Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

İşğaldan azad edilmiş ərazilərdə yaradılacaq yeni iqtisadi dəyər Azərbaycan dövlətinin maliyyə xərclərini dəfələrlə üstələyəcəkdir

         Azərbaycan xalqı tarixinin ən şanlı dönəmlərindən birini yaşayır. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu bütün dünyaya öz qüdrətini göstərdi. Ermənistan və havadarları tərəfindən işğal olunmuş torpaqlarımız əsgər və zabitlərimizin canı, qanı bahasına azad olundu. Şanlı qələbəmizlə ərazi bütövlüyümüz təmin edildi.Azərbaycan Ordusunun şücaətindən, mərdliyindən, zəfərindən yazmaq nə qəbər qürürverici hiss, nə böyük xoşbəxtlikdirsə, 30 il ayrı düşdüyümüz ərazilərimizin iqtisadi potensialını qələmə almaq bir o qədər sevindirici haldır. Əlbəttə, işğaldan azad olunan regionun tarixi-mədəni əhəmiyyəti ölçüyəgəlməzdir. 44 günlük müharibədə Ali Baş Komandan, dövlət başçısı kimi həm diplomatik, həm informasiya cəbhəsində mübarizə aparan cənab İlham Əliyevin Almaniyanın “ARD” telekanalına müsahibəsində jurnalist Oliver Mayerin “Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa, bu, bir rəmzi məna daşıyır?” sualına verdiyi tarixi cavabında olduğu kimi. QARABAĞ RESURSLAR MƏSƏLƏSİ DEYİL. BU, ƏDALƏT, MİLLİ QÜRUR və BEYNƏLXALQ HÜQUQ MƏSƏLƏSİDİR. Azərbaycan Prezidenti, silahlı qüvvələrimizin hərbçiləri və Azərbaycan xalqı yeni bir tarix yazdı.

        Yuxarı Qarabağ və işğal edilmiş ətraf rayonlarımız tarixi-mədəni dəyəri, füsünkar təbiəti ilə yanaşı, yeraltı və yerüstü sərvətlərə, zəngin iqtisadi potensiala, geniş turizm imkanlarına malikdir. Bu rayonlarımız aqrar üstünlüyü, xammal bazası və emaledici sənaye istehsalı baxımından əlverişlidir. Həmin ərazilərin iqtisadi potensialının əsas parametrlərinə diqqət yetirsək görərik ki, Ermənistanın talançılığı, istismarı nəticəsində regionun infrastrukturu yox səviyyəsinə gətirilib. İşğal nəticəsində minlərlə hektar əkinəyararlı ərazi hərbi tullantılarla çirkləndirilmiş, Azərbaycan iqtisadiyyatına və dünyanın genofonduna milyardlarla manat həcmində ziyan vurulmuşdur.

        İqtisadiyyat nazirinin müavini Niyazi Səfərovun açıqladığı statistikaya əsasən, işğal altında olan torpaqlarda 7 rayon mərkəzi, 6 şəhər, 12 qəsəbə, 830 kənd, 700 xəstəxana və tibb müəssisəsi, 6 dövlət teatrı, 368 klub, 85 musiqi məktəbi, 600 sənaye və kənd təsərrüfatı müəssisələri dağıdılıb, talan olunub, 1 milyon hektardan çox kənd təsərrüfatı sahəsi, o cümlədən, təxminən, 128 min suvarılan torpaq, 35 min hektara yaxın üzüm və meyvə bağları məhv edilərək dövriyyədən çıxarılıb. İşğala qədər ölkə üzrə ÜDM istehsalının 24%-i, üzüm istehsalının 41%-i, kartof istehsalının 46%-i, ət istehsalının 18%-i, süd istehsalının 34%-i həmin rayonların payına düşüb. İşğal ölkənin su ehtiyatlarına ciddi ziyan vurub. Ümumi meşə sahələrinin 25%-i, yəni 280 min hektarı işğal olunan torpaqların payına düşürdü. Düşmən təbii sərvətlərimizin qanunsuz istismarı yolu ilə Kəlbəcərdə külli miqdarda qızıl hasil edib.

        İşğaldan azad edilmiş torpaqlar üzümçülük, tütünçülük, pambıqçılıq, baramaçılıq, meyvə-tərəvəz, bostançılıq və heyvandarlığın inkişafı üçün böyük potensiala sahibdir. Burada qarğıdalı, noxud və üzüm regionun xarekterik bitkilərindəndir. Xatırladaq ki, Füzuli, Ağdam rayonları işğaldan əvvəlki dövrlərdə pambıq, taxıl, üzüm istehsalına görə ölkədə aparıcı rayonlar sırasında idilər. Cəbrayıl, Qubadlı, Zəngilan rayonları da üzümçülükdə fərqlənirdi. Laçın, Kəlbəcər, Qubadlı və Zəngilanda heyvandarlıq çox inkişaf etmişdi. Göründüyü kimi, işğaldan azad edilən ərazilərimizin təbii imkanları, kənd təsərrüfatı potensialı bölgədə iqtisadiyyatın daha tez bərpa olunmasına şərait yarada bilər.

        Bunu da qeyd etmək yerinə düşər ki, işğala qədər Qarabağ bölgəsində beynəlxalq ekspertlərin və tanınmış alimlərin iştirakı ilə çoxsaylı ekspedisiyalar keçirilmişdir. Alimlərin tədqiqatlarının nəticələrinə görə, bu torpaqlar biomüxtəlifliyin genetik ehtiyatlarının zənginliyinə görə ümumən Qafqaz regionunda xüsusi seçilir. Qarabağ bölgəsi bir sıra efiryağlı, aromatik, dərman, bəzək və digər qeyri-ənənəvi bitkilərin də vətənidir. Şuşa şəhərində bitən xarı bülbül Qarabağın rəmzi hesab olunur. Bu unikal bitki artıq həm də Vətən müharibəsi şəhidlərimizin ruhuna ehtiram olaraq anım gününün simvoludur.

        Dağlıq Qarabağ və onun ətrafında olan Laçın, Kəlbəcər, Qubadlı, Zəngil, Cəbrayıl, Ağdam, Füzuli inzibati rayonları böyük xammal bazasına malikdir. Həmin rayonlarımızda qızıl, mis, civə, dəmir, mərmər, xromit, perlit, əhəng, əqiq, və eləcə də inşaat materialları üçün xammal bazası var. Məsələn, işğaldan azad edilmiş Cəbrayılın yenidən tikilməsi üçün əksər tikinti materiallarının ehtiyatları elə bu rayonun özündə də var: mişar daşı istehsalına yararlı Tulus tuf, Çaxmaqçay, tikinti qumu, kərpic istehsalına yararlı Qaracallı gil, sement istehsalına yararlı vulkan külü, gəc, əhəngdaşı, qum-çınqıl, yəşəm, xalsedon və meşə ehtiyatları. Zəngilan rayonundakı Vejnəli, Ağdərə rayonunda Qızılbulaq və Kəlbəcər rayonundaki Zod yataqları sənaye ehtiyatları ilə zəngin qızıl yataqlarıdır.Yeni təbii resursları dövriyyəyə cəlb etməklə Azərbaycan qərb bölgəsinin inkişafı, dağmədən sənayesinin, eləcə də, metallurgiya kompleksinin yüksəlişini təmin etmək potensialına malikdir.

        Metallurgiyanın inkişafı isə Azərbaycanda bir sıra sənaye sahələri ilə yanaşı, həm də hərbi sənayenin inkişafını sürətləndirmiş olar.

       Qarabağda təhlükəsizlik təmin edildikdən, infrastruktur yeniləndikdən və demoqrafik məsələlər həll olunduqdan sonra turizmin təşkili üçün kompleks layihələr həyata keçirilməsi real görünür. Bu platformada dövlət, özəl sektor və alimlərin birgə səyi sayəsində Dağlıq Qarabağın sıfırdan turizm potensialı işlənib hazırlanmalı, təbii və antropogen turizm resursları nəzərdən keçirilməlidir. Qarabağ əsasən dağlıq ərazi olduğundan, dağçılıq və alpinizm turizmini xüsusi qeyd etmək istərdim. Düşünürəm ki, Qarabağ təbiətinin zənginliyinə, qədimliyinə, və tariximədəni abidələrinə görə ekoturizm, etnoturizm zonası kimi inkişaf edəcək. Dünyanın ən gözəl regionun iqtisadiyyatının sürətlə inkişaf edəcəyini deməyə əsas verir.

​       Kiçik Qafqazın işğaldan azad edilən ərazilərində vaxtilə bir sıra qoruq və yasaqlıqlar mövcüd idi. Bunlar Bəsitçay Qoruğu, Qaragöl Qoruğu, Laçın Yasaqlığı, Qubadlı Yasaqlığı, Daşaltı Yasaqlığı və Arazboyu Dövlət Təbiət Yasaqlığıdır. Zəngilan ərazisində Bəsitçay dərəsində yerləşən qoruqda çay boyu çinar meşəliyi 12 kilometr məsafədə uzanırdı. Burada bitən ağacların yaşı 500 ilə çatırdı. Öz qədimliyi ilə seçilən şərq çinarı vaxtilə “Qırmızı Kitab”a daxil edilmişdi. Bütün bunlar, Qarabağ regionunun zəngin təbiəti, flora və faunası və qədim tarixi abidələrin əsasında turizmin inkişafı üçün böyük potensiala malik olduğunu göstərir. Dünyanın ən qədim yaşayış məskənlərindən olan Azıx mağarasının, Qarabağın dağlıq və düzən hissəsində aşkar edilmiş qədim daş abidələr-Xocalıdakı dolmenlər, Xankəndidəki kromlexlərin, Gənçəsər (Qanzasar), Alban-Amaras, Yelisey, Xudavəng, Ağoğlan kimi tarixi məbədləırin turizm imkanları xüsusilə genişdir.

            Qarabağda turizmin inkişafı ilə yanaşı ermənilər tərəfindən saxtalaşdırılan abidələrin də öz tarixlərinə qovuşması həllini gözləyən vacib məsələlərdəndir. Ermənistanın işğalı nəticəsində talan edilmiş muzeylərin bərpası, yeni muzeylərin yaradılması, o cümlədən, Şuşada Azərbaycan Ordusunun şanlı qələbəsini əks etdirən muzey kompleksinin təşkili əhəmiyyətli olardı. Fikrimcə, erməni faşizminin, vandalizminin izlərini bəşər tarixində maddiləşdirmək üçün işğaldan azad olunmuş rayonlarımızın hər birində dağıdılmış, xarabalığa çevrilmiş binaların nümunələri tarixi eksponat kimi saxlanmalıdır. Ermənilərin işğalçılıq siyasətlərinin saysız-hesabsız cinayətlərinin tarixi sübutları kimi bu eksponatlar gələcək nəsillərə, dünyadakı soydaşlarımıza, ümumən dünya ictimaiyyətinə erməni faşızminin mahiyyətini əyani surətdə açıqlayacaq.

        İşğaldan azad edilmiş ərazilərdə yaradılacaq yeni iqtisadi dəyər Azərbaycan dövlətinin maliyyə xərclərini dəfələrlə üstələyəcəkdir. Bu ərazilərin bərpası ilə çoxlu sayda yeni iş yerləri açılacaq. Belə ki, yeni infrastruktur layihələrinin həyata keçirilməsi vətəndaşlarımızin işlə təminatına müsbət təsir göstərəcək. İqtisadiyyatın inkişafı yeni iş yerlərinin açılmasına zəmin yaradacaq.

        Müzəffər ordumuzun qələbəsi qeyri-neft sektorunun böyüməsinə, Azərbaycan iqtisadiyyatının daha da çiçəklənməsinə təkan verəcək.

​Pəri Sadiqova,

Xocalı şəhər 5-saylı tam orta məktəbin müəllimi 


Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi