Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

“İlk döyüşümüz Kəlbəcər istiqamətində oldu...”

         “Dəmir yumruq” əməliyyatı ilə başlanan və 44 gün davam edən Vətən müharibəsində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyəti də fəal iştirak edib. Döyüşlərdə qəhrəmanlıq nümunələri göstərən xüsusi təyinatlılarımız düşmən üzərində qazanılan Qələbəyə öz layiqli töhfələrini veriblər.

“Qazilərimiz” rubrikasının budəfəki qəhrəmanı Vətən müharibəsində ağır yaralanaraq sol ayağını itirən cəsur silahdaşımız çavuş Puçaxov Kamran İmran oğludur.

Çavuş K.Puçaxov 1993-cü il oktyabrın 11-də Balakən rayonunun Tülü kəndində anadan olub. Orta təhsilini böyüyüb boya-başa çatdığı Tülü kənd tam orta məktəbində alıb. Müddətli həqiqi hərbi xidmətini 2011-2013-cü illərdə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində keçib. Tərxis olunduqdan sonra bir müddət mülki işdə çalışıb. Lakin özünün də vurğuladığı kimi, hərbi xidmətə olan böyük marağı səbəbindən yenidən ordu sıralarına qayıtmaq qərarını verib. Beləliklə, 2013-cü ilin noyabr ayından Daxili Qoşunların Gəncə şəhərində yerləşən “N” saylı saylı hərbi hissəsinin xüsusi vasitələrin tətbiqi dəstəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi yenidən Vətənə olan borcunu şərəflə yerinə yetirməyə başlayıb. Burada müxtəlif vəzifələrdə xidmətini davam etdirən Kamran 2018-ci ilin may ayından yaralandığı günədək hərbi hissənin xüsusi təyinatlı dəstəsinin xüsusi həmlə qrupunda atıcı-snayper kimi vəzifə borcunu ləyaqətlə yerinə yetirib. Yüksək döyüş hazırlığı, hərbi intizamı və nümunəvi xidməti ilə hər zaman hərbi hissə komandanlığının etimadını doğruldub.

Doğma Qarabağımızı erməni işğalından azad etmək uğrunda başlayacaq döyüşlərdə fəal iştirak etmək məhz Kamranın da hər zaman ən böyük arzusu olub. Buna görə də Kəlbəcər, Cəbrayıl və Qubadlı rayonlarının azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda fəal iştirak edib.

Müharibə xatirələrini bizimlə bölüşən silahdaşımız ağır yaralanmasına baxmayaraq, bu gün də Vətən uğrunda döyüşməyə və onun yolunda canından belə keçməyə hazır olduğunu bildirdi: “Xoşbəxt insanam ki, hər zaman səbirsizliklə başlamasını arzuladığımız Vətən müharibəsində düşmənə qarşı döyüşmək mənə də nəsib oldu. Təbii ki, bir xüsusi təyinatlı üçün bu olduqca qürurvericidir.

İlk döyüşümüz 2020-ci il sentyabrın 27-də Kəlbəcər istiqamətində oldu. Qarşı-qarşıya döyüşməyə cəsarəti çatmayan düşmən bizi durdurmaq üçün olduğumuz mövqeləri minaatan və digər iriçaplı silahlarla atəşə tutmağa başladı. Bu zaman mənimlə birgə vuruşan, dəstəmizin cəsur xüsusi təyinatlılarından, əslən Kəlbəcər rayonunun Zivel kəndindən olan çavuş Abdullayev Həsən Aydın oğlu  aldığı qəlpə yarasından qəhrəmancasına şəhid oldu, digər silahdaşımız çavuş Sabir Əbdürrəhmanlı isə partlayış zərbəsindən travma aldı. Şəhid və yaralımızın döyüş meydanından təxliyyə olunmasında mən də iştirak etdim. Lakin buna baxmayaraq, ağır döyüşlərdən sonra ermənilərin uzun illər Murovdağ istiqamətində nəzarətdə saxladıqları strateji əhəmiyyətli hakim yüksəklikləri azad etdik. Təxminən 5-6 gün burada azad etdiyimiz yeni mövqelərin müdafiəsində dayandıq. Bundan sonrakı döyüş tapşırığımız Füzuli və Cəbrayıl rayonları ərazisində oldu. Ona görə də tutduğumuz postları digər qruplara təhvil verib, Beyləqan istiqamətində hərəkətə başladıq”.

Kamran, həmçinin, döyüşçü yoldaşı çavuş S.Əbdürəhmanlının sağaldıqdan sonra Füzuli rayonu ərazisində onunla birgə yenidən hərbi əməliyyatlara qatıldığını və Cəbrayıl istiqamətində şəhidlik zirvəsinə ucaldığını qürur hissi ilə qeyd edir: “Bir neçə gün Beyləqanda qaldıqdan sonra bizi Füzuli rayonu ərazisinə gətirdilər. Burada döyüşçü yoldaşım Sabiri görəndə gözlərimə inanmadım. Sevincimin həddi-hüdudu yox idi. O, Müdafiə Nazirliyinin Gəncə şəhərindəki hərbi hospitalında müalicə aldıqdan sonra vuruşmaq üçün yenidən Füzuliyə - bizim yanımıza gəlmişdi.

Bir neçə gündən sonra Cəbrayıl istiqamətində gedən döyüşlərə qatıldıq. Cəbrayıl şəhərinin girişində, “Dostluq bulağı” deyilən ərazidə şiddətli döyüşlər oldu. Bir müddət burada döyüş əməliyyatlarında iştirak etdik. Oktyabrın 8-də Cəbrayıl istiqamətində baş vermiş ağır döyüşlərin birində cəsur silahdaşımız çavuş Əbdürrəhmanlı Sabir Faiq oğlu şəhid oldu (Ölüm haqqında şəhadətnamədə Füzuli rayonunda şəhid olduğu qeyd olunub). Bu döyüşdə, həmçinin, 99713 saylı hərbi hissədən olan döyüşçü yoldaşımız baş çavuş Nurlan Babayevlə birgə Müdafiə Nazirliyinin 3 nəfər xüsusi təyinatlısı da yaralandı.

Cəbrayıl şəhəri və ətraf ərazilər tam təmizləndikdən sonra bizi Qubadlı istiqamətinə gətirdilər. Buraya gəldiyimiz elə ilk gündən şiddətli döyüşlərdə iştirak etdik. Qubadlı rayonunun girişində bir kənd vardı. Əfsuslar olsun ki, adını unutmuşam. Biz burada yaxşıca mövqelənmişdik. Oktyabrın 19-da səhər düşmən üzərinə hücuma keçməli idik. Səhərin alaqaranlığında kolon şəklində taxıl üçün şumlanmış ərazidə hərəkətdə olarkən qəfildən minaya düşdüm. Görünür, erməni qaniçənləri geri çəkildikləri vaxt haraya gəldi mina düzmüşdülər. Məndən öncə irəlidə hərəkət edən Müdafiə Nazirliyinin zabiti kapitan Polad Rzayev də minaya düşmüşdü. Yarası çox ağır idi. Minanın qəlpəsi məndən fərqli olaraq, onun hər iki ayağını aparmışdı. Hər ikimizə dərhal yerindəcə tibbi yardım olundu. Ağrıkəsici iynə vurdular, qanaxmamızı dayandırdılar və yaramızı sarıdılar. Tez bir zamanda bizi döyüş meydanından təxliyyə etdilər.

Əvvəlcə bizi Lələtəpə istiqamətinə gətirdilər, burada tibbi yardım göstərildi və ayağım amputasiya olundu, oradan Füzuli Diaqnostika Mərkəzinə, oktyabrın 20-də isə məni Bakıya, Daxili Qoşunların Hərbi Qospitalına apardılar”.

Vətən uğrunda sol ayağını itirən igid qazimizin ən böyük təsəllisi isə düşməni məğlub edərək, otuz ilə yaxın işğal altında qalan torpaqlarımızı azad etməyimizdir: “Qalib ölkənin hərbi qulluqçusu olmaq, eləcə də üçrəngli bayrağımızın işğaldan azad olunan ərazilərimizdə dalğalanmasını görmək son dərəcə qürurvericidir. Yaralarımızın ən şəfalı məlhəmi də elə məhz budur”. 

Azərbaycan Respublikası Prezidentinin 18.12.2020-ci il tarixli, 24.12.2020-ci il tarixli, 29.12.2020-ci il tarixli, 24.06.2021-ci il tarixli müvafiq sərəncamları ilə çavuş Puçaxov Kamran İmran oğlu “Döyüşdə fərqlənməyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

“N” saylı hərbi hissənin “Pələng” şərti adını daşıyan xüsusi təyinatlı dəstəsində xüsusi

həmlə qrupunun komandiri, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə təltif edilmiş baş leytenant Qurban Səfərli (hazırda İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşı kimi xidmətini davam etdirən silahdaşımız Vətən müharibəsi zamanı Şuşa istiqamətində gedən döyüşdə yaralanıb) çavuş K.Puçaxovun qrupun nümunəvi xidmət edən fəal atıcı-snayperi olması ilə yanaşı, həm də əsl vətənpərvər cəngavər kimi döyüş meydanında özünü təsdiq etdiyini bildirdi: “Qrupumuzun Vətən müharibəsində öz cəsarəti və vətənpərvərliyi ilə əsl qəhrəmanlıq nümunəsi göstərən qazi hərbi qulluqçularından biri də çavuş Kamran Puçaxovdur.    

Yüksək döyüş hazırlığı, peşəkarlığı, nümunəvi xidməti ilə bütün kollektivin hörmətini qazanıb. Kamranın Vətən müharibəsi zamanı göstərdiyi şücaəti isə xüsusi olaraq qeyd etmək istərdim. Atıcı-snayper kimi onlarla erməni yaraqlısını cəhənnəmə vasil edən silahdaşımız qarşısına qoyulmuş bütün döyüş tapşırıqlarını tərəddüd etmədən layiqincə yerinə yetirib. Kamran kimi cəsur qazi hərbi qulluqçularımızla ancaq qürur duyur, bundan sonrakı həyat və fəaliyyətlərində hər birinə uğurlar arzulayıram”. 

Sonda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 2020-ci il sentyabrın 30-da Vətən müharibəsi zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşü zamanı dövlət başçısının qazilər barədə səsləndirdiyi çox dəyərli sözləri qeyd etmək istəyirəm: “Siz gənc yaşlarınızda böyük qəhrəmanlıq, şücaət göstərib, Vətən uğrunda şərəflə vuruşub öz adlarınızı Azərbaycan tarixinə yazdırırsınız. Siz əmin ola bilərsiniz ki, dövlət sizin yanınızda olacaq. Bir arzumuz var ki, siz tezliklə sağalıb, normal həyata qayıdıb öz şərəfli missiyanızı davam etdirəsiniz. Gənclər üçün siz nümunə olmalısınız, örnək olmalısınız. Azərbaycan xalqı qəhrəman xalqdır ki, sizin kimi övladlar yetişdirib”.

Öz fədakarlığı ilə adını tariximizin şanlı səhifələrinə yazan cəsur qazimizə bundan sonrakı həyatında uğurlar arzulayırıq.

 

mayor Anar Əhmədov

DİN-in Daxili Qoşunlarının

 “Əsgər” qəzetinin redaktoru

 

 

 

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Ən çox oxunan

Blog Arşivi