Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Qalib döyüşçü kimi ailəsinə döndü...

        Şəhidlik və qazilik döyüş sınağında ən uca məqamlardır. Bu şərəfli yolu keçən mərd oğulların mənəvi güc mənbəyi Vətən sevgisi və döyüşçü ləyaqətidir. Vətən torpağının müqəddəsliyini dərk edən və uğrunda vuruşmağı öz qeyrət borcu bilən döyüşçüyə tuşlanan düşmən gülləsindən onun iradəsi büdrəməz, döyüş ruhu, qətiyyəti yenilməz. 

        Döyüş meydanında hünər nümunələri göstərən cəngavər oğulları 44 günlük Vətən müharibəsi də bizə yaxından tanıtdı. Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Vətən müharibəsində iştirak edərək ağır yaralanan və sağlamlığını itirən, bu səbəbdən ehtiyata buraxılan qazi hərbi qulluqçularını da döyüş yolumuzla bağlı tədqiqatlarımızda diqqət mərkəzində saxlayırıq. Onlardan biri ehtiyatda olan gizir Söhbətov Elsevər Cəmşid oğludur. Elsevərin özü və ailəsi ilə görüşdüm, komandiri, döyüşçü yoldaşları, onu müalicə edən həkimə telefonla zəng vuraraq məlumatlar topladım. 

        O, 8 iyul 1990-cı ildə Abşeron rayonunun Novxanı kəndində anadan olub. Atası Cəmşid Söhbətov və anası Ülkər Söhbətova əslən Qobustan rayonunun Sündü kəndindəndirlər. Həmin kənddən 24 nəfər soydaşımız Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. 

        Cəmşid Söhbətov Birinci Qarabağ müharibəsində iştirak edib. 1992-1994-cü illərdə Tərtər-Ağdərə bölgəsində könüllü olaraq döyüş yolu keçib. 

       Söhbətovlar ailəsində bir qız, üç oğlan övladı böyüyərək boya-başa çatıb. Böyük övlad olan Elsevər Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsindəki şəhid Elçin Qaranzadə adına 270 saylı tam orta məktəbdə 4-cü sinfədək, Novxanıdakı Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə adına 1 saylı tam orta məktəbdə isə 9-cu sinfə qədər oxuyub.

        Məktəbli olduğu illərdə Elsevər Novxanıdakı “Samuray” klubunda karate idman növü ilə məşğul olub. “Samuray” klubundan ona verilən sertifikatda 9 kyu (göy zolaqlı) kəmərinə layiq görüldüyü barədə qeydlər öz əksini tapıb. Bundan əlavə, o, 2005-ci ilin may ayında Fərqanə Hüseynovanın xatirəsinə həsr olunmuş “Kyokuşin karate” növü üzrə respublika turnirində III yeri tutub və müvafiq dərəcəli diplomla mükafatlandırılıb. 

        2006-2010-cu illərdə Elsevər Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində təhsil alıb. Kollecdə lokomotiv və vaqon təsərrüfatı üzrə texnik-mexanik ixtisasına yiyələnib. 

        2010-cu ilin aprel ayında Elsevər müddətli həqiqi hərbi xidmətə çağırılıb. Daxili Qoşunların Bakı şəhərinin Nərimanov rayonundakı (hazırda Hacıqabul rayonunda yerləşən) “N” saylı hərbi hissəsində ilkin təlim dövründən sonra hərbi and içib. Sonra qoşunların Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissəsinin komendant bölüyündə xidmət edib, ona “baş əsgər” hərbi rütbəsi verilib. Hərbi xidmət borcunu vicdanla yerinə yetirərək 2011-ci ilin oktyabr ayında tərxis olunub. 

        Müddətli həqiqi hərbi xidmətdən sonra bir müddət tikintidə fəhlə işləyib, zəhmətkeş gənc olaraq valideynlərinə köməyini əsirgəməyib.

        2013-cü ilin iyun ayında Elsevər Daxili Qoşunların Sumqayıt şəhərindəki “N” saylı hərbi hissəsinə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunub. Vətənpərvər gənc kimi həyatını hərbi xidmətə bağlamağı qərar verib. Bu hərbi hissədə hərbi xidməti dövründə xüsusi vasitələrin tətbiqi bölməsinin xüsusi vasitələrin tətbiqi qrupunun yarımqrupunda meteomüşahidəçi-atıcı, manevr qrupunda yarımqrup komandiri, xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunda yarımqrup komandiri vəzifələrinə təyin edilib, “gizir” hərbi rütbəsinədək yüksəlib. Tutduğu vəzifələrdə komandanlığın etimadını doğruldub, nümunəvi xidməti nəzərə alınaraq, barəsində müxtəlif növ həvəsləndirmələr tətbiq olunub. 

         Xidmət etdiyi bölmələrin təyinatından irəli gələn döyüş tapşırıqlarının yerinə yetirilməsinə daim hazır olmaq üçün təlimlərdə əzmkarlıq göstərib, silah və xüsusi vasitələrin texniki xüsusiyyətlərini dərindən mənimsəyib. Tabeliyindəki yarımqrupun döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi yönündə öz bilik və bacarığını əsirgəməyib.

        Söhbət zamanı Elsevər məlumat verdi ki, hərbi xidmət dövründə paytaxtımızda keçirilən bir sıra beynəlxalq əhəmiyyətli yarışların təhlükəsizliyinin təmin olunmasında iştirak edib. Bununla yanaşı, ayrı-ayrı fövqəladə hadisələr zamanı qarşıya qoyulmuş xidməti tapşırıqları məsuliyyətlə yerinə yetirib. 

        O, yüksək fiziki hazırlığı, hərbi qulluqçuların iştirak etdikləri müxtəlif yarışlarda öz məharəti ilə fərqlənib. Armrestlinq üzrə yarışda 1-ci yer tutduğuna görə hərbi hissə komandiri tərəfindən fərmanla mükafatlandırılıb.

        Vətən müharibəsindən əvvəl Elsevər xüsusi təyinatlı bölmələrin taktiki hazırlığı üzrə praktiki təlimlərdə iştirak edərək öz döyüş qabiliyyətini artırıb.

        2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsinə yollanan qoşunların xüsusi təyinatlıları arasında Elsevər də vardı. Onun döyüş yolu 27 sentyabr - 2 oktyabr 2020-ci il tarixlərində Cəbrayıl rayonu ərazisindən keçib. Bu istiqamətdə düşmənin müdafiə xəttinin yarılması, postlarının ələ keçirilməsi, silah-sursatını, texnikasını cəmləşdirdiyi atəş nöqtələrinin susdurulması kimi çətin döyüş tapşırıqlarının yerinə yetirilməsində xüsusi təyinatlılar şücaət göstəriblər. Bu döyüşlərdə Elsevər düşmənə qarşı xüsusi təyinatlıya xas cəsurluqla vuruşub, öz silahından açdığı sərrast atəşlə onlarla işğalçını məhv edib. Onun və döyüşçü yoldaşlarının inadlı həmlələrinə düşmən davam gətirə bilməyib.

        Sumqayıtdakı “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin komandiri, Vətən müharibəsi iştirakçısı mayor Ələsgər Muxtarov Elsevəri hərbi xidmətdə olarkən öz funksional vəzifələrinin öhdəsindən gələn, tabeliyindəkilərə nəzakətli, tələbkar olan, nizam-intizamlı və cəsarətli hərbi qulluqçu kimi xarakterizə etdi. Vətən müharibəsində verilmiş döyüş tapşırıqlarını peşəkar xüsusi təyinatlı kimi yerinə yetirdiyini, ən təhlükəli anlarda qətiyyətli davrandığını, komandir olaraq ona arxalandığını nəzərə çatdırdı. Belə döyüşçülərin fədakarlığının gənc nəslə örnək olduğunu da komandir vurğuladı.

        Daxili Qoşunların Lənkəran rayonunda yerləşən “N” saylı hərbi hissədə xüsusi
təyinatlı dəstə komandirinin tərbiyə işləri üzrə müavini, Vətən müharibəsi iştirakçısı kapitan Nadir Şərifov qazini 2018-ci ildən tanıdığını söylədi. Qoşunların Sumqayıtdakı “N” saylı hərbi hissəsində xidmət edərkən (döyüş bölgəsinə də bu hərbi hissədən gedib) komandiri olduğu xüsusi həmlə qrupunda tabeliyindəki Elsevərin müsbət fərdi keyfiyyətləri ilə seçildiyini dedi. Ön cəbhədə döyüşə öndə gedən, dözümlü və iradəli hərbi qulluqçulardan biri olduğunu danışdı. Məlumat verdi ki, döyüşlər başlayanda ilk olaraq Lələtəpə yüksəkliyi yaxınlığında Füzuliyə gedən yolun nəzarətdə saxlanılması tapşırığını alıblar. Sonrakı günlərdə düşmənin Lələtəpənin önündəki istiqamətdə yerləşən birinci müdafiə xəttinin, eləcə də Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndi ətrafındakı ikinci müdafiə xəttinin yarılması, mövqelərinin darmadağın edilməsi məqsədilə hücuma keçiblər. Hücum zamanı təcavüzkarın müdafiə xətləri yarılaraq əsas mövqeləri nəzarətə götürülüb, ermənilər canlı qüvvə, texnika, silah-sursat sarıdan ciddi itkiyə məruz qalıblar. 

        Oktyabrın 2-də 150-200 metr yüksəklikdəki düşmən postuna 8 nəfərdən ibarət qrupla həmlə ediblər. Qrupun tərkibində Elsevər də olub. Postu ələ keçirdikdən sonra düşmən oranı texnika və iriçaplı silahlardan şiddətli atəşə tutub. İşğalçıların postu geri almaq cəhdi uğursuzluqla nəticələnib. Həmin döyüşdə Elsevər alın nahiyəsini dələrək sağ qulağının üstündən çıxan snayper gülləsindən ağır yaralanıb. Onun şəhid olduğunu zənn ediblər. Ancaq xırıltılı səsi və nəbzinin döyünməsindən sağ qaldığı məlum olub, döyüş meydanından silahdaşları tərəfindən çıxarılıb. 

        Sumqayıt şəhərindəki “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunda atıcı, Vətən müharibəsi iştirakçısı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Beyrut Rəhmanov bildirdi ki, o da Elsevəri 2018-ci ildən tanıyır. Onun etibarlı və qayğıkeş silahdaş olduğunu vurğuladı. Döyüşlərdə onun qorxmazlığı yoldaşlarını da ruhlandırırdı. Beyrut qazini yaralandığı yerdən təxliyyə etmiş bir neçə hərbi qulluqçudan biridir. Silahdaşının xilası üçün həmin anda bütün mümkün olanı edib. 

        Elsevərin həyata qaytarılmasında, onun sağlamlığının bərpasında Bakı


Neyrocərrahiyyə Xəstəxanasının baş həkimi Fərid Təqdirov, bu xəstəxanada neyrocərrahlar Nicat Muştaqov və Elşən Hüseynzadənin böyük zəhməti var. Peşəkar həkimlərimizin Ağcabədi Rayon Xəstəxanası və Bakı Neyrocərrahiyyə Xəstəxanasında apardıqları çətin cərrahi əməliyyat, uğurlu müalicə qazimizi ölümün pəncəsindən qoparıb, ailəsinə qovuşdurub. Qələbə xəbərini də Elsevər xəstəxanada tibb işçilərindən eşidib, həmin məqamı həyatı boyu unutmayacağını bildirdi. 

      Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2020-ci il tarixli, 24 dekabr 2020-ci il tarixli müvafiq sərəncamları ilə gizir Elsevər Söhbətov “Cəsur döyüşçü” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

        II qrup əlil olan Elsevərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir, habelə pensiya təyin olunub.

        2015-ci ilin noyabr ayında Elsevər Rübabə xanımla ailə qurub. Nilay, Nuray və Nihad adlı üç azyaşlı övladı var. Nihad Vətən müharibəsindən sonra dünyaya gəlib. Doğmalarının sevgisi və qayğısı ona ağır yaralanmanın fəsadlarını aradan qaldırmağa mənəvi güc verir. Bundan sonrakı həyatının öz axarına düşməsində bu amil çox vacibdir. 

        Atası onunla qürur duyduğunu söylədi. “Bizim edə bilmədiyimizi igid övladlarımız etdilər, bu gün qalib xalq olaraq yaşayırıq”- deyə vurğuladı. 

Yalçın Abbasov,

DİN-in Daxili Qoşunlarının veteranı, tədqiqatçı-jurnalist

  


Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi