Çavuş Ənvər Beydiyev 1992-ci il iyunun 13-də Şəki rayonunun Oxud
kəndində anadan olub. 1998-2010-cu illərdə doğma kəndindəki Nurpaşa Hümmətov
adına tam orta məktəbdə təhsil alıb.
2010-cu ilin iyul ayından 2012-ci ilin yanvar ayınadək Ənvər Dövlət
Sərhəd Xidmətinin sıralarında müddətli həqiqi hərbi xidmət keçib. Hərbi
xidmətdən qayıtdıqdan sonra 3 il Şəki Rayonlararası Mühafizə Şöbəsində mülki
mühafizəçi vəzifəsində işləyib. O, 2016-cı ilin mart ayında Daxili Qoşunlarda
müddətdən artıq həqiqi hərbi xidmət etmək üçün sənədlərini verərək, Lənkəran
rayonunda yerləşən “N” saylı hərbi hissədə xüsusi vasitələrin tətbiqi
dəstəsində atıcı vəzifəsinə təyin olunub. Həmin ilin dekabr ayında isə xüsusi
təyinatlı dəstəyə keçirilib. Xüsusi təyinatlı dəstənin atəş təminatı və xüsusi
həmlə qrupunda heyət nəfəri vəzifəsində xidmət edən hərbi qulluqçumuz 2020-ci
ilin may ayında xüsusi həmlə qrupunda atıcı-qumbaraatan vəzifəsinə təyin
edilib. Vətən müharibəsi başlayana qədər bu vəzifədə xidmət edən Ənvər xüsusi
təyinatlıların sırasında torpaqlarımızın azad edilməsi uğrunda mübarizəyə
qoşulub. Xüsusi təyinatlı kimi də təlim və məşğələlərdə qazandığı təcrübə döyüş
sınağında onun köməyinə yetib.
Qazimiz Vətən müharibəsində ön sıralarda döyüşən dəstələrdə olub.
Füzuli, Cəbrayıl və Şuşa istiqamətlərində aparılan hərbi əməliyyatlarda fəal
iştirak edib.
2020-ci ilin oktyabr ayının 17-də çavuş Ə.Beydiyev Füzuli rayonunun
ərazisində döyüş əməliyyatına cəlb olunub. “Beton post” adlanan ərazidə
şiddətli döyüşün getdiyini bildirdi: “Düşmənin artilleriya vasitələrinin atəşinə
məruz qaldıq. Çoxlu sayda minaatan mərmisi atılırdı. Lakin düşməni məhv edərək
möhkəmləndirilmiş postlarını tutmağa müvəffəq olduq. Bu döyüşdə dəstəmizin
hərbi qulluqçusu kiçik gizir Anar Məmmədov qəhrəmancasına şəhid oldu”.
Ənvərin daxil olduğu qrup buradan Cəbrayıl rayonunun ərazisinə
göndərilib. İşğaldan azad olunan Cəbrayıl rayonunda axtarış əməliyyatlarında
iştirak ediblər.
Digər bölmələrlə yanaşı, bu qrupun da qarşısına qoyulan növbəti döyüş
tapşırığı Şuşanın azad olunması olub. Hərbi qulluqçumuz Şuşa döyüşlərində də öz
mətinliyi ilə fərqlənib. Ən qaynar nöqtələrdə bacarıqlı, qətiyyətli hərbçi kimi
döyüşüb, düşmənə sarsıdıcı zərbələr vurmaqla onu texnika və canlı qüvvə sarıdan
itkiyə uğradıb.
Döyüşçülərimiz Şuşaya meşə və dağ keçidlərini aşaraq həmlə ediblər.
Ənvərin daxil olduğu qrup bir neçə gün yol qət edərək Şuşanın ətrafına
yaxınlaşıb. Şəhərin yaxınlığında əlverişli mövqelərin tutulması, düşmənin
köməyə gələ biləcək canlı qüvvəsinin qarşısının alınması tapşırıqları verilib.
Onların qrupu mayor Cavid Tağıyevin rəhbərliyi altında (hazırda “N”
saylı hərbi hissədə “Gürzə” şərti adı daşıyan xüsusi təyinatlı dəstənin
komandiri) Şuşa ətrafındakı meşəlik ərazidə irəliləyərək Xankəndidən Şuşaya
gələn yolu nəzarətə götürmək üçün “Zapravka” deyilən əraziyə istiqamət alıblar.
Ənvər burada noyabr ayının 6-da yaxın məsafədə gərgin döyüşlərin getdiyini
bildirdi: “Həmin əraziyə çatanda düşmən zirehli texnika ilə bizim qüvvələri
atəşə tutmağa başladı. Qrupun tərkibində iriçaplı silahlar az olduğundan, düşmənin
zirehli texnikalarına qarşı mübarizə aparmaq çətin idi. Mənim RPQ-7
qumbaraatanı ilə düşmənin zirehli texnikasına atəş açmağım nəticəsində 2 tank
zərbə alaraq geri çəkildi. İşğalçıların xeyli sayda canlı qüvvəsi isə məhv
edildi. Yaralanan hərbi qulluqçularımız oldu. Düşmən tankından bizim mövqeyə
atılan mərminin qəlpələri mayor Cavid Tağıyevi qolundan və ayağından yaraladı.
Ona dəstənin feldşeri gizir Aydın Rzayev ilkin tibbi yardım göstərdi. Biz
onların şəxsi heyət daşıyan avtomobillərini atəşə tutaraq məhv edirdik. Düşmən
iriçaplı silahlarımızın sursatının tükəndiyini başa düşdüyündən, öz hərbi qulluqçularını
zirehli texnika ilə aparmağa başladı”.
Qazimiz yaralanmasını belə xatırladı: “Düşmən yaxın məsafədə döyüşdə
məğlub olduğundan, uzaq məsafədən mövqelərimizi tank və minaatanlardan atəşə
tuturdu. Noyabr ayının 6-da axşam vaxtı Şuşa-Xankəndi yolunda düşmən tankından
bizim mövqeyə atılan mərminin partlaması nəticəsində ayaqlarımdan qəlpə yarası
aldım. Mənimlə pusquda olan xüsusi təyinatlı qüvvələrin 2 nəfər zabiti də
yaralandı. Yaralı vəziyyətdə meşə istiqamətində təxminən 100 metrə kimi
süründüm. Meşədə digər yaralılarımızın saxlandığı yerə gəldim. Yaralanmağıma
baxmayaraq, bu halda həmin gün və səhəri gün axşama qədər döyüşçü yoldaşlarımla
birlikdə döyüşü davam etdirdim. Burada dəstəmizin hərbi qulluqçularından kömək
üçün gələn baş çavuş Kənan Kərimov, çavuşlar Mehrac Qarayev və Zamiq Ağayevin
də olduğu təxminən 15 nəfərlik qrup yaralılarımızın düşmənə əsir düşməsinin
qarşısını almaq üçün mövqelənərək atəş nöqtələri qurmuşdu. Onlar, həmçinin,
Xankəndi istiqamətindən Şuşaya gələn işğalçıların qüvvələrini pusquya salaraq
məhv edirdilər. Düşmən burada yaralıların və pusqu qrupunun olduğunu müəyyən
etdiyindən, tank və 100 nəfərə yaxın canlı qüvvə ilə bizim tərəfə həmləyə
keçdi. Sayca üstün olan düşmənə qarşı qorxmadan yaxın məsafədə mübarizə
aparırdıq. Düşmən tankının yaxınlaşdığını görən baş çavuş Kənan Kərimov məsafənin
təxminən 20 metrliyində tankın qarşısına çıxaraq qumbaraatanla atəş açdı. Bu
atışdan zərbə alan tank Xankəndi istiqamətində geri çəkildi. Bundan qorxuya
düşüb qaçmağa cəhd edən düşmənin 100 nəfərə yaxın canlı qüvvəsi məhv edildi”.
Ənvər düşmənin bir neçə zirehli texnikasını sərrast atışları ilə
sıradan çıxaran, canlı qüvvəsini ciddi itkiyə məruz qoyan, döyüşçülərimizin
irəliləməsində hünər göstərən, onunla birlikdə xidmət etmiş baş çavuş Kənan
Kərimovun, çavuşlar Mehrac Qarayev və Zamiq Ağayevin xidmətlərinin
unudulmayacağını bildirdi.
Hərbi qulluqçumuz noyabrın 8-də döyüş bölgəsindən təxliyyə olunaraq
Hadruta gətirilib. Füzuli, Gəncə və Ağcabədidə müalicə alan qazimiz daha sonra
müalicəsini Daxili Qoşunların Hərbi Qospitalında davam etdirib. Ənvər burada
tibb işçilərinin ona xüsusi diqqət və qayğı göstərdiklərini vurğuladı.
Ənvərin yarımqrup komandiri, 3-cü dərəcəli “Rəşadət” ordeni, “Şuşanın
azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif
edilmiş baş çavuş Kənan Kərimov onunla birlikdə Şuşa ətrafında bir sıra döyüş
tapşırıqlarını yerinə yetirdiklərini söylədi: “Ənvər olduqca vətənpərvər bir
hərbi qulluqçu olduğunu döyüş meydanında göstərdi. O, qumbaraatan olduğundan
şəxsi heyətdən bir az öndə gedib. Düşmənin bir neçə zirehli texnikasını sıradan
çıxarıb. Düşmən texnikasının sıradan çıxarılması nəticəsində döyüşçülərimizin
az itki ilə irəliləməsinə imkan yaradıb. Ənvər hətta düşmənin öz silahı -
snayperi ilə çoxlu sayda atəş nöqtəsini susdurub”.
Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2020-ci il tarixli,
25 dekabr 2020-ci il tarixli və 29 dekabr 2020-ci il tarixli müvafiq
sərəncamları ilə çavuş Ə.Beydiyev “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına
görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Hazırda xidmətini davam etdirən çavuş Ə.Beydiyev xidmət etdiyi
dəstənin qarşısına qoyulan tapşırıqların yerinə yetirilməsində öz
ayıq-sayıqlığı və çevikliyi ilə komandanlıq tərəfindən müsbət xarakterizə
olunur. 2021-ci ilin may ayında Azərbaycan sərhəddini pozaraq silahlı
insidentdən sonra hadisə yerindən qaçan və Yardımlı rayonunun ərazisində
gizlənən İran vətəndaşlarının zərərsizləşdirilməsi üzrə əməliyyatda da fəal
iştirak edib.
Belə hərbi qulluqçularımızın fədakar xidməti şəxsi heyət üçün layiqli
nümunədir.
kapitan Sadıq
Rəfiyev,
DİN-in Daxili Qoşunlarının
Muzey rəhbəri