Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Xilaskar Ordumuz Xocalıdakı şəhid ruhlu, cənnət qoxulu boynubükük bənövşələri də düşmən tapdağından azad edəcək

         Hələ 2016-cı ildə Müzəffər Ordumuz Lələtəpə yüksəkliyini düşmən tapdağından azad edərkən xalqımızın dilində “Cocuq Mərcanlıdan Şuşaya” adlı şüarlar səslənirdi. Çox keçmədi ki, bu şüar gerçək oldu. Qələbə yolunda, Zəfər yolunda Lələtəpə yüksəkliyinə Şanlı Bayrağımızı sancmağı Qarabağa açılan pəncərə saymaq olar. Lələtəpə zəfəri ilə biz düşmənin zəif tərəflərini öyrənməklə yanaşı, onlara həm də tezliklə Qarabağı işğaldan azad edəcəyimizin mesajını da verdik. Eyni zamanda Cocuq Mərcanlını tez bir müddətdə yenidən qurmaqla, Şuşa məscidinə bənzər məscidin inşası ilə düşmənə mesaj göndərdik ki, erməni barbarlarının viran qoyduğu yurd yerlərimizi, tarixi abidələrimizi özümüzə qaytaracağıq və abadlaşdıracağıq. Aprel zəfərindən sonra “Lələtəpədən Qırxqıza, Cocuq Mərcanlıdan Xocalıya” adlı məqalə yazmışdım. Hər yazımda, ictimaiyyət arasında hər söhbətimdə, vətənpərvər ruhlu şeirlərimdə tezliklə düşmən üzərində Böyük Zəfər çalacağımıza olan inamımı ifadə etmişəm. Bundan sonra da Bütöv Azərbaycan torpaqlarının arzusu, amalı və ideologiyası ilə ürəyimdən gələn duyğuları, fikirləri - Cənab Prezidentimizin qətiyyətli siyasətindən, Müzəffər Ordumuzdan, qəhrəman oğullardan və xalqımızın həmrəylindən yazacağam. 

        44 günlük Vətən müharibəsindən sonra Xocalı rayonunun Fərrux kəndinin və yüksəkliyinin işğaldan azad edilməsi müjdəsi xalqımızın qələbə ruhunu bir daha coşdurdu. Vətən müharibəsində vulkan kimi püskürən xalqın qisas intiqamı bizə qələbəni gətirən əsas amillərdən biri oldu. Fərrux zəfərinin sevinci bir daha sübut etdi ki, xalqımızın qələbə ruhu istənilən an döyüşə hazırdır və yumruq kimi hər cəbhədə həmrəy olmağı bacara bilirik. Milli ruhumuzun daim canlı qalması xalqımızın döyüşkənliyindən, qələbə əzminin yüksək olmasından xəbər verir. 

        Xocalı sakinləri Fərrux zəfərini qürur hissi və sevinclə qarşıladılar. 44 günlük haqq savaşımızda Xocalı cəlladlarının da məhv edilməsi xocalıların qisas hislərinə rahatlıq gətirdi. Əminik ki, Xocalı şəhidlərinin ruhunun dolaşdığı bütün müqəddəs yurd yerlərimizi düşmən tapdağından azad edəcəyik. Nigaran və intizar çəkən ruhlar öz doğmalarının, əzizlərinin qayıdışı arzusu ilə Xocalı torpağı üzərində pərvaz edir, yolumuzu gözləyir. Xocalı qeyrət yerimizdir. Xocalı şəhid və qəhrəman şəhərdir. Xocalı şəhidlərimizin ruhlarının dolaşdığı Azərbaycanının müqəddəs cənnət guşəsidir. Kətik meşəsində açan bənövşələr şəhid ruhlarının cənnət qoxusu ilə daha da təravətlə açmaqdadır. Xilaskar Ordumuz Xocalıdakı şəhid ruhlu, cənnət qoxulu boynubükük bənövşələri də düşmən tapdağından azad edəcək. Meşələrdə, düzlərdə neçə-neçə qurd-quşa yem olan həmvətənlərimizin şəhid olduğu yerlər azadlığa çıxacaq. Qarqarçayı qəmli zümzüməsini şən musiqi ilə əvəz edəcək. Əsgəran qalasına Şanlı Bayrağımızı sancacağıq, qalanın önündə bayram şənlikləri keçirəcəyik, Novruz bayramı tonqalını alovlandıracağıq. Meydan düzündə atlarımız şahə qalxacaq. Bol-bəhərli Xocalı torpağında xocalılar həvəslə əməklə məşğul olacaq, bu vüsal sevincindən torpaq da illərdir düşmənə qıyıb vermədiyi, əsirgədiyi bərəkəti, neməti, ruzini sakinlərimizə bəxş edəcək. Xoşbəxt və firavan həyat yaşayacağıq Xocalımızda. Bizə qayğı göstərən, ağır və çətin günlərimizdə dərdimizə şərik olan həmvətənlərimizi də əsla unutmayacağıq. Evimizin qapısı, süfrəmiz həmişə bizə arxa-dayaq olan insanların üzünə açıq olacaq... 

        Fərrux zəfəri Xocalımıza, doğulduğum Qəhrəmanlar kəndi Kosalara qayıdacağıma olan böyük inamımı daha möhkəmləndirdi. Düşüncələrimdə, xəyallarımda Fərrux qələbəsindən sonra növbəti zəfərlərin ard-arda gələcəyi müjdələri dolaşdı. Biz zirvədən-zirvəyə bayrağımızı sancır, kənd-kənd, yurd-yurd torpaqlarımıza qayıdırıq. Zəfər yolu Xocalıdan, Xankəndindən də keçəcək. Şərqi Zəngəzurdan Naxçıvana qardaş qolu açacağıq, Turan yolu çəkəcəyik. Xalq olaraq amalımız, yolumuz bəllidir. Bütöv Azərbaycan yolunda xalqımıza havadar olan, ona layiqli xidmət edən qətiyyətli dövlət başçısı, ordumuzun qüdrətinə qüdrət qatan güclü sərkərdəmiz, bayraqdarımız var.  

        Dəmir yumruğun altından qaçaraq özünü havadarlarının ayağı altına atan mənfur düşmənlər hər gün ümidlərini bir az da itirirlər. Aldığı zərbədən özünü düzəldə bilməyən işğalçı dövlət tərəfdən hərdən revanşist çıxışlar olsa da, hamıya məlumdur ki, bu çıxışlar siyasi fiqurların hakimiyyətlərini qorumaları üçün ağız atmasıdır. Quyruğunu yerə vurmaq istəməyən rəzil düşmənlərimiz güvənib söykəndiyi qaya parçalandıqca, qayanın kölgəsi kiçildikcə qısıla-qısıla ortadan çıxıb qaçacaqlar. Silahını yerə qoymayan, qanunlarımıza tabe olmayanlar isə öz layiqli cəzalarını alacaqlar.  

        Xalqımızın həmrəyliyinin rəmzi, Ali Baş Komandanımızın Dəmir yumruğu sarsılmaz olacaq. Azərbaycan xalqını qarşıda qələbələr, daha da gözəl günlər gözləyir. 

Qalib Quliyev,
Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri
Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi