Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

BİR ÜRƏKDƏ ÜÇ YARA

    
         “Xocalının səsi” qəzeti şəhid ailələri, əsirlikdə olmuş sakinlərimizlə görüşlərini davam etdirir. Bu dəfə ki, müsahibim Xocalı soyqırımında əzizlərini itirmiş, Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində müvəqqəti məskunlaşmış İsmayılova Nəzakət Lətif qızıdır. Nəzakət xanım illərdir həyat yoldaşının, qardaş və bacısının nakam talelərinin dərdi ilə yaşayır.  

        Nəzakət İsmayılova Xocalı rayonunun Kosalar kəndində Lətif kişinin ailəsində dünyaya göz açmışdır. 1976-cı ildə Lətif kişi ailəsi ilə birlikdə Xocalı rayonunun Kosalar kəndindən Xankəndi şəhərinə köçərək Qara Qarayev küçəsində tikdirdiyi evdə məskunlaşıb. 1988-ci ildən erməni seperatçılarının Xankəndində yaşayan azərbaycanlıların şəhəri tərk etmələri üçün cinayət əməlləri daha da artmağa başladı. Lətif kişinin ailəsi də ermənilərin riyakarlıqlarına qarşı layiqli mübarizə göstərmişdir. Lakin getdikcə ermənilərin azğınlaşdığını görən ailə Xankəndini tərk etməli olaraq əvvəlcə Ağdama, 1990-cı ilin mayından isə Xocalıya pənah gətirir. Bu halın müvəqqəti olacağını düşünən ailə tezliklə öz evlərinə qayıdacaqları ümidi ilə Xocalıda yaşayır. Bundan sonra Nəzakət bacısı Zöhrə ilə Xocalıdakı toxuculuq fabrikində işləməyə başlayır. Nəzakət xanım 1991-ci ilin aprel ayında İsmayılov Vidadi Lətif oğlu ilə ailə həyatı qurub. 

        Müsahibim göz yaşlarına qərq olaraq hər zaman canlı qalan xatirələrini, əzizlərinin başına gələn müsibətləri ürək ağrısı ilə dilə gətirdi. 

        - Həyat yoldaşım Vidadi Xocalı rayon Polis Şöbəsinin əməkdaşı idi. O, Xocalı soyqırımı axşamı erməni quldurları şəhərə daxil olarkən döyüşçülərlə birgə camaatın çıxmasına köməklik edib. 60-70 nəfərlə birlikdə Pircamal kəndi yaxınlığında erməni quldurlarının mühasirəsinə düşüb. Üç gündən sonra mühasirədən çıxmağı bacarsalar da, yenidən əsir götürülüblər. Əsirləri Dəhraz kəndinə aparıblar. Vidadinin əsir düşməmək və əsirlikdən çıxmaq imkanı olsa da, qadınlara görə əsirlikdə qalmalı olub. O, qadınları müdafiə etdiyi üçün ağır işgəncələrə məruz qalıb. Düşmənə qarşı gəldiyi üçün armaturla qolunu qırıblar. Sonra Vidadini üç məhsəti türkü ilə birlikdə Jora adlı erməninin oğlunun qəbrinin üstündə başını kəsmək üçün əsir düşərgəsindən çıxardıblar. Jora Həsənəbad kəndində yaşayırdı. Vidadini camaat əsl adı ilə deyil, İsmayıl deyə çağırırdılar. Joranın oğlunu İsmayıl adlı şəxs öldürdüyü üçün onu öldürənin elə Vidadi olduğunu deyərək başını kəsməyə aparıblar. Əsir düşərgəsində olanlardan Xocalıda baytar işləmiş Canan dayı, Salman kişi deyirlər ki, aradan bir neçə saat keçəndən sonra güllə səsləri eşidildi. Xeyli vaxtdan sonra bizdən paltolarımızı istədilər ki, güllələdikləri əsirlərin üstünə sərəcəyik. Ancaq sonra hazırlanmış xəndəklərə meyitləri özləri dolduraraq üzərini torpaqla doldurmamızı bizə əmr etdilər. Vidadi şəhid olarkən iyirmi altı yaşı var idi. Vidadinin şəhid olmağından 1 ay sonra, martın 24-də, qız övladımız dünyaya gəldi. 

        Nəzakət xanımın qardaşı Zakir 1991-ci ilin noyabrında Vətənin ağır dərdinə dözməyərək Saratovdan Xocalıya gəlib. O, işini məharətlə görən qaynaqçı idi. Nəzakət xanım, Zakirin taleyi haqqında məlumat verdi.

        - Xocalı soyqırımı axşamı kiçik qardaşı İmran zirzəmidə daldalanan sakinlərin çıxması üçün xəbərdarlıq etməyə gəlib. Zakir “siz gedin, mən arxanızca gələcəyəm” deyərək şəhərdə qalıb. Ancaq Zakir onların arxasınca gəlməyib. Xocalıdan son çıxan sakinlər Zakirin beşmərtəbəli binaların qarşısında qətlə yetirildiyini bildirirlər. Şahidlərin dediklərinə görə Zakir əlindəki bıçaqla erməni qulduruna zərbə endirsə də, ermənilər arxın yanında onu arxadan güllələyirlər. 

        Ailənin altıncı övladı olan Zöhrə Xankəndində yaşayarkən kondisioner zavodunda işləməyə başlayır. O, həmçinin gecəməktəbində sürücülük kursuna yazılır. Burada azərbaycanlılara qarşı aqressiv münasibəti görən Zöhrə çoxluq olan ermənilərdən qətiyyən qorxmurdu. O, ermənilərin zavodda gizlicə silah hazırladığını da görmüşdü. Azərbaycanlıların işə gəlməsinə maneə olmaq üçün təhdidlərə əl atan ermənilər 5-6 nəfərlə Zöhrənin üstünə hücum çəkirlər. Zöhrə onları bıçaqla hədələyərək zavoddan uzaqlaşır. Zöhrə ailəsi ilə birgə Xocalıda yaşayarkən bacısı Nəzakətlə toxuculuq fabrikində işləməyə başlayır. O, fabrikdə işləyə-işləyə 1990-cı ilin sentyabrından Gəncə Texnologiya Texnikumunun qiyabi şöbəsində təhsilini də davam etdirir. Hər sözündə, işində mərdlik, qoçaqlıq hiss olunan Zəhra həm işlədiyi kollektivdə, həm də təhsil həyatında rəğbət görür. Onun 1990-cı il noyabrın 5-də göstərdiyi şücaət isə qısa zamanda hər kəsin dilinə düşür. Belə ki, Ağdamdan Xocalıya gələn 40 nəfərə qədər sərnişini olan avtobusda Zöhrə də yol gedirdi. Avtobus Əsgərana çatan zaman ermənilər həmin avtobusun qarşısını kəsərək daşqalaq edir. Sürücünün yaralandığını görən Zəhra sükan arxasına keçərək avtobusu idarə edir və sərnişinləri girov götürülməkdən xilas edərək sağ-salamat Xocalıya çatdırır və yaralılara ilkin tibbi yardım göstərir. 

         Zöhrənin vətənpərvərliyi onu torpağına, elinə gündən-günə daha möhkəm bağlayır, fədakar olmağa səsləyirdi. Qeyrətli Azərbaycan qadını Vətənin ağır günündə əsgər qardaşlarına kömək etmək üçün Xocalı Özünümüdafiə Batalyonuna yazılır. O, 15 noyabr 1991-ci ildən qardaşı İmranın xidmət etdiyi Xocalı Özünümüdafiə Batalyonunda həm tibb bacısı, həm də döyüşçü kimi fəaliyyətə başlayır. Xocalı soyqırımı günü Zəhra müdhiş gecədə qocalara, hərəkət edə bilməyənlərə köməklik edir, yaralılara tibbi yardım göstərir və silaha sarılaraq vuruşur. 

        - Bacım, qonşumuz Şaiqin qırxgünlük oğlu Zauru anasının qoynundan alaraq sinəsinə bağlayır, tibbi ləvazimatlarını isə çiyninə atır. Ondan uşağı nə üçün kürəyinə deyil, sinəsinə bağladığını soruşanda bildirir ki, gülləni arxadan atırlar, gəlib uşağa dəyə bilər. O, ayağından yaralanana qədər uşağı yerə qoymayıb. Milli Qəhrəman Aqil Quliyevin xərəyinə xeyli kömək edib. Avtomatı götürərək erməniləri bir müddət susdura bilir. Ancaq bədnam düşmənlərin gülləsinə tuş gəlir. Dördüncü güllə yarasından sonra mübarizəsini davam etdirə bilmir. 

         Qonşumuz Şaiq Zöhrənin şəhid olduğu yeri bildiyi üçün qardaşım İmranla meyitini çıxarmağa getdi. İmran bacımızın meyitini tapıb Ağdam məscidinə gətirdi. Zöhrə Ağdamın Şəhidlər Xiyabanında dəfn edildi. 

        Zöhrə ilə yalnız bacı deyil, həm də ən yaxın rəfiqə olduğunu deyən Nəzakət xanım şəhid bacısının ən çox uşaq qoxusundan, bir də çörək qoxusundan xoşu gəldiyini deyir. O, avtobusdakı insanları xilas etdikdən sonra özünün nə qədər xoşbəxt insan olduğunu söyləyirdi. İnsanı özündən çox istəyərdi...

        Müsibətli axşamda Xocalının başı üstündə sönən ulduzlardan birinin adı da Zöhrə olur. Ancaq Zöhrə şəhidlik zirvəsinə ucalaraq xalqımızın qəlbində sönməyən ulduz kimi əbədi yaşayır. 

        İgidliyi, fədakarlığı nəzərə alınan Zöhrə Ulu Öndər Heydər Əliyevin 25 fevral  1997-ci il tarixli Sərəncamı ilə ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olunmuşdur.

        Xocalı sakinləri itkin düşmüş, meşələrdə, çöllərdə şəhid olmuş doğmalarının ayaq izi dəydiyi, qanları axdığı müqəddəs yerləri dolaşaraq onlardan nişanələr axtarmaq istəyir. Vətən Müharibəsində Xocalı cəlladlarının da məhv edilməsindən sonra xocalılar Ağdamın Şəhidlər Xiyabanında dəfn edilən doğmalarının  tanınmayan məzarlarını ziyarət etməyə gedir. İtkin düşmüş yaxınları haqqında məlumat ala biləcəkləri ümidləri yaranan xocalılar inşallah tezliklə doğma yurdlarına da qayıdacaqlar. O zaman bizlər şəhidlərimizin şad olan ruhları ilə nəfəs-nəfəsə gələcək, ruh bədənə, yağış torpağa qayıdan kimi bütövlənərək ruhların cənnət guşəsinə qovuşacağıq.     

Qalib QULİYEV,

“Qarabağa Dönüş” İctimai Birliyinin İdarə Heyətinin üzvü







Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Blog Arşivi

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi