Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Azərbaycan qadını bütün dövrlərdə dövlətə öz sədaqəti və fədakarlığı ilə seçilmişdir

                 Çoxəsrlik tariximizə nəzər salsaq görərik ki, Azərbaycan qadını tarix boyu öz
fədakarlığı, analıq keydiyyəti ilə milli dəyərlərimizin inkişafına böyük töhvələr verib. Qadınlarımız tarix boyu gözəl ana olmaqla yanaşı, savaş meydanında, klassik ədəbiyyat yaratdığı nümunələrlə, dövlət idarəçiliyində məharəti ilə də öz gücünü, qüdrətini, zəkasını nümayiş etdirib.

                Bildiyimiz kimi, Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlarımız seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir. Azad cəmiyyətimizdə qadınlarımız sürətlə maariflənərək ictimai-siyasi həyatda fəal ediblər. Ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı kimi bu mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsində böyük xidmətlər göstərmişlər. Bu gün də Azərbaycan xanımları dövlətçiliyimizin inkişafı naminə tariximizin yaddaşına yazılan müdrik analarımızın qoyduğu adət-ənənəni, nümunəvi xüsusiyyətlərini daşıyırlar.

Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər. 

Analarımız torpaqlarımızın ərazi bütövlüyü və müdafiəsi uğrunda igid övladlar böyüdərək onları vətənpərvər ruhda tərbiyə edirlər. Vətənin də bir ana olduğunu övladlarına aşılayan analarımız bu müqəddəs amal uğrunda çalışmağın hər kəsin borcu olduğunu uşaq yaşlarından övladlarının fikrinə, düşüncəsinə salırlar. Məhz bu təbliğin, bu ruhun yüksək səviyyədə aşılanmasının nəticəsidir ki, Vətən müharibəsində Azərbaycan gəncləri torpaqlarımızın düşmən tapdağı altından azad edilməsi uğrunda igidliklə döyüşlərə atıldılar. Övladları şəhid olan analarımız, həyat yoldaşı, qardaşı şəhid olan bacılarımız qürur və fəxr hissi ilə başlarını dik tutaraq təki Vətən yaşasın dedilər.

Azərbaycan qadını arxa cəbhədə də öz hünərləri, fədakarlıqları ilə döyüşçülərimizə arxa-dayaq oldular. Xocalı dərdli Nəzakət Salmanova Vətən Müharibəsində yüzlərlə əsgərimizə ana əvəzi oldu. Xocalı soyqırımında anası, bacısı, bacısının altı yaşlı oğlu, qardaşı şəhid olmuş Nəzakət ana sözün əsl mənasında özünü oda verərək isti çörəklərini, yeməklərini əsgərlərimizə pay etdi. Əlləri çörək qoxulu nuranə ana arxa cəbhəmizin böyük dayaqlarından oldu. 

Bir Xocalı qadını kimi qeyd etmək istəyirəm ki, həm Xocalının müdafiəsində, həm də Xocalı soyqırımı zamanı qadınlarımız torpaqlarımıza bağlı layiqli vətəndaş, fədakar ana, Azərbaycan kişisinin qeyrət və namusunu öz canından artıq tutan bir bacı kimi düşmənə göz dağı olublar. Bunlara misal olaraq soyuq, qarlı meşədə düşmənin Xocalı sakinlərinin yerini bilməməsi üçün öz körpəsini boğaraq səsini dayandıran qadınımızı, əsirlikdə qızlarımızın üzünü tanınmaz hala salan analarımızı, yeri gələndə əllərinə silah alaraq döyüşən qadınlarımızı göstərmək olar.

 Çağdaş Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, xalqın inanıb səs verdiyi deputatdır. Bu fəallıq Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir. Ulu öndər Heydər Əliyevin qətiyyətli addımları nəticəsində 1993-cü ildən qadınların ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilib. Heydər Əliyevin Azərbaycan qadını ilə bağlı fikirləri olduqca qiymətlidir: "Azərbaycan xalqı həmişə qadına, onun cəmiyyətin həyatında oynadığı rola, tutduğu yüksək mövqeyə böyük hörmətlə yanaşmışdır. Xalqın ən əziz, qiymətli və müqəddəs hesab etdiyi vətən, torpaq, dil anlayışları ana adı ilə bərabər tutulmuşdur. Qadın adına göstərilən dərin ehtiram, sonsuz ana məhəbbəti söz və sənət abidələrimizdə öz parlaq təcəssümünü tapmışdır. Ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli nümayəndələri öz əsərlərində Azərbaycan qadınının mərdliyini, gözəlliyini, mənəvi saflığını vəsf etmişlər".

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyeva müasir Azərbaycan qadınını təcəssüm etdirir. O, həm ictimai xadim, həm ailə xanımı, həm ana kimi bütün qadınlarımıza cəmiyyətin həyatında layiqli yer tutmaq nümunəsini göstərir. Azərbaycan qadını üçün səciyyəvi olan humanizm, qayğıkeşlik və insanpərvərlik kimi ali mənəvi keyfiyyətlər Mehriban xanım Əliyevanın şəxsiyyətində daha parlaq təcəssümünü tapır. Onun fəaliyyəti milli-mənəvi dəyərlərə söykənən və intellektual yüksəlişə xidmət edən ideyaların cəmiyyətdə daha da zənginləşməsinə və möhkəmlənməsinə yönəlmişdir.

Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.

Azərbaycanda dövlət qadın siyasətinin davam etdirilməsi sayəsində qadınınların cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər.

Qadınlarımızın aktiv fəaliyyəti həyatın bütün sahələrini əhatə edir. Qürurverici haldır ki, hazırda Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə yüzlərlə qadın xidmət edir, Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirirlər. Mülki işlərdə çalışan qadınlarımızın da əməyi yüksək qiymətləndirilir.

8 Mart - Beynəlxalq Qadınlar Günü ölkəmizdə rəsmi bayram günü kimi qeyd olunur. Hər il bayram günü ərəfəsində dövlət başçısı 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayır, Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar verir, digər bir qrupu isə orden və ya medallarla təltif edir. Bu il də Azərbaycan Respublikasının ictimai-mədəni həyatında səmərəli fəaliyyətlərinə görə və 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə 07 mart 2022-ci il tarixli Sərəncamına bir qrup xanımlar “Tərəqqi” medalı ilə təltif edilmişdir. Eyni zamanda ölkə başçısı 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünlanlayıb.

 Lamiyə Qarayeva, 

Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini, 

İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri

 

 

 

 

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi