonunun Arış, Cuvarlı, Çimən, Xələfşah, Axullu, Goranboy rayonunun Şəfəq, Zeyvə və digər kəndlərinə erməni basqınları nəticəsində xeyli ziyan vuruldu, onlarla ev viran edildi ölən və yaralananlar oldu.

1991-ci ilin dekabr ayının 23-də 500 nəfərlik erməni qoşunu Xankəndində yerləşən 366-cı rus alayının əsgərləri və hərbi texnikası ilə birlikdə Dağlıq Qarabağın Meşəli kəndini tam mühasirəyə aldılar. Kəndi qoruyan könüllü döyüşçülərin və onlara köməyə gələn Xocalı, Kosalar və Qaragav könüllü özünümüdafiə dəstələrinin üzvlərinin qəhrəmancasına müqa­vimətinə baxmayaraq, kənd işğal edilib yerlə yeksan edildi.

Həmin döyüşlərdə ermənilər dinc sakinlərdən 27 nəfəri öldür­müş, 15 nəfərdən çox adamı ağır yaralamışdılar. Öldürülənlər ara­sında azyaşlı məktəbli və 75 yaşlı qoca da var idi. Öldürülənlərin 11 nəfərinə ermənilər od vurub yandırmışdı. Sonralar kəndin müda­fiəçilərindən olan Faiq Ağayev göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Ümumiyyətə, Qarabağ hadisəsi başlanandan 1991-ci ilin noyabr ayna qədər Ermənistan silahlı birləşmələrinin hücumu nəticəsində, azərbaycanlılarla ermənilər arasında 2559 toqquşma, 318 silahlı basqın, 1388 dəfə ermənilər tərəfdən atəşə tutma halları qeydə alınmış, 1318 nəfər azərbaycanlı yaralanmışdırlar. Azərbaycanlılara məxsus 1134 ev və 119 digər obyekt dağıdılmışdır.

Belə bir şəraitdə MDB Silahlı Qüvvələrinə məxsus olan 4-cü ordunun 23-cü Gəncə diviziyasının Xankəndindəki 366-cı alayın bütün hərbi texnikası və sursatının ermənilərin əlinə keçməsi gündən-günə reallaşırdı. Qeyd edək ki, bu alay hələ 1985-ci ildə Gəncədən Xankəndinə köçürülmüşdü. Ştat üzrə 1800 hərbi qulluqçusu, 100-ə yaxın hərbi texnikası var idi. MDB Silahlı Qüvvələrinin Quru qoşunlarının Baş Qərargahının rəisi general-leytenant Ter-Qriqoryants da milliyyətcə erməni idi və o da erməni terrorçularına kömək edirdi. 366-cı alayda xidmətdə olan zabit və gizirlərin 50-dən artığının erməni olması və eyni zamanda bir çox başqa millətlərdən olan zabitlərin də onların tərəfində olması vəziy­yəti çətinləşdirirdi. 1991-ci ilin yayından polkun komandiri təyin edilmiş polkovnik Zaviqorovun erməni terrorçularının tərəfini saxlaması da azərbaycanlıların işini pisləşdirdi, 1992-ci il yanvar ayının 12-13-də Xankəndindəki 366-cı alayda hərbi xidmət keçən əslən Özbəkistan və Türkmənis­tandan olan yeddi nəfər əsgər qaç­araq Xocalıya gəlmişdilər Onlar bildirmişdilər ki, ordunun rəhbərliyi nəinki silahların, texnikanın bir hissəsini erməni yaraqlılarına verir, həm də əsgərləri azərbaycanlılara qarşı atəş açmağa məcbur edir. Bu alayda hərbi xidmətdə olan milliyətcə rus, ukraynalı, moldavan əsgərlərdən də qaçanlar var idi. Həmin əsgərlərin də getməyə başqa yerləri olmadığı üçün onlar da Xocalı şəhərinə pənah gətirmişdilər və şəhər işğal olunduğu zaman yerli əhali ilə birlikldə Xocalını tərk etmiş, hətta bəziləri həlak olmuşlar. Onların qaçma səbəblərinə aydınlıq gətirən ifadələri 366-cı alayın qətliamdakı rolunu öyrənmək baxımından çox əhəmiyyətlidir. Məsələn, alayın sıravi əsgəri Yuri Şvelyov deyirdi ki, “Alayda tam azğınlıq hökm sürür. Zabitlərin üçdə bir hissəsi ermənilərdir. Bəzən onlar əsgərləri və sürücü mexanikləri məcbur edirlər ki, zirehli maşınları hissənin ərazisindən çıxarıb quldurların döyüş mövqeyinə gətirsinlər. Sonra da özləri azərbaycanlılar yaşayan kəndlərə atəş açırlar”. Yaxud alayın başqa bir sıravi əsgəri Yuri Yakoviç bildirirdi ki, “Bizə hər gün xristianlığımızı xatırladır, buna görə də müsəl­manlara qarşı vuruşmağa borclu olduğumuzu aşılayırdılar. Biz dörd əsgər buna dözməyib alayı tərk etdik”. Bundan başqa 366-cı alayda xidmət edərək, oradan qaçmış baş serjant Aleksey Melnikov, serjant Dmitri Çarıyev, sıravi əsgərlər Aleksandr Boldov, Oleq Makovski və Əlişir Yeqamqulov Bakı şəhərində mətbuat konfransı keçirərək ordunu tərk etmələrinin səbəbini izah etdilər. A.Melnikov qaçma­larının səbəblərindən bəhs edərkən şahidi olduğu hadisələri qətiyyən gizlətmək fikrində olduğunu bildirib deyirdi: “Ordudan tərxis olun­mağımıza cəmi beş-altı gün qalırdı. Fevralın 13-də rotaya yenicə təyin olunmuş komandirimiz bildirdi ki, “əgər pul qazanmaq istə­mirsinizsə, evinizə qayıda bilərsiniz. Hansı yolla pul qazana bilə­cəyimizi soruşarkən dedi ki, yaxın günlərdə irimiqyaslı döyüş əmə­liy­yatı gözlənilir, türkləri qırmaq lazım gələcək. Təbii ki, müəyyən risk olacaq. Yəni heç kim heç kəsə havayı pul verməyəcək”.

“Doğrusu bu sözlərdən mənim tüküm ürpəşdi. Canlı insanı, bəlkə də dinc adamları öldürməyə görə pulla şirnikləndirmək! İy­rənc, ağlasığmaz vəhşilik!!! Bizi muzdla qatillərə çevirmək istəyir­dilər!

Əslində, bizim rota silah anbarını qoruyurdu. Lakin necə qoru­yurdu?! Erməni zabitlər istədikləri vaxt həmin silahları döyüş mövqelərinə çıxarır, azərbaycanlılar yaşayan kəndləri atəşə tutur­dular. Biz, indi burada gördüyünüz əsgərlər həmin qanlı cinayətlərdə bilavasitə iştirak etməsək də, müqavimət göstərməkdə də aciz idik. Özbaşınalığın tüğyan etdiyi alayda bəyənilməyən sözə görə amansız cəza hazır idi. Hətta məhkəməsiz, filansız güllələyərdilər də.

Doğrusu nə üçün orduda qaldığımızı bilmirdik. İki respublika­nın daxili işlərinə qarışmaq çoxumuzun ürəyincə deyildi”.

Biz, altı nəfər əsgər əvvəlcə meşə yolu ilə, böyük çətinliklə, əzab-əziyyətlə Ağdama gəlib çıxa bildik. Oradan avtobusla Gəncəyə gəldik. Lakin, üstümüzdə heç bir sənəd olmadığına görə evimizə uça bilmədik. Oradan Azərbaycan Respublikası Milli Ordusunun rəh­bərləri köməklik göstərdilər. Lazımi sənədlər verib qatarla Bakıya yolladılar. İndi ən böyük arzumuz doğma ocağa qayıtmaqdır. Ara­mız­da rus da var, moldavan da, tatar da, özbək də. Heç birimiz qan tökülməsinin tərəfdarı deyilik. Bütün Azərbaycan xalqına haqq işin­də uğurlar arzulayırıq”.

“Nə geyimimizə, nə yeməyimizə, nə də dincəlməyimizə diqqət yetirən var. Hərdən lap quru yerdə yatırıq... Ermənilər alaya gəlib tut arağı satırlar. Pul hardan idi içki alaydıq? Kim nə çırpışdıra bildi, - ya patrona, ya avtomata, ya da qumbaraya dəyişirdi arağı. Zabitdən tutmuş sıravi əsgərlərədək hamı sərxoş gəzir. Dava-dalaşsız gün olmur”.

Pavel Zuyev, Aleksey Bondarev və Pavel Natikinin dedikləri: “Erməni zabitləri hamını azərbaycanlılarla döyüşə məcbur edirlər. Əmrə tabe olmayanlar yerindəcə güllələnir. Kim bacarırsa başını götürüb qaçır. Bir dəfə 12 nəfər öz aramızda sözləşib ağ bayrağı əlimizə, aldıq və qaçdıq. Ağdərə tərəfdə bizi atəşə tutdular. Ağdama yalnız 6 nəfər sağ-salamat çata bildi”.

Dəqiq faktlar əsasında deyə bilərik ki, alayın döyüş texnikası, şəxsi heyəti tez-tez erməni quldurlarının “xahişini” yerinə yetirirdi. Həm də bu zaman xüsusi haqq-hesab sistemi, yəni rüşvət alma mexanizmi mövcud olmuşdu. Məsələn, ZTR-in azərbaycanlılara qar­şı döyüş əməliyyatında iştirakına görə komandirə 5 min rubl, atəşə tutmaya görə min rubl və 20 litr spirt və digər ərzaqlar verilirdi.

Xocalı soyqırımı zamanı 366-cı motoatıcı alayın xüsusi şöbə­sinin (№02270) rəisi olmuş Rusiya Federasiyasının Baş Kəşfiyyat İdarəsinin polkovniki Vladimir Romanoviç Savelyevin məlumatları isə daha tükürpədicidir. O, Xocalı soyqırımı ərəfəsi və günlərində 366-cı alayda baş verənləri, erməni və rus əsgərlərinin hərəkət­ləri, Azərbaycandakı ictimai-siyasi vəziyyəti Kremlə, müdafiə Nazirli­yinə, Baş Kəşfiyyat İdarəsinin generallarına 19 səhifəlik məxfi məlumat – arayış göndərməklə bildirmişdi. Xidməti vəzifəsi ilə əlaqə­dar hadisələrin ən qaynar yerlərində olan, dəqiq məlumatlara malik polkovnik proseslərin canlı şahidi olmuşdur. O yazır ki, “mayor Aşin Simonyan 26 nəfərlik dəstəsi ilə Xankəndinə gəldikdən sonra 366-cı alayın içərisində asanlıqla öz dayaqlarını qura bildilər. Polkovnik Yevgeni Zaviqarova nağd 36 min ABŞ dollarını tanışlıq üçün “hədiyyə” etdilər. Məlumata görə, 23-cü diviziyanın komandiri general-mayor Boris Budeykin polkovnik Zaviqarovu buna görə ittiham edib”.

Polkovnik V.Savelyev bu alayın ermənilər tərəfindən azərbay­canlılara qarşı döyüşlərdə iştirakı barədə yazır: “Əslində millət­lər­arası münaqişəyə cəlb olunmuş 366-cı alay ətrafında həmin prob­lemlər daha qabarıq nəzərə çarpır. Hərbi əməliyyat­larda alayın er­mənilərin tərəfinə keçib azərbaycanlıları qırması, hərbi texnika və silahları ermənilərə verməsi məsələsi artıq siyasi əhəmiyyət daşı­yırdı.... Polkovnik Zaviqarov və başqa vəzifəli şəxslər Xocalı isti­qamətindəki döyüş nöqtələrini ləğv etmək haqqında ordu və dairə komandanlığının rəsmi icazəsi ilə Xocalı istiqamətində gedən əmə­liyyatlarda ermənilərlə birləşdi. Nəticədə bir gün ərzində 49 nəfər azərbaycanlı meydanlara yığılıb güllələndi... Qərargah rəisi, pol­kovnik-leytenant Sergey Kraumnin, birinci motoatıcı batalyonun komandiri, polkovnik Arkadi Moiseyev, ikinci batalyonun komandiri mayor Serj Ohanvan, üçüncü batalyonun komandiri mayor Qavril Nabokix, kapitan İshaq Lixodyan... ayrı-seçkilik edir. Dinc əhalini zonalardan uzaqlaşdırarkən ermənilərlə daha çox məşğul olurdular. Köçürmə zamanı 58 nəfər azərbaycanlı öldürüldü”.

Onu da qeyd edək ki, azərbaycanlılara qarşı əməliyyatlarda DQMV-də yerləşən ruslara məxsus digər batalyonlar da yaxından iştirak etmişdilər. Onlar belə əməliyyat­larda “yuxarıların tapşırığı” ilə yanaşı, həm də ermənilərlə də sövdələşərək pul qazanırdılar. Məsələn, “Xankəndi şəhərindəki 463-cü Əlahiddə Kimyəvi-müha­fizə batalyonu və 909-cu Əlahiddə Kəşfiyyat batalyonunun döyüş planları ilə bağlı, ermənilər tərəfindən vuruşması barədəki əmrin qiyməti 18 min dollar idi”.

Faktların, sənədlərin və bu məsələ barəsində müxtəlif ölkələrdə çapdan çıxan yazıların təhlili göstərir ki, ermənilərə Avropa ölkə­lərindən də, xüsusilə Fransadan müntəzəm silah, sursat, ərzaq və s., göndərilmişdir. Məsələn, onlarca belə yazıların birində göstərilir: “... Üstəlik Fransadan göndərilən 142 ədəd avtomat, 7 min 600 ədəd gül­lə, 460 ədəd zirehli jilet, 11 ton konservləşdirilmiş yemək, min iki yüz cüt ayaqqabı, 146 ədəd tapança... ermənilərin istifadəsinə verildi. Amerikada istehsal olunmuş 149 ədəd ratsiya da ermənilərə pay­landı”.

Bundan əlavə 366-cı alayın nəzdinə “Klukin erməni cəbhəsi” deyilən “rota” yaradılmışdı. Bu rotanın özəyini Livan, Amerika, Kanada, İran, İsveç və Hollandiya­dakı... erməni quldur birləşmələri təşkil edirdi. 1988-ci il fevralın 17-də qızlardan ibarət “Şuşanik” adlı erməni snayperçilər dəstəsi həmin birləşməyə qoşulmuşdu. Düşün­cələrində türk düşmənçiliyi hopdurulan, insan idrakından uzaq olan “Şuşanik” snayperçiləri Livandan gətirilmiş muzdlu qatillər idi. “Klu­kin erməni cəbhəsi”nə quldur, cani Xaçik Vartanyan rəhbərlik edirdi. Ümumiyyətlə, tarixə nəzər saldığımız zaman erməni millətçilərinin öz niyyətlərinə çatmaq üçün həlledici qüvvəyə sahib olan şəxslərdi ələ almaq məqsədilə ən müxtəlif nanəcib üsullardan istifadə etdiklərini, hətta öz qadınlarını belə satmaqdan çəkinmədiklərini, SSRİ dövründə bir çox yüksək vəzifəli şəxslərin katibələrinin məhz erməni millətindən olmalarını görərik.

Qeyd edək ki, erməni millətçi-şovinistlərinin hazırladıqları əməliyyatlar “Haydad” və “ASALA” terror təşkilatları ilə birgə icra olunurdu.

SSRİ-nin, sonralar isə MDB-nin IV ordusunun 23-cü divizi­yasının Xankən­dində yerləşən 366-cı motoatıcı alayının hərbi tex­nikasından Xocalıya qarşı istifadə ediləcəyi barədə respublika rəh­bərliyinə xəbər verilmişdi. Ona görə respublika rəhbərliyi, ictimaiy­yəti IV Ordunun komandanı general Popovdan bunun ən qısa müddətdə qarşısını almağı tələb etdilər. Hətta alayın çıxarılma müddəti də - 1 mart 1992-ci il müəyyən edilmişdi. Lakin bunun heç bir xeyri olmadı. Əksinə, alayın qulluqçuları texnikanı ermənilərə satmaq işini daha da artırdılar. Məsələn, respublika təhlükəsizlik xidməti radio dalğa tutanların ratsiya ilə danışan 366-cı alayın 13-cü və 53-cü hərbi qulluqçusunun silah alveri ilə əlaqədar bir milyon barədə mübahisəsinə dair qeyd etdiyi “Gələndə demişdin ki, bizim üçün bir milyon pul saxlamalısan. Bilmirəm milyondur, milyon deyil, amma yarısı bizimdir” sözləri bunu bir daha təsdiq edir.

Qeyd edək ki, ermənilər silah-sursatı rüşvət və ya oğurluq ilə əldə edə bilmə­dikdə Sovet Ordusunun silah anbarlarına hücumlar təşkil edirdilər. Belə ki, 1990-cı il 1 yanvarından 1992-ci ilin iyunu­nadək Zaqafqaziyada silah anbarlarına 294 dəfə hücum olmuşdur ki, onun da 130-u Ermənistanın, 164-ü isə Dağlıq Qarabağ erməni­lərinin payına düşmüşdür. Doğrudur, bir sıra hallarda Sovet-rus ordusunun rəhbərlərinin razılığı ilə silahlar əl altından satılır, özlərini bir növ sığorta etmək üçün sonradan bu bazalara hücum tamaşaları düzəldilir və yanğın törədilirdi.

Moskva mətbuatında və elmi-kütləvi nəşrlərində belə məlumat­ların yayılması bu ölkənin siyasi rəhbərliyini tənqiddən qorumaq, soyqırımda ordunun iştirakından, silah-sursatı satmasından guya xə­bər­siz olmasını təbliğ etmək məqsədi də daşıyırdı.

Vaxtilə dinc, silahsız adamları qırmaqla, itaətə gətirməklə öz “beynəlmiləlçilik” borcunu Macarıstanda, Çexoslovakiyada, Polşa­da, Əfqanıstanda yerinə yetirib “qəhrəmanlıq” təcrübəsi toplayan Sovet Ordusu özünü 1989-cu ilin aprelində Tbilisidə, 1990-cı ilin yanvarında Vilnüsdə və Bakıda bir daha göstərmişdi.

İndi, bu “şanlı ordu” qısa bir müddətdə xalqımıza qarşı növbəti dəfə soyqırımda iştirak etməyə hazırlaşırdı.

Müasir silahlardan, o cümlədən xarici silahlardan geniş istifadə edən erməni terrorçularının cəbbəxanası hər gün Azərbaycan əraziləri üstündən keçib gələn, tanınma nişanı olmayan vertolyotlar vasitəsilə gücləndirilirdi.

Hərbi texnikada azərbaycanlılardan üstün olan ermənilər 1991-ci ilin oktya­brından 1992-ci ilin yanvarınadək Xocalı rayonunun Cəmilli, Meşəli kəndləri, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsi, Ağdərə rayonunun İmarət Qərvənd kəndi, Xocavənd rayonunun Xocavənd, Tuğ kəndləri, keçmiş Hadrut rayonunun Axullu, Sala­kətin kəndləri, Goranboy rayonunun Ballıqaya və Başqışlaq kəndləri ermənilər tərəfindən işğal edilərək yandırılmış, məhv edilmişdi.

Qeyd edək ki, ermənilər coğrafi şəraitinə görə hər tərəfdən erməni kəndləri ilə əhatə olunmuş Azərbaycanlılar yaşayan kənd­lərini birinci növbədə işğal edirdi. Bu taktikada başlıca məqsəd vilayətdən kənardakı azərbaycanlılar yaşayan rayonlara daha çox yaxınlaşmaq idi. İşğal planlı sürətlə aparılırdı. Əvvəlcə kənd terror­çular tərəfindən hər tərəfdən mühasirəyə alınır, müntəzəm olaraq atəşə tutulur, sonra isə zəbt edilib məhv olunurdu.

Xocalı qətliamı ərəfəsində ermənilər Xocavənd rayonunun Qara­dağlı, Əmiral­lar, Ağdərə rayonunun Umudlu, Şuşa rayonunun Malıbəyli, Quşçular kəndlərini hər tərəfdən mühasirəyə almışdılar. Strateji cəhətdən çox böyük əhəmiyyəti olan bu yaşayış məntə­qə­lərinə gedən keçidlər, yollar erməni silahlıları tərəfindən tutulmuşdu.

Onlar bu yerləri zəbt etməklə Qarabağın şimalından cənubuna, şərqindən qər­binə sərbəst hərəkət imkanı əldə edə bilərdilər. Azər­baycanlıların hərbi texnikasının, silah və sursatın daim çatışmaması erməni terrorçularının gündən-günə güclənən hücumlarının qarşısını almaqda çətinlik yaradırdı.

1992-ci ilin yanvarın 21-də Qaybalı, fevralın 12-də Quşçular və Malıbəyli, fevralın 17-də isə Qaradağlı kəndləri ermənilər tərəfindən zəbt edilib yandırıldı.

 1992-ci il yanvarın 28-də Ağdamdan Şuşaya uçan "Mİ-8" mülki vertolyotunun erməni terrorçuları tərəfindən Xankəndi istiqamətindən vurulması dinc azərbaycanlılara qarşı törədilmiş növbəti terror hadisəsi idi. Şuşanın Xəlfəli kəndi yaxınlığında baş vermiş həmin hadisə nəticəsində əksəriyyəti qadın və uşaqlardan ibarət 41 sərnişin və 3 ekipaj üzvü, ümumilikdə 44 nəfər həlak olmuşdur. Bəzi mənbələrdə həmin hadisənin qumbaraatan vasitəsilə törədilməsi göstərilmişdir. Lakin, qeyd olunan hadisənin şahidi olmuş yerli sakinlərdən olan Şahmar Usubovun veridyi məlumata görə mülki şəxsləri daşıyan həmin vertolyot Xankəndi istiqamətindən hərəkət edən “krakadil” adlanan hərbi vertolyot tərəfindən vurulmuşdur. Qeyd olunan hərbi vertolyot isə ermənilərə yalnız Sovet ordusunun yüksək hərbi vəzifəli şəxsləri tərəfindən “bəxşiş” edilə bilərdi. Bu bir daha onu sübut edir ki, həmin vaxt erməni mənfurları müxtəlif üsullarla bəzi yüksək hərbi vəzifəli şəxsləri ələ almağı bacarmışdılar.  

Bildiyimiz kimi həmin hadisədən iki ay əvvəl - 20 noyabr 1991-ci ildə ermənilərin Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında "Mİ-8" vertolyotunu atəşə tutması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olublar. Həlak olanlar arasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif CəfərovVəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev də olub. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub. Məhz bu hadisə ermənilər tərəfindən Azərbaycanı daxildən sarsıtmağa, yenicə müstəqqiliyi elan etmiş bir dövlətin dövlətçilik ənələrini məhv etməyə və milli ruh düşkünlüyü yaratmağa hesablanmış qanlı terror hadisəsi idi.  

Ermənilər fevralın 11-də beş aya yaxın mühasirədə saxladığı Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərinə üç tərəfdən tanklar və zirehli maşınlarla hücum etmişdilər.

Yerli sakinlər, kəndlərin mühafizəsində dayanmış milis işçiləri və özünü­mü­dafiə qüvvələri düşmənə ciddi müqavimət göstərmişlər. Lakin qüvvələr nisbəti qeyri-bərabər olduğuna görə tədricən geri çəkilməyə məcbur olmuşlar. Bu hücum zamanı 28 nəfər öldürülmüş, 39 nəfər ağır yaralanmış, bir neçə nəfər isə erməni quldurları tərəfin­dən girov götürülmüşdür.

Yüzlərlə sakin, o cümlədən qadınlar və uşaqlar dağlara çəkil­miş, meşə ilə Ağdam rayonunun Gülablı kəndinə üz tutmuşdular. Yollar isə Əsgəran rayonunun Harov kəndi yaxınlığından keçirdi. Məsələdən xəbərdar olan ermənilər yolu kəsərək onları yenidən gülləyə tutmuşdular. Bir neçə saat davam edən atışmadan və xeyli itkidən sonra müha­sirəni yarıb səhərə yaxın Ağdamın Gülablı kən­dinə gəlmək mümkün olmuşdu.

Erməni quldurları azərbaycanlıların bir çöp də çıxara bilmə­dikləri dolu evləri talan etməklə yanaşı, iki mindən çox qaramal, qoyun-quzu ələ keçirdilər.

Malıbəyli və Quşçular kəndindən 4 min adam didərgin salınmış və respubli­kanın müxtəlif bölgələrinə pənah aparmalı olmuşdu.

Ermənilər Qaradağlı kəndini işğal edərkən xüsusi amansızlıq göstərmişlər. Strateji əhəmiyyətli ərazidə yerləşən bu kənd 4 il (1988-1992) ərzində düşmənlərə qarşı qəhrəmancasına mübarizə aparmış və 77 nəfər şəhid vermişdir. 1992-ci il 15-17 fevralda üç gün ərzində ağır döyüşlərdən sonra ermənilər bu kəndi işğal edib, büsbütün yandırıb məhv etdilər. Erməni faşistləri döyüş zamanı ağır yaralanan və hərəkət edə bilmədiyindən əsir düşən 48 nəfər azər­baycanlını rəhm etmədən xüsusi amansızlıqla qətlə yetirdilər.

Ümumiyyətlə, ermənilər əldə etdikləri üstünlükdən istifadə edib işğal etdikləri yaşayış məntəqələrində evləri uçurur, tikililəri yan­dırırdılar ki, heç bir sakin bu yerlərə köçüb qayıda bilməsin.

Bu cəhətdən bəşəriyyətin haqlı olaraq lənətlədiyi alman faşizmi erməni faşizmindən tamamilə fərqlənir. Belə ki, almanların işğal etdiyi ərazilərdə yerli dinc əhali yaşayır, maddi-mədəniyyət abidələri isə qorunub saxlanırdı. Almanlar yalnız hakimiyyəti dəyişirdilər. Əhalinin evi və təsərrüfatı çox zaman istifadəsində qalırdı. Erməni faşizminin mahiyyəti ondan ibarətdir ki, ermənilər hansı ərazini tuturdularsa, orada nəinki bir nəfər də olsun azərbaycanlı qalmır, dinc əhalini öldürür, hətta maddi mədəniyyət abidələrini dağıdır, kəndləri yerlə yeksan edir, bir sözlə yandırılmış torpaq siyasəti aparırdılar.

Beləliklə, ermənilərin azərbaycanlıların yaşayış məntəqələrini daimi gərginlikdə saxlamaq, onların mövqeyini zəiflətməklə işğal etmək və ərazilərini genişləndirmək kimi təcavüzkar planı tədricən həyata keçməkdə idi. Artıq növbə Xocalıya çatmaqda idi. Xocalının o dövrkü icra başçısı və prokuroru respublika rəh­bərliyinə göndər­diyi məktubda bu şəhərin əhəmiyyətini xatırladaraq yazırdılar ki, “...bütün hadisələr Xocalının üstündədir. Xocalı gedərsə Dağlıq Qara­bağ erməni­lərindir. Biz Xocalını saxlasaq Dağlıq Qarabağ bi­zim­dir. Xocalı Azərbaycanın taleyini həll edir”. Əslində böyük stra­teji əhəmiyyətə malik olan Xocalı, Aran Qarabağı ilə Dağlıq Qara­bağ arasında bir bağlayıcı həlqə rolunu oynayırdı.

Qeyd edək ki, 1988-ci ilin fevralında – Azərbaycanda XX yüzilliyin sonuncu erməni təxribat­ları başlayanda, onun ən ağır zərbəsi Xocalıya dəydi. Belə ki, şəhərin Xankəndi, Əsgəran və əsasən ermənilər yaşayan digər qəsəbə və kəndlərində işləyən mütə­xəssis və fəhlələri işdən qovuldu. Bundan başqa, qədim Oğuz yurdu olan Ermənistan adlandırılan Respublikadan vəhşiliklə çıxarılan 130 azərbaycanlı ailəsi və Fərqanədən erməni-rus fitvasının qurbanı olaraq didərgin salınmış 54 mesxeti türkü ailəsi də buraya pənah gətirmişdi. Onlara, burada yerli hakimiyyət orqanları tərəfindən torpaq sahəsi ayrılaraq ev tikmələri, işləmələri və yaşamaları üçün şərait yaradılmışdı.

1989-1990-cı illərdə münaqişə daha da gərginləşdi. Bu dövrdə ermənilər Yuxarı Qarabağın avtomobil yollarında azərbaycanlılara, o cümlədən xocalılara məxsus olan nəqliyyat vasitələrini daşa basır, əzir, yandırır, insanları girov götürərək qətlə yetirirdilər. Ancaq Xocalının igid oğulları onlara tutarlı cavablar verirdilər. Bu zaman hava limanının Xocalının nəzarətində olması da buna imkan yaradırdı.

Ermənilərin Xocalıya ilk böyük hücumu 1988-ci il sentyabrın 18-də oldu. Onlar belə hesab edirdilər ki, elə ilk həmlə ilə Xocalını məhv edərək, Qarabağa gedən maneəni aradan qaldıra biləcəklər. Həmin gün Xankəndidəki nümayişdən çıxan 5 minə qədər erməninin bir qismi piyada, bir qismi maşınlarla Xocalının üstünə hücum etdilər. Qabaqda gedən 4 “Kamaz” və “Kraz” markalı yük maşın­larının arxasınca, gələn ermənilər şəhərə yaxınlaşdı. Şəhərə 2 km. qalmış hücumdan xəbər tutan xocalılar bu hücumun qarşısını aldılar və ermənilərə layiqli cavab verdilər. Məlumatlara görə bu döyüşdə 27 nəfər azğın erməni öldürülmüş, 100-ə qədəri isə yaralanmışdı. Bu erməni quldurlarına vurulan ilk güclü zərbə idi. Məhz bundan sonra “yazıq”, “fağır” ermə­niləri müsəlman türklərinin “hücumlarından” qorumaq adı ilə şəhərin sərhədlərində Sovet qoşun hissələri yerləşdirildi.

1988-ci ilin oktyabrında Azərbaycan hökuməti Xocalının sosial inkişafı qayğısına qalaraq bu barədə xüsusi qərar qəbul etdi. Bu qərardan sonra Azərbaycanın rayonları Xocalıya və bütün Dağlıq Qarabağa kömək etməyə başladı. Dağlıq Qarabağa və Xocalıya kömək ümumxalq xarakteri aldığı üçün burada tikinti və abadlıq işləri daha da genişləndi.

Bu işlər Sov. İKP MK-ın tövsiyəsi əsasında və SSRİ Ali Sove­tinin 1989-cu il yanvarın 12-də verdiyi qərar ilə Dağlıq Qarabağa Xüsusi İdarə Komitəsinin (XİK) və onun burada külli-ixtiyar sahibi olan rəhbəri Arkadi Volskinin planlarına uyğun gəlmirdi. Çünki A.Volski və onun rəhbərlik etdiyi Xüsusi İdarə Komitəsi açıq-aşkar ermənipərəst mövqe tuturdu. Komitə, Vilayətdə qayda-qanunu bərpa etmək əvəzinə, azərbaycanlıların buradan qovulmasına, ermənilərin silahlanmasına şərait yaratdı. A.Volskinin yaratdığı şərait nəticəsində DQMV-nin ərazisinə Ermənistandan silah-sursat daşınır, erməni quldur dəstələri silahlandırılırdı. Beləliklə, əslində A.Volski­nin əli ilə Dağlıq Qarabağ Azərbaycandan ayrılıb Ermənistanın, daha doğrusu Moskvanın tabeçiliyinə keçirilmişdi. Xalq Volskinin bu xəyanət­karlığını görür və onun Dağlıq Qarabağdan qovulmasını tələb edirdi.

Sovetlər Birliyinin rəhbərliyi Azərbaycanın demokratik qüv­vələrinin tələb­lərinin güclənməsi ilə imperiya üçün artan təhlükəni azaltmaq və əhalini sakit­ləşdirmək üçün 1989-cu il noyabrın 28-də Xüsusi İdarə Komitəsini ləğv etdi. A.Volski yenidən Moskvaya qayıtdı. Ləğv edilən idarənin əvəzinə SSRİ Ali Soveti Xüsusi Komissiyasının nəzarəti altında Dağlıq Qarabağ üzrə Azərbaycan SSRİ-nin Təşkilat Komitəsi yaradıldı. Sovet işğalı zamanı Əfqa­nıstanda B.Karməlin siyasi müşaviri işləmiş, sonralar Azərbaycan Kommunist Partiyasının II katibi olan V.Pol­ya­niçko onun sədri təyin edildi. Lakin V.Polyaniçko milli münaqişənin qızışdırıl­masında heç də A.Volskidən geri qalmadı. Ona görə də bu əvəzlənmə prinsipial dəyişikliyə səbəb olmadı. SSRİ rəhbərləri tərəfindən qəti tədbirlərin görülməməsi nəticəsində 1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti “Ermənistan SSR Dağlıq Qarabağı birləşdirmək haq­qında” qərar qəbul etdi. Xankəndidə Ermənistan bayrağı qaldırıldı. Vilayətin əksər idarə və müəssisələri Ermənistana tabe edildi. Bu isə qarşıdurmanı daha da gücləndirdi.

1990-cı ilin mayında DQMV-nin idarəçiliyi yenidən Azərbay­cana qaytarıldı. Lakin bu, ciddi dəyişikliyə səbəb olmadı. Çünki, Azərbaycan Şuşada, Xocalıda və digər yerlərdə tikinti işlərini artır­dığı dövrdə DQMV-də yaşayan ermənilər sürətlə silahlanır və dünyanın müxtəlif ölkələrində yaşayan, terrorçuluqda kifayət qədər təcrübəsi olan ermənilərdən ibarət muzdlu qüvvələr toplayırdılar.

Yanvarın 7-də erməni daşnak terrorçuları tərəfindən Xocalıya gedən dəmiryol xətti təkrar partladılır Həmin gün daşnak terror qrupu Kərkicahan qəsəbəsinə basqın edir və onlarla əhali xəsarət alır.

22 noyabr 1990-cı ildə daşnak terrorçuları saat 900 radələrində qəflətən Kərkicahan qəsəbəsinə basqın edir, qəsəbə sakini Həsənov Tofiq Bəylər oğlunu qətlə yetirirlər. Mərhumun meyiti tanınmaz hala salınır. Əfqan Novruz oğlu Tanrıverdiyev isə atışma zamanı yara­landı. Həmin ilin 29 noyabrında Xocalı təyyarə limanına növbə çəkməyə polis işçilərini aparan avtobus daşnak terrorçularının bas­qınına məruz qalır. Bir polis işçisi həlak olur, 16 nəfər əməkdaş isə güllə yarası alır. Həmin gün 16 yaşlı Xocalı sakini Xanoğlan Şahməmmədov daşnak terrorçuları tərəfindən qoyun otardığı yerdən girov götürülür.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun Bakıda dinc əhaliyə qarşı törətdiyi görünməmiş vəhşilikdən - “20 Yanvar qırğını”nından sonra Azərbaycanda vəziyyət daha da kəs­kinləşdi.

Əhalinin sovet sisteminə və ordusuna nifrəti daha da artdı. Respublikanın hər yerində milli hərəkat gücləndi.

Xocalı sürətlə tikilib genişləndiyinə və həm də artan strateji əhəmiyyətinə görə 1990-cı ilin aprelində Azərbaycan hökumətinin qərarı ilə şəhər statusu qazandı.

19 aprel 1991-ci ildə Mehdikəndə sığınmış daşnak terror qrupu axşam saat 1000 radələrində Xocalı şəhərinin Universitet adlanan məhəlləsini avtomat və minamiyot­lar­dan güclü və aramsız şəkildə atəşə tutur. Xocalıdakı tərəvəzçilik-südçülük sovxozunun direktoru Mətləb Yusifova isə odlu silahdan atəş aşılır. Həmin il 26 aprel daşnak terrorçusu qəflətən meşə massivində qarşısına çıxan Xocalı şəhər sakini, silahsız İbrahim Məmmədovu yaxalayır və yaxın məsafədən atdığı tapança atəşi ilə onu ağır yaralayır.                                                                                                             

25 sentyabr 1991-ci ildə daşnak terrorçuları Kərkicahan qəsə­bəsinə basqın edirlər. Qəsəbə sakinlərindən bir nəfər həlak olur, doqquz nəfər isə ağır bədən xəsarəti alır. Həmin gün Ağdam-Xocalı sərnişin avtobusu daşnak terrorçuları tərəfindən Əsgəran ərazisində saxlanılır. Sürücü və 15 sərnişin vəhşicəsinə döyülür. Avtobus isə aşırılıb yararsız hala salınır.

19 oktyabr 1991-ci ildə Yevlaxdan Xocalıya uçan AN-12 təy­yarəsi Əsgəran rayonunun Kərmirsar-Xanabad səmasında daşnak terror qruplaşması tərəfindən vurulub yerə salınmır. Təyyarədəki yeddi ekipaj üzvü: Əsəd Əsədov, Hikmət Muradov, Ceyhun Rəhi­mov, Əhmədağa Baxşıyev, Yunis Misirov, Azad Sadıqov və Sabir Rəcəbov qətlə yetirilir. Sonra isə mərhumların cəsədləri yandırılır. Həmin il noyabrın 12-də erməni terrorçuları saat 1600 radələrində Xocalı şəhərinin inşaatçılarına basqın edirlər. Nəticədə Xocalıdakı 23 saylı SMD-nin rəisi Tahir Məmmədov qətlə yetirilir.

Ermənistanın terror qrupları 1 dekabr 1996-cı ildə Kərkicahan qəsəbəsinin aşağı başına həmlə edirlər. Bir polis əməkdaşı həlak olur, üç nəfər qəsəbə sakini itkin düşür, beş nəfər yaralanır, 21 ev yandırılır. Dekabrın 2-də isə Ermənistan silahlı birləşmələri tərə­findən Kərkicahan qəsəbə sakini Elman Həsənov həyətində qətlə yetirilir, dörd uşaq anası S.Sabahova ağır güllə yarası alır. Həmin gün erməni terrorçuları Şuşa şəhərinə həmlə edirlər. 8 ev dağıdılır, iki nəfər dinc şəhər sakini qəlpə yarası alır. Dekabrın 4-də Ermə­nistan daşnak terrorçuları tərəfindən Kərkicahan qəsəbəsinə basqın edilir. Nəticədə qəsəbə sakini Osman Səfərov qətlə yetirilir, üç nəfər ağır güllə yarası alır.

1992-ci ilin yanvar ayında Paris yaxınlığında məxfi təlim düşərgəsi yaratmış “ASALA” erməni terrorçu təşkilatının 26 üzvü Fransa vətəndaşı olan mayor Aşin Simonyanın başçılığı ilə Xan­kən­dinə gəlmiş və xalqımıza qarşı döyüşlərdə qəddarlığı və amansızlığı ilə ad çıxarmışdı.

Qarabağda, xüsusilə Xocalıda terror aktlarının həyata keçiril­məsində, azərbay­canlıların yaşadığı qəsəbə və kəndlərə hücumlarda bilavasitə iştirak etmiş xarici ölkə vətəndaşlarından Suren Paşayan (“Krunk” təşkilatının Fransa bölməsinin üzvü, Fransa vətəndaşı), Qabriel Şıxanyan (“Vartan cəngavərləri” qrupunun Vyana bölməsi, Fransa vətəndaşı), Abram Çitçiyan (366-cı alayın I batalyonunun qərargah rəisi, Rusiya vətəndaşı, (hazırda Fransa vətəndaşı), Romb Qalakçiyan (Xocalını bombalayan 39 nömrəli vertolyotun pilotu, livan vətəndaşı), Razdan Minoyan (Xocalını bombalayan 40 nömrəli vertolyotun pilotu, Suriya vətəndaşı) Fransada terror aktları törətmiş beynəlxalq terrorçu Monte Melkonyan (Ermənistanın milli qəh­rəmanı), beynəlxalq aləmdə kifayət qədər tanınmış terrorçulardan Qrant Markaryan və Vazgen Sislyan (Qarabağ müharibəsində Er­mənistanın qəhrəmanları) və başqalarını misal çəkə bilərik.

1991-ci il dekabrında Ermənistanda xüsusi təlim keçmiş ter­rorçular Xocalı ərazisində terroru genişləndirdilər. Belə ki, 8 dekabr 1991-ci ildə Xankəndində məskən salan daşnak terrorçuları Kər­kicahan qəsəbəsinə basqın edirlər. Qəsəbə sakini Rizvan Ağalarov həlak olur. Səkkiz nəfər dinc qəsəbə sakini ağır güllə yarası alır. Dekabrın 11-də Ermənistan terrorçuları tərəfindən Xocalı şəhəri raket atəşinə tutulur. 50-dən çox raket mərmisi atılır. Çoxlu dağın­tılar olduğu qeydə alınır. Bir gün sonra daşnak terrorçuları Kərki­cahan qəsəbəsinə həmlə edirlər. Polis əməkdaşı Firdovsi Məmmədov həlak olur. 1991-ci il 13-14 dekabrda Ermənistan silahlı birləşmələri Malıbəyli kən­dinə basqınlar edirlər. Basqın nəticəsində 16 evə od vurulur sovxozun ferması yan­dırılır. Kəndin əliyalın, dinc sakinləri – Gülxar Bayramova, Qəşəm Quliyev, Allah­verdi Bəxtiyarov, Bilal Məmmədov, Arzu Şahmanova, Oqtay Mədədov, İsmayıl və Bayram Mədədov yaralanırlar. Həmin gün saat 1500 radələrində Kərkicahan qəsəbəsi yenə də daşnak terrorçularının hücumuna məruz qalır. 3 nəfər dinc sakin – Elxan Məmmədov, Mütəllim Əhmədov və tele­reportyor Seyidağa Mövsümov yaralanır. Bəhs olunan gün Kər­kicahan qəsəbəsinə erməni daşnaklar təkrar həmlə edilir. Qəsə­bənin dinc sakini A.Nəcəfov daşnak terrorçusu tərəfindən qətlə yetirilir. Elxan Abbasov isə yaralanır. 1991-ci il dekabrın 15-də erməni ter­rorçuları Cəmilli kəndinə basqın edir, 9 nəfər dinc, əliyalın kənd sakinini – Xıdır Cabbarov, Vaqif Cavadov, Əhməd Cavadov, Fikrət Mehdiyev, Vaqif Sadıqov, Natiq Salahov, Şakir Salahov, Məmməd Zeynalov və Bəhram İsmayılovu (ümumilikdə 15 nəfər) qətlə yetirirlər. 600 nəfərlik əhali kənddən didərgin salınır, evlər tamamilə yandırılır. Həmin gün Ermənistan silahlı birləşmələri Xocalı hava limanına basqın edir. Atışmada polis əməkdaşı E.Əhmədov qətlə yetirilir, iki əməkdaş isə güllə yarası alır. Dekabrın 17-də erməni terrorçuları yenidən Kərkicahan kəndinə basqın edərək 20 sakinini qətlə yetirməklə, 14 nəfəri girov aparırlar. 1800 nəfərlik qəsəbə əhalisi ev-eşiyindən didərgin salınır, əmlakları qarət olunur, qəsəbə yerlə-yeksan edilir. Kənd sakinlərindən birinin – Fərhad Ağakişi­yevin cəsədi geri alınarkən onun üzərində müxtəlif alətlərlə icra edilən 75-dən artıq işgəncə izi aşkar edilir.

Qeyd edək ki, xocalılar da müəyyən müdafiə tədbirləri görür­dülər. Burada ilk növbədə yerli özünümüdafiə dəstələri yaradılmışdı. Tərkibi 100 nəfər qeyrətli gəncdən ibarət olan bu dəstə Tofiq Hüseynovun komandirliyi ilə kəndin müxtəlif yerlərində müdafiədə dayanırdılar. Bundan başqa, şəhər statusu aldığı üçün Xocalıda 60 nəfər əməkdaşı olan Xocalı Şəhər Polis Şöbəsi yaradılmışdı və onlar da müdafiədə iştirak edirdilər.

1990-cı ilin noyabrında Əlif Hacıyevin 20-yə qədər polis nəfəri və zabit heyəti olan Xocalı təyyarə limanının Xətt Daxili İşlər Bölməsinin rəisi və Xocalı Hava Limanının komendantı təyin olun­ması da ermənilərə silah daşınmasında ciddi maneə oldu. Qeyd edək ki, Ə.Hacıyev bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 1991-ci ilin noyabrında “Sərhəd rayonları və Dağlıq Qarabağda yerli yaşayış məntəqələrinin mühafizəsinin təşkil edilməsi” haqqında kompleks proqramı nəzərdə tutan sərəncam imzalanmışdı. Bu sərəncamı yerinə yetirmək həmin dövrdə yenicə yaradılmış Müdafiə Nazirliyinə tapşırılmışdı.

Əlif Hacıyev 1953-cü il iyunun 24-də Xocalı şəhərində dünyaya göz açıb. Hələ orta məktəbdə oxuyarkən həmişə anasına Mehdi Hüseynzadə kimi Sovet İttifaqı qəhrəmanı olacağından bəhs edir. Amma bilmir ki, Sovet vətəndaşları olan rus və erməni hərbi birləşmələri tərəfindən atılan güllə onun həyatına son qoyacaq və Azərbaycanın Milli Qəhrəmanı olacaq.

Əlif 1970-ci ildə məktəbi bitirərək, Xankəndi şəhərində sürücülük peşəsinə yiyələnir. 1971-ci ildə isə ordu sıralarına çağırılır. Hərbi xidmətini Minsk şəhərində çəkir. 1973-cü ildə ordudan tərxis olunaraq, Xankəndi Avtonəqliyyat Müəssisəsində sürücü işləyir. Əlif SSRİ DİN-nin Frunze adına Xüsusi Orta Milis Məktəbini bitirərək təhsilini SSRİ DİN-nin Akademiyasında davam etdirir. 1974-1984-cü illərdə Belorusiya DİN-nin və Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışır. Gələcək həyat yoldaşı Qalina xanımla da Beloru­siyada tanış olur.

O, 1984-cü ildə Belorusiyadan Xocalıya qayıdır, sahə müvək­kili kimi çalışır. Qısa zaman ərzində o, Xocalı camaatının rəğbətini qazanır. Xocalı sakinləri onu qanunsevər bir insan kimi tanıyır.

1980-ci illərdə, Dağlıq Qarabağ Muxtar Vilayətində ermənilərin uzun müddət­dən bəri gizli millətçi mərkəzi fəaliyyət göstərirdi. Bu mərkəzə gizli yollarla külli miqdarda vəsait, silah-sursat daxil olur­du. Ə.Hacıyev, bu millətçi mərkəzin fəaliy­yətini qorxub çəkin­mədən ifşa edir. Bu isə ermənilərə xoş gəlmir, onları narahat edir. Çünki get-gedə Əlif onlar üçün böyük təhlükəyə çevrilirdi. Buna görə də Əlifi hansı vasitə ilə olursa-olsun aradan götürmə planlarını cızmağa və bunu həyata keçirməyə çalışırlar. Nəhayət saxta ittihamlarla onu şərləyərək günahlandırırlar. Guya rüşvət alması ilə bağlı DQMV prokurorluğunda cinayət işi qaldırılır. Saxta faktlar əsasında qal­dırılmış cinayət işi üzrə aparılan istintaq 9 ay çəkir və qəhrəmanımız 10 il həbs cəzasına məhkum edilir. Yaxınlarının sözlərinə görə, Əlifi tutmaq üçün onun arxasınca 5-10 adam gəlmir. Bütün binanı mü­hasirəyə alırlar və Əlifin arxasınca BMP, pulem­yotla, tankla, topla gəlirlər. Hakimin verdiyi ədalətsiz hökm onu Şuşa həbs­xa­nasından tutmuş, uzaq Sibir həbsxanalarına qədər aparıb çıxarır. 1987-ci ildə Əlifin məhkəmə işinə yenidən baxılır və 10 il həbs cəzası 6 ilə endirilir. Sibirdə 4 il həbs cəzası çəkir. Bir az sonra isə o, tam bəraət alaraq azadlığa buraxılır.

Ə.Hacıyev bəraət alandan sonra 1990-cı ildə yeridən Xocalıya qayıdır və ermənilərə qarşı mübarizəsini daha da sərtləşdirir. Yaxınları ona nə qədər Xocalıya getməməsi üçün yalvar-yaxar etsə­lər də, ermənilərin ondan “yanıqlı” olduğunu desələr də, Əlif de­diyindən dönmür. Xocalıda böyüdüyünü və bu torpaqlar üçün vuru­şacağını bildirir. Beləliklə, Dağlıq Qarabağ üzrə Təşkilat Komitə­sində, Qarabağa Xalq Yardımı Komitəsində fəaliyyət göstərərək erməni millətçilərinə qarşı mübarizə­sini yenidən davam etdirir. Bu o vaxtlar idi ki, artıq Dağlıq Qarabağda ermənilərin özbaşınalıqları daha böyük faciələrə səbəb olmuşdu. O, 1990-cı ilin dekabrında daxi­li işlər orqanlarına qəbul olunaraq Xocalı Təyyarə Limanı Xətt Daxili İşlər Bölməsinə rəis təyin edilir. Eyni zamanda, Xocalı Aero­portunun komendantı idi. Yaxşı işinə görə 1991-ci ilin dekabrında ona mayor rütbəsi verilir.

Məhz Ə.Hacıyevin əzmkarlığı, təşkilatçılığı nəticəsində 1991-ci ilin martın sonlarında Xocalı aeroportu erməni millətçilərinin nəza­rətindən tamamilə çıxaraq Azərbaycan hüquq-mühafizə orqanlarının tabeçiliyinə keçir. Ermənilər üçün bu, faciə sayılırdı.

Qeyd edək ki, o vaxta kimi Xocalı aeroportunda heç bir azər­baycanlı işləmədi­yindən ermənilər istədikləri qədər silah-sursatı gətirib Dağlıq Qarabağın ərazisinə yığırdılar.

Xocalı Aeroportunun strateji əhəmiyyətini başa düşən ermənilər aeroportu zor gücü ilə ələ keçirməyə çalışırlar. Bunun üçün Xan­kəndindən içərisində 100-ə yaxın erməni döyüşçüsünün olduğu iki avtobus gəlir. Quldurlar aeroportu mühasirəyə alır və axşam saat 10-a kimi oranı boşaltmaq üçün azərbaycanlılara vaxt verirlər. O zaman aeroportda növbədə cəmi 30-a yaxın əməkdaş var idi. Aeroportu əldən verməmək üçün Ə.Hacıyev siyasət işlədir. Aeroport bina­sındakı otaqların birində səsgücləndiricinin qarşısına keçir və əmr verir ki, “filan batalyon filan cəbhəyə, filan batalyon filan cəbhəyə və s. keçsin”. Ermənilər elə başa düşür ki, burada azərbaycanlılardan ibarət böyük bir polk var. Buna görə də aeroportu tərk etmək məc­buriyyətində qalırlar.

Əlif erməniləri çox gözəl tanıyırdı. Həm də Sovet milisi sıra­larında çalışdığın­dan ermənilərin silah bazalarının hansı səmtdə yerləşdiyini bilirdi. Həmin dövrdə silah anbarlarının dağıdılması, uzaq mənzilə vuran topların yerlərinin təyin edilib götürülməsi məhz Ə.Hacıyevin təşkilatçılığı sayəsində həyata keçirilirdi.

Ermənilərlə mübarizə Əlifi onların gözündə güclü və yenilməz düşmənə çevirir. Vəziyyət o həddə çatır ki, ermənilər onun başına 1 milyon dollar pul qoyub ölümünü sifariş verirlər. Dəfələrlə Ə.Ha­cıye­va qarşı sui-qəsd təşkil edilir. Əlifin maşınına Xankəndində mina quraşdırsalar da, qrantamiyot, snayperdən istifadə edərək onu öl­dürmək istəsələr də, istədiklərinə nail ola bilmirlər. Buna görə də düşmən çox çalışırdı ki, onu Xocalı aeroportunun komendantlığından çıxarıb başqa vəzifəyə aparsın. Amma buna da müvəffəq olmurlar. Ona Moskva şəhəri üzrə komendantın 1-ci müavini təklif etsələr də, Əlif getmir.

Döyüş yoldaşlarının dediyinə görə, Əlif girov götürülən ermə­nilərə qarşı heç vaxt qəddar davranışa icazə verməz, bizim əsir və girovlarla dəyişdirildiyi günə qədər onlara zamin durarmış. O, in­sanlığa sığmayan hərəkətləri qəbul etmirdi.

Azərbaycana qanıyla, canıyla bağlı olan Əlif həmişə döyüş yol­daşlarına deyərmiş ki, “Xankəndinə Azərbaycan bayrağını taxsam, ölsəm də, dərdim olmaz”.

Onun komandanlığı altında vuruşan döyüş yoldaşlarına isə Əlif həmişə bir nümunə olur. Tabeçiliyində olan əsgərlər heç vaxt onun bir sözünü iki etmir. Qəhrə­manımız döyüşə gedərkən silah yol­daşlarına məsləhət görürmüş ki, “döyüşə gedəndə heç vaxt fikir­ləşməyin ki, öləcəm, fikirləşin ki, öldürəcəm”.

Bir dəfə hadisələrin qızğın vaxtında Əlif Hacıyev 366-cı alayın rəhbərliyi ilə danışığa gedir. Döyüş yoldaşlarına da tapşırıq verir ki, kənardan “görsəniz ki, onlar məni girov götürüblər, məni güllələyin, qoymayın ermənilərə girov düşüm”.

Xocalı faciəsi baş verməmişdən əvvəl o, ermənilərin dinc əhaliyə hücum edəcəyini bilirdi. Bu barədə tədbir görülməsi üçün hər gün, hər saat Bakıya xəbər ötürsə də, paytaxtdan heç bir kömək almır. Xocalının blokadaya düşdüyü vaxtda dəfələrlə blokadanı yararaq əhaliyə yemək gətirir, mümkün olduqca milis işçilərinin silahlanmasına çalışırdı. Faciə baş verəndə Əlif və dəstəsi səhər saat beşə qədər azğınlaşmış rus hərbiçiləri və erməni yaraqlıları ilə vuruşur. Döyüşlər qeyri-bərabər qüvvələr arasında getsə da, Əlif Hacıyev qanlı döyüşdə misilsiz qəhrəmanlıqlar göstərir. Dəstəsiylə birgə tanka, BTR-ə qarşı avtomatla vuruşur. Bir dəstə dinc əhalini Ağdamın Şelli kəndinə tərəf təhlükəsiz yerə çıxarır və bir daha geriyə dönərək, yenidən döyüşə atılır. Avtomatın darağını dəyişərkən düşmən gülləsi Qarabağ cəngavərinin qəlbinə sancılır.

Ölümündən bir neçə gün sonra Əlifin tabutunu Bakıya gətirib Şəhidlər Xiyaba­nında dəfn edirlər. Milli qəhrəmanın özündən sonra iki qız övladı Zərinə və İradə, bir də ürəklərə həkk edilən adı, şərəfli ömür yolu qalır.

Xocalı hava limanını ələ keçirildikdən sonra erməni faşistləri tankların, zirehli maşınların gücü ilə Mehdikənd, Qayabaşı və Daş­bulaq istiqamətindən Xocalıya soxuldular. Artıq Xocalı şəhərində küçə döyüşləri gedirdi. Xocalının müdafiəsi uğrunda ərazi özünü­mü­dafiə taborunun döyüşçüləri düşmənə qarşı qəhrəmanlıqla vuruş­dular. Bu döyüşlərdə Tofiq Hüseynovun rəhbərlik etdiyi 60 nəfərlik batalyon ölüm-dirim mübarizəsində igidliklə vuruşmuş, yüzlərlə Xocalı sakinin mühasirədən çıxmasına şərait yaratmışlar. T.Hüsey­novun batalyonundakı döyüşçülərdən 49 nəfəri qəhrəmanlıqla həlak olmuş, qalanları isə yaralanaraq girov götürülmüş və erməni qul­durları tərəfindən qəddarlıqla öldürülmüşdür. Ayağından yaralanan Tofiq, düşmənin təslim olmaq çağırışına məhəl qoymayıb saxladığı sonuncu qumbara ilə özünü öldürmüşdür. Ölümündən sonra göstər­diyi şücaətə görə T.M.Hüseynova Azərbaycanın Milli Qəhrəmanı adı verildi.

Xocalı şəhəri uğrunda gedən döyüşlərdə göstərdikləri igidlik və şücaətə görə Aqil Sahib oğlu Quliyevə və Hikmət Baba oğlu Nəzər­liyə, Ələsgər xanlar oğlu Novruzova, Araz bahadur oğlu Səlimova, Təbil Qasım oğlu Həsənova, İnqilab Ələkbər oğlu Salahova, natiq İlya oğlu Əhmədova, Mövsüm Şahin oğlu Məmmədova Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycanın Milli Qəh­rəmanı adı verilmişdir. Xocalı əhalisinin təhlükəsizliyinin təmin edil­məsində, onların əksəriyyətinin ərazidən çıxarılmasında öz həyat­larını qurban vermiş igid döyüşçü­lərdən Canpolad Rzayevin, Adil Quliyevin, İlqar Musayevin, Tofiq Bədirovun, Cəbrayıl Rəcəbovun, Hafiz Nuriyevin, Fikrət Əzimovun, Mübariz Şaxmurovun, İlham Mehdiyevin, Mikayıl Əliyevin, Elçin Quliyevin, Elçin Şəmiyevin və başqalarının adlarını fəxrlə çəkmək olar. Vətənin azadlığı, ərazi bütövlüyü uğurunda həyatını itirən şəhidlərimiz öz ölümləri ilə ölümsüzlüyə qovuşur və qədirbilən xalqımızın qəlbində əbədilik yaşayırlar.

Lakin orada hərbi texnika və hərbi xidmətdən istifadə deyil, yalnız tikinti və texniki işləri həyata keçirmək nəzərdə tutulurdu. Təəssüf ki, o dövrdə nəinki Xocalıda, heç bir sərhəd bölgəsində müdafiə qurğularının inşası və təşkili gerçəkləşmədi.

Bundan istifadə edən ermənilər rus ordusundan “icarəyə” götür­dükləri silahlarla tez-tez Xocalını atəşə tutur, evləri yandırır, dinc əhalini, qoca, qadın və uşaqları qətlə yetirirdilər. Məsələn, belə hücumların biri 1991-ci il sentyabrın 10-da səhər saat 530-da baş vermişdi. Erməni quldur dəstələri Daşbulaq kəndi istiqamətindən şəhəri avtomat və pulemyotlardan, “Alazan” tipli raketlərdən atəşə tutmuşdular. Bir saata yaxın çəkən aramsız atəş nəticəsində şəhər sakinlərindən biri ölmüş, ikisi uşaq olmaqla altısı ağır yaralanmışdı. Xeyli sayda ictimai binalar, yaşayış evləri dağılmışdı.

Ermənilər sentyabr ayının birinci on günündə Qarabağın dağlıq hissəsində 10 nəfər azərbaycanlını öldürmüş, 21 nəfəri isə ağır yaralamışdılar.

Hələ 1991-ci ilin payızında Sovet rəhbərliyinin əmri ilə Dağlıq Qarabağda yaradılmış prezident üsul-idarəsi kifayət qədər səmərəli fəaliyyət göstərmədiyindən, Azərbaycan Respublikasının o dövrkü rəhbərliyi 1992-ci ilin fevral ayının 10-da Xocalıda və Dağlıq Qarabağda yaranan vəziyyəti vahid mərkəzdən, operativ idarə etmək üçün ümumi komandanlıq yaratdı və Tahir Əliyev onun başçısı təyin olundu. Lakin, o da müxtəlif səbəblərdən öz vəzifəsinin öhdəsindən gələ bilmədi.

O dövrdə Xocalının müdafiə qüvvələrinin ixtiyarında az sayda avtomat, bir ədəd top, iki ədəd “Alazan” tipli raket qurğusu var idi. O dövrün məlumatlarına görə, həmin vaxtlar Xocalını əhatə edən, ermənilər yaşayan kəndlərdə Daşbulaq, Mehdikənd, Ballıca, Pirə­mə­ki, Noraguğ və Mirzəcanda ermənilərin 515 nəfər canlı qüvvəsi, 3 “Alazan” raketi, 10 ədəd zirehli transportyoru, 3 ədəd PDM və bir neçə tankı var idi. Ermənistanın işğalçı hərbi qüvvəsi isə Xankəndidə və Əsgəranda əmrə hazır dayan­mışdılar. Bütövlükdə o dövrdə Dağlıq Qarabağın erməni ordusunun sayı buradakı Ermənistan Silahlı Qüvvələri nəzərə alınmadan 7 min nəfər olmuşdur.

1992-ci ilin yanvarında Ermənistan silahlı birləşmələrinin Xocalıya hücumları ara vermir. Belə ki, yanvar 1992-ci ildə daşnak terrorçuları tərəfindən Xocalı şəhərinə gedən elektrik xətti partladılır. Bununla şəhərin elektrik enerjisi ilə təminatına son qoyulur. Həmin il yanvarın 7-də Əsgəranda möhkəmlənən daşnak terrorçuları Xocalıya güclü basqın təşkil edirlər. Xocalı şəhər sakini Qanboy Həsənov yaralanır. Yanvarın 10-13-də Ermənistan silahlı birləşmələri Xoca­lını bombardman edir və terrorçular Xocalı rayonunun dəniz səviy­yəsindən 2000 m yüksəklikdə, Qırxqız dağının qoynunda yerləşən Qarakov kəndinə həmlələr edirlər. Terrorçular camaata məxsus 16 baş iribuynuzlu mal-qaranı llələyirlər.

1992-ci il fevral ayının 12-si və 13-də Xocalı qonşu erməni kənd­ləri tərəfindən atəşə tutuldu və bundan çox keçməmiş erməni hərbi qüvvələrinin Xankəndidən Xocalıya tərəf yerdəyişməsi baş verdi.

Belə gərgin bir vaxtda, fevralın 13-də Xocalı İcra Hakimiy­yətinin başçısı Elman Məmmədovun sayəsində Xocalıya sonuncu vertolyotlar gəldi. Onu da qeyd edək ki, hava nəqliyyatını Zabrat və Gəncədə yerləşən, ruslara məxsus desant diviziyasının mühafizəçi vertolyotları həyata keçirirdi.

Həmin vertolyotlarla 300 nəfər qoca, qadın, uşaq mühasirədən çıxarıldı. Ancaq məsələ orasında idi ki, vertolyotlar da bir çox səbəbdən istənilən vaxtda uça bilmirdi. Ermənilər yanvar-fevral aylarında Xocalı və Şuşaya uçan 7 sərnişin vertolyotunu gülləyə tutmuşdular. Bu da hava əlaqələrini çətinləşdirirdi. Xüsusilə 1992-ci il yanvarın 28-də Şuşa şəhəri səmasında içərisində 44 nəfər dinc azərbaycanlı əhalinin olduğu mülki vertolyotun vurulmasından sonra Xocalı ilə hava əlaqəsi də demək olar ki, kəsildi. Beləliklə, şəhərin blokadası tam başa çatdırıldı.

Ümumiyyətlə, Xocalıya axırıncı dəfə avtomobil 1991-ci il oktyabrın 30-da gedib və noyabrın 1-dən bu şəhər artıq mühasirə vəziyyətində olub. 1992-ci il yanvarın 2-dən isə elektrik enerjisinin verilməsi dayandırılıb.

Fevral ayının 19-da saat 17-də Xocalı hər tərəfdən PDM, iri­çaplı pulemyot və avtomatlardan 4 saat ara verilmədən atəşə tutuldu. Həmin ilin 21 fevralında Ermə­nis­tan silahlı birləşmələri Xocalını atəşə tutur, üç nəfər həlak olur, 9 nəfər ağır yaralanır.

1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə tarixdə ən böyük faciələrdən biri Xocalı soyqırımı baş verdi. Həmin gecə ermənilər üç istiqamətdən Xocalıya hücum etdi. Bu hücumda Ermənistan Respublikası Silahlı Qüvvələrinin tabeçiliyində olan silahlı qruplar, muzdlu əsgərlər, özünü Arsak Xalq Azadlıq Ordusu adlandıran Dağlıq Qarabağın erməni bölmələri və 366-cı rus hərbi alayı iştirak etmişdi. Bu hücumda Xankəndi tərəfdən öndə olan 366-cı alayın hərbi texnikası, onların ardınca rus-erməni silahlı dəstələri və Əsgəran istiqamətindən isə mindən çox silahlı quldurlar daha çox fəallıq göstərirdilər. Əvvəlcə 366-cı alayın tanklarının köməyi ilə piyada qüvvələri şəhərə doğru irəliləyərək artilleriya atəşi ilə şəhərdə olan müdafiə qərargah­larını və atəş mövqelərini məhv etmişdilər. Şəhərin müdafiəçiləri şəhərə qədər düşmənə qarşı rəşadətlə döyüş­müşdülər. Onların bir neçəsi kamikadze şücaəti göstərərək, bədən­lərinə partlayıcı qurğu bağlayaraq özlərini düşmən texnikasına çırp­mışdılar. Sonuncu müqavimət məntəqəsi səhər saat 7-də susdurul­muşdu. Atışma zamanı Xocalıda yüzlərlə adam döyüşə-döyüşə həlak olmuşdu. Ağdama tərəf müxtəlif istiqamətlərdən hərəkət edən dinc əhali yolda erməni silahlı qüvvələri tərəfindən atəşə tutularaq girov götürülmüş, dəhşətli işgəncələrə məruz qalmışdır. Dinc sakinlərin qaça biləcəyi yolların qarşısında gizlənmiş erməni silahlı əsgərləri gəlib keçənləri qətlə yetirmişdilər. Ermənistan hərbi birləşmələri qətlə yetirdikləri insanların başlarının dərisini soymuş, müxtəlif əzalarını kəsmiş, körpə uşaqların gözlərini çıxarmış, hamilə qadın­ların qarınlarını yararaq körpələri süngülərə keçirmiş, adamları diri-diri torpağa basdırmış və ya yandırmışlar.

Baş məhkəmə tibb eksperti professor R.M.Yusifovun qeyd­lərində bildirilir: “1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Xocalı şəhərində erməni quldurları tərəfindən qətlə yetirilən şəxslərin xəsarətinin təhlili: Xocalı hadisəsi zamanı bizim birliyin ekspertləri tərəfindən məhkəmə tibbi müayinədən 181 meyit keçi­rilmişdir. Həmin meyitlərdən 130 nəfəri kişi, 51 nəfəri isə qadındır. Müayinə olunan meyitlərdən 13 nəfəri azyaşlı uşaq olmuşdur. Xəsarətlərin əmələgəlmə mexanizminə görə bölün­məsi aşağıdakı qaydada olmuşdur: a) qəlpə təsirindən 20 nəfər; b) güllə təsirindən 151 nəfər; c) küt alət təsirindən 10 nəfər.

Xəsarətlər aşağıdakı kimi olmuşdur: a) baş nahiyəsi 40; b) döş qəfəsi 74; c) qarın nahiyəsi 17; d) ətrafları 11.

Bununla yanaşı, müayinə olunmuş meyitlərdən 3 nəfərində ət­raf­ların donması, 33 nəfərində işgəncə əlamətləri, yəni başın dəri­sinin soyulması, qadınlarda döşlərin kəsilməsi, burun və qulaq qığırdaqlarının kəsilməsi, qadınların cinsiyyət üzvlərinə odlu silah­dan atəş açılması əlamətləri aşkar edilmişdi. Eyni zamanda, göz almalarının çıxarılması, dişlərin sındırılması, kişilərin cinsiyyət üzvlərinin kəsilməsi müşahidə olunmuşdur. Müayinə olunmuş 31 meyitdə isə kombinə olunmuş, yəni bədənin müx­təlif nahiyələrinin güllə yarası və küt alətlə, kəsici-deşici alətlə yetirilmiş xəsarətlər olmuşdur. Müayinə olunmuş meyitlərdən 13 nəfərində bədənin bütün səthini əhatə edən yanıq-kömürləşmə aşkar edilmişdir. Eyni zaman­da, müayinə edilən meyitlərdən 10 nəfərində güllə yarası ilə birlikdə onların üzərindən hərbi texnikanın keçməsi əlaməti olmuşdur”.

Erməni quldurları əsir götürdükləri adamlara qarşı qeyri-insani rəftar etmişlər. Məsələn əsir götürülmüş Xəzəngül Məmmədova bildirir ki, “Gözümüzün qarşısında əvvəlcə atamın ayaqlarına benzin tökdülər, sonra isə od vurub yandırdılar. Milli Ordunun 2 əsgərinin diri-diri başını kəsdilər. Əsir düşmüş başqa bir Xocalı sakini Səriyyə Talıbova isə gördüklərini belə deyir: “Bizi erməni qəbiristanlığına gətirdilər. Dörd nəfər gənc mesxeti türkünü və üç azərbaycanlını vaxtilə türklərə qarşı vuruşmuş bir erməninin qəbri üstündə qurban kəsdilər. Bundan sonra, əsgərlər və quldurlar valideynlərinin gözü qabağında uşaqlara işgəncə verib öldürməyə başladılar. Sonra buldozerlərin köməyi ilə meyitləri dərəyə tökdülər. İnsan cildinə girmiş bu vəhşilərin ürəyi bununla da soyumadı. Onlar əynində milli ordunun forması olan iki azərbay­canlını gətirdilər və vintaçanla onların gözlərini dəldilər”.

Qadınlar, uşaqlar və qocalardan ibarət bir dəstə adam Qaraqaya tərəfə getmiş, Əsgəranla üzbəüz meşədə gizlənmişdi. Onlar gecə qarlı-şaxtalı havada səhərə qədər dayanıb gizlənmişdilər.

Səhər dan yeri ağaran zaman soyuqdan tir-tir əsən insanlar meşədən çıxıb Ağdama tərəf hərəkət etmək istəyəndə atəşə tutularaq qətlə yetirilmişdi. Bu dəstənin içərisindən təsadüf nəticəsində bir neçə adam xilas olub Ağdama gələ bilmişdi.

Başqa bir dəstə adam isə Abdal-Gülablı kəndinə tərəf qaçmışdı. Onları yolda Ağbulaq, Naxçivanik və Dəhraz kəndlərinin silahlı erməniləri mühasirəyə alıb atəşə tutmuşdu. Bu istiqamətdə xeyli azərbaycanlı öldürülmüş, 250 nəfər isə əsir götürülərək dəhşətli işgəncələrə məruz qalmışdır. Yalnız 15 nəfərə qədər adam ölümdən və girov düşməkdən xilas olub axşama yaxın Ağdamın Gülablı kəndinə gəlib çıxmışdı.

Təlaş və vahimə içində qaçan adamların 300 nəfərdən ibarət olan bir dəstəsi də böyük çətinliklə ermənilərin yaşadığı Dəhraz kəndinə gəlib çıxa bilmiş, ancaq burada da onlar mühasirəyə alın­mışdılar. Dəstədə üç nəfərin əlində ov tüfəngi olmuşdu. Təslim olmaq istəməyən xocalılar atışma zamanı erməni pulemyotçusunu vura bilirlər. Yalnız güllələri qurtardıqdan sonra onları əsir götü­rürlər və ermənilər öldürülmüş pulemyotçunun əvəzinə 10 nəfəri dərhal güllələyir, qadın və qızların başlarına dəhşətli müsibət açırlar.

 Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev 25 fevral 1997-ci ildə Xocalı soyqırımının beşinci ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində bildirmişdir: “...1992-ci il fevral ayının 26-da Ermənistan silahlı birləşmələri imperiyapərəst qüvvə­lərin bilavasitə iştirakı və havadarlığı ilə Azərbaycan xalqına qarşı növbəti qanlı təcavüzə əl ataraq tarixdə misli görünməmiş Xocalı soyqırımını törətdilər. Xocalı şəhərinin minlərlə əliyalın mülki əha­lisi müasir hərbi texnika ilə silahlanmış düşmənin qəfil və amansız hücumuna məruz qaldı. Yüzlərlə günahsız, insan kütləvi şəkildə məhv edildi, qocalar, qadınlar, uşaqlar, hətta südəmər kör­pələr ən dəhşətli üsul və vasitələrlə qətlə yetirildilər, girov götürülərək in­sanlığa sığmayan həqarət və təhqirlərlə üzləşməli oldular. Xocalı soyqırımı erməni faşizminin iç üzünü bir daha açıb göstərməklə, təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş tarixi cinayətdir və beynəlxalq hüquqa uyğun olaraq sivilizasiyalı dünya tərəfindən məhkum olunmalıdır...”.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə rus əsgərləri ilə birlikdə ermənilərin Xocalıda həyata keçirdikləri hərbi əməliyyat öz miqyası, qəddarlığı və amansızlığı ilə insanı dəhşətə gətirir. Şəhərə hücum edən qüvvələr arasında yerli erməni hərbi birləşmələri ilə yanaşı, ruslardan ibarət olan 366-cı alayın komandirləri, əsgərləri beynəlxalq qanunları və hərbi Nizamnaməni deyil, milli nifrəti əsas tutaraq soyqırımı həyata keçirmişdilər. Erməni qaniçənləri bu şəhər­də yaşayan azərbaycanlılara qarşı milli-etnik və dini zəmində soy­qırımı aktı törədərək şəhəri tamamilə yandırmış dağıtmışlar. Bu faciəli gecədə “dinc əhalidən 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıq və işgəncə verilməklə öldürülmüş, 76-sı uşaq olmaqla 487 nəfərə ağır bədən xəsarəti yetirilmiş, 1275 sakin uşaqlar, qadınlar və qocalar girov götürülərək ağlasığmaz zülmə, təhqirlərə və həqarətə məruz qalmışlar. Onlardan 150 nəfər itkin düşmüşdür. Sonradan onlardan əsir götürülənlərdən yalnız 1165 nəfərini geri almaq mümkün olmuşdur. Bu qətliam zamanı 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 224 uşaq bir valideynini itirmişdir. Bundan başqa, 230 ailə öz başçısını itirib. 200 nəfərin ayaqları soyuqdan qanqren olmuşdur. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyil”.

Vaxtilə Xocalıya pənah gətirmiş Mesxeti türklərinin 7 nəfəri xüsusi işgəncə ilə qətlə yetirilmiş, 12 nəfəri əsir götürülmüş, onların 4 nəfərinin taleyi bu günə qədər məlum deyil.

Ermənilərin Xocalıdakı vəhşiliyini əks etdirən çoxsaylı sənədlər göstərir ki, Rusiya Federasiyası və Ermənistan Respublikası silahlı qüvvələrinin və onların tabeçiliyində olan muzdlu əsgərlərin və terrorçu dəstələrin törətdiyi vəhşilik məhz soyqırımı aktıdır və beynəlxalq hüquq normalarına, insan haqlarına tamamilə ziddir.

Bu dəhşətli faciə ermənilərin qəddarlığını, insanlığa ləkə olan hərəkətlərini gözləri ilə görən, bu vəhşiliklərin şahidi olan Rusiya Federasiyası Baş Kəşfiyyat İdarəsinin (BKİ) polkovniki V.Savelyevi də təəccübləndirmiş və sarsıtmışdı. “Mən bütün bunları yazmaya bilmərəm. Hər şey gözlərim önündə baş verib. İnsanların, uşaq və qadınların, hamilə gəlinlərin güllədən keçmiş bədənlərini unuda bilmərəm. Qoy azərbaycanlılar məni bağışlasınlar ki, bütün bu qanlı və amansız sonluğu olan hadisələrdə əlimdən heç nə gəlmədi. Təkcə on doqquz səhifəlik məxfi arayışı həm Kremlə, həm də Müdafiə Nazirliyinə, Baş Kəşfiyyat İdarəsinin generallarına gön­dərdim. Oxuyun! – dedim. Biz rusların zabit şərəfi görün necə ləkələndi... Bu oyunlara rus zabitlərini qoşmaqla onları alçaltdılar, şərəfinə lənət damğası vurdular. Mən on addımlıqda güllə yarasından can verən səkkiz-doqquz yaşlı qızcığaza heç cür kömək əlimi uzada bilmədim. Allahın mənə lənət edəcəyindən qorxdum”.

Ermənilərin öldürülən azərbaycanlıları dəfn etmə üsulu isə ümumiyyətlə insanlığa yaraşmayan hərəkət olmuşdur. Belə əxlaq sahibi olanların Avropa və Amerikada himayə edilməsi, təəssüf doğurmaya bilməz. Bu məsələdən bəhs edərkən V.Savelyev yazır: “Onları yarım metr qazılmış çalalara atıb üstünü torpaqlayırdılar. Axşamlar belə çalaların ətrafında itlərin və çaqqalların səs-kü­yün­dən, dartışmalarından qulaq tutulurdu, adam vahimələnirdi. Hər yerdən laxtalanmış qan və cəsəd iyi gəlirdi”.

Qeyd edək ki, ermənilər Xocalı soyqırımına əvvəlcədən hazır­laşdıqlarından bu aksiyadan bir neçə gün əvvəl dünyanın onlarla ölkəsindən qəzet, televiziya jurnalist­lərini hadisələri işıqlandırmaq üçün buraya dəvət etmişdilər. Onlar buraya hadisələri obyektiv işıq­landırmaq üçün deyil, hadisələri saxtalaşdırmaq, “fağır, sakit, əmək­sevər” ermənilərin müsəlmanlar tərəfindən qətlə yetirilməsini sübut etmək üçün təşrif buyurmuşdular.

Polkovnik V.Savelyevin arayışında ermənilərin belə saxta­kar­lığına aid bir neçə maraqlı faktlar vardır. O, yazır: “Həmin ərəfədə Fransadan gəlmiş “Operator-II” özəl studiyasının erməni əmək­daşları isə (Gül Bareylan, Şerin Sitaryan) Xocalı ətrafında qalaq­lanmış meyitlərin yandırılmasını lentə köçürdülər. Rusiyanın 2-ci batalyonunda vuruşan zabit İvan Karebelnikovun verdiyi məlumata görə, bu yer ... Xocalının şimal-şərq hissəsində kiçik təpəciklər olan bir yer idi....

Xocalı faciəsini “işıqlandırmaq” (ermənilər buna qəhrəmanlıq deyirlər) üçün Xankəndinə dünyanın 32 ölkəsindən 47 nəfər erməni jurnalist gəlmişdi. Onların bir qismi general Zaviqarovun ayırdığı zirehli maşınların gözlüklərindən, qərargah məskənlərindən hadisə­ləri izləyir, qeydlər götürür, bəziləri də operativ çəkilişlər aparırdı. Dağıdılmış, viranə qalmış yerləri dünyaya göstərir və acı bir təəs­süflə qeyd edirdilər: “...Azərbaycanlılar günahsız erməniləri qırır­lar”.

Xocalı soyqırımı zamanı dinc əhaliyə qarşı daha çox qəddarlıq edənlər, adam öldürənlər Rusiya, Ermənistan və digər ölkələrdəki havadarları tərəfindən müxtəlif formalarda mükafatlandırılırdı. Bu isə təcavüzü, vəhşiliyi şirnikləndirmək deməkdir. Belə məsələdən bəhs edən onlarca fakt və sənədlərdən yalnız bir neçəsindən sitat verməklə onun doğru olduğunu göstərmək istəyirik. “Xocalının işğal edilməsi planının strateji tərəflərini ermənilərlə yanaşı, ruslar da... çox düşünüblər. Nəticədə birinci batalyonun qərargah rəisi, mayor Abram Çitçiyan mayor Nabokix və kapitan İ.Lixodey hərbi əməliy­yatlarda bilavasitə vuruşublar. Zabit İ.Karabelnikovun məlumatına görə, A.Çitçiyan 13 nəfərlik Babayevlər ailəsini “güllədən keçirib”. Ona 1993-cü ildə Fransa erməni diasporu tərəfindən 150 min dollar mükafat və ən böyük “Kilsə mükafatı” verilib. A.Çitçiyan 1994-cü il sentyabr ayının 2-dən Fransada yaşayır.

Üçüncü batalyon Xocalı işğal olunan gecə müharibə zonasından çıxarıldı, amma oranı tərk etmədi. 366-cı polk isə ərazidən çıxa­rılmadı. Ordu tərksilah olundu. Silah­lara gəlincə, işlənməmiş silah­ları ermənilər üçün ayırdılar. Qərara alındı ki, ermənilərdən bunun müqabilində pul və zinət şeyləri alınsın.

Ermənilərin özünümüdafiə dəstəsi adı ilə vuruşan, əslində “ASALA” terror təşkilatının Xankəndidə yaradılmış özəyinin başçısı kimi tanınan İllarion Allah­verdiyan 24 nəfər rus zabit və əsgərinə pul mükafatlarını elan etmişdi. Məsələn, dəstənin önünə çıxarılmış rus zabiti Yevgeni Qolubyevə üstündə “ASALA” yazılmış 25 qramlıq qızıldan tökülmüş orden və beş min ABŞ dolları məbləğində pul təntənəli surətdə təqdim edilmişdi. Və yaxud həmin gün sıravi Anas­tas S.İvanova 10 min dollar təqdim etməklə İrəvanda onu gözləyən “Hunday” markalı avtomobilin sənədləri verilmişdi.

Nəticədə erməni silahlı dəstələri ilə rus zabitləri arasında şifahi razılaşmalar, “Döyüş müqavilələri” də imzalandı.

Xocalı soyqırımı ərəfəsində Rusiya Federasiyasının 4-cü ordu­sunun 23-cü diviziyasının 366-cı motoatıcı alayının komandiri pol­kovnik Zaviqarovun ermənilərlə əlbir olub azərbaycanlıları öldür­məsi, azərbaycanlılar yaşayan kəndləri atəşə tutdurub dağıtması, silahları ermənilərə verərək alayın şəxsi heyətini ermənilər tərə­findən döyüşlərdə iştirak etməyə məcbur etməsinin müqabilində rüşvət alması və s. qanunsuz hərəkətləri barədə istər ordu rəhbər­liyinə, istərsə də Rusiya Federasiyasının siyasi rəhbərliyinə çoxsaylı müraciətlər göndərilmişdi. Bu müraciətlərdə 366-cı alayın DQMV-nin ərazisindən çıxarılması və onun komandirinin ən qısa müddətdə cəzalandırılması tələb olunurdu.

Rusiya Federasiyasının ordu və siyasi rəhbərliyi polkovnik Zaviqarovun heç nədən çəkinib qorxmaması və azərbaycanlılara qarşı daha amansız olması üçün “çox gözəl” tədbir görmüşdü. Gələcək soyqırımın ən fəal təşkilatçısı və əsas icraçısı olan pol­kov­nik Zaviqarova 1992-ci il fevral ayının 24-də, yəni Xocalı soy­qırımından bir gün əvvəl general rütbəsi vermişdi.

Xocalı soyqırımının təşkilatçılarından biri, 366-cı alayın ko­man­diri, hərbi tapşırıqların “mahir” icraçısı Zaviqarovun xüsusi fəa­liy­yəti olmuşdur. O, bir tərəfdən erməniləri silah, sursat və s. ilə təmin etmiş, digər tərəfdən, alayın əsgərləri qarşısında çıxış etmiş, onların milli, dini hisslərindən sui-istifadə edərək, əsgərləri qızış­dırmış və azərbaycanlıları qırmağa təhrik etmişdir.

V.Savelyev Zaviqarovun azərbaycanlılara qarşı münasibətindən bəhs edərək yazın “1992-ci il fevral ayının 24-də general rütbəsi almış V.Zaviqarov zabitlər önündə belə bir çıxış edir ki, “regiondakı müharibə torpaq müharibəsi yox, islamın xristianlığa qarşı müha­ribəsidir.

Xristianlığa qarşı bir yürüş var. Bu yürüşdə ya dinimizi, şərə­fimizi qorumalıyıq, ya da şərəfsizliyi qəbul edib tabe olmalıyıq”.

Məhz belə təbliğatların nəticəsi idi ki, “...ermənilər ruslara məxsus “02-19-MM” nömrəli “Kamaz”la ərazidəki azərbaycanlı meyitlərini yığıb Xocalıda tonqal qurdular...”

“İnsanın insana olan nifrəti burada həddini aşmışdı. Kim yarat­mışdı bunu, dərk edə bilmirdim... mən sizə ermənilərə qoşularaq əsir alınmış azərbaycanlıları sıraya düzərək tək-tək məhv edən və bundan həzz alan rütbə zabitlərini tanıtmaq istəyirəm, (bundan sonra müəllif 366-cı alayın 19 nəfər rus millətindən olan zabitlərinin və 41 nəfər milliyətcə erməni olan kiçik rütbəli şəxslərin adlarını verir).

Qeyd edək ki, Ermənistan Respublikası və Rusiya Federasi­yasının bəzi vəzifəli şəxsləri lənətlə yad edilmək və cəzalandırılmaq qorxusundan Xocalı soyqırımında ermənilərin ruslarla əlaqələrini sübut edən sənədlərin bir hissəsini məhv etməyə çalışmışlar. Məsələn, V.Savelyev göstərir ki, “sıravi əsgər Qriqori Voroşilovun mə­lumatına görə, Xocalı ilə bağlı sənədlər 1992-ci il mart ayının 1-də Zaqafqaziya Hərbi Dairəsinin Aviasiya komandanı general-mayor S.Lukaşovun əmri ilə yandı­rıldı”.

Lakin onlar öz niyyətlərinə tam başa çatdıra bilmədilər. Bu soyqırımı əvvəl­cədən planlaş­dırıb hazırlayanların, həyata keçirən icraçıların əməlləri barədə yüzlərlə sənəd qalmış, bu hadisələrin şahidi olmuş minlərlə insanlar hələ də yaşayırlar.

Xocalı soyqırımı barədə Milli Məclisin “Qarabağ” fraksiyasının 2002-ci ildə hazırladığı qərar layihəsində göstərilir: “Ermənistan Silahlı Qüvvələri Beynəlxalq Humanitar Hüququn bütün normalarını kobudcasına pozaraq dinc əhali, din xadimləri, Xocalı şəhərinin özünümüdafiə dəstələri, yaralılar və əsirlərlə qeyri-insani metodlarla davranmış, milli və dini mənsubiyyətinə görə bütöv bir şəhərin sakinlərini soyqırımına məruz qoymuş, insanlığa yaraşmayan bir faciə törətmişlər”.

1949-cu il Cenevrə Konvensiyasının I, III, IV bəndlərinə məhəl qoyulmadan yaralılarla, əsir düşənlərlə, mülki əhali ilə vəhşicəsinə rəftar edilmiş, onlara işgəncələr verilməklə qətlə yetirilmiş, üzər­lərində xüsusi qəddarlıqlarla əməliyyatlar aparılmış, dinc əhalinin şəhəri tərk etməsinə şərait yaradılmamışdır.

Xocalı şəhərinin işğalı zamanı 1954-cü il Cenevrə Konvensi­yasının müddəaları da kobudcasına pozulmuş, şəhərin qiymətli, mədəni abidələri yerlə-yeksan edilmişdir.

1972-ci il “Bakterioloji (bioloji) və toksik silahların ehtiyatının yaradılması, istehsalı, istifadəsinin qadağası və məhvi haqqında” Konvensiyanın tələblərinə riayət olunmamış, Xocalı şəhərində əha­linin kütləvi məhvi üçün kimyəvi silahlardan zarin qazlarından, “Fosgen” tipli kimyəvi silahlardan, tərkibində sianid maddəsi olan 122 mm-lik top mərmilərindən istifadə edilmişdir.

Həmçinin Ermənistan ərazisində üzərində “A-TOOZ” sözləri yazılmış xüsusi qutularda qablaşdırılmış nüvə tullantıları da Xocalı şəhərinin sakinlərinin soyqırımına qədər əvvəlcədən nəzərdə tutul­muş qonşu kəndlərdə basdırılmışdır. Xocalı şəhərinin şimal-qərb hissəsindəki Kolatağ, Seyidbəyli və Almalı kəndləri nüvə tullantıları basdırılan ərazilər kimi seçilmişdir.

Ermənilərin Xocalıda törətdikləri vəhşilikləri faktlarla sübut edən Rusiyanın “Memorial” Hüquq-Müdafiə Mərkəzinin məluma­tın­da hətta, diri adamın başının dərisinin soyulması faktı da qeydə alınmışdır.

Həmin silahlı birləşmələr Xocalı sakinlərinə qarşı soyqırımı törədərkən 111 nəfəri Xocalıdan, mühasirədən çıxıb qaçmağa müvəf­fəq olmuş Xocalı sakinlərini təqib edərək 16 nəfərini Kətik meşə­sində, 130 nəfəri Naxçivanik yolunda, 23 nəfəri Qaraqaya ətrafında, 23 nəfəri Dəhraz kəndi yaxınlığında, 8 nəfəri Şelli istiqamətində, 6 nəfəri Əsgəran asfalt yolunun 86-cı kilometrində və digər yerlərdə, əsir götürü­lənlərdən 18 nəfərini isə Əsgəran Rayon Daxili İşlər Şöbəsində işgəncə verərək xüsusi amansızlıqla qətlə yetirmişlər. Meyitlərin xarici müayinəsi, məhkəmə-tibb eksper­tizalarının rəyləri, mühasirədən çıxmağa müvəffəq olmuş Xocalı sakinlərinin ifadələri ilə ermənilərin və 366-cı alayın hərbi qulluqçularının azərbay­can­lılara qarşı törət­dikləri ağlasığmaz işgəncə, vəhşilik faktları müəyyən edilmişdir.

İstintaqla müəyyən edilmişdir ki, Ermənistan silahlı qüvvələri və keçmiş SSRİ-nin Xankəndində dislokasiya olunmuş 366-cı alayının hərbçiləri ilə birlikdə törətdikləri bu qanlı əməldə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin “Soy­qırımı cinayətinin qarşı­sının alınması və cəzalandırılması haqqında” 1948-ci il 9 dekabr ta­rix­li konvensiyasında və Azərbaycan Respublikası CM-in 103-cü mad­dəsində nəzərdə tutulmuş soyqırımı cinayətinin tərkibi vardır.

Həmçinin cinayət işi öyrənilərkən müəyyən edilmişdir ki, Xocalı soyqırımını həyata keçirən Ermənistanın hərbi birləşmələri, Dağlıq Qarabağdakı silahlı birləşmələr və keçmiş sovet ordusunun Xankəndində yerləşən 366-cı alayının hərbçiləri tərəfindən dünya dövlətlərinin qəbul etdiyi beynəlxalq hüquq normalarına da riayət edilməmiş, 1949-cu il 12 avqust tarixli “Döyüşən silahlı qüvvələrdə yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında”, “Hərbi əsirlərlə rəftar haqqında” və “Müharibə zamanı mülki əha­linin qorunması haqqında” Cenevrə Konvensiyalarının müvafiq mad­dələrində nəzərdə tutulan döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən şəxslərə qarşı onların həyatına və şəxsiyyətinə qəsd etmək, o cümlədən hər hansı şəraitdə öldürmək, şikəst etmək, qəddarcasına rəftar etmək və işgəncə vermək, girov götürmək, insan ləyaqətinə toxunmaq, o cümlədən təhqiramiz və alçaldıcı tərzdə rəftar edilməsi kimi hərəkətlərin qadağan olunması barədə tələblər kobud surətdə pozulmuşdur.

Hazırda 38 nəfərin 366-cı alayın hərbi qulluqçuları və digər şəxslərin Xocalı soyqırımında iştirakı tam sübuta yetirilmiş və onların Azərbaycan Respublikası CM-in soyqırımına görə məsu­liyyət nəzərdə tutan 103-cü maddəsi, habelə sülh və insanlıq əley­hinə, müharibə cinayətlərinə görə məsuliyyət nəzərdə tutan CM-in 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 113-cü (işgəncə), 115.4-cü (müharibə qanunlarını və adətlərini pozma) maddələri ilə nəzərdə tutulan cinayəti etməkdə təqsirləndirilən şəxs kimi cəlb olunmaları barədə qərarlar çıxarılmış, barələrində məh­kəmələr tərəfindən həbs qəti imkan tədbiri seçilmiş və beynəlxalq axtarışlarının həyata keçirilməsi üçün müvafiq sənədlər İnterpolun Azərbaycan Respublikası Milli Bürosuna göndərilmişdir.

İstintaq zamanı Xocalı soyqırımı ilə bağlı 223 3 nəfər şahid və zərərçəkmiş şəxs qismində dindirilmiş, 800-dən artıq ekspertizalar keçirilmişdir.

366-cı alayın həlak olmuş və yaralanmış hərbi qulluqçularının siyahısının təqdim edilməsi, hərbi texnikasının ermənilər tərəfindən ələ keçirilməsi və ya onlara verilməsi, habelə azərbaycanlıların yaşayış məntəqələrinin 366-cı alaya məxsus hərbi texnika ilə atəşə tutulması ilə əlaqədar məlumatların alınması və digər cinayətlərlə bağlı Rusiya Federasiyası, Özbəkistan və Qazaxıstan Respublikaları Baş prokurorluq­larına hüquqi yardım göstərilməsi barədə təqdimatlar göndərilmişdir.

Xocalı soyqırımının törədilməsində iştirak etmiş 366-cı alayın 2-ci batalyo­nunun komandiri olmuş mayor Ohanyan Seyran Muşe­qoviçin, 366-cı alayın 3-cü batalyonunun komandiri olmuş Nabokix Yevgeni Aleksandroviçin və qeyrilərinin iştiraklarını sübuta yetirən materialların toplanması və Azərbaycan Respublikası CM-in müva­fiq maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsir­ləndirilən şəxslər kimi cəlb olunmaları, eləcə də əsr və girovlarla amansız rəftar edərək onlara işgəncələr verməklə qəddarlıqla qətlə yetirmiş, habelə Meşəlidə, Qaradağlıda, Bağa­nis-Ayrımda və digər yaşayış məntəqələrində soyqırımı, həmçinin milliyətcə azərbaycanlı olan yerli əhalinin qanuni yaşadığı yerlərdən məcburi surətdə didər­gin salınaraq deportasiya etməklə, xüsusilə ağır cinayətləri törətmiş şəxslərin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat təd­birləri davam etdirilir.

1992-ci il fevralın sonunda Keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının xankəndidən Rusiyaya köçürülməsi zamanı 25 tank, 87 zirehli döyüş maşını, 28 piyada döyüş maşını, 45 artilleriya top sistemi ermənilərə qanunsuz verilmişdir.

Həmin ilin 2 martında Xocalı soyqırımında izləri itirmək üçün 366-cı motoatıcı alay Gürcüstanın Vaziani şəhərinə köçürülmüşdür.

Aparılan tədqiqatlardan məlum olur ki, Erməni daşnak terror­çuları Xocalıdan əsir götürdükləri Azərbaycan türklərindən 120 nəfərini 1992-ci il martın 1-nə keçən gecə güllələyirlər.

Xocalı şəhərinin sakinlərinin soyqırımı zamanı 1949-cu il Cenevrə Konven­siyasına əlavə olunan 1977-ci il “Beynəlxalq və qeyri-beynəlxalq hərbi konfliktlərdə qurbanların müdafiəsini güc­ləndirən” iki protokolun tələbləri də erməni silahlı birləşmələri tərəfindən kobudcasına pozulmuşdur.

Bundan əlavə, 1980-ci il “Adi silahların konkret növlərinin tətbiqini qadağan edən və məhdudlaşdıran” Konvensiyanın xüsusilə I və II müddəalarına məhəl qoyul­mamışdır. “AK” markalı avtomatlar üçün, xüsusilə təhlükəli olan 5,45 milli­metrlik güllələrdən, piyadalar əleyhinə minalardan da Xocalı soyqırımı zamanı istifadə edilmişdir.

Beləliklə, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermə­nistan hərbi birləşmələri və onların tabeçiliyində olan muzdlu əsgərlər, terrorçu qruplar beynəlxalq hüquq normalarını, qəbul olun­muş konvensiyaları, insan haqlarını, xüsusilə “Soyqı­rımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyasının tələblərini pozaraq Azərbaycan Respublikasının Xocalı şəhərində dinc sakinlərə, yerli özünümüdafiə dəstəsinin üzvlərinə, din xadim­lərinə, yaralı və əsirlərə qarşı misli görün­məmiş soyqırımı aktı həyata keçirmişlər”.

Bundan başqa, bu qərar layihəsində çoxsaylı təkzibedilməz faktlar və sənədlər əsasında Xocalı soyqırımını həyata keçirən mülki və hərbi adamların adları göstərilir, onların Beynəlxalq Məhkəməyə verilməsi zərurəti qeyd olunur.

Qeyd edək ki, 366-cı alayın 02270 nömrəli hissəsinin əks-kəşfiyyat şöbəsinin rəisi, RF Baş Kəşfiyyat İdarəsinin polkovniki V.Savelyev Kremlə, Rusiya Federasiyası MN-ə və Baş Kəşfiyyat İdarəsinə yazdığı məktubda soyqırımında iştirak edən 19 nəfər yüksək rütbəli zabitin 41 nəfər milliyətcə erməni olan kiçik rütbəli şəxslərin adlarım sadalayır.

Xocalı soyqırımını həyata keçirməklə Rusiya Federasiyası və Ermənistan Respublikası rəhbərliyinin əsas məqsədi xalqımızı tut­duğu yoldan Qərb, ABŞ, Türkiyə və azad dünya ilə yaxınlaşaraq Azərbaycan Respublika­sının müstəqilliyini, azadlığını möhkəmlən­dirmək yolundan çəkindirmək, mübarizə əzmini qırmaq, gözünü qorxutmaqdan ibarət idi.

Ümummilli liderimiz Heydər Əliyev Xocalı soyqırımının dərs­lərindən bəhs edərkən göstərir: “... Lakin hadisələrin sonrakı gedişi göstərdi ki, düşmənlər öz niyyətlərinə çata bilmədi. 1990-cı ilin yanvar faciəsindən sonra xalqımıza qarşı Xocalıda törədilən ikinci böyük soyqırımı aktı xalqımızın mübarizə əzmini qıra bilmədi. Bu faciələr zamanı həlak olanlar əslində Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuşlar. Ona görə biz bu dəyərli insanların şəhidlərin ruhuna rəhmət oxumaqla yanaşı, başımızı dik tutmalıyıq. Nə qədər qəmgin olsaq da, o qədər də ümidlə yaşa­malıyıq. Mən tam əminəm ki, Azərbaycan xalqı bu ağır mərhələdən də keçəcəkdir.

Biz öz inamımızı itirməməliyik, məsləkimizdən, tutduğumuz yol­dan çəkin­məməliyik. Tutduğumuz yol bizim mənəvi dəyər­lərimizə, adət-ənənələrimizə, dini­mizə, dilimizə tariximizə sədaqəti­mizdir. Tutduğumuz bu yol Azərbaycanın müs­təqilliyidir, milli azadlığıdır, müstəqil Azərbaycanın müstəqil dövlət kimi əbədi ol­masıdır”.

Rus ordusu Xocalını işğal edib Yuxarı Qarabağa gedən yolu açan kimi onu ermənilərə peşkəş verdi. Əslində Moskva, Xocalını zəhərli bir xəncər kimi Azərbaycan Respublikasının kürəyinə sap­lamaqla ondan intiqam almış oldu. Lakin Xocalının qanlı süqutu belə Azərbaycanı geriyə imperiya əsarətinə döndərə bilmədi.

Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin mətbuat xidmətinin başçısı, polkovnik Armaik Mamukyan iddia edir ki, Xankəndidə, ümumən Dağlıq Qarabağ ərazisində, eləcə də Yerevanda heç bir azərbaycanlı əsir yoxdur. 2000-ci ilin dekabr ayının 16-da isə Rusiya Federasiyasının Baş Kəşfiyyat İdarəsinin polkovniki, cənab Vladimir Romanoviç Savelyevin Birləşmiş Millətlər Təşkilatına ünvanlanmış məktubunda isə Ermənistan ərazisində əsirlərin sayından, düşərgə zonalarından bəhs olunur.

“Cianak” qəzeti (Türkiyədəki erməni diasporunun qəzeti) 1992-ci ilin fevral hadi­sə­lərini, qanlı qırğını şərh edərək yazır: “...Biz vəcdə gəldik. Ermənilərə öz dədə-baba torpaqları uğrunda vuruşmaq üçün güc və qüvvət verilmişdi. Bu işdə Allahın razılığını görürdük. Və vuruşurduq. Azərbaycanlılar isə bizim qədər torpaq istəyə bilmədi. Məhəbbət və vətən sevgisi olduğu üçün biz qalib gəldik... Bakıdan da xəbərdarıq. Orada torpaq uğrunda yox, sülalə və vəzifə, səltənət və şöhrət uğrunda daha çox güc sərf olunur. Çünki, Bakıda da bilirdilər ki, bu torpaqlar bizimdir, bizim dədə-baba­larındır... Bu barədə rus zabiti Vladimir Savelyev adlı birisi meydanda atılan topların yanında bizdən sorğu etdi. O, bizim müxbirdən tələb edirdi ki, bu yerlərdən çıxıb getsin....”.

Vladimir Savelyev 02270 saylı (Dağlıq Qarabağda) hərbi his­sənin əks-kəşfiyyat şöbəsinin rəisi olub. Xocalı faciəsinin ilk məlumatlarını toplayan, hadisələrin şahidi olan polkovnik 1992-ci il noyabr ayının 26-da, 1994-cü il mart ayının 19-da, 1998-ci il avqust ayının 22-də və nəhayət, 2000-ci il iyul və dekabr aylarında BMT-yə, Avropa Şurasına..., sonda Baş Kəşfiyyat İdarəsinə “Məxfi arayış”ını təqdim edir. O, son arayışlarını “zabit Puqaçov” imzası ilə göndərib.

Polkovnik erməni terror təşkilatlan ilə Rusiya qoşun birləş­mə­lərinin Dağlıq Qarabağda keçirdikləri hərbi əməliyyatları izləyərək fakt və sənədlərdə, “Agentura” gücü ilə əldə etdiyi informasiyalarda bütün olub keçənlərin şərhini verib etiraz edir: “... Mən bütün bunları yazmaya bilmərəm. Hər şey gözlərim önündə baş verib. İnsanların, uşaq və qadınların, hamilə gəlinlərin güllədən keçmiş bədənlərini unuda bilmərəm; Qoy azərbaycanlılar məni bağışlasınlar ki, bütün bu qanlı və amansız sonluğu olan hadisələrdə əlimdən heç nə gəlmədi. Təkcə on doqquz səhifəlik məxfi arayışı həm Kremlə, həm də NİN-ə, BKİ-nin generallarına göndərdim, Oxuyun-dedim. Biz rusların zabit şərəfi görün necə ləkələndi ...” Polkovnik B.R.Savelyev məxfi ara­yışında yazır: “Mən Bakıdakı hadisələri də izləyirdim. Hiss olunurdu ki, prezident Ayaz Niyazoviçi aldadıb tora salıblar. O, kələfin ucunu itirmiş, hər şeyi nəzarətdən çıxarmış, qarşı­durmanın mərkəzində dayanmış, nüfuzunu itirmiş Ali Baş Komandandır...

Azərbaycan hərbi əks-kəşfiyyatına gəlincə belə, bu qurumda iflic olub. Aldı­ğımız məlumata görə, bu qurumun əməkdaşları orduda kartof kisələrinin, soğan və ətin... oğurlanıb-oğurlanmaması ilə maraqlanır, əsas məsələlərə girişə bilmirdilər. Prezident Xocalıda nəyin baş verməsini dərk etmirdi. Azərbaycan ordusunun Baş Qərargahında hamı özünü qərargah rəisi kimi aparırdı. Dördüncü ümumordu qoşun birləşmələrində isə gərginlik genişlənirdi. Bu qoşun birləşmələrində hər şey Azərbay­can əleyhinə idi. Vəziyyət nəzarətdən çıxmışdı. Zabitlər başlarını itirmişdilər...

Məlumat aldıq ki, Azərbaycanın Prezident Aparatında və güc nazirliklərində ikitirəlik var. Məqsəd və fikirlər bir-birini tamam­lamırdı. Hamı siyasi məqsədlər üçün “məqsəd kartından” yapışmışdı. Bu kartı paylayanlara gəlincə, onların bir qismi Azərbaycanın Ali Baş Komandanının, bir qismi də müxalifətin və nəyə xidmət etdik­lərini anlamayan savadsız və küt generalların yanını kəsdir­mişdilər”.

Fransada çıxan “Frans katolik-ekklezia” aylıq jurnalında “Hücum­dan öncə” yazısını çap etdirən erməni jurnalisti Berain Sirac­yan yazır: “... Xocalını gözlərimlə gördüm. Döyüşən, hər qarış torpaq uğrunda vuruşan artsaxlıların igidlikləri məni valeh etdi. Amma mən torpaq uğrunda gedən vuruşmanın bu tərzdə apa­rılmasının tərəfdarı deyildim...” (1992-ci il, 12 mart).

Halbuki, 1992-ci ilin yanvar ayında Paris yaxınlığında qeyri-leqal məxfi təlim düşərgəsi yaratmış “ASALA” erməni terrorçu təşkilatın bir qrup üzvü 26 nəfərlik dəstə mayor Aşin Simonyanın başçılığı ilə Xankəndinə təşrif gətirmişdi. Onlar başlı-başına bura­xılmış 366-cı alayın içərisində asanlıqla öz dayaqlarını qura bildilər. Polkovnik Yevgeni Zaqviqarova nağd 36 min ABŞ dollarını tanışlıq üçün “hədiyyə” etdilər. Məlumata görə, 23-cü diviziyanın komandiri, general-mayor Boris Budeykin polkovnik Zaviqarovu buna görə ittiham da edib. Dördüncü ordu komandanlığı qarşı­sında onun “zabit şərəfinə xəyanəti” üstündə ordu sıralarından azad olunmasını, qovulmasını tələb edib.

Lakin bütün bu ittiham və tələblərə baxan yox idi. Çünki qanunlar artıq işləmirdi. Polkovnik V.Savelyev “Məxfi arayış”ında daha sonra yazır: “Əslində millətlərarası münaqişəyə cəlb olunmuş 366-cı polk ətrafında həmin problemlər daha qabarıq nəzərə çarpır. Hərbi əməliyyatlarda polkun ermənilər tərəfinə keçib azərbay­canlıları qırması, hərbi texnika və silahları ermənilərə verməsi məsələsi artıq siyasi əhəmiyyət daşı­yırdı...”.

Polkovnik 1992-ci ilin aprel ayının 12-də MN-nə göndərdiyi məktubda isə yazır ki, öldürülmüş, məhv edilmiş adamların bir qisminin şəxsiyyətlərini təyin edən sənəd­lərdən 46-nı nömrələyib Azərbaycanın MN-nə, Prezident Aparatına göndərdim. Mənə cavab gəldi ki, biz həmin sənədləri araşdırırıq. Onda mən Tiflisdə idim və məktubu da oradan yola salmışdım. Amma dərk edə bilmirdim ki, Azərbaycan hərbi kəşfiyyatı nəyi araşdırır...

1992-ci il fevral ayının 19-da isə İrəvanın Teatr meydanında Firdos Ərəbyan adlı bir erməni emissarı (Livan) dünya ermənilərinin “iqtisadi gəlir mənbəyi” kimi ad çıxarmış “Qaragin” erməni mər­kəzində on üç nəfər varlı erməninin imzaladığı məktubu oxudu: “Oyanmış xalqa eşq olsun! Müdrikliyini, ağıl və idrakını dərk edən, babalarımızın, əcdadlarımızın külünü təzədən alışdıran erməni qəhrəmanlarını alqış­lamaqla yanaşı, onlara dünya ermənilərinin salam­larını yetirirəm. Parisdə, Kölndə, Romada, Vaşinqtonda, Kü­veytdə, Londonda, Moskva və Ankarada, Tehran və Latın Ameri­kasında ...ayağa qalxan ermənilər sizinlədir... Biz isə hər cür yardıma hazırıq...”.

İki milləti qarşı-qarşıya qoyan bu “millət qəhrəmanları” bir məsələni dərk etmirdilər ki, heç kəsin qanı yerdə qalmır. Edilən cinayətlər üçün, tökülən qanlar üçün cavabdehlik və məsuliyyət nə Vaşinqtonun, nə Londonun... üstündə qalırdı. Bütün bu vəhşiliklərin cavabdehliyi İrəvanın üstündə idi... Bunu isə sadəcə dərk etmək lazım idi... Necə ki, kəşfiyyatçı V.Savelyev bunları görür və dərk edirdi.

RF-nin MN-nin BKİ-yə ünvanlanmış “Məxfi arayış”ında isə polkovnik yazır ki, “Zaviqarov və başqa vəzifəli şəxslər döyüş nöqtələrini ləğv etmək haqda ordu və dairə komandanlığının rəsmi icazəsi ilə Xocalı istiqamətində gedən əməliyyatlarda erməni­lərlə birləşdi. Nəticədə bir gün ərzində 49 nəfər azərbaycanlı meydanlara yığılıb güllələndi... Qərargah rəisi, podpolkovnik Sergey Kraulenin verdiyi tapşırığa əsasən, birinci motoatıcı batalyonun komandiri, polkovnik İvan Moiseyev, 2-ci batalyonun komandiri, mayor S.Ohanyan, 3-cü batalyonun komandiri, mayor Qavril Nabokix, kapitan İshaq Lixodeyn... Xankəndini atəşə tutmaqla yanaşı, ayrı-seçkilik edir, dinc əhalini döyüş zonalarından uzaqlaşdırarkən ermənilərlə daha çox məşğul olurdular. Köçürmə zamanı 158 nəfər azərbaycanlı öldürüldü...

Öldürülən azərbaycanlılar isə adəti üzrə dəfn olunmurdular. Onları yarım metr qazıbmış çalalara atıb, üstünü torpaqlayırdılar. Polkovnikin qeydlərinə görə, axşamlar belə çalaların ətrafında “itlərin və çaqqalların səs-küyündən, dartışmalarından” qulaq tutu­lurdu, adam vahimələnirdi. Hər yerdən laxtalanmış qan və ölmüş cəsəd iyi gəlirdi”.

Bu arada Livanda fəaliyyət göstərən erməni diasporu tərəfindən radikal mövqeyi ilə seçilən “Ramka-var” partiyasının liderlərindən olan Rafael Messeyan (Qriqoryan) Beyrutda çıxan “Zartunk” (“Oyanma”) qəzetində “Bir erməni yardımı” yazısında qeyd edir: “Xocalı uğrunda vuruşan, döyüşə atılanları unutmaq, yaddan çıxarmaq biz ermənilərə yaraşan iş deyil. Onlara - o igidlərə yardım edin. Məlumatımız var ki, dünyanın 24 ölkəsində varlı və zəngin erməni biznesmeni Araz Süleyman öz ticarət mərkəzindən gələn illik gəliri... Parisdə “Erməni ana dili” cəmiyyətinin üzvləri topladıqları ianələri... Xocalı qəhrəmanları üçün ayırdılar...”(1992-ci il 24 mart).

1992-ci il fevral ayının 4-də isə Roma Papası II İohanın Dağlıq Qarabağ özünümüdafiə dəstələrinə (?) və rus qoşun birləşmələrinin generallarına məxfi mək­tubu daxil olur. Roma Papası erməni müdafiə dəstələrinə “Allahdan aldığı gücü” (?) göndərirdi. Ruslara isə bu vuruşmanın “dini bir vuruşma” olduğunu xatırladır, onlara dua edəcəklərini aşılayırdı. Roma Papası Dağlıq Qarabağ uğrunda vuruş­manı “Dini vuruşma... Din uğrunda vuruşma” kimi qiymət­ləndirib yazır: “...İmkan olarsa, Xoca­lıya gəlib orada həlak olan erməni qardaşların vuruş və döyüş məkanlarında baş əyəcəm”.

Polkovnik V.Savelyev “Məxfi arayış”ında yazır: “...Xocalının işğalında, ölüm və kütləvi qırğın hadisələrində azərbaycanlı zabitləri də günahlandırıb ittiham edirəm... Bu necə vətəndir? Bu necə ordudur? ... Bütün bunları anlaya bilmirəm. Bu oyunlara rus zabit­lərini qoşmaqla onları alçaltdılar, şərəfinə lənət damğası vurdular...

366-cı polkun birinci batalyonun qərargah rəisi, mayor A.Nabo­kix və kapitan İ.Lixodeyin hərbi əməliyyatlarda bilavasitə iştirak etməsi barədə yuxarıda məlumat vermişik. Eləcə də A.Çitçiyan 14 nəfərlik Babayevlər ailəsini güllələməsi ilə “fərqlənmişdi”. “cəsur əməllərinə” görə ona 1993-cü ildə Fransa erməni diasporu tərəfindən 150 min dollar mükafat və ən böyük “Kilsə mükafatı” verilib. Həmçinin, A.Çitçiyanın Fransaya köçüb yaşaması üçün münbit şərait yaradılıb.

366-cı polkun sıravi qulluqçusu, rabitəçi Afik İsabeliyevin mə­lu­matına görə isə o, fevralın 24-də (1992-ci il) kapitan İ.Lixodeyin komandasında topçu dəstəsində vuruşub və Xocalının işğalında iştirak edib.

-      Siz necə vuruşurdunuz? - sualına belə cavab verib:

-      Biz həm də qorxurduq. Ölümdən qorxurduq. Əlimizə keçən­ləri məhv edirdik. Bəzən küləkdən tərpənən ağaclar, xışıldayan yar­paqlar da bizi qorxuya salırdı... mən bilmirəm Azərbaycan xalqı məni bağışlayarmı?... Artıq evə gedə bilmirəm, hamı məndən üz döndərib. Amma, məni məcbur etdilər. Əmr verdilər. Biz isə əmrə tabe idik... Məni artıq heç kəs bağışlamır... (“Bir erməni məzarı” - müəllif: Əbdül Fateh. “Beyrut” nəşri. 1994-cü il). A.İsabeliyev bunu da deyir ki, “ermənilər ruslara məxsus hərbi texnikanı satın almış­dılar”.        

1992-ci il mart ayının 19-da (müsəlman təqvimində bu gün Novruz günü, bahar bayramı idi) Xocalıda öldürülmüş azərbay­can­lılar üçün kiçik bir qəbiristanlıq salındı. Orada 54 nəfər öldürülmüş günahsız azərbaycanlı “dəfn” edildi. Ermənilərin Fransa Diaspo­run­da telekanal müəllifi Surik Şaqenyan bu mənzərəni elə həmin günün axşamı İranın, Türkiyənin, Moskvanın, Yerevanın, Vaşinqtonun, Londonun, Parisin, Bonnun telekanallarına çıxartdı. Ermənilərin öldürülmüş azərbaycanlıların meyitlərinə etdik­ləri hörmət və ehti­ramdan təşkil olunmuş dəfn mərasimindən danışdı.

Bakıda isə hələ heç kəs hadisələrin, Xocalıda baş vermiş faciənin səbəblərini araşdıra bilmirdi. Yaradılmış deputat komis­siyasından tutmuş, müxalifət partiya­laradək hamı iflic vəziyyətində idi, hakimiyyət çat vermişdi. Təhlükəsizlik orqanları öz informasiya mənbələrini əsas güclərini düşüncə və ağıllarını itirmişdi. Təhlü­kəsizlik sisteminin bir qrupu müxalifətlə necə deyərlər “əhd-pey­man” bağlamışdılar. haki­miyyət-cəmiyyətdə və dövlətdə siyasi gü­cü­nü artıq itirmişdi.

Həmin ərəfədə rus kəşfiyyatçısı V.Şavelyev Azərbaycan haki­miyyətini təsvir edib yazırdı: “...Xocalı işğalından sonra A.Mütəl­libov hakimiyyəti öz yaşamaq hüqu­qunu itirdi... Nazirlər isə Baş Nazirin ətrafında dövlət daxilində dövlət yaratmışdılar...”

Polkovnik V.Şavelyev daha sonra yazırdı: “...Polkun çıxarıl­masında hərbi sursatların ermənilərə verilməsində bilavasitə iştirak edənlərə baxın: Qromov general-polkovnik; Qrekov general-ley­te­nant; Ohanyan general-leytenant; Andranov A. – deputat; zavi­qarov – polkovnik; Kraule O. – polkovnik.

Dördüncü ordu 23-cü motoatıcı diviziya nümayəndələrinin Xoca­lı əməliy­yatında iştirak etmələri üçün şərait yaratdı. 2-ci moto­atıcı diviziyanın komandan müavini A.Babukov və K.Yermolayev isə erməni yaraqlılarına verilmiş hərbi texni­kanın geri qaytarılmasını tələb edirdi. Onları isə kim idi eşidən?!”

V.Savelyev məsələləri şərh edərək qeyd edir: “...1992-ci il fevral ayının 23-dən hərbi şəhərcik “Qrad” qurğularından atəşə tutulduqdan sonra polkovnik Y.Zaviqarov polkun daimi dislokasiya məntəqəsindən ehtiyat bölgəyə keçirilməsi haqqında qərar verib. Qərar isə erməni silahlı dəstələrinin heç bir müqaviməti olmadan həyata keçirilib. Dislokasiya yerinin dəyişdirilməsi heç də zərurətdən irəli gəlməyib. Bu zaman bir sıra bölmələrin döyüş texnikaları çıxarılmayıb. Həmin günlərdə Xankəndi şəhərinə gələn general-leytenant İ.Ohanyan (mayor Ohanyanla qarışdırılmamalı)” təkid edib ki, artilleriya diviziyası, zenit artilleriya diviziyası, tank rotası və texnikası saxlanılsın. Nəticədə, ermənilər heç bir maneə ilə rastlaşmadan 23 ədəd “PDM”, 3 ədəd ZSÜ-23-4, 8 ədəd D-30 və xeyli digər döyüş texnikası ələ keçirdilər.

Polkovnik V.Savelyev “Məxfi arayış”ında bütün bunlara toxunaraq yazır: ...“Birinci batalyon ehtiyat bölgəyə keçirilən zaman polkovnik LMoiseyev texnikanı və şəxsi heyəti dağlar arasındakı “Çapar” dərəsində saxlayıb, gözləmə mövqeyi tutub. Sonra onun batalyonu Çixani yaşayış məntəqəsinə daxil olub ermənilərin mühasirəsinə düşüb. Nəticədə batalyon könüllü surətdə öz döyüş texnikasını ermənilər üçün qoyub. İvan Moiseyev və şəxsi heyətə pul təklif edilərək birlikdə vuruşmağa çağırılıblar...”

Qeyd etmək lazımdır ki, Xocalının ətraf yaşayış məntəqələrini də dağıdan, külünü göyə sovuran elə İvan Moiseyevin batalyonu olub və bu batalyon da ermənilər arasında “İvanın vəhşi batalyonu” kimi tanınıb (işğal altında olan Xocalını “İvanovka” adlandırmaları bununla bağlıdır).

1993-cü ilin fevral ayının 14-də bu da məlum oldu ki, Fransada “Xocalı faciəsini” ermənilərin faciəsi kimi təbliğ edib tanıdıblar. Bizim səfarətxanaya gəlincə, onları sadəcə geri çağırıb ittiham etməkdən başqa... ayrı heç nə qalmırdı. Digər tərəfdən erməni diplomatı O.Ter-Qriqoryanın 1992-ci ilin aprel ayında İrəvanın Teatr meydanındakı çıxışında deyirdi: “...Erməni təbliğatı Bakının diplomatik mərkəzlərində artıq özünə istənilən mövqeyi tutub...”. Bunun isə ətrafında düşünmək lazım idi.

Diplomat çıxışının bir yerində isə xatırladır ki, ermənilərlə rusların dostluğunun sınmayan sütunları var. Ter-Qriqoryan deyir: “...Hələ 300 il bundan qabaq ermənilər I Pyotrdan xahiş etdilər ki, yadelli işğalçılara qarşı vuruşanda onlardan da istifadə etsinlər... Əgər Moskvada (təkcə şəhərin özündə) 1959-cu ildə 18,4 min nəfər erməni var idisə, indi bu rəqəm 47 min nəfərdir... RF-nin xaricdəki diplomatik korpuslarında çalışanların sayı 142 nəfərdir. Onların 59 nəfəri jurnalist kimi fəaliyyət göstərir...”.

Yuxarıda deyildiyi kimi 1992-ci il fevral ayının 24-də saat 2115 dəqiqədə general rütbəsi almış Y.Zaviqarov zabitlər önündə belə bir çıxış edir ki, regiondakı müharibə torpaq müharibəsi yox, islamın xristianlığa qarşı müharibəsidir. O, çıxışında göstə­rirdi: “...Dünyanın islam ölkələrinin nümayəndələri, hərbi müşavirlər Bakıya yığışıblar ki, bizim xaçı necə sındırıb, əzsinlər... Xristianlığa qarşı yürüş var. Bu yürüşdə ya dinimizi, şərəfimizi qorumalıyıq, ya da şərəfsizliyi qəbul edib tabe olmalıyıq”.

Bakıda isə vəzifələr bölünür, səriştəsiz kadrların sərəncamları verilirdi. Kadrlar isə hər şey demək idi. Əslində polkovnik V.Savelyeyin – vicdanlı rus kəşfiyyatçısının “Məxfi arayışı” səriş­təli, haqsızlıqla barışmayan bir zabitin ən böyük etirafıdır.

Xocalı faciəsini araşdıran deputat – İstintaq komissiyasının verdiyi məlumat­lara, bu Müqəddəs Yurdda doğulmuş uzun müddət Xocalıda məsul vəzifələrdə işləmiş, Azərbaycan Respublikasının deputatı, müharibə veteranı “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuş canlı şahid, çox hörmətli Elman Məmmədovun dəyərli fikirlərinə, araşdırmalar nəticəsində özümüzün gəldiyimiz qənaətə görə Xocalı soyqırımı olmayada bilərdi. Elman Məmmədov bildirir ki, mülki əhalini uzağı bir gün ərzində hərbi vertaliyotlarla daşıyıb çıxarmaq olardı. Eyni zamanda, Əsgərandan Xocalıya təhlükəsiz yol açmaq üçün imkan və şərait var idi. Azərbaycan rəhbərliyinin mə­suliyyətsizliyi ucbatından bu yolların heç birindən istifadə edilmədi. Onu da qeyd edək ki, 1992-ci il fevralın 13-də Gəncədəki hərbi vertaliyotlarla Elman Məmmədovun şəxsi şücaəti nəticəsində 300 nəfər qadın, qoca, uşaq Xocalıdan çıxarılmışdı. Deməli bu variant inan­dırıcı olmaqla tamamilə doğru təklif idi. Eyni zamanda, Əsgəranı aradan götürməklə Xocalıdakı dinc əhalini bu yolla, asan­lıqla çıxarmaq olardı. Çox təəssüflər olsun ki, bu “Palan” hazırlansa da reallaşmadı. Fikrimizcə, müharibədə bütün ağırlığı öz çiyinlərində daşıyan Ali Baş Komandanın yerində olması ən vacib şərtdir. 1994-cü il “Atəşkəs” elan olunması və şanlı Aprel Döyüşləri bir daha deyilənlərin təsdiqidir. Çünki, Atəşkəs elan olunmasaydı bütövlükdə Azərbaycanın varlığı sual altında qala bilərdi. Eyni zamanda şanlı Aprel döyüşlərində Azərbaycan Ordusu nəyə qadir olduğunu sübut etdi. Naxçıvandakı qələbələrimiz isə bunun uğurlu davamıdır.

Xocalı soyqırımına düzgün siyasi qiymət verən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı soyqırımının 15-ci ildönümü münasibətilə Azərbaycan xalqına müraciətində demişdir: “...1992-ci il fevralın 26-da qədim Azərbaycan şəhəri Xocalı erməni hərbi birləşmələri tərəfindən vəhşicəsinə dağıdıldı, onun müdafiəçi­lərinə və sakinlərinə amansız divan tutuldu. Yüzlərlə dinc sakin görünməmiş işgəncə­lərlə öldürüldü, uşaqlar, qadınlar, qocalar, bütöv ailələr məhv edildi, onların meyitləri təhqir olundu. XX əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş belə kütləvi qırğın hadisəsi öz amansızlığına və qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayət idi... Bu gün artıq heç kimə sirr deyil ki, Xocalı faciəsi davakar erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi... Xocalı qırğınını törətməklə erməni millətçiləri hiyləgər siyasi və taktiki məqsədlər güdürdülər. Onlar bununla xalqımızın mübarizə əzmini qırmaq, onu tarixi torpaq­larımızın işğalı faktı ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin düşmənin niyyətləri baş tutmadı, xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə yüksək iradə və qəhrəmanlıq nümunəsi göstərdi...”.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi 1992-ci ilin əvvəllərindən başlayaraq daha çox beynəlxalq əhəmiyyətli problemə çevrildi. Belə ki, müstəqilliyini əldə edən Azərbaycan Res­publikası ATƏM-in üzvü olduqdan sonra Dağlıq Qarabağ müna­qişəsi bu təşkilatın prinsiplərinə uyğun olaraq üzv olan dövlətlərin daha çox müzakirə obyektində oldu. ATƏM-in Xarici İşlər Nazirləri Şurasının martın 24-də keçirilən birinci əlavə görüşündə Dağlıq Qarabağda vəziyyət müzakirə olundu və münaqişənin sülh yolu ilə nizamlanması istiqamətində aparılan danışıqların səmərə­liliyini təmin etmək üçün ATƏM-in Dağlıq Qarabağa dair sülh konfransının çağırılması haqqında qərar qəbul edildi.

1992-ci il mayın 8-də Azərbaycanın qədim musiqi və mədə­niyyət mərkəzi olan Şuşa şəhərini ələ keçirməklə Ermənistan ordusu tərəfindən bütün yuxarı Qarabağ işğal edildi. Bu hadisə mütəmadi şəkildə BMT Nizamnaməsini və ATƏT-in prinsiplərini kobud şəkildə pozaraq Qarabağın dağlıq hissəsini zorla Ermənistana ilhaq etməyə çalışan təcavüzkar dövlətin beynəlxalq hüquq normaları ilə bir araya sığmayan və işğalçılıq siyasətinə sadiq qaldığını bir daha təsdiq etdi. Şuşanı ələ keçirməklə Ermənistan bu problemi yalnız hərbi-taktiki baxımdan həll etmiş oldu. Problemin siyasi həlli isə getdikcə dərinləşərək çətin məcraya salındı. Məhz Şuşanın işğalı sonralar digər Azərbaycan ərazilərinin itirilməsində əsas rol oynadı.

Azərbaycanın strateji əhəmiyyətli Şuşa şəhərinin işğalından sonra Ermənistan silahlı qüvvələrinin məqsədi işğal etdikləri Azər­baycan torpaqlarında möhkəmlənmək, Qarabağın dağlıq hissəsini Ermənistan Respublikasına birləşdirmək üçün onların arasında dəhliz açmaq idi. Az sonra ermənilər qısa müddət ərzində, yəni mayın 18-də Dağlıq Qarabağdan kənarda yerləşən qədim Azərbaycan şəhəri Laçını da zəbt etdilər. Beləliklə, “öz müqəddəratını təyin etmək” ideyasını reallaşdırmaq adı altında Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə Ermənistan arasında “dəhliz” adlandırılan, əslində isə 1.835 km2 ərazisi olan böyük bir ərazi Laçın rayonu da Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Laçının işğalı müharibənin Dağlıq Qarabağ hüdudlarından çıxdığını və Ermənistanın hərbi işğalçılıq niyyətinin böyük olduğunu göstərdi.

Ermənilərin “humanitar dəhliz” adlandırdığı bu yol ilə Dağlıq Qarabağa külli miqdarda silah, döyüş sursatı və hərbi qüvvə gətirildi. Heç şübhəsiz ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni icması, hətta istəsəydi belə, kənardan çox böyük kömək olmadan Azərbaycan ərazilərini işğal edə bilməzdi. Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa və Laçının işğalı nəinki münaqişənin hərbi tərəfini, eyni zamanda onun mahiyyətini də dəyişərək yeni siyasi problem yaratdı və sülh missiyasını öz üzərinə götürmüş Minsk konfransının keçirilməsi yolunda maneəyə çevrildi.                                                                          

Nəticədə, Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü il martın 27-dən aprelin 2-dək Azərbaycanın Kəlbəcər rayonunun işğalı münaqişəsinin artıq mahiy­yətcə başqa səviyyəyə keçdiyini göstərdi. Yəni, Ermənistan Respublikasının bu təcavüzü Azərbay­ca­nın Dağlıq Qarabağ bölgəsinin hüdudlarından kənarda yerləşən ərazilərinin intensiv surətdə işğal edilməsinin yeni mərhələyə işğalçılıq mərhələsinə keçməsinə sübut idi. Bundan sonra Ermənistan ordusu 1993-cü il ərzində Azərbay­canın Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan bölgələrini də işğal etdi. Bütün bu ərazilər ermənilər tərəfindən etnik təmizləməyə məruz qalmışdır.

Beləliklə, Ermənistanın ərazi iddiası obyekti olan Dağlıq Qarabağ bölgəsinin (4,4 min km2) hüdudlarından kənarda yerləşən və onun ərazisindən 4 dəfə böyük olan 7 rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Bütün dövrlərdə olduğu kimi ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti kütləvi qırğınlarla müşayiət olunmuşdur. Belə ki, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 000 nəfər azərbay­canlı həlak olmuş, 100 000 nəfərdən çoxu yaralanmış, 50 000 nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur.

Ermənistanın Dağlıq Qarabağın erməni icmasının “öz müqəd­dəratını təyin etmək” cəhdi kimi qələmə verdiyi bu təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox əhali (ümumi əhalinin 15%-i) öz torpağından məcburən köçkün və qaçqın vəziyyətinə düşdü. Hazırda Azərbaycan ərazisinin 20%-dən çox (17 min km2) hissəsi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

Xalqımızın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırımı­nın 10-cu il­dönü­mü ilə əlaqədar Azərbaycan xalqına Müraciətində qeyd etmişdir ki, “Xocalı faciəsi” bütün Azərbaycanı sarsıtmış, Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vurmuşdur. Lakin xocalılılar hətta amansız soyqırımı günündə də özlərini əsl qəhrəman kimi aparmış, erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruşmuş, düşmən qarşısında əyil­məmiş, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazmışlar... Bu gün Azərbaycan hökuməti və xalqı qarşısında Xocalı soyqırımı və bütövlükdə ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi, bütün miqyası və dəhşətləri ilə dünya dövlətlərinə, parlamentlərinə, geniş ictimaiyyətə çatdırmaq, bütün bunların əsl soyqırımı kimi tanınmasına nail olmaq vəzifəsi durur. Bu, Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur. Digər tərəfdən, faciənin əsl beynəlxalq hüquqi-siyasi qiymət alması, onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının layiqincə cəzalandırılması bütövlükdə insanlığa qarşı yönəlmiş belə qəddar aktların gələcəkdə təkrarlanmaması üçün mühüm sərtdir...”.

Qeyd edək ki, 1993-2003-cü illər ərzində Ermənistan-Azər­bay­can Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə nizama salınması ümummilli lider Heydər Əliyevin xarici siyasət fəaliy­yətində mühüm yer tutmuşdur. Bu illərdə münaqişənin sülh yolu ilə həll edilməsi üçün Dünya siyasətçisi Heydər Əliyevin ən yüksək səviyyədə dövlət başçıları və nümayəndə heyətləri ilə ikitərəfli, eləcə də çoxtərəfli görüşlərdə ATƏT-in Zirvə toplantılarında, Minsk qrupunun həmsədrləri ilə aparılan müzakirələrdə, eyni zamanda Ermənistan prezidenti ilə birbaşa danışıqlarda göstərdiyi səylər ümummilli liderin apardığı ardıcıl və məqsədyönlü siyasətin mühüm tərkib hissəsini təşkil etmişdir. Bu dövrdə Ümummilli liderimiz Heydər Əliyev Ermənistan Prezidenti ilə 23, ATƏT-in rəhbərliyi və Minsk qrupunun nümayəndələri ilə 150-yə qədər görüş keçirmişdir. Ümummilli liderin Azərbaycan Prezidenti kimi bu illərdə 80-dək ölkənin dövlət başçıları ilə keçirdiyi 500-dən çox görüşdə, eləcə də nüfuzlu beynəlxalq təşkilatların ən yüksək səviyyəli nümayəndələri ilə ATƏT-in, NATO-nun, Avropa Şurasının, İslam Konfransı Təş­kilatının, MDB-nin, GUAM-ın, İqtisadi Əməkdaşlıq Təşkilatının, Türkdilli ölkələrin dövlət başçılarının Zirvə görüşlərində Ermənis­tan-Azər­baycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələləri müzakirə edilmiş, Ermənistanın Azərbaycana hərbi təca­vüzü və işğalçılıq siyasəti haqqında geniş məlumat verilmişdir.

Xalqımızın Ulu öndəri Heydər Əliyevin siyasi kursunun uğurlu davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xocalı faciəsinin bütöv­lükdə Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi tariximizin dərindən və hərtərəfli araşdırıl­masına gündəlik qayğı göstərir. Son illərdə ölkə başçısının təşəbbüsü və çağırışı ilə Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, soyqırımlar tarixinə dair onlarla fundamental əsərlər nəşr olunmuş, erməni təcavüz­karlarına qarşı informasiya müharibəsində mühüm qələbələr qazanılmışdır.

YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili, Heydər Əliyev Fondunun prezidenti, Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin, o cümlədən Qarabağ həqiqətlərinin dünya miqyasında təbliğ edilməsi və tanıdılmasında xüsusi xidmət­ləri vardır.

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev fon­dunun nəşr etdirdiyi “Qarabağ həqiqətləri” bukletlər toplusu dünyaya yayılaraq, erməni qəsbkar­larının iç üzünü açır.

Son vaxtlar Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəl­xalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılmışdır. Bu baxımdan Azərbaycan Respublikasının Vitse-Prezi­denti, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Brüsseldə təşkil olunan “təcavüzün qurbanları” adlı foto və uşaq rəsmlərinin sərgisi də bu həqiqətlərin bey­nəl­xalq aləmə çatdırılması işinin davamı olmuşdur.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin, Azər­bay­can Respub­lika­sının məcburən qoşulduğu Qarabağ müharibəsinin tarixi, Xocalı soyqırımı, işğal altındakı torpaqlarımızda törədilən vəhşiliklər, maddi və mənəvi irsimizin amansız­lıqla məhv edilməsi barədə nəşrlər silsiləsinin də Fondun diqqət mərkəzində saxlanılması çox təqdirəlayiqdir.                                                                                               

Son zamanlar Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması kompaniya­sının təşkil edilməsi və bu missiyanın həyata keçirilməsi geniş vüsət almışdır. Heydər Əliyev Fondunun Rusiya Federasiya­sındakı nümayəndəliyinin rəhbəri və “Baku” jurnalının baş redaktoru Leyla Əliyeva Xocalı soyqırımı haqqında həqiqətləri dünya ictimaiy­yətinə çatdırmaqla böyük tarixi bir missiyanı həyata keçirir.

2008-ci il fevralın 14-də Berlində keçirilmiş “Xocalı soyqırımı və 1915-ci il hadisələrindəki gerçəkliklər” adlı elmi konfransda Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış “Xocalı - uşaqların gözü ilə” adlı sərgi nümayiş etdirilmiş, eləcə də erməni qəddarlığını əks etdirən kitablar paylamışdır.

2008-ci il 8 mayda Şuşa şəhərinin işğalının ildönümündə İslam təşkilatının Gənclər Forumunun (İKT GF) mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kompaniyası təsis edilmişdir.

2009-cu il fevralında İslam Konfransı Təşkilatı Gənclər Foru­munun mədəniy­yətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” beynəlxalq infor­masiya və təşviqat kompaniyasına start verilmişdir. Bu kompani­yanın məqsədi beynəlxalq ictimaiyyəti Xocalı soyqırımı ilə əlaqədar məlumatlandırmaq, qətliama beynəlxalq aləmdə mənəvi-siyasi qiy­mət verilməsinə və bu qanlı qırğının qurbanlarının xatirəsinin anıl­masına nail olmaqdır. Faciənin mənəvi və siyasi-hüquqi səviyyədə tanınmasına yönəlmiş bu kampaniya dünyanın 30 ölkəsində uğurla həyata keçirilmişdir.

Aparılan təhlillərdən məlum olur ki, 2010-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı faciəsinin ildönümü artıq dün­yanın 100-dən çox nöqtəsində qeyd olunmuşdur. Soyqırımına həsr olunmuş silsilə tədbirlər, Fondun hazırladığı təbliğat materialları əsasında həyata keçirilmişdir. Heydər Əliyev Fondunun ayrı-ayrı ölkələrdə geniş miqyasda təşkil etdiyi və faciənin həqiqətlərinin yayılmasına yönəl­dilmiş anım tədbirləri Rusiya Federasiyasındakı nümayəndəlik tərəfindən İslam-Kon­fransı Təşkilatının Əməkdaşlıq və Dialoq Uğurunda Gənclər Forumu çərçivəsində uğurla davam etdirilmişdir.

2014-cü il mayın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Şanxayda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin dördüncü Zirvə Toplantısında demişdir: “...Asiyada təhlükəsizlik tədbirləri qlobal təhlükəsizliyin bir hissəsidir. Biz təh­lükəsizlik tədbirlərinə kompleks yanaşmanın tərəfdarıyıq. Terroriz­mə qarşı mübarizə, regional, enerji, nəqliyyat və informasiya təh­lükəsizliyinin təmin olunması, dondurulmuş münaqişələrin həlli kimi məsələlər bir-biri ilə sıx bağlıdır və bəşəriyyətin təhlükəsizliyi üçün vahid mövqenin ortaya qoyulmasını zəruri edir. Azərbaycan beynəl­xalq terrorizmə qarşı mübarizədə səylərin birləşdirilməsini dəstək­ləyir. Azərbaycan özü terrorizmin qurbanı olub. Təkcə müstəqillik illərində erməni terror təşkilatları Ermənistanın dövlət qurumlarının rəhbərliyi ilə Azərbaycana qarşı 30-dan artıq terror aktı törədiblər ki, bunun da nəticəsində 2000-dən çox insan həlak olub. Bu terror aktları Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin tərkib hissəsidir. Bu siyasət nəticəsində Azərbaycan ərazisinin 20 faizi, tarixi torpağımız olan Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon Ermənistan tərəfindən işğal olunmuş, bu ərazilərdə etnik təmizləmə siyasəti aparılmış və bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. 1992-ci ilin fevral ayında erməni silahlı qüvvələri Xocalıda dinc əhaliyə qarşı soyqırımı törət­mişlər. Bu soyqırımı nəticəsində 613 günahsız insan qətlə yetiril­mişdir. Bu gün dünyada 10-dan çox ölkə Xocalı soyqırımını rəsmən tanımışdır. Beynəlxalq birlik və beynəlxalq təşkilatlar Azərbay­canın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq hüquq nor­malarına uyğun, ədalətli həllinin tərəfdarıdır. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parla­ment Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri vardır. Mən, həmçinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin üzvü olan dövlət­lərə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh yolu ilə həllini dəstəklədiklərinə görə təşəkkür edirəm....

ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlarda bu günə qədər irəliləyiş əldə edilməyib. Ermənistan münaqişənin həllində maraqlı deyil. Bizim qəti mövqeyimiz bundan ibarətdir ki, münaqişə ancaq beynəlxalq hüquq normalarına uyğun və Azərbay­canın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”.

Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş prinsiplərə sadiq qalan Azərbaycan Prezidenti İlham Əliyev ölkə­mizin xarici siyasətinin əsas prioritet istiqamətlərindən biri olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqi­şəsinin yalnız bey­nəl­xalq hüququn norma və prinsipləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi şərti ilə nizama salınmasının vacibliyini bildirmiş və beynəlxalq təşkilatların bu sahədə səylərini gücləndirməsinin zəruriliyini bəyan etmişdir.

Münaqişənin nizama salınması üçün aparılan danışıqlar pro­sesində Ermənistan tərəfi ermənilərin öz müqəddəratını, təyinetmə prinsipini əsas gətirərək Dağlıq Qara­bağın müstəqil dövlət ikimi tanınmasına çalışır. Ancaq ermənilər öz müqəd­dəratını təyinetmə hüququndan hələ XX əsrin əvvəllərində ən yüksək səviyyədə istifadə edərək, özlərinin müstəqil dövlətini Ermənistan Respublikasını yaratmışlar. Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında da dəfələrlə bəyan etmişdir ki, bugünkü Ermənistan dövləti 1918-ci ildə qurularkən tarixi Azərbaycan torpaqlarında, İrəvan xanlığı və Zəngə­zur mahalı ərazilərində yaradılmışdır.

Dağlıq Qarabağ bölgəsinin erməniləri isə digər ölkələrdə yaşa­yan ermənilər kimi, Azərbaycanda yaşayan milli azlıqlardan biri­dirlər. Beynəlxalq hüquq norma­larına görə milli azlıqlar öz müqəd­dəratlarını təyin edə bilərlər. Lakin bu, müstəqillik formasında ola bilməz. Çünki müstəqil dövlətin ərazisində yaşayan milli azlıqların belə hüquqları yoxdur. Eyni zamanda, xalqların öz müqəddəratını təyinetmə məsələsi beynəlxalq hüququn əsas prinsiplərindən olan ərazi bütövlüyü prinsipini pozmamalı, bu prinsiplə ziddiyyət təşkil etməməlidir. Bu baxımdan, ermənilərin öz müqəddəratını təyin etmə hüququnu bəhanə etməsi beynəlxalq hüquq normalarının, xüsusilə, döv­lətlərin suveren bərabərliyi, zor işlətməmək və zor işlətməklə hədələməmək, sərhəd­lərin toxunulmazlığı, dövlətlərin ərazi bütöv­lüyü, mübahisələri dinc yolla nizama salmaq və başqa dövlətlərin daxili işlərinə qarışmamaq və beynəlxalq hüquqi öhdə­likləri vicdanla yerinə yetirmək kimi ATƏT-in Helsinki prinsiplərinin kobud şəkildə pozulması deməkdir.

Bundan əlavə, Ermənistan münaqişənin nizama salınması üçün aparılan danı­şıqlarda Dağlıq Qarabağın erməni icmasının tərəf kimi iştirakının təmin olunma­sını istəyir. Ancaq bu tələb də əsassızdır və beynəlxalq hüquq prinsiplərinə uyğun deyil. Çünki Dağlıq Qarabağ ermənilərinin müstəqil tərəf kimi danışıqlarda iştirakı məsələsi nəinki ATƏT-in Minsk qrupunun mandatına ziddir, eyni zamanda 2008-ci ilin sonunda Moskvada imzalanmış məlum bəyannamədə də açıq şəkildə bildirilir ki, münaqişənin nizamlanması istiqamətində aparılan danışıqlar prosesində yalnız Azərbaycan və Ermənistan tərəfləri iştirak edə bilər.

Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı və ayrılmaz tərkib hissəsi olduğunu dəfələrlə bəyan edən Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan rəh­bərinin Moskva bəyannaməsini tərəf kimi imzaladığını vurğulamaqla yanaşı, danı­şıqların Ermənistanla Azər­baycan arasında aparıldığını və bunun beynəlxalq format olduğunu bildirərək qeyd etmişdir ki, əgər Dağlıq Qarabağ münaqişə tərəfi olsaydı, onda Ermənistan tərəfi bəyannaməni imzalamazdı.

Bununla yanaşı, dövlət başçısı İlham Əliyev bəyan etmişdir ki, yalnız Dağlıq Qarabağın azərbaycanlı əhalisi oraya, o cümlədən Şuşaya qayıtdıqdan sonra status məsələsi müzakirə oluna bilər. Heç şübhəsiz ki, bütün bunlar Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalı və gələcəkdə Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları yüksək muxtariyyət şəraitində, Azərbaycan dövlə­tinin tərkibində yaşamalıdırlar. 2008-ci il noyabrın 2-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin birgə imzaladığı bəyannamədə də münaqişənin ərazi bütövlüyü çərçivəsində həlli nəzərdə tutulur. 2009-cu il dekabrın 5-də ATƏT-in xarici işlər nazir­lərinin Afinada keçirilən görüşündə qəbul edilmiş sənəd də məhz bu yanaşmanı təsdiq edir.

Buna görə də, Ermənistan, ilk növbədə, Dağlıq Qarabağın Azər­baycanın tərkib hissəsi olduğunu qəbul etməli, işğalçılıq siyasətinə son qoymalı, sonra isə münaqişənin nizamlanmasının variantları barədə öz mövqeyini bildirməlidir. Münaqişənin nizama salınması prosesində Azərbaycan dövləti və onun başçısı ilk növbədə sülh variantına üstünlük verir. Lakin Prezident İlham Əliyev Azərbaycan xalqı və dövlətinin bu işğal, etnik təmizləmə siyasəti və torpaq­larımızın müvəqqəti olaraq itirilməsi ilə heç vaxt barışmayacağını bildirməklə yanaşı, öz torpaqlarımızı azad etmək üçün tam əsası­mızın olduğunu və bunun beynəlxalq hüquq normaları ilə təsdiq edildiyini vurğulamışdır.

Azərbaycan Prezidenti münaqişənin siyasi və hüquqi tərəflə­rindən başqa, məsələnin praktiki tərəfinin də Azərbaycanın xeyrinə olduğunu və bu gün Ermənistanı Azərbaycan ilə müqayisə etməyin mümkün olmadığını bəyan etmişdir. Dövlət başçısı İlham Əliyev Ermənistanın kommuni­ka­siyalardan kənarda qalan, asılı vəziyyətdə olan, başqa ölkələrin və dairələrin ianəsi ilə güclə yaşayan bir dövlət olduğunu bildirməklə yanaşı, Azərbaycanın dinamik inkişaf edən və öz resurslarına arxalanan bir ölkə olduğunu vurğulayaraq Ermənis­tanda əhalinin ölkədən kütləvi şəkildə köçdüyünü və demoqrafiya məsələsini də unutmamağı xatırlatmışdır.

Bu faktı da qeyd etmək vacibdir ki, etnik təmizləmə nəticəsində hazırda Ermənistan mono-etnik, yəni milli azlıqların yaşamadığı dövlətə çevrilmişdir. Bununla yanaşı, bu gün özünü təcrid vəziy­yə­tinə salmış Ermənistan əhalisinin sayı durmadan azalır. BMT İnkişaf Proqramının himayəsi altında çap olunmuş İnsan Potensialının İnki­şafı haqqında məruzədə göstərilir ki, hər il Ermənistanı 23-27 min adam tərk edir. XX əsrin 80-ci illərinin sonunda 3,7 milyon əhalinin yaşadığı Ermənistanda əhalinin 1,5 milyondan çoxu (ümumi əhalinin 40%-i) müstəqillik dövründə aclıq, işsizlik, səfalət ucbatından xarici ölkələrə mühacirət etmiş və bu proses indi də davam etməkdədir.

Artıq 20 ildən çoxdur ki, təcavüzkar Ermənistan aparılan danı­şıqlar prosesində həmişə qeyri-konstruktiv mövqedən çıxış edərək hər dəfə bu prosesi süni surətdə uzatmağa çalışır. Lakin Azərbay­canın ərazi bütövlüyünün heç vaxt aparılan danı­şıqların mövzusu olmadığını və bundan sonra da olmayacağını daim vurğulayan dövlət başçısı İlham Əliyev bildirmişdir: “Biz danı­şıq­ları sadəcə olaraq danışıqlar naminə aparmayacağıq. Danı­şıqların imitasiyası ilə məş­ğul olmaq üçün Ermənistana imkan verməyəcəyik. Biz o vaxta qədər danışıqlar aparacağıq ki, ərazi bütövlüyümüzü bu yolla bərpa edə biləcəyimizə ümidimiz qala­caqdır. Əgər görsək ki, bu mümkün deyil, onda Azərbaycan döv­ləti hərbi yoldan istifadə edərək öz ərazi bütövlüyünü bərpa edəcəkdir”.

Hazırda münaqişənin nizama salınması prosesi Azərbay­canın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən­ləş­diril­mişdir. Aparılan danışıqların gedişi konfidensial səciyyə daşısa da, Azərbaycan Prezidenti İlham Əliyev bu gün danışıqlar masası üzərində bütün işğal edilmiş Azərbaycan torpaqlarının qaytarılması və məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı məsələlərinin mövcudluğunu bildirmişdir. Bununla yanaşı, Ermənistanın danışıqlar prosesini süni şəkildə uzatdığını və bu taktikanın heç bir pers­pektivinin olmadığını söyləyən dövlət başçısı İlham Əliyev nə bu gün, nə on il, nə də yüz il sonra Dağlıq Qarabağın müstəqil olma­yacağını vurğula­mışdır.    

Bu səbəbdən Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına Azərbaycan dövləti və xalqı heç vaxt imkan verməyə­cək. Dağlıq Qarabağa yalnız Azərbaycanın tərkibində hər hansı bir status verilə bilər. Lakin bu Azərbay­canın ərazi bütövlüyü çərçi­vəsində mümkündür. Bu prinsipdən kənarda heç bir məsələnin həll oluna bilməyəcəyini bildirən dövlət başçısı Azərbaycanın bununla əlaqədar öz prinsipial mövqeyindən geri çəkilməyəcəyini bəyan etmişdir.

Münaqişənin nizama salınmasında Azərbaycanın tutduğu mövqe birmənalıdır. Problem yalnız Azərbaycanın ərazi bütövlüyü və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhəd­ləri çərçivəsində həllini tapmalıdır. Bu mövqe beynəlxalq hüquq nor­maları və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Ak­tı və münaqi­şənin nizamlanması istiqamətində qəbul edilmiş çox­saylı beynəlxalq sənədlərə əsaslanır. Bununla yanaşı, Azər­baycan Prezidenti İlham Əliyev bizim tarixi ədaləti, ərazi bütövlüyümüzü bərpa edəcəyimizə əminliyini bir daha bəyan etmişdir: “Ermənis­tan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın beynəlxalq birlik tərəfin­dən tanınan ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Ondan sonra biz azərbaycanlılar əlbəttə ki, bütün qədim torpaq­larımıza qayıda­cağıq İrəvana da, Göyçəyə, Zəngəzur mahalına da. Bütün bun­lar bizim qədim torpaqlarımızdır. Gənc nəsil də bunu bil­məlidir ki, bizim torpaqlarımız sadəcə olaraq bugünkü müstəqil Azər­baycan torpaqları deyil. Biz o torpaqlara da qayıtmalıyıq və qayıdacağıq”.

"Müqəddəs Yurd: Xocalı" adlı kitabdan

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi