Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Allahyar Xocalının 75 illik yubileyi qeyd edilib

        Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Xocalı rayon komitəsinin birgə təşkilatçılığı ilə təqaüddə olan müəllim, dəyərli ziyalı, “Xocalının səsi” qəzetinin keçmiş əməkdaşı, tanınmış şair Allahyar Quliyevin 75 illik yubileyi münasibətilə görüş keçirilib. Görüşdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Xocalı rayon komitəsinin sədri İsmayıl Hacıyev, “Xocalının səsi” qəzetinin redaktoru, Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Qalib Quliyev iştirak edib. 

        Xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yaşayan şairin evinə baş çəkən tədbir iştirakçıları Allahyar Quliyevin həyat və fəaliyyətindən, yaradıcılığından söz açıblar. Onun cəmiyyət arasında ziyalı, el ağsaqqalı kimi nüfuzu yüksək qiymətləndirilib. Qeyd edilib ki, xalqına, dövlətinə bağlı insan olan Allahyar Quliyev əsl müəllim, yaradıcılığı rəğbətlə qarşılanan söz ustası kimi hər zaman diqqətə layiqdir.

        Sonda “Xocalının səsi” qəzetinin fəaliyyətində fədakar əməyinə görə qəzetin keçmiş əməkdaşı Allahyar Quliyev Fəxri Fərmanla təltif edilib, 75 illik yubileyi münasibətilə xatirə hədiyyəsi verilib.  

        Allahyar Xocalı onu diqqətdə saxladıqlarına görə görüş iştirakçılarına öz təşəkkürünü bildirib. Böyük Qələbəmiz münasibətilə xalqımızı təbrik edən Allahyar müəllim öz sevinc hislərini bölüşüb. Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın fəaliyyətinə uğurlar arzulayıb. 

        Qeyd edək ki, Quliyev Allahyar Allahverdi oğlu 1946-cı il fevral ayının 3-də Xocalıda anadan olub. O, əmək fəaliyyətinə müəllim kimi başlamışdır. Allahyar müəllim Qarabağın bir neçə kəndlərində şərəfli peşəsini yerinə yetirmişdir. 1991-1993-cü illərdə "Xocalının səsi" qəzetində şöbə müdiri, sonrakı illərdə isə bölgə müxbiri vəzifəsində çalışmışdır. 1993-1997-ci illərdə Xocalı şəhər icra nümayəndəsi vəzifəsində işləmişdir. 1966-cı ildən mərkəzi dövrü mətbuatda şeir və məqalələrlə çıxış etməyə başlamışdır. Xocalı təxəllüsü ilə Xocalı faciəsinin dəhşətlərindən bəhs edən "Vətən ağrısı, torpaq yanğısı", "Xocalı soyqırımının qurbanları" və mübarizliyə səsləyən “Bizdən qeyrət umur Vətən” kitablarının müəllifidir. Xocalı soyqırımında Allahyar müəllimin 88 yaşlı atası Allahverdi kişi şəhid olmuşdur. 







Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Üçgünlük körpəsi ilə erməni zindanında amansız işgəncələrə məruz qalan ana

          Müsahibim Xocalıda 4 uşağı ilə erməni quldurları tərəfindən əsir götürülərək 10 günlük girovluq həyatı yaşayan Məhsəti türkü Mehri...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi