Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Şaxtalı, qarlı o müdhiş gecələrdə uşaqlarını isidə bilməyən ana nəfəsi

   
        Müsahibim Xocalı soyqırımında üç övladı, bacısı, bacısının üç övladı meşədə donaraq şəhid olan Sədaqət Hüseynovadır. Sədaqət ana ürəyində elə bir sağalmaz yara daşıyır ki, bu yara ömrü boyu onun ürəyini göynədir, narahatlıq verir. Övladlarının donmasına görə özünü qınayan ana özü də yaxşı bilir ki, onun isti nəfəsi şaxtalı, qarlı o müdhiş gecələrdə övladlarını isitməyə bəs etməzdi. Ancaq ana ürəyi bu həqiqətlə barışmır və heç vaxt da barışmayacaq...

        Dərindən nəfəs alaraq söhbətə başlayan Sədaqət ana soyqırım gecəsindən və başına gələn müsibətlərdən danışdı.

         - Dörd tərəfdən mühasirəyə alınmış Xocalını hər axşam atəşə tuturdular. Atışma səslərinə öyrəşmişdik. Heç nədən qorxmurduq. İnanmazdıq ki, ermənilər Xocalıya hücum planını gerçəkləşdirə bilər. Amma mənfur düşmənlər havadarlarından kömək alaraq ağır texnikalarla atəş açaraq evləri yandırayandıra şəhərə daxil oldular. 

        Bacım Saragilin evləri aeroport meydançasına yaxın olduğu üçün məsləhət olmuşdu ki, uşaqlarla onlarda qalaq. Bacımgilə getdiyimiz günün səhəri vertolyot aeroporta gələndə, biz çox cəhd etsək də minə bilmədik. Vertolyotun pərinin küləyi üz-gözümüzü sıyırdı. O halımız heç vaxt yadımdan çıxmaz. Bacımgilin evinə qayıdaraq vertolyotun yenidən gəlməsini gözləməli olduq. Fevral ayının 25-i axşamı ermənilər 366-cı motoatıcı alayın texnikaları ilə Xocalıya yaxınlaşdılar. Atışma səslərindən qulaq tutulurdu. Həmin gecə güclü qar yağırdı. İşıqlar da keçmişdi. Qaranlıqda uşaqların əyninə geyindirmək üçün əlimə keçən paltardan götürdüm. Mən, bacım, bacımın və mənim üç övladım evdən çıxaraq əvvəlcə qonşunun zirzəmisinə girdik. Ancaq zirzəmidə qalmağın təhlükəli olduğunu anlayaraq Qarqar çayını keçib meşəyə tərəf üz tutduq. 

         Biz müdhiş gecədə sağ qalmaq üçün həyat mübarizəsinə başlayarkən digər tərəfdə postda dayanan yoldaşım, qayınatam və qayınanamın hayına getmişdi. Yoldaşım postdan evə gələndə yaşlı valideynlərini və iflic olan bacısını evdən çıxarmağa çalışır. Qoca anasını kürəyinə alaraq qayınatamla birlikdə şəhəri tərk edir. Ancaq baldızımı çıxara bilmir. Yoldaşım anasını Qarqar çayından keçirərək Qaraqayaya kimi gətirəndə İsaqa deyir ki, məni burada qoy, qayıt get uşaqlarının arxasınca. İsaq anasını bir kolun dibinə qoyub qayıdıb meşədə bizi axtarmağa. Ancaq ermənilər atasını Əsgəranda girov götürüblər. Ağayarov Yunis Behbud oğlu 17 gün əsirlikdə işgəncələr gördükdən sonra xilas edilir. 

        Mən bacım Sara ilə uşaqları kürəyimizə alaraq Qarqar çayını çətinliklə keçdik. Qarın içində, ac-susuz uşaqlar istər-istəməz kömək istəyirdi. Böyük övladımın 12 yaşı vardı. Uşaqlar mənə ana, bəs atamız hardadır deyirdi. Hərə öz dərdinin hayında idi. Qaranlıq meşədə bir qədər getdikdən sonra kolun dibinə qısıldıq. Gecə saat 3-4 radələri olardı ki, başımı qaldıranda ağartı gördüm. Elə zənn etdim ki, ermənilərdir. Sonra gördük ki, Xankəndindən Xocalıya gələn Rəfil adında oğlandır. Onun anası, qardaşı ailəsi yanında olsa da, öz ailəsindən aralı düşmüşdü. Onlara uşaqların soyuqdan donduğunu dedik. Rəfil cibindən kibrit çıxartdı. Ancaq nə qədər çalışdıqsa ocaq qalaya bilmədik. Soyuqdan bir-birimizə sıxıla-sıxıla gecəni inildiyə-inildiyə keçirtdik. Səhəri hava işıqlaşanda gördüm ki, qızım Sevinc soyuqdan donub. Uşağın meyitini meşədə qoyub  bir izə düşərək yol aldıq. Xeyli gedəndən sonra sönməkdə olan ocaq yerinə çatdıq. Üstünə bir az odun yığıb alovu artırdıq. Ocağın kənarında donmuş yaşlı qadın, yanında iki nəvəsi, qoca kişi var idi. Həmin axşamı bacımın üç balası da dondu. Bacım da hərəkətsiz qaldı. Ona bir az da dözməsini xahiş etsəm də, artıq gec idi. Bacımın qalan tək balası ilə ölüm-qalım mübarizəsinə davam etdik. Bacım qızının 15-16 yaşı vardı. O, mənim, mən onun tək həyanı olduq. 

        Təsadüf nəticəsində qarşımıza erməni quldurları çıxmadı. Erməni vəhşiləri başqa tərəfdə insan ovuna çıxarkən bizim izimizi itirdilər. Minbir əziyyətlə Ağdamın Abdal-Gülablı kəndinə çatdıq. Bizi qarşılayan kimi əvvəlcə evə, sonra xəstəxanaya apadılar. Daha sonra gözümü Bakıda M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında açdım. Xəstəxanada ayaq barmaqlarıı kəsdiklərindən xəbərim olmayıb. Özümə gələndə gördüm ki, ayağım sarıqlıdır. Elə bildim ki, qaralmaya görə sarıyıblar. Türkiyəli jurnalistlər həkimlərdən xahiş edəndə ki, xəstənin ayaqlarını açın çəkək, onda gözucu baxdım ki, barmaqlarım yoxdur.

        - Amma sizi heç bir ağrı övladlarınızın itkisi qədər ağrıtmazdı. 

        - Düzdür. Deyirdim ki, kaş ayaqlarım dibindən kəsilərdi, amma balalarım yanımda olaydı. 

        - Sonradan bəzi meyitlər çıxarılarkən uşaqlarınızın meyitləri tapıldı?

        - Xeyr, meşədə onların meyitlərini tapmaq onsuz da çətin olardı. 

        - Bəs baldızınızın taleyi necə oldu?

        - Baldızım evin həyətində qalıb. O, iflic xəstəsi olduğu üçün yoldaşım çıxarda bilmədi. Ancaq ata-anasını apardıqdan sonra qayıdıb onu da çıxaracağını güman edirdi. Həmin axşamı Xocalıda qalan sakinlərimizdən biri danışır ki, ermənilər baldızımı əsir götürərkən deyib ki, “mən sizə neyləmişəm ki, məni vurursunuz”. Onun yalvarışlarına baxmayaraq, erməni vəhşiləri onu amansızcasına qətlə yetiriblər. 

         Xəstəxanada müalicə alarkən yoldaşım məni görməyə gələndə övladlarımın ölümündən özümü günahkar hiss etdiyim üçün həkimlərdən xəbər göndərdim ki,  onunla görüşmək istəmirəm. Ancaq yoldaşım mənimlə görüşməkdə israrlı oldu. Ondan ayrılmaq istədiyimi bildirdim. Yoldaşım isə həyata yenidən başlamalı olacağımızı dedi. 12 illik ailə həyatımızı öz etibarı, sədaqəti ilə qorudu. Tanrının lütfü ilə bir neçə ildən sonra dünyaya gələn oğul övladımıza şəhid övladımız Ramanın adını qoyduq. Raman hal-hazırda Dövlət Yanğından Mühafizə Hissəsinin Xocalı rayon bölməsində çalışır. 44 günlük II Qarabağ müharibəsində Raman ona verilən bütün tapşırıqları layiqincə yerinə yetirdi. 

        Naftalanda məskunlaşdığımız vaxtlarda yoldaşım Xocalı soyqırımı şəhidlərinin xatirəsinə ucaldılmış abidəyə gözətçilik edirdi. Bir gecə evdən abidəyə tərəf baxarkən gördüm ki, işıqları yanmır. Yoldaşıma dedim ki, mənim balalarımın evi ordadır, onu işıqsız qoymayın. Mən abidə ilə təsəllimi alırdım. Bir də ki, jurnalistlərə müsahibə verdikcə dərdlərimi bölüşür, az da olsa sakitləşirəm. Hal-hazırda Goranboy rayonu ərazisində salınmış Yeni Yaşayış massivində məskulaşmışıq. Qəsəbənin açılışı zamanı Prezident İlham Əliyev bizim evdə oldu. Həmin görüşdə Cənab Prezident ailəmizin yaşadığı faciəni kədərlə dinlədi. 

                    

        Hələ də bu otuz ilə yaxın müddətdə gözlərim yoldadır. Ancaq bu müddətdə Allaha qarşı çıxmadım. Bilirəm ki, həyatda dərddən böyük dərdlər var. Övladlarım əsir də düşə bilərdi, dözülməz işgəncələrə məruz qalardı. 

        Oğul və qız nəvələrim fevral ayında dünyaya gəlib. Sanki Allah bizə fevral ayında çəkdiyimiz zülmlərin, tökdüyümüz göz yaşlarının, əzab-əziyyətlərin əvəzində nəvələrimizi sevinc payı bəxş eylədi. 

        - Müsahibənin əvvəlində bildirdiniz ki, qayınananızı yoldaşınız Qaraqayada kolun dibinə qoyaraq sizi axtarmağa qayıdıb. Bəs, qayınanızın sonrakı aqibəti necə oldu?

        - Xocalıda bəzi şəhidlərimizin meyitləri vertolyotla yığılarkən  qayınanamı hərəkətsiz vəziyyətdə da meyitlərin arasında tapıblar. Qayınanama heç nə olmamışdı. Baxıb görüblər ki, qayınanam nəfəs alır, sağdır. Onu don da vurmamışdı. 

        Xocalı soyqırımında 22 nəfər əzizim şəhid olub. Xocalı ağrısı heç bir zaman səngiməz. Xocalı soyqırımını unutmaq olmaz. Qoy gələcək nəsillər də bilsinlər ki, bizim necə mənfur, murdar qarı düşmənlərimiz var.

Qalib BƏYMƏMMƏDOĞLU,

Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri




Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Blog Arşivi

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi