Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

SAĞLAMLIĞIMIZ ÖZ ƏLİMİZDƏDİR...

        Yoluxucu xəstəliklər hələ qədim zamanlardan bir çox dövlətlərin ərazilərində kütləvi şəkildə tüğyan etmişdir. Tarixdə belə arzuolunmaz hadisələr zaman-zaman minlərlə insanın həyatdan vaxtsız köçməsinə səbəb olub. 1346-1352-ci illərdə Avropa əhalisinin 25-30 faizi vəba xəstəliyindən dünyasını dəyişib. 1576-77-ci illərdə Meksikada 2 milyondan çox hindu səpmə yatalağın qurbanı olub. 1916-1920-ci illərdə ispan qripi 2 milyard dünya əhalisinin 30 faizinə yoluxmuş və 20 ilə 50 milyon insanın ölümünə səbəb olmuşdu. Bütün fəlakətlərdə bir ümumi vacib məqam var: bəşəriyyət bu bəlalardan vaksinasiya yolu ilə xilas ola bilər. Son yüz ildə peyvəndlər bir çox xəstəliyin fəsadlarının və ölüm hallarının azalmasına kömək olub. 1960-cı illərdə qızılca xəstəliyinə qarşı peyvənd icad olunana qədər hər il bu xəstəlikdən təxminən 2,6 milyon insan ölürdü. ÜST-in məlumatına görə 2000-2017-ci illər ərzində qızılca xəstəliyi ilə bağlı ölümlərin sayı 80 faiz azalıb. Təəssüf ki, vaksinasiyaya laqeyd münasibət hətta müasir dövrümüzdə də davam edir və acı nəticələrə səbəb olur. Belə ki, 1990-2017-ci illərdə vərəm, hepatit B, difteriya və s. kimi vaksinlə qarşısı alına biləcək xəstəliklərdən minlərlə insan həyatını itirib. Vaxtında vaksinasiya olunsa idi, bu, baş verməyə də bilərdi. Necə ki, cəmi bir neçə on il bundan əvvəl milyonlarla insan poliomielit xəstəliyinin qurbanı olurdu. Bu gün isə məhz kütləvi peyvəndlər sayəsində poliomielit tamamilə yox olub.

        XXI əsr elm və texnikanın sürətlə inkişaf etdiyi bir dövr olsa da, təəssüf ki, bu gün də yoluxucu xəstəliklər dünyanı təhlükə altında saxlayır. COVID-19 xəstəliyi yeni kəşf olunan SARS-CoV-2 virusu tərəfindən törədilən yoluxucu xəstəlikdir. Digər koronavirus mənşəli (SARS və MERS) xəstəliklərdən fərqli olaraq yüksək yoluxuculuq qabiliyyətinə malik olan və atipik pnevmoniya ilə müşahidə olunan bu xəstəlik 2019-cu ilin sonundan etibarən sürətlə yayılmağa başlamış və bütün dünyanı əhatə etmişdir. ÜST 2020-ci il 23 yanvar tarixində COVID-19 xəstəliyi ilə bağlı fövqəladə vəziyyət elan etmiş, 2020-ci il 28 fevral tarixində yaranmış təhlükənin qiymətləndirilməsini qlobal miqyasda çox yüksək dərəcədə olmasını elan etmiş və 2020-ci il 11 mart tarixində bu xəstəliklə bağlı vəziyyətin pandemiya səviyyəsinə çatmasını bəyan etmişdir.

        Artıq iki ildir ki, bəşəriyyət indiyədək qarşılaşdığı ən qorxunc xəstəliklərdən biri ilə üz-üzədir. İnsan zəkasının bu xəstəliyə də qalib gələcəyinə əminik. Hazırda COVID-19-a qarşı peyvənd preparatları hazırlanmışdır və artıq bütün dünyada kütləvi vaksinasiyaya başlanılıb. Birmənalı olaraq qəbul olunmalıdır ki, vaksin etdirmək insanı və ətrafındakıları qorumaq üçün ən effektiv üsuldur. Bu, dünyanın bütün aparıcı səhiyyə müəssisləri tərəfindən təsdiq olunmuş faktdır. Əks halda isə, insanı 1 və ya 2 həftə xəstə edən COVID-19 virusu qohumlar, uşaqlar və ya iş yoldaşları üçün ölümcül ola bilər. Dünyada hər il yüzlərlə insan məhz peyvənd olunmadığı üçün vaksin tövsiyə edilən xəstəliklər ucbatından həyatını itirir, uşaqlarına, valideynlərinə və məsuliyyət daşıdığı insanlara qarşı öz öhdəliklərini yerinə yetirə bilmir. Vaksinlər xəstəliyə yoluxma zamanı ağırlaşma və ölüm hallarının qarşısını alan təhlükəsiz vasitədir. İmmun sistemi vaksini antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır. Orqanizm peyvənd vasitəsilə virusla tanış olduğu üçün artıq xəstəliklə qarşılaşanda hazırlıqlı olur və ağırlaşmanın qarşısı alınır. Əlbəttə ki, maska taxmaq, sosial məsafə saxlamaq, gigiyena və s. kimi tədbirlər görmək virusa məruz qalmaq və ya başqalarına yoluxdurmaq şansını azaldır. Sağlam qidalanmaq, idmanla məşğul olmaq və sağlamlıq müayinələrindən keçmək kimi tədbirlər də insanların sağlam olmasında mühüm rol oynayır. Lakin bu tədbirlər kifayət etmir. Yalnız peyvəndlər immunitet sistemimizi virusla mübarizə aparmağa hazır edir.

        Azərbaycan dövləti tərəfindən əhalinin sağlamlığının qorunması üçün hər zaman bütün zəruri tədbirlərin vaxtında və effektiv şəkildə həyata keçirilib. Hələ bu gün də bir çox ölkələr COVID-19-a qarşı peyvənd əldə etməkdə çətinlik çəkdikləri halda Azərbaycan bu problemi də Prezident İlham Əliyevin səyləri hesabına yüksək səviyyədə həll etmişdir: Pandemiya təhlükəsi başlayan ilk gündən Azərbaycan dövləti öz vətəndaşlarının sağlamlığını qorumaq üçün bütün zəruri və vacib addımları vaxtında atıb. Ölkə Prezidenti İlham Əliyevin göstərişi əsasında Nazirlər Kabinetinin Sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edildi, 2020-ci il 27 fevral tarixində koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət Operativ Qərargah yaradıldı və bütün bu tədbirlər pandemiya ilə mübarizədə öz müsbət təsirini göstərdi. Dövlət başçısı 2020-ci ilin aprel ayında nazirlərin iştirakı ilə keçirdiyi iclasda söyləmişdir: “Bizim üçün prioritet məsələ, - mən bunu qeyd etmişəm, bir daha demək istəyirəm, - insanların sağlamlığıdır, insanların həyatıdır və insanların sosial müdafiəsidir”. Bu aydın hədəflər nəticəsində Azərbaycan səhiyyə sistemi tez bir zamanda COVID-19-la mübarizəyə səfərbər edildi və pandemiya səbəbindən işsiz qalan əhalinin sosial müdafiəsi gücləndirildi. Uzaqgörən və çevik qərarlar Azərbaycanın dünyada vaksinasiya prosesinə başlayan ölkələr sırasında ilk cərgədə qərarlaşmasına səbəb oldu. Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” qəbul olundu. Prezident İlham Əliyevin böyük uzaqgörənliklə ölkəmizi daxil etdiyi vaksinasiya platformaları öz bəhrəsini verdi. Bunun nəticəsidir ki, bu gün ölkəmizdə artıq əhalinin 4 növ vaksin seçimi var. Onların hər biri effektiv və təhlükəsizdir. Bütün bunlar deməyə əsas verir ki, bu gün bizim sağlam və firavan gələcəyimiz öz əlimizdədir. Bu gələcəyə sahib olmaq üçün bizim ən doğru yolumuz kütləvi şəkildə peyvənd olunmaqdır.

        Ölkə Prezidenti İlham Əliyevin COVID-19 infeksiyasının Azərbaycanda yayılmağa başladığı ilk günlərdən xalqımıza bir çağırış kimi səsləndirdiyi “Biz birlikdə güclüyük!” şüarı milli birlik ideologiyasının bir ifadəsi kimi, ictimai həyatımızın bütün sahələrində öz təzahürlərini tapdı. Pandemiya ilə mübarizədə əldə etdiyimiz nailiyyətlər də, Vətən müharibəsində qazandığımız parlaq tarixi Qələbə də məhz bu şüarın altında formalaşmış yüksək səviyyədə həmrəyliyimizin nəticəsi oldu.Ölkəmizdə aparılan bu tədbirlər Xocalı rayonunda da aktiv olaraq həyata keçirilir və bu davamlı xarakter daşıyır.

        Bu günə qədər COVİD-19 infeksiyası Azərbaycanda 5014 həyatı yarıda qoyub. Onların içərisində bizim də yaxınlarımız, əzizlərimiz, doğmalarımız vardır.Çox təəssüf olsun ki, COVİD19 virusundan dünyasını dəyişənlərin sayı ölkəmizdə də gündən-günə artır.

        Bu gün də biz hamılıqla, eyni birlik və həmrəyliyi nümayiş etdirməklə COVID-19-a qarşı mübarizəmizin növbəti, bəlkə də ən mühüm mərhələsini – kütləvi vaksinasiyanı başa vurmalıyıq. Bizim hər bir insanımız, vətəndaşımız dəyərlidir, dövlətimiz də insanların rifahı, sağlam və xoşbəxt yaşaması, müstəqilliyin bəhrələrindən doyunca istifadə etməsi üçün çalışır. Gəlin, daha məsuluyyətli olaq, xəstəliklərin qurbanı olmayaq...

Şükür Bəşirov,

Xocalı rayon ziyalısı

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Ən çox oxunan

Blog Arşivi