Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Düşmənin məhv etməyə çalışdığı “Xarıbülbül” Vətəni Şuşa ilə birgə azadlığına qovuşdu

 


Təbiətin möcüzəsi sayılan, adı dillərə dastan olan Xarıbülbül gülü yaranışından bəri doğma Şuşamızın rəmzi sayılmışdır. Çünki bu gülün vətəni elə məhz Şuşa olmuşdur. Tarix boyu Şuşa şəhərinə gələn qonaqlar bu gülün gözəlliyini seyr etmişdirlər. Elə buna görə də, Şuşa şəhərində hər zaman Xarıbülbülün şərəfinə konsertlər, festivallar keçirilmişdir. Xarıbülbül Beynəlxalq Festivalı ilk dəfə 1989-cu ildə məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar keçirilmişdir. O zaman bu tədbir bütün dünyada ən önəmli mədəniyyət tədbirlərindən biri hesab olunurdu.

​ ​ ​ ​ ​ ​ ​ ​ Lakin 1992-ci il may ayının 8-də Şuşa şəhəri işğal olunandan sonra artıq bu tədbirin keçirilməsi də mümkün olmadı. 29 ilə yaxın bir müddətdən sonra 8 noyabr 2020-ci il tarixdə rəşadətli ordumuz mənfur düşmənlərimizlə​ əlbəayaxa vuruşaraq canları-qanları bahasına Şuşamızı işğaldan azad etdilər. Şuşa 44 günlük döyüşdən sonra Azərbaycanın qələbəsinin mənəvi simvoluna çevrildi.

​ ​ ​ ​ ​ ​ ​ ​ Artıq bu gün ölkə başçısı İlham Əliyev tərəfindən Şuşada yeni bir həyatın təməli qoyulub. Şuşa şəhərinə “Zəfər yolu”nun tez bir zamanda çəkilməsi, təmir-tikinti işlərinin sürətlə davam etdirilməsi, ən əsası Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi və burada may ayının 12-də Xarıbülbül Festivalının uzun illərdən sonra yenidən keçirilməsi yeni həyatın başlanğıcının bariz nümunəsidir.

​ ​ ​ ​ ​ ​ ​ ​ 29 ildən sonra Şuşa şəhərində “Cıdır düzündə” ilk dəfə keçirilən Xarıbülbül Musiqi Festivalı Azərbaycan xalqına bu şərəfli günü yaşadan Şəhidlərimizin əziz xatirəsinə həsr olundu. Ölkə başçısı İlham Əliyev, Birinci Xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva da tədbirdə iştirak etdilər. Ölkə başçısı və tədbir iştirakçıları Şəhidlərimizin xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər. Prezident ​ İlham Əliyev bildirdi ki, artıq biz Şuşada əbədi yaşayacağıq və Xarıbülbül Musiqi Festivalı Şuşada hər il yüksək səviyyədə keçiriləcəkdir. Çünki bu Musiqi bayramı olmağı ilə​ yanaşı həmdə birlik, qayıdış və ləyaqət bayramıdır.

Allah Azərbaycanımızı bütöv edərək, öz canlarını qurban verən Şəhidlərimizin hər birinə rəhmət eləsin!

Allah qazilərimizə şəfa, əsgərlərimizə can sağlığı versin!

Vəsilə Quliyeva,

Xocalı rayon ziyalısı

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Ən çox oxunan

Blog Arşivi