YAP Azərbaycanda siyasi plüralizmin və dinamik inkişafın təminatçısıdır

              Heydər Əliyev siyasəti bərqərar olandan Azərbaycanda bütün sahələrin dinamik inkişafı uğurla təmin olunmuş və hal-hazırda ölkəmiz inkişaf  etmiş ölkələrlə eyni cərgədə dayanır. Buna ölkəmizdə  aparılan  uzaqgörən, məqsədyönlü siyasət, sürətli inkişafı təmin edən genişmiqyaslı islahatlar nəticəsində nail olunmuşdur. Azərbaycan dünyada islahatçı ölkə kimi tanınır. Son illər ölkəmizin bütün sahələrində aparılan məqsədyönlü islahatlar həm də siyasi partiyaların fəaliyyəti sahəsində aparılıb. Bu mənada Yeni Azərbaycan Partiyasının 5 mart 2021-ci il tarixdə keçirilmiş VII qurultayında qəbul edilmiş qərarlar və ondan sonra həyata keçirilən tədbirlər ölkəmizin ictimai-siyasi həyatında mühüm əhəmiyyətli dəyişikliklərə gətirib çıxarmışdır.

               Ölkəmizdə Heydər Əliyev siyasətinin bərqərar olması, İlham Əliyev cənablarının siyasi hakimiyyətə gəlməsi ilə bu siyasətin 2003-cü ildən yeni məcraya qədəm qoyması ilə bütün sahələrin inkişafını təmin edən uzaqgörən, məqsədyönlü islahatlar kursu dövlətimizin gücünün artmasını, yeniləşməni və müasirləşməni təmin edən çox mühüm amillərdən biridir. Yeni  Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda  aparılan  islahatlar  kursu   müasir çağırışları, milli maraqları və ictimai-siyasi münasibətləri özündə ehtiva  etməklə kompleks xarakter daşıyır, ardıcıl və məqsədyönlüdür. Dövlət başçısının islahatlar kursu Azərbaycanın bugünkü inkişafını təmin, gələcək strateji hədəflərinin gerçəkləşməsini mümkün edən  amillərdəndir. Ümumiyyətlə, yeni nəsil islahatlar kursunun və milli inkişafın Azərbaycan modelinin müəllifi olan Prezident İlham Əliyev dünyada innovativ baxışlara, kreativ siyasi düşüncəyə malik, modern idarəetmə sistemi yaradan lider kimi tanınır. Dövlət  Başçısının siyasətinin proqressiv nəticələri özünü bütün sahələrin inkişafına nail olunmasında göstərir. Sistemli və çoxşaxəli səciyyə daşıyan  kadr, struktur islahatları idarəetmənin səmərəliliyi və çevikliyinin artmasını təmin etməklə yanaşı, vətəndaş  məmnunluğuna, xalq-iqtidar birliyinin, milli həmrəyliyin güclənməsinə xidmət göstərir. Bu, XXI əsrin üçüncü onilliyinə Azərbaycanın müasir tendensiyalara və siyasi trendlərə cavab verən suveren ölkə kimi irəliləməsini-milli hədəfləri reallaşdırmasını təmin edir.

                Çoxşaxəli  islahatlardan bəhs edərkən siyasi islahatların əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. İslahatlar nəticəsində yeni siyasi  strukturun  formalaşması, siyasi dialoq prosesinin dərinləşdirilməsi, yeni siyasi partiyaların qeydiyyatdan keçməsi, vətəndaş cəmiyyəti təsisatlarının inkişafına xidmət edən addımların atılması Azərbaycanda mühüm prioritetlərin reallaşdırılmasına, milli həmrəyliyin gücləndirilməsinə təkan vermişdir.

                2003-cü  ildən Azərbaycanda siyasi  hakimiyyətə  gələn  Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində möhtəşəm qələbənin qazanılmasından, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpasından sonra  ölkəmizin  qarşısında yeni çağırışlar meydana çıxıb. Yeni dövrün reallıqlarına uyğun olaraq siyasi inkişafa xidmət edən islahatların aparılması, sosial-iqtisadi yüksəlişin davamlılığının təmin olunması, milli birliyin, Azərbaycanın beynəlxalq arenada və qlobal informasiya müstəvisində mövqeyinin daha da gücləndirilməsi, Böyük Qayıdışın - layiqli və dayanıqlı məskunlaşmanın həyata keçirilməsi, tarixi Qələbənin nəticələrinin möhkəmləndirilməsi və digər milli məqsədlər strateji prioritetlər kimi müəyyənləşdirilib. Hakim və alternativsiz siyasi qüvvə olan Yeni Azərbaycan Partiyasının bu istiqamətdə müəyyənləşdirdiyi strategiya  nəticəsində ölkəmiz inkişaf etmiş dövlətlər cərgəsində qərarlaşmışdır.

                  İlham  Əliyev cənablarının apardığı uğurlu və məqsədyönlü  siyasət ölkəmizdəki  bütün  siyasi  partiyaların  fəaliyyətinə  münbit  şərait  yaradır.  Artıq  Yeni Azərbaycan Partiyası ilə müxalifət  partiyaları arasında ölkəmizin inkişafı  naminə qarşılıqlı əməkdaşlıq və həmrəylik şəraitində fəaliyyət mövcuddur. Vətən  müharibəsi zamanı bu həmrəyliyin, qarşılıqlı əməkdaşlığın sayəsində Azərbaycan tarixi qələbəni əldə etdi. 

                5 mart 2022-ci il tarixdə keçirilən VII qurultayda Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinin təsdiq edilməsi fəaliyyətin müxtəlif istiqamətlərinin müəyyənləşdirilməsi baxımından önəmlidir. Yeni Nizamnamənin qəbulu dünyada müasir çağırışların bərqərar  olduğu dövrdə Azərbaycanın sürətli, dinamik inkişafını  təmin edəcəkdir.

                Yeni  Azərbaycan  Partiyasının İdarə Heyətinin, Təftiş Komissiyasının, Gənclər Birliyinin yenidən formalaşdırılması, Veteranlar Şurasının təsis edilməsi də partiya idarəetməsində yeni mərhələnin başlanmasıdır. Digər tərəfdən, Azərbaycanın  6 siyasi partiyasının Yeni  Azərbaycan Partiyasına qoşulması bu partiyanın yüksək nüfuzunun, ona  böyük  etimad və inamın  olmasının bariz təzahürüdür.

               VII qurultaydan sonra Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edilmişdir. Mehriban xanım Əliyevanın milli inkişafa xidmət edən çoxşaxəli fəaliyyəti ilə bərabər Yeni Azərbaycan Partiyası sədrinin müavini təyin olunması ilə partiyada aparılan  işlər daha  da  mütəşəkkil xarakter almışdır. Bu, dövlətçilik maraqlarının qorunması və milli həmrəyliyin gücləndirilməsi baxımından çox böyük əhəmiyyətə malikdir.  Mehriban xanım Əliyevanın Yeni  Azərbaycan Partiyası sədrinin birinci müavini kimi fəaliyyəti bundan sonra da qurucusu Ümummilli Liderimiz Heydər Əliyev olan Yeni  Azərbaycan  Partiyasının yeni nailiyyətlər əldə edərək öz nüfuzunu daha da artırması, Azərbaycanın sürətli və hərtərəfli inkişafına davamlı töhfə verməsi baxımından əlamətdar olacaq.

                Yeni  Azərbaycan  Partiyasının  son  qurultayında müəyyən olunmuş əsas vəzifələrdən biri də partiya strukturunun yenilənməsi və fəaliyyətin səmərəliliyinin artırılması üçün təşkilati işlərin həyata keçirilməsidir.  Partiyada təşkilatlanma prosesi müxtəlif istiqamətlər üzrə aparılır.  Yeni  Azərbaycan  Partiyasının VII qurultayından ötən zaman müddətində   təşkilatlanma, kadr və struktur dəyişiklikləri baxımından mühüm qərarlar qəbul olunub.

                Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə əsasən partiyanın strukturu, təşkilatları yeni prinsiplər əsasında formalaşdırılmışdır.  Partiyada təşkilatlanma işi daha çevik və müasir tələblərə  uyğun  qurulmuşdur. Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə siyasi-ideoloji  istiqamətdə bir  sıra  tədbirlər  təşkil olunur. Bu tədbirlər gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, milli şüurun gücləndirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması  istiqamətində müstəsna əhəmiyyət kəsb  edir. İnkişaf  etmiş  demokratik  ölkələr üçün nümunə olan Yeni Azərbaycan Partiyası   ölkənin hər bir sahəsində təmsil olunan partiya kimi iqtidar-müxalifət dialoquna öz töhfəsini verir. Belə  ki, artıq Yeni Azərbaycan Partiyası əməkdaşlığa açıq və yerlərdə siyasi dialoq ilə bağlı olan prosesləri stimullaşdıran partiyaya çevrilmişdir. Ulu  Öndər  Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə çoxsaylı nailiyyətlərə imza atan Yeni Azərbaycan Partiyası artıq  yeni mərhələdə   öz üzərinə düşən vəzifələri layiqincə, şərəflə yerinə yetirməklə milli tərəqqiyə mühüm töhfələr verir və gələcəkdə də verəcəkdir. Çünki bu partiya Ümummilli Liderimizin dediyi kimi, dünənin, bu günün və gələcəyin  partiyasıdır. Dünən Azərbaycan xalqının, dövlətinin ictimai-siyasi məsuliyyətini öz üzərinə götürən Ümummilli Liderin ətrafında  birləşməklə  yaradılmış, bu gün qalib xalqın Lideri, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən Yeni Azərbaycan Partiyası sabah da taleyüklü məsələlərin həllində və tarixi məsuliyyət anlarında öz sözünü deyəcək - ümumxalq partiyası olduğunu hər zaman təsdiqləyəcək! Heydər Əliyev siyasi yolu, müdrik, uzaqgörən, dahi siyasətçi İlham Əliyevin müəyyənləşdirdiyi strategiya Azərbaycanın uzunmüddətli xoş gələcəyinin ən böyük qarantıdır.

          Nəcəf HƏSƏNOV,

          Yeni Azərbaycan Partyasının üzvü, 

Xocalı RTŞ-nin aparıcı məsləhətçisi.

Yorum Gönder

Daha yeni Daha eski