Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Azərbaycanlıların kütləvi şəkildə öldürülməsini, repressiyalara məruz qalmasını XX yüzilliyin ən qanlı səhifələrindən biri hesab etmək olar

         Zaman - zaman tariximizi vərəqlədikcə onun XX əsr intibahı, keşməkeşliyi, tərəqqisi və tənəzzülü bəzən zamanın yükündən də ağır görsənir. Azərbaycan xalqı hər zaman çiyinlərini bu yükün altına qürurla, dəyanətlə, qəhrəmancasına verib. Əsrlər boyu tariximizdə çox döyüşlər, müharibələr baş verib. Bu müharibələrin törədilməsində başlıca səbəbləri, əsasən, hər hansı bir dövlətin başqa bir dövlətə torpaq iddiası, var-dövlət hərisliyi, dünya ağalığı xülyası və s. olmuşdur. Bu müharibələrdən ən dəhşətlisi isə hər hansı bir millətin, xalqın kökünü kəsmək, Yer üzündən silmək məqsədini güdən müharibələrdir. Ən pisi də odur ki, soyqırımları törədənin özü ustalıqla maskalanır, öz əməlini, vəhşiliyini ört-basdır edir, dünya ictimaiyyətini çaş - baş salır, əsrlərlə öz məkrli siyasətlərini yürüdür, nəsilləri bu ruhda tərbiyə edir. Məqam gələndə cildini dəyişə bilir, haqlını “günahkar “kimi qələmə verməyə çalışır, özünə tərəfdarlar tapır. “Dənizdən - dənizə Böyük Ermənistan “yaratmaq xülyası ilə məkrli “qonşularımız”məhz belə qırğınlar, soyqırımlar törədənlərin önündə getmişdir. Xalqımız Sovet hakimiyyəti illərində beynəlmiləlçilik ruhunda tərbiyə olunduğundan əbədi düşmənimiz olan ermənilərin törətdikləri dəhşətli faciələr unudulmuşdur. Hətta olanları yaddaşımızdan silmək üçün indiki Şəhidlər xiyabanı olan Çəmbərkənd qəbiristanlığı köçürülmüş, yerində böyük bir park salınmışdır. Xalqımızın ən böyük düşməni olan daşnak Şaumyanın adını əbədiləşdirmək üçün heykəli ucaldılmış, adına parklar salınmış, onlarca kəndlər, qəsəbələr, küçələr, kitabxanalar bu cəlladın adını daşımışdır. Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq Rusiyanın çoxdankı planı idi. Ona görə də Şimali Azərbaycanın işğal edilmiş bölgələrinə İran və Osmanlı imperiyasından ermənilərin köçürülməsi təsadüfi deyildir. Hələ I Pyotrun dövründə əsası qoyulmuş rus-erməni münasibətlərini həyata keçirmək üçün əlverişli şərait yaradılmışdır. Erməni katalikosu Nerses Aştaraketsi köçürməni həyata keçirmək üçün xüsusi layihə hazırladı. Rusiyanın İrandakı səfiri A. S. Qriboyedov bu layihənin reallaşmasında əlindən gələni əsirgəmədi. A. S. Qriboyedov və general İ. F. Paskeviç müqavilə hazırlanarkən İrandan ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi məsələsini də unutmadılar.Köçürülənlərə geniş imtiyazlar verildi. Onlar 6 il müddətində hər cür vergi və mükəlləfiyyətlərdən azad edilmiş, İrandan alınan təzminat hesabına onlara vəsait ayrılmışdır. İrandan Azərbaycana 40-50 min nəfər erməni köçürülmüşdür. Bundan başqa 1828-1829 - cu illərin Rus-Osmanlı müharibəsində osmanlıların məğlub olması Kiçik Asiyadan da ermənilərin köçürülməsinə əlverişli şərait yaratdı. Köçürülən ermənilərin Cənubi Qafqazda, xüsusən Şimali Azərbaycanda məskunlaşdırılması qərara alınmışdır. Ermənilər regiona köçürülərkən onların Şimali Azərbaycan torpaqlarında, xüsusilə Naxçıvan, İrəvan və Qarabağda yerləşdirilməsi ən mühüm əhəmiyyət verilirdi. Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, Yelizavetpol(Gəncə) əyalətinin dağlıq və dağətəyi hissəsi, eləcə də Göyçə mahalında gəlmə ermənilər məskunlaşmışdılar. Ermənilərin Şimali Azərbaycan torpaqlarında məskunlaşdırılması prosesi bütün XIX əsrdə, eləcə də sonrakı dövrlərdə davam etdirilmişdir. Erməni havadarlarının maddi və hərbi-siyasi dəstəyi ilə XIX - XX əsrlərdə müəyyən mərhələlərlə azərbaycanlılara qarşı kütləvi qırğınlar və soyqırımlar törətmiş, deportasiyalar həyata keçirmişlər. Həmin soyqırımların ilk mərhələsi 1905-1906 - cı illəri əhatə edir. Tarixə ilk olaraq “erməni - müsəlman qırğınları” kimi düşən bu qanlı faciələri hüquqi - siyasi baxımdan azərbaycanlılara qarşı soyqırım adlandırmaq onun mahiyyətinə tam uyğun gəlir. 1905-1906-cı illərdə Rusiyada baş verən iğtişaşlardan fürsət kimi istifadə edən ermənilər əvvəlcə Bakıda, sonra da İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda, Qazaxda və Tiflisdə dinc azərbaycanlılara qarşı qırğınlar törətmişlər. Erməni silahlı dəstələri İrəvan - Naxçıvan - Zəngəzur-Qarabağ istiqamətində və Qazax-Gəncə istiqamətində yerləşən azərbaycanlı yaşayış məskənlərinin əhalisini qırmaqla, qovmaqla və həmin ərazilərdə erməniləri gələcək Ermənistan dövlətinin əsasını qoymaq istədilər. Sayları on mindən artıq olan erməni silahlı birləşmələri əvvəlcə Bakıda, sonra İrəvan şəhərində və onun ətraf kəndlərində, Üçkilsə, Şərur - Dərələyəz və Naxçıvan qəzalarında, Şuşa, Cavanşir, Cəbrayıl, Qazax, Tiflis şəhərində kütləvi qırğınlar törətmiş, 200-dən artıq yaşayış məntəqəsini viran qoymuşlar. 1917-ci il oktyabr çevrilişi və hakimiyyətə kommunistlərin gəlməsi zamanı yaranmış vəziyyətdən istifadə edən erməni millətçiləri və onların cəmləşdiyi “Daşnaksütun “partiyası Bakıda və digər yerlərdə azərbaycanlılara qarşı mitinqlər keçirməyə başladılar. 1918-ci il mart ayının 30-da erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi müsəlmanlara ilk atəş açdı. 31 mart səhər tezdən bolşevik - daşnak dəstələri azərbaycanlılar yaşayan “Kərpicxana” , “Məmmədli “və başqa məhəllələrə hücum etdilər. Həmin məhəllələri havadan təyyarələr, dənizdən isə hərbi gəmilər bombalamağa başladılar. Ermənilər rusları inandırmışdılar ki, guya İçərişəhərdə azərbaycanlılar rusları qırıblar. Matroslar bunun yalan olduğunu biləndən sonra atəşi dayandırsalar da, artıq gec idi,alova bürünmüş məhəllələrdə ölənlərin sayı - hesabı yox idi. Erməni faşistləri heç kimə rəhm etmirdilər, qarşılarına çıxan hər kəsi türkdür deyə dərhal qətlə yetirirdilər. Onlar evləri qarət edir, adamları yandırır, hamilə qadınları işgəncələrlə qətlə yetirirdilər. Azərbaycanlılara məxsus məktəbləri, kitabxanaları, mədəniyyət ocaqlarının hamısını yandırırdılar. Hətta İçərişəhərə hücum zamanı aprelin 2-də A. Mikoyanın başçılığı ilə yaradılmış “İnqilabi müdafiə adı ilə çıxış edən bu quldur dəstələri Bakının ən gözəl memarlıq abidələrindən biri olan, Ağa Musa Nağıyevin oğlu İsmayılın əziz xatirəsini əbədiləşdirmək üçün tikdirdiyi “İsmailiyyə”binasını yandırmış, “Açıq söz", ” Kaspi", “Baku” qəzetlərinin redaksiyalarını dağıtmışdılar. Təpədən dırnağa qədər silahlanmış erməni əsgərləri müsəlmanların evlərinə basqınlar edərək onları vəhşicəsinə öldürür, körpələrə, qocalara aman vermirdilər. Qadınlar daha ağır şəkildə öldürülürdü. N. Nərimanov erməni vəhşilərinin törətdikləri haqqında belə deyirdi:”Bolşeviklər bir müsəlmana belə aman vermədilər. Müsəlmanlara hər cür cinayəti etdilər”. Erməni quldurları Şamaxı qəzasında 58 kəndi, 7 minədək adamı, Quba qəzasında 122 kəndi yandırmış, on minə yaxın dinc əhalini vəhşicəsinə qətlə yetirmişlər. Mart hadisələri əslində bolşeviklərin daşnaklarla birlikdə həyata keçirdikləri milli qırğın idi. Azərbaycanlıların soyqırımı haqqında Ulu öndərin 26 mart 1998-ci il tarixli fərmanından:”Birinci Dünya Müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər və… Bakı kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər.

        Yenə də ermənilər öz məkirli planlarını həyata keçirmək niyyətində idilər. 1992-ci ilin fevralında Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdular. Tariximizə Xocalı soyqırımı kimi həkk olunmuş bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə qurtardı. Əlbəttə ki, Xocalı faciəsini bu soyqırımlar içərisində qeyd etməsək olmaz. Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Cənab Prezidentimiz İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Heydər Əliyevin xarici siyasət kursunun həyata keçirilməsində, o cümlədən Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında uğurlu addımlar atıldı. Ali Baş Komandanımız İlham Əliyev cənablarının rəhbərliyi ilə 2020-ci ildə başlanan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının cəsarətini bir daha sübut etdi. 44 günlük Vətən müharibəsi bütün dünyaya göstərdi ki, Azərbaycan haqq yolundadır, bir yumruq kimidir. Bu birlik heç bir zaman pozulmayacaq.

Sevda Məmmədova,

Xocalı rayon gənci 

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi