44 gün davam
edən Vətən müharibəsində qəhrəmanlıq nümunələri ilə zəngin olan hər bir hərbi
əməliyyatın, o cümlədən, Füzuli uğrunda gedən döyüşlərin dərindən öyrənilməsi və
cəmiyyətdə geniş təbliğ olunması vətənpərvərlik ruhunun yüksəldilməsi
baxımından mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab
İlham Əliyev 2020-ci il oktyabrın 17-də xalqa etdiyi müraciətində bu döyüşlərin
tarixi əhəmiyyətini vurğulayaraq, cəsur oğullarımızın göstərdiyi qəhrəmanlıq
nümunələrini yüksək qiymətləndirib: “Füzuli uğrunda döyüşlər ağır döyüşlərdi. Vaxt
keçəcək, bu döyüşlər haqqında kitablar yazılacaq, əsərlər
yazılacaq. Doğrudan da, çox böyük peşəkarlıq, məharət, şücaət, fədakarlıq tələb
edən döyüşlərdi. Çünki bu 30 il ərzində düşmən təmas xəttində o qədər möhkəm
istehkam qurmuşdur ki, bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad
etmək mümkün deyil. Ancaq müzəffər Azərbaycan Ordusu bu şərəfli missiyanın
öhdəsindən gələ bildi və qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və
Füzuli şəhəri düşmənin tapdağından azad edildi”.
Vətən
müharibəsi zamanı Füzuli uğrunda son damla qanınadək döyüşərək şəhidlik
zirvəsinə ucalmış cəsur silahdaşlarımızdan biri də kiçik gizir Məmmədov Anar
Zəhəddin oğludur.
Kiçik gizir Anar Məmmədov 1992-ci
il oktyabrın 25-də Saatlı rayonunun Azadkənd kəndində anadan olub. Zəhəddin
Məmmədovun və Qabiliyyət Məmmədovanın böyüdüb tərbiyə etdiyi üç övladın (Səkinə,
Anar və Azər) ortancılı idi...
Təhsil aldığı Vüqar Əzimov adına Saatlı rayonu Qıraqlı kənd tam orta məktəbin
9-cu sinfini bitirən Anar Sabirabad
rayonundakı Sosial-İqtisad Kollecinə qəbul olunub. 2012-ci ildə kolleci
“Dövlət yol polisində inzibati hüquq fəaliyyəti-yol polisi müfəttişliyi”
ixtisası üzrə bitirib. Hələ uşaq yaşlarından idmana böyük marağı olduğundan,
təhsil aldığı illərdə məşğul olduğu qaydasız döyüş və boks idman növləri üzrə
dəfələrlə yüksək nəticələr göstərib, respublika çempionu adını qazanıb. Məhz bu
baxımdan Anarın ən böyük arzularından biri də gələcəkdə bu idman növləri üzrə iştirak
edəcəyi beynəlxalq yarışlarda parlaq qələbələr qazanaraq, üçrəngli bayrağımızı
yüksək zirvələrdə dalğalandırmaq olub.
Müddətli həqiqi hərbi xidmətini 2012-ci ilin iyul ayından 2014-cü
ilin yanvar ayınadək Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində keçib. Lakin
hərbi xidmətə olan böyük marağı səbəbindən yenidən ordu sıralarına qayıtmaq
qərarını verib. Beləliklə, qısa fasilədən sonra, yəni 2014-cü ilin aprel
ayından Daxili Qoşunların Lənkəran rayonunda yerləşən “N” saylı hərbi
hissəsinin xüsusi vasitələrin tətbiqi dəstəsində müddətdən artıq həqiqi hərbi
xidmət hərbi qulluqçusu kimi yenidən Vətənə olan şərəfli borcunu vicdanla yerinə
yetirməyə başlayıb. 2014-cü ilin dekabr ayından xüsusi təyinatlı dəstənin xüsusi
həmlə qrupunda qumbaraatan köməkçisi, atıcı-qumbaraatan köməkçisi vəzifələrində
xidmətini davam etdirən Anar 2019-cu ilin dekabr ayından etibarən xüsusi həmlə
qrupunda yarımqrup komandiri vəzifəsini şərəflə yerinə yetirib. Yarımqrup komandiri kimi bilik və bacarığı sayəsində hər
zaman böyük rəislərin etimadını doğruldub, eləcə də tabeliyində olan şəxsi
heyətin hörmətini qazanmaqla, onlara nümunə olmağı bacarıb. Əsl xüsusi təyinatlıya
xas olan yüksək döyüş hazırlığı və əzmkarlığı ilə qazandığı “Zoğalı beret”i də
hər zaman böyük qürur hissi ilə daşıyıb.
“N” saylı hərbi hissədə “Gürzə” şərti adını daşıyan xüsusi təyinatlı
dəstənin komandiri mayor Cavid Tağıyev (Vətən müharibəsi zamanı Şuşa
istiqamətində gedən döyüşlərdə yaralanıb) vaxtilə birgə xidmət etdiyi kiçik
gizir A.Məmmədovu vətənpərvər, hərbçi peşəsini sevən əsl döyüşçü, eyni zamanda,
yoldaşlığa önəm verən sağlam əqidəli bir insan kimi hər zaman xatırlayacağını
bildirdi: “Anar
hər zaman tələbkar və bacarıqlı yarımqrup komandirlərindən biri olub. Əlbəyaxa
döyüş fəndlərini çox yaxşı bilirdi. Vətənə məhəbbət, düşmənə nifrət ruhunda döyüş
əməliyyatlarında iştirak etmək onun ən böyük arzusu və xüsusi təyinatlı amalı idi.
Son dərəcə mərd,
ədalətli və mərhəmətli olması isə deyərdim ki, Anarın təfəkkür və
davranışlarının əsas özəyini təşkil edirdi. Məhz bu xüsusiyyətlərinə görə də kollektivin,
o cümlədən, onu
yaxından tanıyan hər kəsin dərin hörmət və rəğbətini qazanmışdı”.
17 oktyabr
2020-ci il... Füzuli
istiqamətində “Karyer” deyilən ərazidə gedən döyüş Anarın ilk və son döyüşü
oldu. Onunla birgə bu döyüşdə iştirak etmiş “Gürzə”
xüsusi təyinatlı dəstəsində yarımqrup komandiri, 3-cü dərəcəli “Rəşadət” ordeni, “Şuşanın azad olunmasına
görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmiş baş
çavuş Kənan Kərimov cəsur silahdaşının döyüş meydanında göstərdiyi qəhrəmanlıq
nümunələri ilə hər zaman qürur duyacağını bildirdi: “Anarla birgə Vətən müharibəsi zamanı qatıldığımız ilk və son döyüş
2020-ci il oktyabrın 17-də Füzuli istiqamətində, “Karyer” deyilən ərazidə olub.
Dəstəmizin qarşısına ermənilərin burada yerləşən və “Beton post” deyilən
möhkəmləndirilmiş mövqelərini almaq tapşırığı qoyulmuşdu. Müxtəlif cinahlardan
düşmən üzərinə hücum etmək üçün dəstəmiz əməliyyat planına uyğun olaraq ayrı-ayrı
qruplara bölünmüşdü. Bizim qrup kapitan Taleh Rüstəmlinin rəhbərliyi altında sağ
cinahdan düşmən mövqeyi istiqamətində hərəkətə başladı. İrəlilədiyimiz yollar olduqca
təhlükəli idi. Belə ki, ərazi açıqlıq olduğundan və ermənilərin müşahidə postları
yüksəklikdə yerləşdiyindən, mənfur düşmən hərəkət etdiyimiz yolları uzaq
məsafədən minaatan atəşinə məruz qoyurdu. Lakin
bütün bunlara baxmayaraq, tərkibində kiçik gizir A.Məmmədovun da olduğu qrupumuzun
cəsur xüsusi təyinatlıları – gizirlər Aydın Rzayev, Məmməd Məsimov, baş çavuş
Vüsal Xasməmmədov, çavuşlar Zamiq Ağayev, İlkin Abuyev, Elvin Abbasov, Heydər
Heydərov və əsgər Fərid Seyfullayev (Şuşa istiqamətində gedən döyüşdə şəhid
olub) gözlərini belə qırpmadan irəliləyərək, düşməni məhv edib postu aldılar.
Qorxuya düşən və vuruşmağa cəsarəti çatmayan ermənilər xeyli sayda
silah-sursatını, eləcə də artilleriya qurğularını postda atıb qaçmışdılar.
Bu uğurlu əməliyyatdan
sonra aldığımız növbəti tapşırığa uyğun digər qrupumuzla birləşib yenidən
hücumu davam etdirmək üçün hərəkətə başladıq. Artıq axşam düşmüşdü. Qruplar
arasında xeyli məsafə vardı. Hərəkətdə olduğumuz vaxt qəfildən erməni
silahlılarının pusqusuna düşdük. Şiddətli atışma başladı. Bir müddət
vuruşduqdan sonra düşmən gülləsinə tuş gələn cəsur silahdaşımız kiçik gizir Anar
Məmmədov qəhrəmancasına şəhid oldu. Digər silahdaşımız çavuş E.Abbasov isə ayağından
güllə yarası aldı. Mən Elvini sürüyərək yaxınlıqdakı çökəklik əraziyə gətirdim,
elə oradaca ona gizir A.Rzayev tərəfindən ilkin tibbi yardım göstərildi. Bu
ərazidə mövqelənib, yenidən düşmənin əlinə
keçməməsi üçün azad etdiyimiz postun müdafiəsində dayandıq”.
Şuşayadək döyüş yolu keçən baş çavuş K.Kərimov sonrakı döyüşlərdə şəhid
olmuş və yaralanmış silahdaşlarının intiqamının ermənilərdən artıqlaması ilə alınmasının
onların ən böyük təsəllisi olduğunu dedi.
Kiçik gizir A.Məmmədov 2020-ci il oktyabrın 18-də Saatlı rayonunun Qıraqlı
kənd qəbiristanlığında dəfn olunub. Evli idi. Solmaz adlı bir qız övladı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 15
dekabr 2020-ci il tarixli və 25 dekabr 2020-ci
il tarixli müvafiq sərəncamları ilə kiçik gizir Məmmədov
Anar Zəhəddin oğlu (ölümündən sonra) “Vətən uğrunda” və “Füzulinin azad
olunmasına görə” medalları ilə təltif edilib.
Anarın ailə üzvlərinin xatirələri əsasında Azərbaycan
Dövlət Televiziyası, eləcə də “ARB” və “Azad Azərbaycan”
televiziya kanalları tərəfindən
şəhid hərbi qulluqçumuzun gənc nəsilə nümunə olan həyat və döyüş yolu barədə
məlumatlar izləyicilərə təqdim edilib.
Onu da qeyd edim ki, Azərbaycan Respublikasının daxili
işlər naziri general-polkovnik Vilayət Eyvazovun diqqət və qayğısı nəticəsində
şəhid hərbi qulluqçumuzun qardaşı Azər daxili işlər orqanlarında xidmətə qəbul
edilib. Azər Məmmədov hazırda Saatlı Rayon Polis Şöbəsində post-patrul xidməti bölüyünün
polis nəfəri vəzifəsindədir.
“Bir Anar
itirdim, min Anar qazandım” - deyən hörmətli şəhid atası Zəhəddin Məmmədovun qeyd etdiyi kimi, bu gün
də Anartək əldə silah Vətənimizin keşiyində ayıq-sayıq dayanıb xidmət aparan və
onun uğrunda canından keçməyə hər zaman hazır olan minlərlə igid silahdaşımız
var. Vətən uğrunda canını qurban verən qəhrəman oğullarımızın əziz xatirəsi isə
qədirbilən xalqımızın qəlbində əbədi olaraq yaşayacaqdır.
mayor Anar
Əhmədov,
DİN-in Daxili Qoşunlarının
“Əsgər” qəzetinin redaktoru