Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Üçgünlük körpəsi ilə erməni zindanında amansız işgəncələrə məruz qalan ana

         Müsahibim Xocalıda 4 uşağı ilə erməni quldurları tərəfindən əsir götürülərək 10 günlük girovluq həyatı yaşayan Məhsəti türkü Mehriban Bəkirovadır.  Mehriban Ramiz qızı Bəkirova 1962-ci ildə Beyləqan rayonun Türklər kəndində anadan olub. Onun valideynləri 1942-ci ildə Özbəkistandan gəlib Beyləqanda məskunlaşmış qaçqınlardan idi. 1988-ci ildə Özbəkistanın Fərqanə şəhərində baş verən hadisələrdən sonra Azərbaycana pənah gətirən 1965-ci il təvəllüdlü Həmzəyev Abdulla Köçəri oğlu ilə ailə həyatı qurur. Ailə 1990-cı ildə Xocalıda məskunlaşıb. 1992-ci il fevralın 23-də, yəni Xocalı soyqırımından 3 gün əvvəl ailənin Günay adlı qızı dünyaya gəlib. Ancaq Günayın taleyinə doğacaq günəşin qarşısını anadan olduğu andan qara buludlar kəsib. Ana bətnindən zirzəmiyə, zirzəmidən erməni zindanına düşən üçgünlük körpə ağrı-acı ilə gənclik çağına qədəm atar-atmaz amansız fələk onu qara torpağa - əbədi rahatlığa apardı.  

        Müsahibim acı taleyini, müsibətli günlərini, əsirlik həyatını danışdı.

        - Yoldaşımla quruculuq-abadlıq işləri ilə böyüyüb inkişaf edən, havası, təbiəti gözəl olan Xocalı şəhərinə köçüb orada yaşamaq qərarına gəldik. 1990-cı ildən Xocalıda yaşamağa başladıq. Bizi yeni evlə təmin etdilər. Orada xoşbəxt həyat yaşacağımıza inanırdıq. Həyat yoldaşım əvvəlcə bir müddət fəhlə işlədi, traktor sürücüsü oldu.  Ancaq 1991-ci ildən Xocalıda vəziyyət dəyişməyə başladı. Ermənilər ilk dəfə Xocalını atəşə tutanda Abdulla Həmzəyev çox fəallıq göstərdi. Elə ona görə yoldaşımı polisə dəvət etdilər. 

        - Xocalı soyqırımı baş verən axşamı erməni quldurlarından qorunmaq məqsədilə hansı tədbirlər gördünüz?

        – Xocalı camaatı aylarla düşmənə müqavimət göstərə bildi. Bu dəfə ki, hücumun da qarşısının alınacağını gözləyirdik. Lakin havadarlarının köməkliyi ilə təpədən-dırnağa qədər ağır artilleriya ilə silahlanaraq hücuma keçən mənfur qonşular köməksiz qalan Xocalını hər tərəfdən mühasirəyə aldılar. O faciəli gün körpə qızımın dünyaya gəldiyi üçüncü gün idi. Ermənilər şəhərə hücum edən zaman biz qaçıb zirzəmidə gizləndik. Xeyli müddət zirzəmidə qaldıq. Ancaq ermənilər getdikcə şəhərə yaxınlaşır, hər tərəfi yandırırdılar. Atışma səsləri daha da yaxından gəlirdi. Zirzəminin içərisində çıraq yandırmışdıq. Zirzəmi tərəfə iki ədəd qumbara atılanda çıraqlarımız da söndü. Ermənilər yerimizi bilmişdilər. Bir məhsəti türkü, bir də azərbaycanlı kişi dedilər ki, ağ bayraq qaldıraq çıxaq ki, uşaqlara, qadınlara zərər verməsinlər. Onlar zirzəmidən pilləkənlə yuxarı çıxanda mənfur ermənilər onları güllələdilər. İkisi də pilləkəndən aşağı düşdü. Erməni quldurları həmin kişiləri öldürəndən sonra ratsiya ilə əlaqə yaradıb böyüklərindən soruşdular ki, çoxlu sayda əsir tutmuşuq, bunları öldürək, yoxsa saxlayaq? Onlar verilən əmrə görə bizi əsir götürdülər. Məndən yoldaşımın kim olduğunu soruşdular. Guya yoldaşımın kim olduğunu desəydim məni üçgünlük körpəmlə azad edəcəkdilər. Yanımdakılar dedilər ki, heç bir məlumat vermək olmaz. Mən yalandan dedim ki, ərim tikintidə işləyir. Elə o anda erməni qulduru avtomatın qundağı ilə başıma vurdu və yoldaşımın polis geyimli şəklini mənə göstərək yalan söyləyirsən dedi. İkinci dəfə başıma vuranda dişlərim töküldü. Məndən təkrar-təkrar yoldaşımın yerini soruşdular. Mənim isə hər dəfə cavabım bilmirəm olurdu. Sonra hamıya işgəncələr verməyə başladılar.  Bizi səhər açılanda əvvəl taxıl sahələri, sonra asfalt yolla Xankəndinə tərəf apardılar. Maşınlar gəldikdən sonra isə maşınlara yığaraq Xankəndinə çatdırdılar. 67 nəfər əsiri Xankəndində saxladılar. Saqqallı ermənilər gəlib “Qarabağ erməninindir, yoxsa türkün? deyə suallar verirdilər. Deyəndəki bizimdir, işgəncələrin şiddətini daha da artırırdılar. 

        - Əsirlərə necə işgəcələr verirdilər?

        - Kişilərin qulağını kəsir, dişlərini çıxardırdılar. Avtomatın qundağı ilə, dəmir alətlərlə döyür, ülgüclə bədənlərimizə çapıq atır, ucu şiş dəmirlərlə işgəncələr verirdilər. Qadınları kişilərin qabağında lüt soyundururdular…

        – Üçgünlük körpə əsirin aqibəti necə oldu? Uşaqlara görə sizə güzəşt olunurdu?

        – Qaniçən erməni milləti həmişə türkə nifrət edib. Ona görə də yanımda uşaqların olması onları daha da azğınlaşdırır, hiddətləndirirdi. Axı onların əsas məqsədi genosid törətmək idi. 4 uşaqla əsir düşmüşdüm. Böyük uşağım 4, ondan balacası 3 yaşındaydı, oğlum isə yaşyarımlıq idi. Bir də qucağımda üçgünlük körpə…

        Ermənilər bizi Xocalıda zirzəmidən çıxarıb döyə-döyə aparanda üçgünlük körpəm bələkdən düşmüşdü. Ermənilərin şilləsinin, təpiyinin altında üçgünlük körpəmi harda saldığımı xatırlamağa çalışırdım. Piyada yol gedərkən Viktoriya İvleva adlı rusiyalı jurnalistin  uşağı tapdığı xəbəri verildi. Həmin körpənin anası mən olduğumu bilirdilər. Taqətsiz vəziyyətdə uşağı gətirib qucağıma qoydular. Əvvəl elə bildim ki, uşaq donub ölüb. Sonra onun zəif nəfəsinin gəldiyini hiss etdim. Həmin vaxt Viktoriya mənə çox köməklik etdi, məni qorudu. Ermənilərə dedi ki, buna zərər verməyin, onun körpə uşağı var. 

        Viktoriya İvlevanın əsirlikdə mənə etdiyi mənəvi köməklikləri heç bir zaman unudan deyiləm. Əsirlər dəyişilən zaman da Viktoriya mənə öz köməkliyini göstərdi. O, mənim əsirlikdən sonrakı halımı da düşünərək 50 manat pul verdi ki, özümə paltar alım. Viktoriya pulu verərkən telefon nömrəsini də kağıza yazıb verdi. Lakin mən həmin telefon nömrəsini itirdim.

        – Əsirlikdən necə azad edildiniz?

        – Biz Allahverdi Bağırovun köməkliyi ilə əsirlikdən azad edildik. Ağdam tərəfdə ordumuzun əsgərləri qarşımıza çıxdılar. Ağdamda biz yeməklə, paltarla təmin edildik. Atışma düşdüyünə görə gecə orada qala bilmədik. Bizi maşınlara mindirib, Ağcabədi yoluna gətirdilər ki, ölüm-itim olmasın. Allah Allahverdi Bağırova rəhmət eləsin, yüzlərlə əsirin erməni zindanından azad edilməsində xidməti olub. 

        – Siz əsirlikdən qurtarıldıqdan sonra Viktoriya xanıma bir ana kimi öz təşəkkürünüzü çatdırmağa çalışdınızmı? 

        – Mən dövlətimizə sığınaraq 4 övladımı böyütdüm, taleyin vurduğu zərbələrin ağrısını zamanla ovutmağa çalışdım. Üçgünlük ikən əsirlikdə olan qızım Günayın travmaları 10 yaşında şiddətləndi.  Mənim başım ancaq öz dərdimə qarışmışdı. Viktoriya isə öz sədaqətini, insaniyyətini davam etdirirək məni çox axtarıb. Ancaq adımı Mehparə kimi verib. Hətta mənim özümdən də məhsəti türklərindən olan Mehparənin kim olduğunu soruşublar. 2010-cu il fevralın 7-si evimizin qarşısında 2 maşın dayanıb əsirlikdə olarkən Viktoriya İvleva tərəfindən çəkilmiş şəkillərimi göstərərək mənim olub-olmadığımı soruşdular. Qucağında və yanındakı körpələrlə əsir olan qadın şəkli mənə aid idi. Həmin şəxslər Viktoriya xanımla görüntülü danışaraq axtardığı qadını tapdıqlarını dedilər. Fevralın ayının 11-də mənə əvəzsiz köməkliklər göstərmiş, etibarlı Viktoriya xanım görüşümə gəldi. O, mənə, uşaqlara hədiyyələr almağı da unutmamışdı. Görüş əsnasında əsirlikdə çəkdiyi şəkilləri də mənə verdi. Onsuz da yaddaşımdan silinməyən müsibətli günlər şəkillərə baxdıqca bir daha gözlərimin önünə gəldi. 

        Hələ üçgünlük çağında erməni zindanında yatan qızım 20 yaşında rəhmətə getdi. Dövlət tərəfindən də dəstək olundu, amma hara apardıq həyatını xilas etmək mümkün olmadı. Viktoriya bizimlə görüşdə dedi ki, uşağı Moskvaya aparıb, müalicə etdirəcəm. Hər ikimizin ümidi var idi ki, qızım sağala bilər. Ancaq qızım xəstəliyinə dözə bilməyərək Viktoriya xanımın gedişindən 1 ay sonra dünyasını dəyişdi. Bir gün də zəng elədi ki, bəs Novruz bayramından sonra gəlib, uşağı müalicəyə aparacaqlar. Onda artıq qızımı torpağa tapşırmışdım. Viktoriya xanıma dedim ki, qızım torpaqdadır.

        Yoldaşım Abdulla Həmzəyev yaxşı döyüşçü idi.  Əsirlikdən qayıdandan sonra mənə dedilər ki, yoldaşın şəhid olub. Üç gün idi ki, erməni zülmündən qurtulmuşduq. Beyləqan xəstəxanasında müalicə olunurduq. Mən də, uşaqlarım da çox pis vəziyyətdə idik. Yoldaşımın ölüm xəbərini də elə xəstəxanada aldım, onu son mənzilə yola sala bilmədim.

        Mehriban Bəkirova hal-hazırda  Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində məcburi köçkünlər üçün salınmış qəsəbədə məskunlaşıb. Səhhətində bir sıra narahatlıqlar var. Əsirlikdə  qulağına vurulan avtomat qundağı zərbəsindən eşitməsi çətinləşib. Ən çox gərəyi isə mənəvi dayaqdır. 

Qalib BƏYMƏMMƏDOĞLU, 

Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Üçgünlük körpəsi ilə erməni zindanında amansız işgəncələrə məruz qalan ana

          Müsahibim Xocalıda 4 uşağı ilə erməni quldurları tərəfindən əsir götürülərək 10 günlük girovluq həyatı yaşayan Məhsəti türkü Mehri...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi