Xocalı soyqırımı şahidi: “Xocalıya yalnız Kosalar kəndindən az da olsa kömək oldu”

Xocalı soyqırımı şahidlərindən biri də Əliyev Firudin İsa oğludur. Firudin Əliyev 1958-ci yanvarın 6-da Xocalıda anadan olub. Xocalıda böyüyüb boya-başa çatan Firudin hərbi xidmətini 1976-cı ildə Belarusda çəkib. Əsgərlikdən qayıtdıqdan sonra müxtəlif işlərdə çalışıb. Axırıncı iş yerləri Xankəndində və Xocalıda avtobazada elektrik-qaz qaynaqçısı olub. 1988-ci ildən cərəyan edən ermənilərin seperatçı əməlləri, “miyatsin” çağırışları get-gedə artdığı zamanda Firudin Əliyev bir vətəndaş kimi düşmənlərlə mübarizəyə başlayıb. O, 1988-ci ilin sentyabrın 18-də ermənilər Xocalıya kütləvi hücum edən zaman mərd Xocalı camaatı ilə birlikdə düşmənin qarşısına çıxıb. Firudin Əliyev həmin hadisələri belə xatırlayır:

Erməni quldurları öz havadarlarına arxalanaraq Xocalıya hücumlar təşkil edirdilər. Hiss olunurdu ki, onların arasında narkomanlar da var idi. Bizim əlimizdə olan ov silahlarını yığmışdılar. Lakin, bəzilərimiz tüfənglərimizi rezin kamerə bağlayıb arxın içində gizlətmişdik. Həmin silahların bizə böyük köməkliyi oldu. Xocalıya hücum edən ermənilərin 40-nı Xocalı igidləri məhv etdi. Dayım oğlu Yavər həmin münaqişədə igidlik göstərərək tüfəngi ilə iki erməni quldurunu cəhənnəmə göndərdi. Münaqişə zamanı mən yaralandım. Ermənilərin atdığı daşlar çənəmi qırmışdı. Səkkiz nəfər yaralını gecə Ağdamın xəstəxanasına apardılar. Əsgəran qalasının bəri üzündə ermənilər yolu bağlamışdı. Bədxah qonşular öz murdar xislətlərini hər yerdə biruzə verirdilər.


      Xocalı Özünümüdafiə Batalyonunun üzvü olan Firudin Əliyev doğma Xocalını 
düşməndən qorumaq üçün silaha sarılır. Düşmənin Xocalını raket atəşi altında saxladığı yerlərdən biri Bozdağ idi ki, onların buradakı mövqeyini  zərərsizləşdirmək böyük əhəmiyyət daşıyırdı. Firudun Əliyev 16 noyabr 1991-ci ildə “Bozdağ” əməliyyatında iştirak edib. Döyüş zamanı sol qılçasından güllə yarası alıb. 1992-ci il fevralın 19-da axşam saat 5-ə 5 dəqiqə qalmış Firudin Əliyev döyüş əməliyyatında yenidən yaralanıb. Sağ döş nahiyəsindən girən güllə onun sağ qabırğasını dəlib çıxmışdır. O, soyqırım axşamına kimi ev şəraitində müalicə alıb. Xocalı soyqırımı axşamı ağır yaralı olan döyüşçümüzü xərəkdə şəhərdən çıxardırlar. Firudin Əliyev soyqırım axşamı gördüklərini, ölümlü-itimli, əzab-əziyyətli yollarla düşmənlərin əhatəsindən necə çıxması haqqında danışdı:

- Həmin axşamın dəhşətini sözlə ifadə etmək mümkün deyil. Hava limanının yuxarısında fin evlər tikilmişdi. Əvvəlcə həmin evləri yandırmağa başladılar. Xocalıya çoxlu sayda texnikalar yeritmişdilər. Həmin texnikaların səsləri indi qulaqlarımdadır. Xocalıya heç bir yerdən kömək olmadı. Ermənilər 366-cı motoatıcı alayın ağır texnikaları ilə Xocalıya daxil oldular. Texnikalar işlərini gördükdən sonra erməni quldurları şəhəri yandırmağa və qarətə başladılar. Son anadək beşmərtəbəli binada və digər yerlərdə atışmalar oldu. Xocalını şəhərini Özünümüdafiə Batalyonun üzvləri, Milli Qəhrəman Aqil Quliyevin 21 nəfərdən ibarət dəstəsi müdafiə edirdi. Yalnız Kosalar kəndindən az da olsa köməklik oldu. Kosalardan düşmənə qrad atəşləri ilə cavab verilirdi. Ancaq bu da yetərsiz idi.  

Məni xərəkdə götürdülər. Qarqarçayını keçəndə sürüşüb suya düşdüm. Xərəkdə dağa çıxmaq mümkün deyildi. Kəmərimi açıb sinəmə bağladım ki, qabırğalarım çox tərpənməsin. Belə zülmlə dağa qalxmağa başladım. Meşə meyitlərlə dolu idi. Kətikdə nə qədər meyit qaldı. Uşaqların çığırışmasını, fəryadını xatırladıqca bədənim tir-tir əsir. Körpələrin günahı nə idi axı. Dörd gün meşədə qaldım. Bədənimdə qan qalmamışdı. Qardaşım Əliyev Firdovsi, qardaşımın həyat yoldaşı Əliyeva Heyran Mürşüd qızı, övladları 1982-ci il təvəllüdlü Elçin və 1984-cü il təvəllüdlü Elgiz itkin düşüblər. Onların taleyindən indiyə kimi heç bir məlumatımız yoxdur. Ailədən yalnız 4 yaşındakı Mehdi salamat qalıb. 

- Qardaşınız necə oldu ki, itkin düşdü? Onu son görənlər nə deyirlər?

- Camaat hərə bir tərəfə pərən-pərən olmuşdu. İzdihamın əvvəli-axırı arasında kilometrlərlə məsafə vardı. Bir-birimizdən xəbərimiz olmadı. Qardaşımın övladlarından biri - 4 yaşlı Mehdi atam Əliyev İsa Əbüdləli oğlu ilə 1 aya yaxın əsirlikdə qaldıqdan sonra azad edilib.

- Kətik dağını aşdıqdan sonra hansı tərəfə üz tutdunuz?

- Kətik dağını aşdıqdan sonra Xocalının Naxçıvanlı kəndinə tərəf irəlilədik. Ermənilər Naxçıvanlının ortasında BMP-nin yanında ocaq qalamışdılar. Ocağın tüstüsünə, alovun işığına görə ermənilər bizi görmədilər. Ocaq qalamasaydılar bizi görmüş olacaqdılar. Onlarla aramızdakı məsafəmiz heç 20 metr olmazdı. Naxçıvanlını keçdikdən sonra Qurdlar kəndinə tərəf üz tutduq. Qolumdakı balaca cib yerində yanan güllə saxlamışdım. Onu göyə atdım ki, azərbaycanlı olduğu-muzu bilsinlər. Bizə qarşılayandan sonra məni Ağdama, oradan isə Bakıya apardılar. Ayaq barmalarım donmuşdu. Xəstəxanada ayaq barmaqlarımdan birini kəsdilər. İki aydan artıq müalicə aldım.

        I Qarabağ müharibəsi qazisi Firudin Əliyev Ulu öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli fərmanı ilə “Azərbaycan Bayrağı” ordenli ilə təltif edilmişdir.

Firudin Əliyev hal-hazırda “Xocalı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə elektrik işləyir. O, çalışdığı kollektivin Vətən müharibəsində fədakarlıqlarından da söhbət açdı. Bildirdi ki, düşmənin atdığı snaryaddan qorunmaq məqsədilə əvvəlcədən hazırladığımız zirzəmiyə keçdik. Zirzəmidə kollektivimizin bütün üzvü gecəli-gündüzlü öz peşəsi ilə bərabər, vətəndaşlıq borcunu da layiqincə yerinə yetirməyə çalışdı. Şükürlər olsun ki, xalqımızın həmrəyliyi, Ordumuzun gücü və Ali Baş Komandanımızın qətiyyəti sayəsində bizə qələbəyə nail olduq.

Qalib BƏYMƏMMƏDOĞLU


Yorum Gönder

Daha yeni Daha eski