Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

QƏLƏBƏ İNAMI İLƏ DÖYÜŞDÜ VƏ ŞUŞADA ÖLÜMSÜZLƏR MƏQAMINA UCALDI...

        Ötən illərdə şəhid hərbi qulluqçularımız haqqında davamlı olaraq məqalələr yazmışam. Bu məqalələrdə həmişə qeyd etmişəm ki, şəhidlərimizin qanı tökülmüş torpaqlarımız düşmən tapdağında qalmayacaq. Onların layiqli davamçılarının yetişdiklərini, yeni nəsil hərbi qulluqçularımızın torpaqlarımızın bütövlüyünü bərpa edəcəklərini vurğulamışam. Çünki şəhidlik zirvəsi elə bir dəyərli örnəkdir ki, zaman ötsə də, nəsillər dəyişsə də, daim Vətən və xalq naminə fədakarlığa ruhlandırır, mübarizlik əqidəsi aşılayır. 

         27 sentyabr-9 noyabr 2020-ci il tarixlərini əhatə edən Vətən müharibəsindən sonra artıq qalib ölkədə yaşayırıq. Qarabağımızın tacı olan Şuşada və işğaldan azad edilən digər rayonlarımızda bu gün üçrəngli bayrağımız dalğalanır. Şəhidlərimizin ruhu sevinir, məcburi köçkünlərimizin üzü gülür. Bu tarixi zəfəri xalqımıza Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Silahlı Qüvvələrimiz bəxş etdi. 

        Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının şəxsi heyəti də qələbəmizə öz layiqli töhfəsini verib. Daxili Qoşunların 66 nəfər hərbi qulluqçusu bu ölüm-qalım savaşında cəsurluqla vuruşaraq əbədiyyətə qovuşub. Onlardan biri kapitan Babayev Şamil Baloğlan oğludur.

            Şamil 1988-ci il yanvarın 26-da Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Camaldın kəndində dünyaya göz açıb. Baloğlan Babayev və Atikə Babayevanın qurduğu çoxuşaqlı ailədə böyüyüb, ədəb-ərkanlı, ləyaqətli gənc kimi yetişib. Ata-anasının sonbeşiyi olan Şamil mənəvi dəyərlərimizə, el-obanın adət-ənənələrinə həmişə ehtiramla yanaşıb. Ailədə onu vətənpərvər ruhda tərbiyə ediblər. Böyük qardaşı, Birinci Qarabağ müharibəsi veteranı, vaxtilə xüsusi təyinatlı kimi xidmət etmiş Əli Babayevin Şamilin dünyagörüşünün formalaşmasında rolu az olmayıb. Hələ orta məktəb illərindən Şamildə hərbi xidmətə, hərbçi peşəsinə maraq yaranıb. Bu baxımdan dayısı Ələkbər Qurbanovun keçdiyi təqdirəlayiq hərbi xidmət yolu da gənc üçün əzmkarlıq nümunəsi idi. Qeyd edim ki, Ə.Qurbanov Daxili Qoşunların veteranı və ehtiyatda olan zabitdir.

        2006-2007-ci illərdə Ş.Babayev Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçib. Hərbi xidmət borcunu vicdanla yerinə yetirib. 

        2010-cu ilin iyul ayından etibarən Ş.Babayev Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının sıralarına müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunub. Lənkəran rayonunda yerləşən “N” saylı hərbi hissənin xüsusi təyinatlı dəstəsində qumbaraatan vəzifəsinə təyin edilib. Xidmətdə çalışqanlığı və komandanlığın etimadını doğrultması nəzərə alınaraq, o, Daxili Qoşunların Orta İxtisas Hərbi Məktəbinə (hazırda Daxili Qoşunların Ali Hərbi Məktəbi) hərbi təhsil almağa göndərilib. 2012-2014-cü illərdə burada təhsil aldığı dövrdə kursant kimi öz hazırlığı ilə fərqlənib. 

        Sonra yenidən hərbi xidmətini qoşunların Lənkəran rayonunda yerləşən “N” saylı hərbi hissəsində davam etdirib. Bu dəfə zabit olaraq minaatan batareyada taqım komandiri vəzifəsinə irəli çəkilib. Ancaq Şamil üçün hərbi xidmətdə əsas məramlardan biri xüsusi təyinatlıların sırasında olmaq idi. Öz bilik və bacarığını məhz xüsusi təyinatlı bölmədə realizə və inkişaf etdirmək istəyirdi. Hərbi hissənin xüsusi təyinatlı dəstəsində atəş təminatı qrupunun komandiri vəzifəsinə təyin olunması onun ruh yüksəkliyini daha da artırmışdı. 

         2018-ci ilin fevral-iyun aylarında Şamil Türkiyə Cümhuriyyətinin Jandarm Komando Məktəbləri və Təlim Mərkəzində jan-darm zabit komando təməl kursu keçib. Bu kursda yiyələndiyi biliklər və qazandığı praktiki təcrübə onun xüsusi təyinatlı kimi peşəkarlıq səviyyəsinin yüksəldilməsində vacib rol oynayıb. 

        Kursdan sonra “N” saylı hərbi hissədə əvvəlki vəzifəsində xidmət edən Şamil tabeliyindəki şəxsi heyətin də döyüş və mənəvi-psixoloji hazırlığının müasir tələblər səviyyəsində artırılması yönündə öz səylərini əsirgəməyib. Komandir kimi daim onlara xüsusi təyinatlı üçün xas olan keyfiyyətlərin aşılanmasına üstünlük verib. Bununla yanaşı, onunla xidmət edənlər nəcib insani keyfiyyətlərini, şəxsi heyətə qayğıkeşliyini də vurğulayırlar. Heç vaxt silahdaşlarının hansısa probleminə, çətinliyinə laqeyd qalmayıb. 

        Vətən müharibəsi başlayanadək Şamil “kapitan” hərbi rütbəsinədək yüksəlib. 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalı və müxtəlif həvəsləndirmə növləri ilə mükafatlandırılıb. Peşəkar və öz məsləyinə sadiq olan zabit kimi fəaliyyəti onun hərbi karyerasında yüksəlişi üçün tutarlı bünövrə yaratmışdı. Ancaq onu həyatda müqəddəs bir zirvə gözləyirdi...

        Dağlıq Qarabağda erməni separatizminin baş qaldırdığı ildə anadan olmuş Şamil Birinci Qarabağ müharibəsi dövründə kiçik yaşlarında idi. Sonradan həmin müharibə haqqında dayısının və böyük qardaşının söhbətlərini dinləmişdi. Həmkəndliləri və qohumları arasında o vaxt şəhid olmuşlar barədə də məlumatı vardı. O, özünü şəhid və qazilərimizin yolunun davamçısı kimi görürdü. Şamil və onun kimi neçə-neçə qeyrətli gəncin Vətən sevgisindən irəli gələn əsas həyat amalı itirdiyimiz torpaqları qan töküb, can verib geri almaq, illərlə acısını çəkdiyimiz bu qəbuledilməz gerçəkliyi dəyişmək idi.  

        44 gün davam edən Vətən müharibəsində kapitan Ş.Babayev şərəfli döyüş yolu keçib. Füzuli, Qubadlı, Xocavənd rayonları ərazisində və Şuşa şəhəri uğrunda döyüşlərdə şücaət göstərib. Tərkibində vuruşdu-ğu bölmə tərəfindən düşmənin canlı qüvvəsinə və texnikasına ciddi zərbələr vurulub, ermənilərin keçilməz saydığı postlar, atəş nöqtələri darmadağın edilib. İşğalçıya məxsus xeyli silah-sursat, digər döyüşaparma vasitələri qənimət götürülüb. Cəsur zabit bəzi döyüşlər zamanı tabeliyindəki hərbi qulluqçuları düşmənin qurduğu pusqudan çıxarmağı bacarıb, ağır itkilərə uğramaq təhlükəsinin qarşısını alıb. 

          Şuşa əməliyyatının bizim zəfərimizlə başa çatması üçün bir zabit kimi onun və komandiri olduğu döyüşçülərin də göstərdiyi rəşadət barədə hələ çox danışılacaq və yazılacaq. Bu əməliyyatın bir sıra unikal taktiki xüsusiyyətləri hərbi dərsliklərə yazılacaq. Yüksəklikdə və mürəkkəb relyefə malik ərazidə yerləşən Şuşanın texnikasız, dağ-meşə cığırları ilə yaxınlaşaraq, sıldırım qayalar üzərindən qalxaraq, qətiyyətli həmlə edilməklə işğaldan azad olunması qəhrəmanlıq nümunəsidir. 

        Kapitan Ş.Babayev 2020-ci il noyabrın 7-də Şuşa şəhərində olduğu mövqenin düşmən tərəfindən minaatanlardan atəşə tutulması nəticəsində bədəninin bir neçə nahiyəsindən ağır yaralanıb. Zabitə tibbi yardım göstərilsə də, şəhər və ətrafı atəş altında olduğundan, 7-8 noyabrda qospitala təxliyyəsi mümkün olmayıb. Şəhərdə yerləşdirildiyi sığınacaqlar da düşmənin şiddətli atəşinə məruz qalıb. Şamilin aldığı ağır yaralardan vəziyyəti kəskin pisləşib və o, noyabrın 8-də silahdaşlarının yanında dünyasını dəyişib. 

        16.11.2020-ci ildə Naxçıvan MR Ədliyyə Nazirliyinin Culfa Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən ölüm haqqında şəhadətnamədə isə kapitan Ş.Babayevin öldüyü tarix 10.11.2020-ci il qeyd edilib. 

        Kapitan Ş.Babayev Camaldın kəndinin qəbiristanlığında dəfn olunub. Məzarı üzərinə həkk edilən ölüm tarixi də 10.11.2020-ci ildir.   

        Onunla birgə döyüşlərdə iştirak etmiş müddətdən artıq həqiqi hərbi xidmətdə olan əsgər Sərvət Abdulheyev və Daxili Qoşunlardan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq əsgər rütbəsində ehtiyata buraxılmış Oruc Rüstəmov mənə kapitan Ş.Babayev barədə xatirələrini danışdılar. Sərvət və Oruc bu müharibədə qarşıya qoyulan döyüş tapşırıqlarını cəsarətlə yerinə yetirərək yaralanıblar. Hər biri müxtəlif medallarla təltif olunub. Onlar söylədilər ki, Şamil bir komandir kimi döyüşlərdə həmişə irəlidə olub, döyüşçüləri də ruhlandırıb. Öz peşəkarlığı sayəsində dəyişən vəziyyət, ərazinin xüsusiyyətləri, düşmənin hərəkətləri nəzərə alınaraq, çevik və düzgün qərarlar qəbul etməyi bacarıb. Bildirildi ki, qorxmaz zabit dəfələrlə düşmən üzərinə həmlədə xüsusi təyinatlı məharətini göstərib. Belə həmlələr zamanı işğalçıların mövqeləri ələ keçirilib. Bununla yanaşı, Şamil tabeliyindəki döyüşçüləri qorumağa çalışıb, müharibə şəraitində belə, onların ehtiyacları ilə daim maraqlanıb. Silahdaşlarının hər bir ölüm və yaralanma halı onu dərindən sarsıdıb. 

        Şuşada ağır yaralandıqdan sonra Şamil ölümqabağı kəlmeyi-şəhadətini də söyləyib. Döyüşçülər onun həyatının xilas edilə bilməməsinin üzüntüsünü qəlblərində həmişə yaşayacaqlar. 

        Azərbaycan Respublikası Prezidentinin imzaladığı 9 dekabr 2020-ci il tarixli, 15 dekabr 2020-ci il tarixli, 25 dekabr 2020-ci il tarixli, 29 dekabr 2020-ci il tarixli müvafiq sərəncamlarla kapitan Ş.Babayev ölümündən sonra “Zəfər” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

        Şəhid haqqında “Komando” adlanan videofilm çəkilib. Şamil evli idi, 6 yaşlı bir oğul yadigarı qalıb, adı Yusifdir. Yusif üçrəngli bayrağımızı sevir, hərbi formaya rəğbətlə yanaşır. Atasının əşyaları və şəkillərinə kədərlə baxır. Bu əşyalar və şəkillər həyatı boyu onun qəlbində bir nisgil oyadacaq və atasının yoxluğunu xatırladacaq. İnanırıq ki, o, böyüyüb Şamilin adına layiq övlad olacaq, Vətən torpağını da onun kimi göz bəbəyi kimi qoruyacaq. 

        Allah şəhidlərimizə rəhmət eləsin! 

Yalçın Abbasov,

DİN-in Daxili Qoşunlarının veteranı, e.o. kapitan, tədqiqatçı-jurnalist


Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Üçgünlük körpəsi ilə erməni zindanında amansız işgəncələrə məruz qalan ana

          Müsahibim Xocalıda 4 uşağı ilə erməni quldurları tərəfindən əsir götürülərək 10 günlük girovluq həyatı yaşayan Məhsəti türkü Mehri...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi