Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

FÜZULİNIİN IŞĞALDAN AZAD OLUNMASININ TARİXİ ƏHƏMİYYƏTİ

         Artıq keşməkeşli və şanlı Azərbaycan tarixinə  qızıl hərflərlə yazılmış daha bir səhifə əlavə olunmuşdur. Həmin  səhifə Müzəffər  Azərbaycan ordusunun möhtəşəm qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsi səhifəsidir.                                  

Vaxtilə öz havadarlarının yaxından köməkliyi ilə Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş erməni faşistləri getdikcə daha da quduzlaşırdı. Artıq işğalın "yaşı" otuza çatırdı ki, bu zaman aralığı əsrin üçdə birinə bərabər idi. Torpaqları işğal altında inləyən Azərbaycanın səbir kasası dolmuş, necə deyərlər, bıçaq sümüyə dirənmişdi. Beynəlxalq qurumlar isə özlərinin  qəbul etdikləri qərara hörmət etmələrini faşist ermənilərdən tələb etmək əvəzinə onların bir növ nazı ilə oynayır və bu məsələ ilə bağlı bütün bəyanatlarında işğalda olan ərazilərin hərb yolu ilə həll edilməsinin mümkün olmadığını vurğulayaraq Azərbaycanı öz torpaqlarını güc vasitəsilə azad etməsi fikrindən daşındırmağa çalışırdı. Dünya birliyinin, beynəlxalq təşkilatların erməni quldur dəstələrinin Azərbaycan torpaqlarını   qeyd-şərtsiz  tərk etməsi haqqında qəbul etdikləri qərar və qətnamələri heçə sayan erməni faşist dövləti, nəinki işğala son qoyur, hətta dünya birliyinin bu astagəlliyindən ruhlanaraq yeni Azərbaycan ərazilərini işğal etmək niyyətində olduqlarını da gizlətmirdilər.                                   

Cəzasızlıq mühitindən ruhlanan quduzlaşmış erməni faşistləri 27 sentyabr 2020-ci il tarixdə bütün təmas xətti boyu yeni Azərbaycan ərazilərini işğal etmək məqsədilə ordumuzun mövqeləri üzərinə hücuma keçdilər. Düşmənə cavab verməyin heç bir alternativi olmadığı üçün ölkə Prezidenti-Ali Baş Komandan İlham Əliyev Müzəffər ordumuza vur əmri verdi. Vətən torpaqlarının düşmən tapdağı altında inləməsi ilə heç cür barışmayan, illərlə torpaqları mənfur düşməndən təmizləmək eşqi ilə alışıb yanan qəhrəman Azərbaycan oğulları bu anı çoxdan gözləyirdilər və ovunu gözləyən qartallar kimi düşmən üzərinə şığıdılar. Özünü yenilməz hesab edən erməni quldurları ordumuzun qəhrəmanlığı qarşısında çaşıb qaldılar və pərən-pərən düşdülər. Ordumuz bir-birinin ardınca torpaqlarımızı işğaldan  azad etməyə başladı.                                         

 Hər bir cəngin, hər bir müharibənin bir dönüş nöqtəsi, bir qırılma anı olur. Bu baxımdan Vətən  müharibəsində  Füzulinin işğaldan azad edilməsi böyük tarixi əhəmiyyətə malik  qırılma anlarından biri idi. Uzun illər ərazilərimizi işğal altında saxlayan düşmən xüsusilə Ağdam və Füzuli istiqamətində çox güclü müdafiə mövqeyləri və istehkamlar yaratmışdılar. Onlar Azərbaycan silahlı qüvvələrinin möhtəməl hücumlarını daim Ağdam və Füzuli  istiqamətlərindən gözləyirdilər. Azərbaycan ordusu isə birbaşa Füzuli şəhəri istiqamətində deyil, rayonun digər ərazisindən hücum edərək Cəbrayıl ərazisinə keçdi və oradan da Araz boyu hücumu davam etdirərək Füzuli şəhərinə daxil olmadan oktyabr ayının 4-də Cəbrayıl şəhərini İşğaldan azad etdi. Cəbrayılın işğaldan azad edilməsi ilə Azərbaycan bir növ düşmənin arxasına keçmiş oldu. Lakin, qeyd olunduğu kimi Füzuli istiqamətində düşmən çox güclü müdafiə səddinə malik idi. Bu müdafiə səddini yarmaq xüsusi peşəkarlıq və yüksək cəsarət tələb edirdi.                                                 

Bütün çətinliklərə, düşmənin yaratdığı güclü istehkama baxmayaraq Azərbaycan ordusu qarşısına yalnız bir məqsəd qoymuşdu. Nəyin bahasına olursa, olsun torpaqları işğaldan azad etmək. Necə deyərlər, öldü var, döndü yoxdur. Nəhayət, Azərbaycan ordusunun peşəkarlığı və igidliyi sayəsində 2020-ci il oktyabr ayının 17-də Füzuli şəhəri işğaldan azad edildi. Füzulinin işğaldan azad edilməsi düşmənin müdafiə mövqeyini köklü şəkildə zəiflətdi. Artıq Zəngilanın, Qubadlının işğaldan azad edilməsi üçün böyük zəmin yaranmışdı. Xocavənd istiqamətində də düşmənin müdafiə mövqeyləri xeyli zəifləmişdi. Eyni zamanda Füzulinin işğaldan azad edilməsi düşmənin müdafiə həlqəsini bir xeyli daraltmış, Azərbaycan ordusunun hücum imkanlarını bir xeyli gücləndirmişdi.                       

Təsadüfi deyildir ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın möhtəşəm zəfəri ilə başa çatdıqdan dərhal sonra quruculuq işlərinə məhz Füzuli rayonundan başlanıldı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin sərancamı ilə ilkin olaraq  Füzuli  aeroportunun   Füzuli - Şuşa Zəfər yolunun tikintisinə başlanıldı. Hər iki tikintinin təməlqoyma mərasimində Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev şəxsən iştirak etmişdir. Qısa zamanda-heç üzərindən bir il də keçmədən Füzuli aeroportu istifadəyə verilmiş, Zəfər yolu isə bitmək üzrədir. Əlbəttə, müharibədə sonrakı quruculuq  işləri  bununla məhdudlaşmır. Ötən müddət ərzində Füzuli-Laçın yolunun inşasına başlanılmış, Güləbir Elektrik yarımstansiyası tikilib istifadəyə verilmiş, Zəngilan və Laçın aeroportlarının tikintisi davam etdirilir. Hal-hazırda Toğanalı-Kəlbəcər - Laçın yolunun tikintisi də davam etdirilir, Tərtər-Suqovuşan yolu, Suqovuşan Elektrik Yarımstansiyası tikilib istifadəyə verilmişdir.              

 Bütün bunlara nəzər saldıqda Füzuli şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti bir daha gözlərimiz önündə canlanır. Məhz Füzuli şəhərinin işğaldan azad edilməsi digər işğal altında olan Azərbaycan ərazilərinin azad edilməsi üçün möhkəm zəmin yaratdı və düşmən Ağdam, Kəlbəcər və Laçın ərazilərində döyüş əməliyyatları getmədən düşmən kapitulyasiya aktına imza atmağa məcbur oldu.                                    

 İllər ötdükcə Azərbaycan xalqı 44 günlük Vətən müharibəsinin, onun tərkib hissəsi olan Füzulinin azad edilməsinin tarixi əhəmiyyətini daha dərindən hiss edəcəkdir. Qarabağ Azərbaycandır!                        

 

Əli Hümbətov,

Vətən Müharibəsi qazisi

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi