Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Xocalı soyqırımı deyəndə "25-lər"in faciəsi də gözlər önünə gəlir

        Əzimov Şahin Həsənbala oğlu 1974-cü il oktyabrın 18-də Xocalı rayonunun Ballıca kəndində anadan olub. Erməni seperatçıları Əzimovlar ailəsinin Ballıcadakı evini yandırdıqdan sonra ailə 1988-ci ilin sentyabrın 22-də Xocalıya köçmək məcburiyyətində qalıb. Onlar Xocalıda fin evlərdə məskunlaşıblar. Ailə başçısı Həsənbala kişi Xocalıda ipək fabrikində gözətçi işləyib. Həsənbala kişi və böyük oğlu Hüsü Xocalının müdafiəsində dayanıblar. Şahin özü isə çörək sexində çörəkbişirən işləyib. Şahin Əzimov Xocalı soyqırımı zamanı hər iki valideyni şəhid olmuş 25 uşaqdan biridir. Təsadüf nəticəsində erməni gülləsindən yayınaraq həyatda qalmış və əsir düşməmişdir.  

Şahin Əzimov həmin müsibətli günü belə xatırlayır:

-  Fevral ayının 25-i axşam saat 10-11 radələri olardı. Ermənilər hər tərəfdən zirehli texnkilarla hücuma keçdilər. Evləri yandıra-yandıra yaxınlaşırdılar. Mən qaçaraq zirzəmilərdə ümidlə kömək gözləyən bəzi ailələrə şəhəri tərk etmək lazım olduğunu bildirdim. Qonşumuz Əlövsətin ailəsi ilə birlikdə şəhərdən çıxmağa başladıq. Asfaltı keçəndə bizi gülləbaran etdilər. Qarqarçayı keçərək Qaraqaya istiqamətində gedən camaata qoşula bildik. Yolda qalan qocalara, yaralılara baxanda insanı dəhşət bürüyürdü. Bacımın qayınanası Çiçək xalaya kömək edirdim. Onun corabı islandığından buz bağlamışdı. Corabın buzunu qırıb cibimə qoydum ki, isinəndən sonra ayağına geydirim. Lakin erməni vəhşiləri onu vurdular. Corabını cibimdə Ağdamadək gətirmişdim.

Biz əkin yerini keçəndə ermənilər BTR, BMP-lərlə atəşə tutdular. Sanki insanları zəmi kimi biçirdilər. Heç kəsə aman vermədilər. Bibim Dilarə, altı yaşlı oğlu Natiq orada şəhid oldu. Təsadüf nəticəsində sağ qalanlar hərə bir tərəfə səpələndi. Mən qaratikanlı qayanı aşıb atam və anamın yanına gəlib çatdım. Ermənilər bizi yenidən görüb atəşə tutdular. Qonşumuz Teybəni, əmimin nəvəsi Aynuru vurmuşdular. Mənfur düşmənlər xəndəklərdə gizlənən dinc sakinləri qətlə yetirmişdilər. Onlar heç kimə rəhm etmirdilər. Qardaşım Hüsü və digərləri yolu açmaq üçün qabağa düşmüşdülər. Onlarla aramızda olan məsafə xeyli artmışdı. Yaralanmış atamı, anamı ermənilər amansızcasına güllələmişdilər. Üç-dörd nəfərlə birlikdə Ağdama tərəf gedəndə ermənilər qarşımızı kəsib təslim olmağımızı istədilər. Lakin biz təslim olamayaraq oradan aralaşdıq. Ermənilər bizi təqibi etməyi kənara qoyaraq yaxınlığımızda olan təxminən 250 nəfərlik dəstənin qarşısını kəsdilər. Ağdamda məni görən yaxınlarım gözlərinə inanmadılar ki, mən sağ-salamat erməni çəmbərindən çıxa bilmişəm.

Şahin Əzimov hal-hazırda Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik

qəsəbədə müvəqqəti məskunlaşıb. Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində Şahin Əzimovun evində olub ondan müsahibə götürdüm. Söhbət əsnasında ona gələn telefon zəngindən öyrəndim ki, səhəri günü Ağdama səfər edəcək. Böyük Zəfərin sevincini yaşayan hər vətəndaş kimi Şahin də işğaldan azad olunmuş topraqlarımıza qədəm qoyacağı üçün həyəcanlı idi. Ağdama səfərinin Şahin üçün sevincli olduğu qədər, böyük anlamı da var. O, 29 il bundan əvvəl Xocalıdan erməni quldurlarının güllə yağışından təsadüfən sağ çıxaraq Ağdama pənah aparmışdı. İndi ata-anasının, həmyerlilərinin uyuduğu Ağdamın Şəhidlər Xiyabanına gedərək onların qəbirlərini ziyarət etmək imkanı yaranıb.

        Vətən Müharibəsində Xilaskar Ordumuz Xocalı soyqırımının törədilməsində əli olan cinayətkarları da məhv etdi. Şəhidlərimizin qisası alındı. Xocalılar artıq ədalət simvolu olan Xocalıya qayıdış gününə hazırlaşır. 

Qalib BƏYMƏMMƏDOĞLU,

"Xocalının səsi" qəzetinin redaktoru


Paylaşın:

Hiç yorum yok:

Yorum Gönderme

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi