Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Mənfur düşmənlər dünya tarixində ən dəhşətli soyqırımı xocalılara yaşatdılar

Artıq 30 il keçir məlum Xocalı faciəmizdən. Amma hələ də hər dəfə xatırlayanda, sanki yenidən yaşamış oluruq o dəhşətli gecəni.

1992-ci il fevralın 25-i bizim Xocalıda keçirdiyimiz son gün oldu. Həmin gecə öz doğma yurdumuzu, evimizi, yaxınlarımızı itirəcəyimizi bilsəydik, hər daşında torpağında xatirələrimiz olan yurdumuzun havasını daha çox udar, o xoşbəxt günlərimizi doya-doya yaşamağa çalışardıq.

Mənfur düşmən Xocalımızın üzərinə qəflətən hücuma keçdi. Artıq neçə vaxt idi ki, tamamilə blokada olan şəhərimizə hücum ediləcəyini gözləyirdik, amma bu qədər dəhşət yaşaya biləcəyimizə inanmırdıq. Ancaq düşmənimiz hiyləgər və məkrli idi. Fevralın 25-dən 26-na keçən gecə qəflətən öz rus havadarlarıyla birgə genişmiqyaslı hücuma keçdi. Güllələrin işığından hər tərəf işıqlandı. Xocalı qeyri-bərabər döyüşdə az qüvvəsi ilə torpaqlarımızın müdafiəsinə qalxdı. Ancaq 366-cı motoatıcı alayın peşəkar hərbiçiləri ilə qarşı-qarşıya gələn qəhrəman oğullarımız layiqincə müqavimət göstərsə də, Xocalımız qan gölünə çevrildi və işğal olundu. Əliyalın əhali canını qurtarmaq üçün şaxtalı, qarlı gecədə meşələrə qaçdılar. Erməni faşistləri tarix boyu öz qəddarlıqları ilə tanınıblar. Bu dəfə də bu xislətlərinin əksinə getmədilər. Dünya tarixində ən dəhşətli soyqırımı biz Xocalılara yaşatdılar. Onlar nə cavana, nə qocaya, nə qadına, nə uşağa aman verməyərək qarşılarına çıxan hər kəsi xüsusi qəddarlıqla öldürürdülər. O dəhşətli gecə toylu-büsatlı Xocalımız qan gölünə çevrildi. Anaların, uşaqların, canını qurtarmağa çalışan köməksiz insanların naləsi ərşə çatırdı. Ölüm maşınının cəngindən qurtarmağa çalışan yerli əhalinin sağ qalanlar isə soyuq, şaxtalı-boranlı qış gecəsində özünü Qarqar çayına vuraraq Ağdam şəhərinə tərəf qaçmağa çalışırdı. Sanki təbiət də bizə qarşı çıxdı həmin gecə. Yaralı, köməksiz Xocalılardan bir hissəsi meşələrdə xilas yolu axtararkən taqətdən düşdü, donaraq həlak oldu. Bir neçə gün meşələrdə azaraq yol tapa bilməyən bir qrup ac həmvətənimizi isə vəhşi erməni faşistləri əsir götürdülər.

 Əsirlikdə keçən dəhşətli günləri təsvir etmək çox daha ağırdır.Ağlasığmaz işkəncələr verən ermənilər, sanki bundan həzz alırdılar. Uşaqlara, cavanlara, yaşlılara qadınlara elə əzazilcəsinə dəhşət yaşatdılar ki, insanlıq tarixində elə işgəncələr olmamışdır. Öldürdükləri insanların cəsədlərini belə təhqir etməkdən 2500 nəfər əhalisi olan doğma Xocalımızın əhalisindən soyqırım zamanı 613 nəfər həyatını itirdi. Bu soyqırım dəhşəti ondan ibarətdir ki, bunlardan 63 nəfəri uşaqlar, 106 nəfəri qadınlar, 70 nəfəri isə yaşlı qocalar idi. 1275 nəfər əsir götürülmüş, bunlardan bir hissəsi əsirlikdə xüsusi qəddarlıqla öldürülmüşdür. 150 nəfərin taleyindən isə bu günə qədər xəbər yoxdur.

O faciədə bir çox yaxınlarım şəhid oldu. Ancaq daha çox sinəmizə dağ vuran isə 30 il ərzində taleyindən heç bir xəbərimiz olmayan 150 nəfərin içərisində qardaşım Məmmədov Kamil Əmir oğlunun həsrətidir.

Qardaşım Xocalı özünümüdafiə batalyonuna könüllü yazılmışdı. Qarabağda erməni separatçıları baş qaldırarkən universiteti bitirdikdən sonra təyinatla göndərildiyi Rusiyanın Çelyabinsk şəhərindən və işindən ayrılaraq digər Xocalılar kimi ərazi bütövlüyümüzü müdafiə etmək üçün Xocalıya gəldi. Rütbəcə baş leytenant idi və soyqırım zamanı əliyalın əhalinin çıxarılmasında fəal iştirak etmişdi. Gülləsi bitmiş və neçə gün meşədə soyuqda, aclıqda taqətdən düşdükdən sonra ermənilər Pirəcamal kəndi yaxınlığında əsir götürmüşdür. Ancaq o vaxtdan taleyindən heç bir xəbər ala bilmədik. Hələ də gözlərimiz yolda, ümidlə xəbər gözləyirik.

Ali Baş Komandan İlham Əliyev müzəffər ordumuzla birgə 30 ildən sonra işğal altında olan torpaqlarımızın bir hissəsini mənfur işğalçıların tapdağından xilas etdi. Ancaq biz Biz xocalılar hələ də həsrətlə öz doğma yurdumuza dönəcəyimiz günü gözləyirik. İnanırır ki, bir gün biz də doğma torpağımıza dönəcəyik və işğal gününü deyil, çal-çağırlı qələbə sevincini Xocalıda qeyd edəcəyik. Yalnız o zaman şəhidlərin ruhu rahatlıq tapar və bizim həsrətimizə son qoyular. İnanırıq ki, yaxın günlərdə biz Xocalıların geri, öz torpaqlarımıza dönüşü başlayar.

Zərifə Məmmədova,

Xocalı  şəhər sakini, şəhid bacısı

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi