Rahilə Hacıyeva başına gələn faciələri “Xocalının səsi” qəzetinə danışdı:
- Xankəndində Atarbekov küçəsində qalırdıq. Ermənilər Xankəndindən azərbaycanlıları çıxarmaq üçün hər əmələ əl atırdılar. Onlar Qarabağ bizimdir deyirdilər. 1988-ci ildə ermənilər bizi evimizdən didərgin saldılar. Bir gecə ermənilər evlərimizə od vurmağa başladılar. Biz məcburən Kərkicahan meşəsi istiqamətindən Şuşaya tərəf üz tutduq. Doğma yurd yerimizdən didərgin düşsək də, güman edirdik ki, haqq-ədalət öz yerini tapacaqdır. Qaçaqaçda oğlum Elbrus düşmən gülləsi ilə kürəyindən yaralandı. Mən qorxu içərisində uşağın yarasına baxmağa macal tapmadan meşə ilə qaçırdım. Çox çətinliklə gəlib Şuşaya çatdıq. Şuşaya çatanda oğlum artıq dünyasını dəyişmişdi. Bu ağırını heç bir zaman yadımdan çıxarda bilmərəm. Elbrusun ölümündən sonra düşmənə olan kinim, nifrətim artdı. Uşaq qatilləri ananı baladan ayrı saldılar.
Şuşada qalmağa yerimiz yox idi. Bizi Xocalıda tikilən fin evlərdə məskunlaşdırdılar. İpək fabrikində işləməyə başladım. Ancaq Xocalıda da rahatlığımız olmadı. Sanki bir müsibətin ağuşundan qaçıb digər müsibətin ağuşuna girirdik. Bədxah düşmənlər Xocalını mütəmadi olaraq atəşə tuturdular. Bir gün düşmənin atdığı mərmi bizim evimizə düşdü. Evimiz bir dəqiqənin içində yanıb kül oldu. Xankəndindən pənah gətirdiyim Xocalıda da düşmən bizə faciələr yaşatdı. Daha sonra Xocalıdakı ikimərtəbəli evlərə köçdük. Yoldaşım Mustafayev Vidadi Şəfa oğlu 3 il 6 ay Əfqanıstanda xidmət etmişdi. Onun qara kağızı gəlmişdi. Vidadini saxlayan nənəsi qara kağız gələndən bir neçə gün sonra dünyasını dəyişdi. Ancaq gözlənilməz təsadüf nəticəsində Vidadi evə qayıtdı. Əfqanıstanda döyüş yolu keçən Vidadi oğlumuzun ölümü ilə, düşmənlərin torpaqlarımıza göz dikməsi ilə barışa bilməzdi. O, Xocalının Özünü Müdafiə Batalyonuna yazılaraq kəşfiyyatçı kimi Vətənin müdafiəsinə qalxdı. Xocalını Kətik dağı tərəfdən atəşə tuturdular. Vidadi atəşin istiqamətini öyrənmək, düşməni susdurmaq məqsədilə gecə 02:00 radələrində Kətik dağı istiqamətində gedir. Erməni quldurları 16 qrad qurğusunu Xocalıya tuşlamışdılar. Onlardan 2-si atılsa da, 14-ü dolu idi. Döyüş yoldaşları ilə düşmənləri tərkisilah edərək həmin qurğunu dağdan endiriblər.
1992-ci il fevral ayının 25-i günü Vidadi evə gəlib bizə dedi ki, axşam yaralıları Ağdama tərəf keçirəndə sizi də onlarla birlikdə aparacağam. Amma Vidadi axşam evə gəlib çıxmadı. Ermənilər isə köməksiz qalan Xocalıya daxil olub evləri bir-bir yandırırdılar. Günahsız insanları qətlə yetirirdilər. Vidadinin döyüş yoldaşı Alxanın ailəsi də bizdə idi. Alxan bizə köməyə gəlmişdi. Vidadini ondan xəbər alanda, mənə o gələcək dedi. Alxan bizi hamama salıb gizlətdi. Evə qumbara atacaqlarını bildirdi. Uşaqları sakitləşdirməyə çalışırdıq. Mən əlimlə qızımın ağzını yummağa çalışdım. Qızım ağlaya-ağlaya ana, məni boğma, bəlkə bizi tapmayacaqlar dedi. Qızımın qışqırığına ermənilər bizim yerimizi tapdı. Bizi aşağı mərtəbəyə endirdilər. Orada 20-yə qədər erməni saqqallısı Alxanı bərk döyməyə başladı. Alxanı ölüm gözləyirdi. Onu yerlərdə təpikləyirdilər, avtomatla vururdular. Yoldaşı Fatiməyə Alxanın üzünün qanını təmizlətdirir və yenidən döyürdülər. Ölümünə dəqiqələr qalmış erməninin birinin əlindən tutaraq dayanmağını istədi. Əlinin arxası ilə üzünün qanını sildikdən sonra mənə imkan verin, o qadına sözüm var dedi. Alxan əzab içində mənə baxaraq bunları söylədi: - Rahilə bacı, məni bağışla. Sizə ökmək edə bilməsəm də, ayrı sözüm var. Vidadi gəlməyəcək. Vidadi əgər siz düşmən əlinə keçməli olsanız, onda sizi öldürməyimi məndən xahiş etmişdi. Ancaq siz 9 nəfər olduğunuzdan mən bir qərar verə bilmədim. O, cibindən 6 ədəd avtomat gülləsini çıxardıb yerə tulladı. Hiss olunurdu ki, Alxanı düşmənin vurduğu zərbələrin ağrısından çox, Vidadiyə verdiyi sözü yerinə yetirə bilmədiyinə görə, düşmənə əsir olduğumuz üçün mənəvi ağrılar incidirdi. Alxana yoldaşının yanında əlini-qolunu bağlayıb işgəncələr verirdilər. Onun əlini bağlasalar da, dilini kəsə bilmirdilər. Son nəfəsinədək Alxan erməni quldurlarını təhqir etdi. Qarabağ heç bir zaman sizin olmayacaq deyərək onların cavabını verirdi. Erməninin biri bıçağını çıxardıb bu türk millətinin qanını nə qədər içsəm ürəyim soymaz dedi. Sonra Alxanın başını kəsdilər. Alxanın başını kəsən erməni onun həyat yoldaşı Fatiməni sürükləyərək apardı. Fatimə fəryad qoparırdı. Huşunu itirmiş Fatiməni yerlərdə sürüyürdülər. Bu günahsız insanların iki oğlu bizim yanımızda qaldı.
Ermənilər həyat yoldaşımın hərbçi olduğunu bləndən sonra məni bərk döydülər. Məndən silah anbarlarının yerini soruşur, cavab vermədikdə isə daha da şiddətlə döyürdülər. Üstümüzdəki pulları, sənədləri də aldılar.
Erməni quldurlarından biri mənim Xocalıya hardan gəldiyimi soruşdu. Mən ona Şuşanın Quşçular kəndindən Xankəndinə, oradan isə Xocalıya köçdüyümüzü bildirdim. Həmin erməni üzümə gülümsəyərək sənin atanı tanıyıram dedi. İçimdə bir az rahatlıq tapdım. Güman etdim ki, bizə mərhəmət edəcəklər.
Bizi döyə-döyə köhnə təcili yardım maşınına yığaraq Əsgərana tərəf apardılar. Yollara baxmağımızı qadağan etdilər. Mən halsız olduğum üçün başımı aşağı saldım, ağrıdan başımı onsuz da qaldıra bilmirdim. Yolda başımı qolumun altından qaldırıb pəncərədən çölə baxanda gördüm ki, bizim kimi Xankəndindən Xocalıya pənah gətirən Muğana yoldaşı ilə birlikdə işgəncələr verirlər. Muğaının arvadı hamilə idi. Erməni quldurları bir anın içində onun qarnını yararaq uşağı çıxardıb yerə atdılar. Bu dəhşətli hadisə mənim gözlərimin qabağından həyatım boyu getməz. Sonra bizi faner evlərə tərəf apardılar. Evlərin qarşısındakı hasarlarda kəsilmiş uşaq başları var idi, körpə uşaqları xaç şəklində hasara vurmuşdular. Gözlərimin qabağına gəldi ki, mənim uşaqlarım da belə edəcəklər. Mən orada özümdən getmişəm. Bir vaxt ayıldım ki, Əsgəranın Milis bölməsində kameradayam. Kameraların hamısı uşaq, qoca, qadınla dolu idi. Qaradağlı kəndinin əsirlərindən də var idi. Əsirlərə ağlsığmaz işgəncələr verirdilər. Onların qollarını, qılçalarını qırır, bədənlərini yandırırdılar. Mənim bədənim bütün dağ yeridir. Mənə də çox işgəncələr verdilər. Deyirdilər ki, Vidadinin yoldaşı olduğunu boynuna al. Mənim qoynumdan Vidadinin sənədlərinin çıxmışdı. Erməni bildi ki, mən Vidadinin həyat yoldaşıyam. Amma buna tam əmin olmaq üçün mənim dilimdən eşitmək istəyirdi.
Dombay mənə dedi ki, Rahilə, Vidadi də burdadır. Qılçalarından ağır yaralıdır, çox qan itiribdir. Deyir ki, nəbadə məni tanıdığı məni bildirərlər. Onların gətirib məni yanımda öldürməsinlər, kənarda öldürsünlər. Ermənilər 15 nəfərin başına pul qoymuşdu, onlardan biri də Vidadi idi. Ona görə də mən baldızımı və orada olan iki qızı yatağın altında gizlətdim. Bəlkə də 100-150 nəfər qadın var idi. Hamısı bir-birinin qucağında oturmuşdu. Yatağın qarşısında oturmuşduq ki, qızları çıxartmasınlar.
Bir qədər sonra erməni quldurunun biri içəri girib qışqıraraq Vidadinin bacısı kimdir soruşdu. Dedi ki, qardaşı onu yanına çağırır. Baldızımın da adı Rahilədir. Rahilə başını yatağın altından çıxartmaq istəyəndə ayağımla onu geri itədim. Mən Rahiləni bir nəfər erməninin buradan apadığını dedim. O, hirsli-hirsli çölə çıxdı.
Əsir düşərgəsində gənc qadınlar üzlərini şalla bağlayırdılar ki, onların üzünü ermənilər görməsinlər. Qadınlar qızlarımızın üzlərini eybəcər hala salırdılar.
Bir neçə dəqiqədən sonra həmin erməni içəri girib Vidadi həyat yoldaşını çağırır dedi. Kameralardakı qadınlar məni müdafiə edərək burada yoxdur dedilər. Mən də onlara qoşularaq Vidadinin yoldaşı burada yoxdur dedim. Erməni qulduru fənəri üzümə tutaraq dedi ki, Vidadinin yoldaşı elə sən özünsən. Uşağı qucağımdan alıb qadınların üstünə tulladı. Sonra məni sürükləyə-sürükləyə bir otağın içinə dartdı. Otaqda meyitlərdən tərpənməyə yer yox idi. İnsan vahiməyə düşürdü. O, məni nə qədər dartsa da içəri sala bilmədi. Avtomatın qundağı ilə məni vəhşicəsinə döyərək mənə dedi ki, dünən yoldaşın qumbara ilə qardaşımı və 15 nəfər əsgər yoldaşımı öldürüb. Boynuna alsan da, almasan da səni uşaqlarınla birlikdə öldürəcəyəm. Qardaşımın 20 yaşı var idi. Onun hər yaşıan görə 20 nəfər əsirin başını kəsəcəyəm dedi. Mən bütün işgəncələrə dözərək Vidadini tanımıram deyirdim. Erməni isə mənə hələ baldızımı da tapacağını və geridə qalan sülaləmizi yandıracağını deyirdi. Bu söhbət əsnasında güclü atışmalar oldu. Ağdam tərəfdən Əsgərana hücum olunmuşdu. Məni döyən erməni dayan gözlə, gələcəyəm deyərək məni əsirlərin yanına qaytarıb etdi. Qadınların üzü al-qan içində idi. Bizi tez-tez gəlib döyürdülər, dözülməz işgəncələr verirdilər. Hər saatda aramızdan bir qadını aparırdılar. Onların sonrakı taleyi məlum olmurdu. Qayınatamın qohumlarından Arazı da qızı ilə birlikdə əsir tutmuşdular. Araz məni görəndə yalvararaq xahiş etdi ki, onun qızını qoruyum. Arazı çox döymüşdülər. Ayaq üstə durmağa taqəti qalmamışdı.
Aradan bir neçə saat keçdikdən sonra məni döyən erməni yenidən içəri girdi. Məni çölə çıxardanda Arazın çarmıxa çəkildiyini gördüm. Orada Aşot adında erməni məni tanıyıb həmin erməninin əlindən aldı. Aşot mənə dedi ki, yoldaşınla birlikdə beş nəfərin başını erməni qəbrinin üstündə kəsdilər. Sizin də başınızı kəsmək istəyirlər.
Aşot məni təkrar içəri gətirdi. Uzunsaçlı baldızım Rahiləni ermənilər saçından dartıb sürüyür, işgəncələr verirdilər. Qızım da işgəncələrə məruz qalırdı.
Qardaşı ölən erməni məni yenidə apardı. O, bıçağı çənəmin altından basaraq Vidadinin yoldaşı olduğumu boynuma qoymağa çalışırdı. Bu vaxt Dombay irəli çıxaraq qolu yaralı olan erməniyə ağır zərbə vurdu. Onun əlindəki bıçaq qoluma düşdü. Qolumu qan apardı.
Bir müddət sonra bacımın yoldaşı Eldarın əsir tutduğu ata-oğul olan iki ermənini 13 nəfər azərbaycanlı ilə dəyişdilər. Onların içində biz də var idik. Hamı bizim öldüyümüzü düşünürdü. Məni qəargahda tanıyan qayınatamın qardaşı oğlu, dünən sizin yeddinizi keçirdib ehsan verdik dedi. Qayınanam bizi görəndə, Allahım, balalarım sağdır, inşallah Vidadi də gələcək deyərək nalə çəkdi. Qızımın ayağı sınmışdı. Baldızımın isə yarasının qanı dayanmırdı. Sonra bizi xəstəxanaya yerləşdirdilər. Bir neçə gündən sonra qayınatam məndən Vidadinin başına nə gəldiyini soruşdu. Mənə dedi ki, eşitmişəm Vidadinin başını kəsiblər, bu doğrudur? Mən bu xəbəri artıq təsdiqləməli oldum. Son ümidi də əlindən alınan kişi nalə çəkərək özünü yerə vurdu.
Ağdam da xəyanəti qurbanı oldu Dağ boyda dərdlərlə gəldiyimiz Ağdamdan Azad adlı döyüşçü bizi Şəkinin Böyük Dəhnə kəndinə öz evinə apardı. Bizə öz doğmaları kimi baxdılar. Ancaq yağı düşmən bizə dağ çəkməkdə davam edirdi. Məni anasına bacısı kimi tapşıran Azad şəhidlik zirvəsinə ucaldı. Sanki erməni bizi pənah apardığımız yerlərdə təqib edir, evimizi yandırır, əzizlərimizi qətlə yetirməklə bizə sağalmaz yaralar vururdu.
Baldızım Rahilə əsirlikdən qurtarıldıqdan bir neçə ay sonra çəkdiyi iztirablardan dünyasını dəyişdi. Bütün bu itkilər az imiş kimi, qızımı da torpağa tapşırdım.
Rahilə Hacıyeba hal-hazırda məcburi köçkünlər üçün salınmış Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində müvəqqəti məskunlaşıb. Ömrünə didərginlik həyatı yazılan, qəlbində sağalmaz yaralar gəzdirən Rahilənin doğma torpaqlara qayıdış günü də var. Yenidən Şuşaya, Xankəndinə, Xocalıya qayıtmaq və bu dəfə evi yandırılmadan, doğmalarını, əzizlərini itirmək qorxusu olmadan yaşamaq ümidi onda hələ tükənməyib. Çünki övladının təzə açmış gül kimi düşmən tapdağında qalan məzarı, yoldaşının Xocalıda dolanan ruhu tez-tez onu yuxusunda Qarabağa qayıtmağa səsləyir.
“Xocalının səsi” qəzetində və qəzetin internet
ünvanı olan xocalininsesi.info saytında mütəmadi olaraq Xocalı soyqırımının
canlı şahidlərindən, erməni əsirliyində olmuş sakinlərimizdən alınan müsahibələr
geniş oxucu kütləsinə çatdırılır. Bu dəfəki müsahibim Xocalı soyqırımında
doğmaları şəhid olan, erməni əsirliyində ağır işgəncələr görmüş Hacıyeva Rahilə
Rəşid qızıdır. Rahilə Hacıyevanın başına gətirilən müsibətləri dinləmək mənim
üçün ağır olsa da, erməni vəhşiliklərinin qələmimim gücü çatdığı qədər yaymağı
özümün ən vacib peşə borcum olduğunu da yaxşı dərk edirəm.