Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

“Ölüm bir nəfəs qədər bizə yaxın idi...”

        Müharibədə zəfərin qazanılmasında hərbi qulluqçuların döyüş qabiliyyəti və ruh yüksəkliyi mühüm rol oynayır. Döyüş sınağında əsas olan insan amilidir. Düşmənə qarşı vuruşan döyüşçünün qalibiyyət əzmi onun yenilməzliyinin təməlində dayanan başlıca cəhətdir.

Hərb tariximizin şərəfli səhifəsi olan və bizi qələbə zirvəsinə ucaldan 44 günlük Vətən müharibəsində xalqımızın qeyrətli və vətənpərvər oğulları erməni işğalçılarını məğlub etdilər, torpaqlarımızın düşmən tapdağında qalmasına son qoydular, uzun illər qədəmimizin dəymədiyi, nəfəsimizin toxunmadığı, həsrətini çəkdiyimiz yurdlarımızda üçrəngli bayrağımızı qaldırdılar.

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Vətən müharibəsində iştirak etmiş hərbi qulluqçularının göstərdikləri igidlik nümunələri heç vaxt unudulmayacaq. Onlar xalqımızın gözlədiyi Qələbə gününü reallığa çevirmək üçün öz layiqli töhfələrini veriblər. Bu yolda şəhid və qazi olan silahdaşlarımızı tanıtmaq da vacib missiyadır.

Vətən müharibəsində ağır yaralanaraq əlil olan və hərbi xidmətdən tərxis edilən çavuş Mədəni Polad Əmir oğlunun keçdiyi döyüş yolu öz əqidəsinə, içdiyi anda sədaqət, döyüşçü fədakarlığı nümunəsidir.

O, 1989-cu il mayın 30-da Şəki şəhərində anadan olub. Əmir Mədəni və Mənsurə Mədəninin üç övladından biri və yaşca kiçiyidir. Atası 2013-cü ildə vəfat edib. Evli olan qazinin 5 yaşında bir oğlu var.

Polad boya-başa çatdığı Şəkidəki Rəşid Əfəndiyev adına 10 saylı orta məktəbdə təhsil alıb. 9 illik təhsildən sonra avtomobil təmiri üzrə texnik peşəsinə yiyələnib və bu sahədə çalışıb. Onun yaşıdı olan gənclər uşaq ikən Dağlıq Qarabağda erməni separatizmi baş qaldırıb. Bədnam qonşu Ermənistanın Azərbaycana qarşı ərazi iddiası səbəbindən hərbi münaqişə başlayıb və getdikcə daha da alovlanıb. Bu münaqişə bir neçə nəslin həyatında ağrı-acılı iz qoyub. Birinci Qarabağ müharibəsində respublikamızın ərazisinin 20 faizi işğal olundu, bir milyona yaxın vətəndaşımız məcburi köçkün vəziyyətinə düşdü. Sonra atəşkəs rejimi şəraitində uzun illər bu gerçəkliklə yaşadıq. Ancaq həmin dövrdə özündən əvvəlki nəsillərin döyüş ruhundan ilhamlanan vətənpərvər və mübariz gənc nəsil yetişdi. Bu nəslin nümayəndələrindən biri də Poladdır.

2007-2009-cu illərdə Polad Müdafiə Nazirliyinin Naxçıvan şəhərindəki “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçib. Kəşfiyyat bölməsində snayperçi olub, “çavuş” hərbi rütbəsinədək yüksəlib.

2011-ci ilin noyabr ayında Polad Daxili Qoşunların sıralarına müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunub. Bakı şəhərində yerləşən “N” saylı hərbi hissədə əvvəlcə xüsusi vasitələrin tətbiqi dəstəsinin xüsusi vasitələrin tətbiqi qrupunun yarımqrupunda atıcı, döyüş təminatı yarımqrupunda heyət nəfəri-atıcı vəzifələrinə, sonra isə hərbi hissənin xüsusi təyinatlı dəstəsinə keçirilərək, xüsusi həmlə qrupunun yarımqrupunda atıcı-snayper və snayper vəzifələrinə təyin edilib.

Vətən müharibəsinədək olan hərbi xidməti dövründə ona göstərilən etimadı doğruldub, 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalı ilə mükafatlandırılıb. Barəsində müxtəlif növ həvəsləndirmələr tətbiq edilib.

2020-ci ilin 27 sentyabrında Vətən müharibəsi başlayanda çavuş P.Mədəninin xidmət

etdiyi xüsusi təyinatlı dəstənin hərbi qulluqçuları döyüşə ilk atılanların sıralarında olublar. Polad bildirdi ki, Kəlbəcər rayonu istiqamətində Murovdağ yüksəkliyi, Cəbrayıl, Xocavənd, Qubadlı və Füzuli rayonlarının ərazilərində döyüş yolu keçib. Xüsusi təyinatlı kimi keçdiyi hazırlığın müharibə zamanı çox gərəyi olduğunu söylədi. Ümumilikdə, xüsusi təyinatlıların döyüş tapşırıqlarının yerinə yetirilməsində üstün cəhətdən fərqləndiklərini vurğuladı. İşğalçıların üzbəüz döyüşlərdə hərbi qulluqçularımızın həmlələrinə tab gətirə bilmədiklərini, mövqelərini atıb qaçdıqlarını dedi. Bizim döyüşən canlı qüvvənin sırasında həlakolma və yaralanma hallarının əsasən düşmənin qurduğu pusqu, basdırdığı minaların partlayışı və artilleriya atəşi nəticəsində baş verdiyini nəzərə çatdırdı. Qazi danışdı ki, döyüşlər vaxtı bir neçə dəfə pusquya düşüblər, itkilərimiz olub, ancaq həmin və-ziyyətdə də düşmənin layiqli cavabını veriblər. Həmçinin, işğalçıları pusquya saldıqları bir epizodu xatırladı. Belə ki, Füzuli rayonuna aid ərazidə qruplarla irəliləyərkən təcavüzkarın divizionunun yerləşdiyi sahəni təsbit ediblər. Burada 4 top və digər artilleriya vasitələri, xeyli sursat, 70 nəfərə yaxın şəxsi heyət aşkarlanıb. Xüsusi təyinatlı dəstənin komandiri polkovnik-leytenant Füzuli İmrəliyevin göstərişi ilə divizionun yerləşdiyi sahə mühasirəyə alınaraq atəşə tutulub və işğalçılar tələfata uğrayıblar, silah-sursat, texnika qənimət götürülüb.

Poladın dediyinə görə, müharibədə torpaqlarımızı öz canı bahasına işğaldan azad edən silahdaşlarından bəzilərinin ölümü onun gözləri önündə baş verib. Onlardan baş leytenant Kamran Kazımov, baş çavuşlar Vüqar Cəfərov və Əsgər Əhmədovun adlarını yada saldı. Silahdaşlarının şəhid olmasından dərindən sarsılıb, ancaq onların qisasının alınması, qanlarının yerdə qalmaması, xatirələrinin yaşadılması Polada müəyyən qədər təskinlik verir.

Qazi qeyd etdi ki, müharibənin öz çətinlikləri, əzab-əziyyətləri olur, lakin bütün bunlara onlar, ilk növbədə, xüsusi təyinatlı kimi hazırlanmışdılar. “Ağır döyüşlər gedib, yuxusuz gecələrimiz olub, saatlarla yağış altında qalaraq islanmışıq, bir neçə gün paltarımız qurumayıb, texnikanı düşmən vurduğundan, bəzən təchizatı bizə vaxtında çatdırmaq mümkün olmayıb, ancaq ruhdan düşməmişik, hər hansı çətinlik qarşısında iradəmiz büdrəməyib, daim irəli getmək barədə fikirləşmişik, komandirlərin əmr və tapşırıqlarını tərəddüd etmədən yerinə yetirmişik” - deyə Polad düşüncələrini bölüşdü.

Onun sözlərinə görə, hər bir insan kimi, döyüşçü də yaşamaq, öz arzularına qovuşmaq istəyir, özünəməxsus xəyalları olur, ailəsini düşünür. Ancaq müharibə gerçəkliyində dərk edirsən ki, hissə qapılmaq olmaz, qarşıda düşmən var, onun hədəfindəsən, müqəddəs torpağını təcavüzkardan təmizləməlisən, geriyə qalib kimi dönməlisən. “Müharibə itkisiz olmur, ölüm bir nəfəs qədər bizə yaxın idi, lakin ölüm qorxusu səni üstələməməlidir, döyüş ruhu varsa, bu, insana mənəvi güc verir. Vətən yolunda şəhid və qazi olmaq isə insan üçün şərəfli taledir”.

Polad söylədi ki, işğaldan azad etdikləri ərazilərimizdə şəhərlər, qəsəbələr, kəndlər ermənilər tərəfindən viran qoyulub, ətraf xarabalığa çevrilib, onlar qəbiristanlıqlara qarşı da öz vəhşiliklərindən qalmayıblar.

2020-ci ilin oktyabr ayının 15-də Füzuli rayonu ərazisində döyüş zamanı düşmən Poladın tərkibində olduğu qrupun yerləşdiyi mövqeni müxtəlif növ artilleriyadan, zirehli texnikalardan şiddətli atəşə tutub. Həmin vaxt biz tərəfdən ölən və yaralananlar olub. Yaxınlığına düşən minaatandan atılan bir mərminin partlaması nəticəsində xırda qəlpələr Poladın qollarını yaralayıb, ikinci mərminin partlayışından yaranan qəlpə isə sağ ayağının dizdən aşağı nahiyəsini qoparıb, bud nahiyəsi ağır dərəcəli zədələnib. Yaralandığı yer atəş altında olduğundan, Poladın oradan çıxarılması bir neçə saat çəkib. Onu çıxartmağa can atan iki hərbi qulluqçudan biri ölüb, digəri isə yaralanıb. Nəhayət, digər döyüşçülər yaralıya yaxınlaşa bilərək, ərazidən çıxarıblar. Çətinliklə Füzuli rayonundakı xəstəxanaya çatdırılıb, burada “sağ budunun yuxarı üçdə birinin travmatik amputasiyası” diaqnozu qoyularaq cərrahi əməliyyat aparılıb. Xəstəxanadan Daxili Qoşunların Qospitalına göndərilib. Qospitalda uzunmüddətli müalicə kursu keçib. Qaziyə 2-ci qrup əlillik dərəcəsi verilib.

Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2020-ci il tarixli, 25 dekabr 2020-ci il tarixli, 29 dekabr 2020-ci il tarixli müvafiq sərəncamları ilə çavuş Mədəni Polad Əmir oğlu “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Müxtəlif televiziya kanallarında və sosial şəbəkələrdə qazimizin şərəfli döyüş yolu işıqlandırılıb.

İnanıram ki, Polad doğmalarının mənəvi dəstəyi ilə əlilliyin yaratdığı bütün çətinliklərin öhdəsindən bacarıqla gələcək, canından artıq sevdiyi Vətən üçün layiqli övlad yetişdirəcək, cəmiyyətimizə öz döyüş təcrübəsi ilə faydalı olmağa çalışacaq.

 

Yalçın Abbasov,

DİN-in Daxili Qoşunlarının veteranı, tədqiqatçı-jurnalist


Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi