Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Şuşa sevinci, Kosalar həsrəti

      

      Xocalı rayon Kosalar kənd sakini, I Qarabağ müharibəsi şəhidinin qardaşı Məmmədov Nadir Qasım oğlu, ailə üzvləri və doğmaları ilə birlikdə 16.04.2022-ci il tarixdə Şuşaya səfər edib.  

       1992-ci il yanvarın 28-də Ağdamdan Şuşaya uçan "Mİ-8" mülki helikopteri Xankəndi istiqamətindən qumbaraatanla vurulması nəticəsində Şuşanın Xəlfəli kəndi yaxınlığında yanaraq yerə düşmüş, hadisə zamanı aralarında Nadir Məmmədovun qardaşı Zakir Məmmədov da olmaqla, əksəriyyəti qadın və uşaqlardan ibarət 41 sərnişin və 3 ekipaj üzvü, ümumilikdə 44 nəfər faciəli şəkildə həlak olmuşdur.                                                Nadir Məmmədov Şuşa səfərindən aldığı təəssüratlarını "Xocalının səsi" qəzeti ilə bölüşdü: "Şuşaya gedəndə elə bil həyata yenidən gəldim. Məni qeyri-ixtiyarı olaraq hönkür-hönkür ağlamaq tutdu. (Bu sözləri deyərkən də gözləri yaşla dolurdu). Bu mənim üçün ömrümdə ən əziz ziyarət idi. Ancaq buna baxmayaraq, viran edilmiş evlərə baxarkən, qardaşımın şəhid olduğu yeri seyr edərkən məni qəhər boğdu. Şuşa sevinci ilə, Kosalar həsrəti məndə sevinc və kədər qarışıqlı hislər yaratdı. Ata-baba torpaqlarımızın işğal olunması və 30 ilə yaxın düşmən tapdağında qalması düşüncəsi məni hiddətləndirirdi. Çox şükürlər olsun ki, Vətən müharibəsində düşmən üzərində qələbə çalmaqla başımızı qaldıra bildik, qəlbimizi qürur, fərəh hissi bürüdü. 

    Qardaşımın şəhid olduğu yeri ailə üzvlərimdən ən axırıncı görən mən idim. Həmişə istəyirdim ki, Allah qismət eləsin, qardaşımın şəhid olduğu yeri uzaqdan da olsa ziyarət edim, öz övladlarıma və qardaşlarımın övladlarına həmin yeri göstərə bilim ki, onlar da əmilərinin şəhid olduğu yeri tanısınlar. Helikopterin yerə düşdüyü yerlə aramızda olan hava məsafəsi təxminən 500 m olardı. Həmin gün Şuşa səması üzərində pərvaz edən qardaşımın ruhu daha da rahatlıq tapdı. 

    Şuşadan Kosalar kəndi istiqamətinə, Ya Əli dağı tərəfə də boylandım. Kəndimizə tərəf qaçaraq şəhid qardaşımın, əzizlərimizin qəbirlərini bir-bir ziyarət etmək istədim. Əminəm ki, o günlər də olacaq."

    Nadir Məmmədov deyir ki, qardaşımın vəsiqəsinin yanaraq köynəyinin döş cibinə yapışmış, adı oxunan kiçik parçasını qoparıb saxlamışdım. Həmin əmanəti atam vəfat etməmiş əli ilə oxşayaraq öpüb, ondan şəhid oğlunun qoxusunu almışdı. Atam rəhmətə getməzdən bir müddət əvvəl kiçik qardaşım Kazımdan onu gizlətməyini istəyib. Mənim qəmə batdığımı bildiyi üçün tez-tez qardaşımın nişanəsinə çox baxmayım deyə qardaşıma belə nəsihət etmişdi. 

    Mən bir şəhid qardaşı kimi xalqımıza bu sevincli günləri yaşatdığı üçün Ali Baş Komandanımız İlham Əliyevə, Müzəffər Ordumuza minnətdarlıq edirəm. Qazilərimizə cansağlığı arzulayır, şəhidlərimizin ruhu qarşısında baş əyirəm.







Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi