Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

"Gənclər həftəsi" çərçivəsində "N" saylı hərbi hissədə konsert praqramı təşkil edilib

          30 yanvar 2022-ci il tarixində "2 Fevral-Azərbaycan Gəncləri Günü"nün təsis edilməsinin 25 illiyi münasibəti ilə "Gənclər həftəsi" çərçivəsində Xocalı və Goranboy rayon Gənclər və İdman İdarələrinin birgə təşkilatçılığı ilə "N" saylı hərbi hissədə konsert praqramı təşkil edilib. 

        Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilib. Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

         Tədbirdə çıxış edən natiqlər ölkəmizin inkişafında gənclərin rolundan danışıblar. Həmçinin qeyd edilib ki, 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan gənclərində torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu ortaya qoydu. Gənclərimiz həm döyüş meydanında, həm də kompüter arxasında informasiya müharibəsində vətənpərvərlik hisslərini nümayiş etdirdilər. Dövlətimizin başçısı İlham Əliyevin “İrəli, Azərbaycan əsgəri!” çağırışına cavab verən gənclərimiz böyük ruh yüksəkliyi ilə silaha sarılaraq torpaqlarımızı işğaldan azad etdi, üçrəngli bayrağmızı dalğalandırdılar. Azərbaycan əsgəri yazdığı yeni tarixlə xalqımızın qürurunu özünə qaytardı. 

        Daha sonra hərbi hissənin komandiri və bir sira zabit və əsgər heyəti nümunəvi xidmətlərinə görə "Təşəkkürnamə" ilə təltif edilib. Konsert praqramı əyləncəli musiqilərlə davam etdirilib. 

        Tədbirin sonunda gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsində göstərdiyi diqqətə görə hərbi hissə komandiri tərəfindən Xocalı rayon Gənclər və İdman İdarəsinin rəisi Elməddin Bağırov və Goranboy rayon Gənclər və İdman İdarəsinin rəisi Elşad Həsənova Fəxri Fərman təqdim edərək işlərində uğurlar arzulayıb. 








Paylaşın:

Xocalı soyqırımının otuzuncu ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 30 il ötür.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu.

Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirildi, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər isə girov götürüldü.

Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi. Soyqırımının törədilməsinə görə Ermənistanın o zamankı siyasi-hərbi rəhbərliyi məsuliyyət daşıyır.

Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı, eləcə də Bağanıs Ayrım, Qaradağlı, Ağdaban və Başlıbel qətliamları ilə müşayiət olunan hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizə qədəri işğal edildi, 20 min vətəndaşımız qətlə yetirildi, 50 min nəfərdən artıq adam yaralandı və əlil oldu. Azərbaycan böyük humanitar fəlakətlə üz-üzə qaldı.

Ermənistanın daim mülki əhalini hədəf seçən təxribatlarına və hərbi təcavüzünə cavab olaraq, 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı əzəli torpaqlarının işğaldan qurtarılması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi və tarixi ədalətin bərpa edilməsi uğrunda Vətən müharibəsinə qalxdı.

Vətən müharibəsinin gedişatında Ermənistanın Gəncəni, Bərdəni, digər şəhər və kəndlərimizi kütləvi məhvetmə imkanlarına malik ballistik və reaktiv raketlərlə, kasetli bombalarla hədəfə alması bir daha sübut etdi ki, zamanla metodlar dəyişsə də, mülki əhaliyə qarşı qanlı cinayətlər törətmək Ermənistan tərəfinin daim həyata keçirdiyi dövlət siyasətidir. 44 gün sürən döyüşlər nəticəsində rəşadətli Azərbaycan Ordusu parlaq qələbə qazanaraq doğma torpaqlarımızı işğaldan azad etdi.

Haqq səsimizin dünyaya çatdırılması və Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün ötən illər ərzində məqsədyönlü fəaliyyət göstərilmiş, 2008-ci ildən isə bu fəaliyyət “Xocalıya ədalət” beynəlxalq kampaniyası ilə geniş vüsət almışdır. Hazırda Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınmış və faciəyə beynəlxalq siyasi qiymət verilmişdir.

Xocalı soyqırımına hüquqi qiymət verilməli və bu dəhşətli faciəni törədənlər öz layiqli cəzalarını almalıdırlar.

Azərbaycan xalqı heç bir vaxt Xocalı faciəsini unutmayacaq.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Xocalı soyqırımı zamanı qətlə yetirilmiş soydaşlarımızın əziz xatirəsini faciənin otuzuncu ildönümü ərəfəsində bir daha dərin hüznlə yad edərək qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Xocalı soyqırımının otuzuncu ildönümü ilə əlaqədar tədbirlər planı hazırlayıb onun həyata keçirilməsini təmin etsin.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 yanvar 2022-ci il

Paylaşın:

Xeyriyyəçilik - insanların təfəkküründə şəfqət, ehtiyacı olanlara könüllü və təmənnasız kömək etmək, halına yanmaq kimi keyfiyyətlərlə ehtiva olunur

 


         Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında iştirak edib. Xeyriyyəçi əzəmətini əks etdirən həm də memarlıq baxımından çox gözəl olan bu abidənin açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bildirib ki, bu abidənin açılması çox əlamətdar hadisədir. 2020-ci ildə mənim tərəfimdən Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması ilə bağlı müvafiq Sərəncam imzalanmışdır. Açıq müsabiqə elan edilmişdir və Xalq rəssamı, məşhur heykəltaraş Xanlar Əhmədovun işi müsabiqədə qalib gəlmişdir. Ondan sonra mənə abidənin ucaldılması üçün bir neçə yer təklif edildi və mən məhz bu yeri seçdim. Çünki Zeynalabdin Tağıyevin adına layiq olan bir yerdir, Bakının tarixi yerlərindən biridir, şəhər sakinlərinin ən sevimli yerlərindən biridir, tarixi qala divarının önündədir. Tağıyevin abidəsinin məhz bu yerdə yerləşməsinin böyük rəmzi mənası var. Çünki Zeynalabdin Tağıyev ömrü boyu Bakının inkişafına, abadlaşmasına, ümumiyyətlə Azərbaycanın inkişafına böyük töhfələr vermişdir.

        Xatırladaq ki, xeyriyyəçi, maarifpərvər, ictimai xadim Zeynalabdin Tağıyev 25 yanvar 1823-cü ildə Bakıda dünyaya gəlib. Onun götürdüyü torpaqdan neft fəvvarə vuran Hacı “H.Z.Tağıyev” adlandırdığı neft şirkətini qeydiyyata aldıraraq mədənində ustalara yüksək maaş verir və ən yeni avadanlıq quraşdırır.

        Nəticədə, onun gəlirləri sürətlə artmağa başlayır. Bundan sonra o neft zavodları alır. Hacı Zeynalabdin Tağıyev 1901-ci ildə 300 min manatlıq vəsait sərf edərək, Bakıda ilk qızlar məktəbi tikdirir. Bəzi mənbələrdə qızlar məktəbinin inşasını Tağıyevin ikinci həyat yoldaşı Sona xanımın təklif etdiyi göstərilir.

Bu bütün Zaqafqaziyada yeganə qızlar məktəbi idi. Binanı 1898-ci ildə tikməyə başlayırlar. 1900-cü ildə hazır olur. Qızlar məktəbinin binası memarlıq baxımından Azərbaycan memarlığının milli-romantik üslubundadır. Əsas fasaddakı divar bir cərgə ağ, digər cərgə isə qızılı daşdan hörülüb.

        Xeyriyyəçilik - insanların təfəkküründə şəfqət, ehtiyacı olanlara könüllü və təmənnasız kömək etmək, halına yanmaq kimi keyfiyyətlərlə ehtiva olunur. Xeyriyyəçilik fəaliyyətinin dairəsi, məhdud mənada, əhalinin zəif sosial təbəqəsinin üzvlərinə müxtəlif yöndə köməkliklərlə əhatələnir. Bu isə sübut edir ki, xeyriyyəçiliyin kökü qədim zamanlara gedib çıxır. Bir çox filosoflar da məhz, formalaşdırdıqları etik görüşlərində ən çox xeyirxahlığın, xeyriyyəçiliyin mahiyyətini açmağa çalışıblar.

        Bu gün müstəqil Azərbaycanda ictimai həyatın xüsusi bir sektoru olan xeyriyyəçilik institutu müasir dövrün reallıqları və tələblərinə uyğun olaraq inkişaf etdirilir. Tarixi ənənələrimizi dirçəldən və inkişaf etdirən, sosial-mənəvi tərəqqi üçün səmərəli vasitə yaradan müasir xeyriyyəçilik institutunun əsası isə Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən qoyulub.

Hər bir vətəndaş xeyriyyəçilik işlərində fəallıq göstərməlidir. Şükürlər olsun ki, Qarabağımız yağı tapdağından azad edilmişdir. Mənfur düşmənlər şəhərlərimizi, kəndlərimizi, tarixi abidələrimizi yerlə-yeksan ediblər. Qarabağın yenidən abadlaşdırılması və çiçəklənməsi uğrunda qollarımızı çırmalayaraq işlərə atılmağımızı özümüzə mənəvi borc bilməliyik. 

Akif Rüstəmov, 

Xocalı rayonundan məcburi köçkün

Paylaşın:

Xeyriyyəçilik ənənəsi bu gün də davam etdirilməkdədir

 


         18 yanvar 2022-ci il tarixində Prezident İlham Əliyevin iştirakı ilə Azarbaycanın tanınmış xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin şərəfinə ucaldılmış abidənin açılış mərasimi keçirilmişdir. Bu mərasimdə Cənab Prezident abidənin inşası ilə bağlı və görkəmli xeyriyyəçi H.Z.Tağıyevinn xalqımız üçün gördüyü işlər haqqında geniş məlumat vermişdir. İlham Əliyev bu abidənin ucaldılması üçün hələ 2020-ci il tarixində Sərəncam imzaladığını və abidəni Bakının ən tarixi yerlərindən birində ucaldılmasını xüsusilə qeyd etmişdir. Bu abidənin Qala divar önündə inşa edilməsi xüsusi bir rəmzi məna daşıyır, ona görə ki, xeyriyyəçi H.Z.Tağıyev Bakı şəhərinin abadlaşması üçün har zaman çalışmış və öz töhfələrini vermişdir. Hacı Zeynalabdin Tağıyev tanınmış neft milyonçusu idi. Xalqın qayğısını çəkən xeyriyyəçi öz pulu hesabına xarici ölkələrdən Azərbaycana mühəndislər və təcrübəli mütəxəssislər dəvət edərək Bakıya şollar suyunu şəkdirdi. O, sahibkarlıq işində də birinci növbədə öz xalqının xeyrini düşünürdü. Xeyriyyəçi yetim və yoxsul uşaqlara müntəzəm olaraq qayğı gösrtərirdi. Xalqın gələcəyini düşünan H.Z.Tağıyev 1901-ci ildə Bakıda qızlar məktəbi, yoxsul uşaqlar üçün internat-məktəbi, işsizliyin aradan qalxması üçün Bakıda toxuculuq fabriki, Bakının mərkəzində öz torpaq sahəsində gözəl bir teatr binası tikdirmişdir. Prezident İlham Əliyev çıxışında onu da qeyd etdi ki, bu gun də H.Z. Tağıyevin xeyriyyəçilik ənənələri davam etdirilir. 20 ilə yaxın fəaliyyat göstərən Heydər Əliyev Fondu Cənubi Qafqazın ən böyük xeyriyyəçilik fondudur. Fondun əsas məqsədi Azarbaycan mədəniyyətini dünyada təbliğ etmək və təhsil, səhiyyə, incəsənət sahələrinə töhfə verməkdir. Heydər Əliyev Fondu hal-hazırda azad edilmiş torpaqlarımızda erməni vandalları tərəfindən dağıdılmış dini və mədəniyyət abidələrimizi yenidən bərpa etmək üçün lazımi bütün tədbirləri həyata keçirməkdədir. Prezident İlham Əliyev cənablarının həyata keçirdiyi quruculuq va abadlıq işləri bir daha göstərir ki, Hacı Zeynalabdın Tağıyev timsalında xeyriyyəçilik ənənəsi bu gün da davam etdirilməkdədir.

Türkan Hümbətova,

Xocalı rayon Yaloba kand tam orta məktəbin müəllimi

Paylaşın:

Xocalı rayon ictimaiyyəti 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

         Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda həlak olan 20 Yanvar şəhidlərinin xatirəsi Respublikamızın bütün bölgələrində olduğu kimi, xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində də ehtiramla yad edilib.        

         Anım mərasimində Xocalı Rayon İcra Hakimiyyətinin başçısı, ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri və şəhid ailələri Xocalı soyqırımı abidəsi önünə qərənfillər düzüb, şəhidlərimizin ruhlarına dualar oxuyublar.

        Xocalı Rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva anım mərasimində Azərbaycan xalqının tarixi yaddaşında dərin hüzn, eyni zamanda milli qürur məqamı kimi həkk olunmuş 20 Yanvar faciəsi haqqında danışıb. O, bildirib ki, 20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifə olsa da, həmçinin Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü kimi xalqımızın əbədi yaddaşındadır. 20 Yanvar günü uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda savaşmaq əzmini cəsarətlə nümayiş etdirdiyi şərəfli bir tarixdir.

        Saat 12:00-da şəhidlərin əziz xatirəsi qəsəbədə bir dəqiqəlik sükutla yad olunub. Dövlət bayraqları endirilib, nəqliyyatın hərəkəti dayandırılıb.

                                              

       

                                          

                                          

                                         

                                           

                                           

                                           

                                           

       

     

       

      

     

    
Paylaşın:

Dövlət Müstəqilliyimizə aparan yol



         Ermənistanda yaşayan soydaşlarımızın kütləvi şəkildə deprotasiyası və Dağlıq Qarabağda separatçılıq meyillərinə mərkəzin xeyir-dua verməsi Azərbaycanda xalq hərəkatını başlanmasına səbəb oldu. Xalq, Respublikanın o zamankı rəhbəri Ə.Vəzirovdan Ermənistanda və Dağlıq Qarabağda baş verən hadisələrə qarşı qəti mövqe tutmağı tələb edirdi. Lakin Moskvadan asılı, qətiyyəstsiz adam olan Ə,Vəzirov mərkəz qarşısında Azərbaycanın haqq işini, suveren hüquqlarını müdafiə etmək tələbi qoymaq əvəzinə, xalqın diqqətini teleh yüklü məsələlərdən yayındırmaq siyasəti yürüdürdü. Xalq hərəkatının kor təbii mərhələsinin ən yüksək dövrü noyabrın 17-dən başlandı. Bu gün Azərbaycan tarixinə Milli Dirçəliş günü kimi daxil oldu. Həmin gün “Azadllq meydanında” mitinqdə iştirak edənlərin sayı yarım milyonu ötmüşdü. Mitinqdə “suverenlik, azadlıq” çağırışları səslənirdi.  Xalq ümümilli lider Heydər Əliyevi hakimiyyətdə görmək istəyirdi. Lakin hakimiyyət maraqlarını xalqın mənafeyindən üstün tutan iqtidar onunla münasibət belə qurmaq istəmirdi. 
          Azərbaycanda gedən ictimai-siyasi proseslər, xalq hərəkatının imperiya üçün yaratdığı təhlükə imperiya rəhbərliyini qorxuya saldı. SSRİ Ali Sovetinin Rəyasət Heyəti yanvarın 20-də saat 00-dan Bakı şəhərində “fövqəladə vəziyyət tətbi qedilməsi haqqında” Fərman verdi. Lakin Fərman qırğın törədib əhalini qorxutmaq üçün xalqdan gizlədildi. Əhaliyə məlumat verilməsin deyə, yanvarın 19-da axşam saat 20-yə qalmış Dövlət Telelviziyasının enerji bloku partladıldı. Yanvar 19-dan 20-nə keçən gecə Sovet ordusu Bakıya hücum edib, qanlı qırğın törətdi.  Bakıda və digər rayonlarda 131 nəfər öldürüldü, 744 nəfər yaralandı, 400 nəfər həbs olundu, 4 nəfər itkin düşdü. Qanlı Yanvara etiraz olaraq “Yanvar” a etiraz olaraq 40 günlük ümumilli tətil başlandı. 
      Yanvar faciəsinin ertəsi günü ümumilli Lider Heydər Əliyev həyatını təhlükə altında qoyaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəsliyinə gedərək imperiyanın Azərbaycana qoşun yeritdiyini, günahsiz əhaliyə divan tutulduğunu hərkəsə bəyan etdi. 
Baş vermiş hadisələrə baxmayaraq, Sovetlər İmperiyası Azərbaycan xalqının müstəqillik əzmini qıra bilmədi. 1991-ci il  oktyabr ayının 18-də Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktı qəbul edildi. Bu müstəqillik 1918-ci il may ayının 28-də əldə edilmiş müstəqilliyin davamı oldu.

Bu gün qürur hissi ilə deyə verə bilərikki, 20 Yanvar faciəsində, Xocalı Soyqırımında, Birinci Qarabağ savaşında və Vətən Müharibəsində həlak olan şəhidlərimizin qisası alındı. 
27 sentyabr 2020-ci  il tarixinnən ölkə başçısı Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə 44 gün davam edən Dəmir Yumruq adı altında başlanan Vətən Müharibəsi ordumuzun tam qələbəsi ilə başa çatdı. Dövlətimizin ərazi bütövlüyü təmin olundu. 
Əldə olunan bu qələbəyə görə ölkə Prezidenti İlham Əliyev cənabları başda olmaqla Müzəffər Ordumuza borcluyuq. Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda həlak olan bütün şəhidıərimizə Allah rəhmət eləsin. 

Anar Əliyev,
Xocalı rayon gənci
Paylaşın:

"20 Yanvar - Tariximizin qəhrəmanlıq səhifəsidir" adlı tədbir keçirilib

          

         Yanvarın 18-də Gəncə Regional Mədəniyyət İdarəsi Xocalı rayon Yaloba kənd tarix-diyarşünaslıq muzeyi və Nizami Gəncəvi Muzeyinin birgə təşkilatçılığı ilə "20 Yanvar - Tariximizin qəhrəmanlıq səhifəsidir" adlı tədbir keçirilib. Tədbirdə mədəni-maarif işçiləri, ictimai fəallar, Vətən müharibəsi iştirakçıları və məktəb şagirdləri iştirak ediblər. 

        Tədbir iştirakçıları əvvəlcə Respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. 

        Çıxışlar zamanı 20 yanvar şəhidlərinin cəsarətli şücaətindən geniş söhbət açılıb. Bildirilib ki, 1990-cı il yanvarın 20-si Azərbaycan xalqının tarixinin həm faciəli, həm də qəhrəmanlıq səhifəsidir. Həmin gün ən müasir silahlarla silahlanmış sovet ordusu Bakı şəhərinə daxil olaraq xalqın azadlıq mübarizəsinin qarşısını almaq üçün qanlı cinayət hadisəsi törədib. Lakin xalq öz azadlıq mübarizəsindən geri dönməyib. 

      Tədbirdə 20 Yanvar faciəsini əks etdirən rəsm əsərlərindən ibarət sərgiyə baxış olub, həmçinin 20 Yanvar faciəsi ilə bağlı sənədli film nümayiş etdirilib.






Paylaşın:

Quruculuq işləri ilə paralel olaraq müxtəlif enerj layihələrinin həyata keçirilməsi də ölkə iqtisadiyyatına töhfələr verən ən güclü amillərdəndir

 


      44 günlük Vətən müharibəsində zəfər çalmış Azərbaycanın qarşısında 30 il ərzində vəhşi düşmən tərəfindən dağıdılmış, talan edilmiş yaşayış məntəqələrinin, infrastrukturun bərpası üçün çox böyük işlər durur. Müharibədə Vətən torpaqlarını qısa zamanda mənfur​ düşməndən azad etməyi qarşısına məqsəd qoyan və buna nail olan Ali Baş Komandan İlham Əliyev, müharibədən sonra eyni qətiyyətlə ölkə Prezidenti kimi quruculuq işlərinə başlanmasına start vermişdir. Bu baxımdan quruculuq işləri ilə paralel olaraq müxtəlif enerj layihələrinin həyata keçirilməsi də ölkə iqtisadiyyatına töhfələr verən ən güclü amillərdəndir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​        

          Yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Səudiyyə Ərəbistanı şahzadəsi Salmanla birlikdə Xızı- Abşeron Külək enerji stansiyasının təməlqoyma mərasimində iştirak etmişlər. Təməlqoyma mərasimində çıxış edən ölkə Prezidenti həyata keçiriləcək bu layihənin ölkə iqtisadiyyatına mühüm töhfə verəcək ən əhəmiyyətli layihələrdən biri olacağını vurğuladı.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 

         Məlumdur ki, indi dünyada bərpa olunan enerji resurslarından istifadəyə daha böyük əhəmiyyət verilir. Çünki bu enerji qaynaqları həm ekoloji cəhətdən, həm də maya dəyəri baxımından daha sərfəlidir. Nəzərə alsaq ki, Xəzər dənizi Abşeron yarımadasının küləklə zəngin olan ərazilərindən biridir, onda bu layihənin ölkə iqtisadiyyatı üçün nə qədər sərfəli bir layihə olduğu gözlərimiz önündə daha aydın şəkildə canlanır.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 

       Stansiyanın təməlqoyma mərasimində çıxışı zamanı cənab İlham Əliyev qeyd etdi ki, bu stansiya 240 meqavat gücündə elektrik enerjisi istehsal edəcək. Bunun nə qədər böyük bir layihə olduğunu təsəvvür etmək üçün qeyd etməliyəm ki, bu respublikamızın bütün enerji təsərrüfatının böyük bir hissəsini təşkil edəcək. Bu kimi enerji layihələri bütün Qafqazda enerji ehtiyatları baxımından lider olan Azərbaycanı bu baxımdan daha da güclü bir dövlətə çevirir. Hazırda bizim özümüzü tam təmin edən və eyni zamanda qonşu dövlətlərə sata biləcəyimiz həcmdə zəngin elektrik enerjisi ehtiyatımız var.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​

       ​ Ölkə Başçımız Azərbaycan iqtisadiyyatına investisiya qoyan, belə iri layihələrin həyata keçirilməsində daim ölkəmizin yanında olan Səudiyyə Ərəbistanı dövlətinə və bu ölkənin kralına təşəkkür edərkən vurğuladı ki, indiyə qədər bir müsəlman ölkəsi olaraq, eyni zamanda İslam Əməkdaşlıq Şurasının üzvü olaraq Səudiyyə Ərəbistanı beynəlxalq miqyasda daim Azərbaycanın yanında olmuş, onun haqq işini dəstəkləmişdir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​     

         Ölkə Prezidenti çıxışı zamanı onu da əlavə etdi ki, Azərbaycanın investisiya yatırmaq üçün ən etibarlı dövlətlərdən biridir. Biz təkcə atılan imzalara deyil, həm də verdiyimiz sözə sadiqik. Qeyd etdiklərimi 1994-cü ildə imzaladığımız Əsrin Müqaviləsi parlaq şəkildə sübut edir. Həmin müqavilədə nəzərdə tutulmuş bütün işlər indiyə qədər birə-bir

həyata keçirilmişdir. Cənab İlham Əliyevin bu fikri eyni zamanda dünya ölkələrinə Azərbaycanın həm etibarlı tərəfdaş, həm də sərmayə qoyuluşu üçün əlverişli ölkə olmasına bir mesaj idi. Bu mesaj da yaxın gələcəkdə ölkədə aparılan quruculuq işlərinə öz töhfəsini verəcəkdir.​

Nəzakət İsmayılova, ​ ​ ​ ​ ​ ​

Xocalı rayonundan məcburi köçkün

Paylaşın:

Azərbaycan xalqının üstünlüyü ondadır ki, biz öz qədim ənənələrmizə sadiqik

 


       Hər  zaman  olduğu  kimi   Prezident  Cənab  İlham  Əliyev  ictimaiyyətə   geniş  informasiya  vermək  məqsədilə   2022-ci  ilin  yanvar  ayının   12  də  yerli   televiziya   kanallarına  müsahibə  verib .

      Prezident   Cənab  İlham  Əliyev  yerli  televiziya  kanallarının  müxbirlərinin  suallarına   geniş  aspekdə  və  dolğun  bir   şəkildə  cavab  verərək   Ölkəmizdə  44  günlük   Vətən  müharibəsindən  sonra   həyata  keçirilən  planlardan  söz  açmış, qarşıya  qoyulan  məqsədlərə   nail  olmaq  üçün  görülən  və  gələcəkdə   görüləcək  işlərdən  danışdı. Bir  çox   sahələrə  toxunan   Dövlət   Başçısı   hazırda   keçən  il   başlanılmış  böyük  proqramın  bu  ildə   icra  ediləcəyini  qeyd  etdi. 

Prezident müsahibəsi zamanı onu da qeyd etdi ki, bəzi xarici jurnalistlərin müharibə zamanı işıqlandırdığı reallıqlar nəticəsində  beynəlxalq ictimaiyyət  ermənilərin törətdiyi vəhşilklərin  bir daha şahidi oldu. İşğaldan azad edilmiş ərazilərə dərhal müxtəlif ölkələrdən olan diplomatların, jurnalistlərin, ictimaiyyət nümayəndələrinin təşkil edilmiş səfərlər erməni siyasətinin əsl simasını ifşa etmişdir. Ölüləri qəbirdən çıxarıb onların qızıl dişlərini çıxartmaq, qəbirüstü daşları sındırıb qonşu ölkələrə satmağa aparmaq, məscidləri dağıtmaq, orada donuz saxlamaq kimi mənzərələr çox acınacaqlıdır. Azərbaycanın fəal diplomatik fəaliyyəti nəticəsində bu reallıqların dünyada qəbul edilməsinə şərait yaradıldı. Dünya Azərbaycan xalqının öz torpağına nə qədər sadiq olduğunu, hər şeyə - qurbanlar verməyə də, böyük riskə də nə dərəcədə hazır olduğunu gördü.

Prezident  İlham  Əliyev  qətiyyətlə  müsahibəsində  bildirmişdir  ki, Ermənistan  tərəfi   bu    Zəngəzur   dəhlizi   ifadəsinə  çox  böyük   qısqanclıqla  yanaşır. Bilmirəm  nəyə  görə? Amma  deyə  bilərəm  ki,  bu   terminin  - təvazökarlıqdan   uzaq   olsa  da, - müəllifi  mənəm . Nə  üçün  mən  bunu   məhz  Zəngəzur  adlandırdım? Ona  görə  ki,  birincisi, bu  ,Zəngəzurdur,  bunun  tarixi  adıdır.Zəngəzur, Zəngi  çayı  -hansı  ki,  ermənilər   indi  Razdan  adlandırırlar,-Azərbaycan  toponimidir.İkincisi,  biz  bu  dəhlizə, sadəcə  olaraq  ,  dəmir    yolu  kimi   baxmırıq  .Çün  ki,  bu  dəhlizdən  həm  dəmir  yolu  keçəcək, həm  avtomobil  yolu  keçəcək.Bizim  planımızda  var , gələcəkdə  oradan  Naxçıvana   elektrik   xətləri    çəkilsin.

Fransada Prezidentliyə namizəd olan xanım Pekresin Azərbaycan ərazisinə təxribat xarakterli səfəri, ilk növbədə, Prezident Makrona qarşı edilən səfər idi. Səfər zamanı verilən təxribat xarakterli bəyanatların əsas səbəbi Fransada keçiriləcək növbəti prezident seçkilərində erməni təşkilatlarının səsini qazanmaqdır. 

    Müxbirin   Prezident  Cənab   İlham   Əliyevə  ünvanladığı  suala  Cənab  Prezident    Zəngəzurla  bağlı  biz  bilirik  ki,Sizin   şəxsi   tarixçəniz  var.Siz  Naxçıvana   səfəriniz  zamanı   öz  əcdadlarnızı  ziyarət   etdiniz .Şuşa  azad   olunanda  Fəxri   xiyabanda  Ulu  Öndərin  məzarını   ziyarət    etməyinizi    bunun  davamı   hesab  edə  bilərikmi ?

Prezident  Cənab  İlham  Əliyev  belə  qeyd  edir “ bəli,  belədir.Mən  təşəkkür  edirəm  ki,  siz  bunu   belə  qəbul  etdiniz  bəli.Məhz  bu  idi  mənim  ürəyimdə  olan   fikirlərim   və  ürəyimdə  olanları   mən  hələ   deməyəcəyəm.Amma  babamın   məzarını  ziyarət  etməklə , eyni  zamanda    ürəyimdə  olan  sözləri   dedim.Baxmayaraq  ki,  mən  babamı   görməmişəm,  o,  həyatdan   gedəndə   mən  hələ   doğulmamışdım. Amma  bildiyiniz   kimi, o, Zəngəzurda    doğulmuşdur,  erməni   etnik  təmizləmə   siyasətinin  də  qurbanı   olmuşdur, onun  ailəsi  məcburən   oradan  köçüb   Şahbuza,  ondan  sonra  Naxşıvanda  yerləşmişdir.

Prezident  İlham Əliyev həm də Cənub Qaz Dəhlizi haqqında sualı cavablandırdı. O, qeyd etdi ki, sözügedən nəhəng enerji layihəsinin çətin geosiyasi vəziyyətdə həyata keçirmək doğrudan böyük səylər tələb edirdi. Burada Azərbaycan bir neçə ölkəni səfərbər edib. Gələn ay Bakıda növbəti dəfə Cənub Qaz Dəhlizinin Məşvərət Şurası keçiriləcək. Orada bütün aparıcı banklar iştirak edir - Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnfrastruktur Bankı. Cənub Qaz Dəhlizinin əhəmiyyətini bəlkə də indi Avropada daha çox görürlər. Çünki bu qaz böhranı bunları böyük dərəcədə sarsıtdı

Əlbəttdə   ki,  biz  əcdadlarmızın  yolu  ilə   getməliyik. Onların  ruhlarını   həmişə  şad  etməyə  çalışmalıyıq. Azərbaycan   xalqının   üstünlüyü   ondadır  ki,  biz  öz  qədim  ənənələrmizə  .Bu  nöqteyi –nəzərdən  hər  birimiz  üçün  onun  ailəsi ,  onun   ulu   babaları,  əcdadları    böyük  əhəmiyyət    kəsb  edir,  o  cümlədən  mənim   üçün. Orada  babamın  məzarı   önündə  ürəyimdə  dediyim  sözləri   ola  bilsin  ki,  nə  vaxtsa  dilə   gətirəcəyəm “.

Müsahibəsinin  yekununda  olduqca   müdrik   və  qətiyyətlə  Prezident   İlham  Əliyev   belə  qeyd  etmişdir   “Hər   an  hazır   olmalıyıq  ki,  özümüz  öz  gücümüzə   əsaslanaraq    istənilən  vəzifəni    istənilən  yerdə  yerinə   yetirək    və  bayrağımızı həmişə  uca  tutaq".

Orxan Məmmədov,

Xocalı rayon  gənci, Vətən müharibəsi iştirakçısı

Paylaşın:

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 2022-ci ili Şuşa ili elan etdi

 

          Ötən 2021-ci ildə sosial – iqtisadi sahədə mühüm işlər görülmüş, müsbət nəticələr əldə olunmuşdur. Qeyri neft  sektorunun  inkişafına önəm verilmsəi respublikanın dünya iqtisadiyyatının asılılığından yüngülləşməsinə səbəb ola bilər. Belə ki, kənd təsərrüfatının inkişafı əhalinin  yaşayışı üçün bolluq və keyfiyyətli  məhsul deməkdir.  Şəhid ailəlıərinin mənzillərlə  və təqaüdlərlə təminatı birinci dərəcəli həlli vacib məsələ kimi qarşıya qoyulmuşdur. Mərhələli və növbəlilik  prinsipi ilə əlil və qazilərin problemləri, onların müharibə veteranı statusu barədə prezident fərmanı imzalanmışdır. Azərbaycan  Respublikasının  Prezidenti  2021-ci ilin 11 ayının  yekunları ilə bağlı xalqa müraciət etmişdir.  Ilin yekunlaşması  üzrə iqtisadi artım 5 faizdən çoxdur. Qeyri neft iqtisadiyyatı 7,2% olmuşdur. Sənaye istehsalı 5%, qeyri neft sənaye istehsalı - 20%-ə yaxın artıb. Valyuta istehsalı 2,5 milyard artıb. Qarabağ, Şərqi  Zəngəzur  bölgəsində lazımi yenidənqurma, dağıdılmış ərazilərdə infrastrukturun bərpasında çoxlu işlər görülmüşdür. Dünya valyutlarının vəziyyəti ilə müqayisədə manatın məzənnəsi sabit saxlanılmışdır. Ölkəmiz nadir ölkədir ki, ixrac idxalı üstələyib. Bu il azad edilmiş torpaqlarda quruculuq işləri gücləndiriləcək. Əgər işğaldan azad olunmuş torpaqlarda taxılçılıq artsa bu müsbət bir hal olacaq. Ölkədə əhalinin say cəhətdən artımı vardır. Buna görə də taxılçılığa tələbat böyükdür. İşğaldan azad edilmiş ərazilərdə su təhcizatı qurulmuşdur.  Işğaldan azad olunmuş ərazilərdə bütün infrastruktur qurulduqdan sonra böyük qayıdış baş tutacaqdır. Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır.

Nazilə Məmişova,

Xocalı rayonundan məcburi köçkün, şəhid bacısı

Paylaşın:

İTKİN ƏZİZLƏRİNİN TORPAĞINI, RUHUNU AXTARAN XOCALI QADINI

         Müsahibim Həsənova Xuraman Qaçay qızıdır. Xuraman Həsənova 1957-ci il yanvar ayının 9-da Xocalıda doğulub. O, 1972-1975-ci illərdə Bakı Plan-İqtisad Texnikumunda təhsil alaraq iqtisadçı ixtisasına yiyələnib. 1980-ci ildə Mirzə Bağırovla ailə həyatı qurub. Mirzə kişi Xocalıda südçülük sovxozunda xəzinədar işləyib.

Qardaşının, beş əmisi oğlunun itkisi ilə ürəyi dağlanan Xocalı qadını müsibətli günləri göz yaşları içində danışdı. Xuraman Həsənovanın timsalında bir daha Xocalı qadınının fədakarlığına, analıq hissinin gücünə, eyni zamanda dözümünə şahid oluruq.

-  Qızımı axırıncı vertolyotla nənəsi ilə birlikdə Xocalıdan çıxartmışdıq. Fevral ayının 25-i axşam təxminən saat 11 radələri olardı ki, ermənilər ağır texnikalarla Xocalıya hücuma keçdilər. Həmin axşamı yoldaşım gəlib məni və iki oğlumu qonşumuz Eldarın zirzəmisinə apardı. Zirzəmidə gözləməli olduq. Döyüşlər getdikcə şiddətlənir və atışma səsləri yaxınlaşırdı. Təxminən on Xocalı ailəsi də bizimlə birlikdə zirzəmidə idi. Bir neçə saat gözlədikdən sonra çıxmalı olduq. Xocalının kənarına gəldik. Deyirdik ki, bəlkə geri qaıyıdarıq. Körpüyə çatanda yoldaşım, poçtun müdiri Cavan və Kamil Məmmədovla şəhərdə qalanları çıxarmaq üçün geri qayıtdılar. Ancaq onu çayın kənarında xeyli gözləsək də, gəlib çıxmadı. Ürəyimdə fikirləşdim ki, ya vurdular, ya da ki, əsir düşdü. Camaat Kətiyə tərəf çıxıb getdi, biz isə bir müddət orada qaldıq. Əlacsız qalıb biz də Kətik dağına üz tutmalı olduq. Corablarımı çıxardaraq Qarqarçayını keçdim. Uşaqları da çayın o biri sahilinə apardım. Böyük oğlumun 11, kiçik oğlumun isə 6 yaşı vardı. Corabımı geyinə bilmədim. Çəkməni ayağıma bir təhər geyinərək üzüyuxarı meşəyə sarı qalxdıq. Həmin vaxt qar çox yağmışdı. Soyuq qış gecəsində uçurumlarla Kətiyə qalxırdıq. Bir addım irəli atanda iki addım geri düşürdük. Arxadan gəlib bizə qoşulanlar kömək etməyə çalışsalar da, axırda hər kəs öz halına qalırdı. Səslərin arasından kiminsə qardaşım Rövşənə bacının da burada olduğunu deməsini eşitdim. Rövşən camaata kömək edirdi. Şərfini çıxardıb kiçik oğlum Raminin boynuna bağladı. Şərfi bağlayan zaman silahını döyüş yoldaşlarından birinə saxlamağa verdi. Lakin sonra həmin döyüş yoldaşı uzaqlaşdığı üçün özü silahsız qaldı. Qarayada qarşısı kəsilərək atəşə məruz qalan və canını güc-bəla ilə qurtaran təxminən 300-400 insan da bizə qoşuldu. Qardaşım silahlılarla birlikdə qabaqda gedərək bizi təhlükədən qorumağa çalışırdı. O, Xocalı Özünümüdafiə Batalyonunun bölmələrindən birinin komandiri idi. Biz camaatla ayaqlaşa bilmədiyimiz üçün arxada qaldıq. Meşədə qalmalı olduq. Çantamda kibrit var idi, amma ocaq qalaya bilmədim. Paltomu çıxardıb kiçik oğluma bükdüm, kəməri ilə bağlayıb uşağı yerlə çəkdim. Uşaqlar su istəyirdilər, mənsə onlara qar verdim. Meşədə qalsaydıq donacağımızı bilirdim. Ona görə də hərəkət etdik. Meşə ilə gedəndə hənirti eşitdim. Bir az irəliləyəndə tonqal işığını gördüm. Tonqalın ətrafına camaat yığılmışdı. Biz camaata çatmamış qardaşımı səslədim. Qardaşım və qaynım Elşən yanımıza gəldi. Bizi tonqalın ətafına apardılar. Bir qədər sonra ocağı söndürdülər ki, yerimiz bilinməsin. Səhərə yaxın hava işıqlanmamış məsləhət oldu ki, burada dayanmaq olmaz, yola davam etmək lazımdır. Abdal-Gülablıya kəndinə tərəf getmək istəyirdik. Bir bələdçi dedi ki, mən yolu tanıyıram. Səhər saat 11 radələri olardı. Meşədən kənara çıxanda bir kənd gördük. Bizi kəndin qarşısından Azərbaycan dilində səslədilər. Azərbaycanlılar yaşayan kənddir, gəlin dedilər. Yorğun, soyuqdan donan camaat kəndə tərəf yaxınlaşdı. Kəndə çatar-çatmaz camaatı gülləbaran etdilər. Zəhra arvad, Xalidə arvadın cavan oğlu elə oradaca şəhid oldu. Silahı olan bir neçə nəfər müqavimət göstrdi. Camaat isə sıldırım dağın sinəsinə tərəf keçdi. Daha çox insan qətlə yetirilməsin deyə təslim olmaq məcburiyyətində qaldıq. Əsirləri ferma kimi yerə yığdıqdan sonra üstümüzdəki sənədlərimizi, zinət əşyalarımızı əlimizdən aldılar. Əsirlərin arasından 13 nəfər qamətli oğulları seçib apardılar. Aparılanların arasında qardaşım, biri qaynım olmaqla beş əmim oğlu da var idi. Bir qədər sonra çöldən avtomat səsləri gəldi. “KamAz” maşının səsini də eşitdik. Bilmədik ki, onları güllələndilər, yoxsa “KamAz”a yığıb apardılar. Onların sonrakı aqibətlərindən bu günədək heç bir xəbər yoxdur. Elə bil həmin insanlar həyatda olmayıb.

O soyuq, şaxtalı, müsibətli gecədə fədakar Xuraman ananın qahmar çıxdığı oğulları bu gün Vətənə layiqincə xidmət edirlər. Böyük oğlu Elməddin Bağırov Xocalı Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsində çalışır. Kiçik oğlu Ramin Bağırov isə Xocalı Rayon Polis Şöbəsində polis nəfəri kimi xidməti vəzifəsini icra edir. Onlar anaya, Vətənə olan mənəvi borcun qarşılığında məsuliyyət və şərəflə işləməyi qarşılarına məqsəd qoyublar. “Azərbaycan Bayrağı” ordenli itkin düşmüş qardaşı Rövşənin və beş əmisi oğlunun ölüb-qalmasından xəbəri olmayan Xuraman xanım daim intizar içindədir. Xuraman Həsənova Xocalıya gedərək əzizlərinin yatdığı torpağa sarılmağı, yaxud Xocalıda dolaşan ruhları haraylamaq, onlara qələbə müjdəsini vermək istəyir. 


 




Paylaşın:

“Şəhidlikdən qələbəyə gedən yol” adlı kitabın təqdimatı keçirilib

         Gəncə Uşaq Evində Səmayə Mirzəyevanın qələmə aldığı “Şəhidlikdən qələbəyə gedən yol” adlı kitabın təqdimatı keçirilib. Təqdimatda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Uşaq Evinin direktoru Nazilə İsmayılova, şəhid ailələri, ictimaiyyət nümayəndələri və Uşaq Evinin kiçik sakinləri iştirak ediblər. 

        Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra Vətənimizin bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

        Niyazi Bayramov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, 30 il müddətində işğal altında qalan torpaqlarımız cəmi 44 gün ərzində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və Rəşadətli Ordumuzun gücü ilə azad edildi və qələbəmiz tarixə qızıl hərflərlə yazıldı. 

        “Əlbəttə, istər Birinci Qarabağ müharibəsində, istərsə də Zəfərlə yekunlaşan Vətən müharibəsində bizim şəhidlərimiz və qazilərimizin rolu danılmazdır. Məhz onların şücaətləri nəticəsində bu gün öz əzəli torpaqlarımıza qovuşmuşuq. Səmayə xanımın qələmə aldığı “Şəhidlikdən qələbəyə gedən yol” adlı kitabda da şəhidlikləri ilə dastana çevrilən qəhrəmanlarımız haqqında geniş bəhs olunub. Bunun üçün hörmətli yazıçıya təşəkkür edir və uğurlar arzulayıram. Sonda bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə can sağlığı diləyirəm”,-deyə Niyazi Bayramov əlavə edib. 

        Nazilə İsmayılova çıxışında “Şəhidlikdən qələbəyə gedən yol” adlı kitabın əhəmiyyətindən bəhs edib. Nazilə xanım qeyd edib ki, Birinci Qarabağ müharibəsində şəhidlər verməklə torpaq uğrunda döyüşkənlik ruhumuzu  dünyaya göstərdik. Vətən müharibəsində isə Qələbə qazanmaqla, bütün dünyaya gücümüzü sübut etdik. Nazilə İsmayılova hər iki müharibə zamanı həlak olan şəhidlərimizin xatirəsini əbədi olaraq uca tutulacağını vurğulayıb.

        Tədbirdə Milli Qəhrəman, şəhid Polad Həşimovun ömür-gün yoldaşı Ofelya Salmanova ilə videoformat vasitəsilə əlaqə saxlanılıb. Ofelya xanım Polad Həşimovla bağlı xatirələrini bölüşüb və kitabın ərsəyə gəlməsində müəllifə öz dərin təşəkkürünü ifadə edib.

        Müəllif Səmayə Mirzəyevə qələmə aldığı kitab haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. O qeyd edib ki, kitabda Birinci Qarabağ müharibəsi və Vətən Müharibəsi zamanı şəhid olan igidlərimizin qəhrəmanlıqları barədə geniş bəhs olunub. Səmayə xanım kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdarlığını bildirib.  

        Tədbirdə Gəncə Uşaq Evinin sakinləri tərəfindən şəhidlərə həsr olunan səhnəciklər və şeirlər nümayiş olunub. 

        Sonda “Şəhidlikdən qələbəyə gedən yol” adlı kitabı tədbir iştirakçılarına təqdim olunub. 

        Qeyd edək ki, kitabın müəllifi, Əməkdar müəllim Səmayə Mirzəyevə uzun illər Gəncə Uşaq Evində könüllü olaraq müəlliməlik edib, hazırda yaş həddi ilə əlaqədar olaraq təqaüddədir.






























Paylaşın:

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blogger tarafından desteklenmektedir.