Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Şuşa hər bir azərbaycanlı üçün əzizdir...

Mən Azərbaycanın xoşbəxt vətəndaşı, qürurlu gənciyəm. Bu hisləri özümə aşılamaq üçün məndə milli əsaslar və milli ruh var. Ağlım kəsən vaxtdan mənə valideynlərim, müəllimlərim milli ruhda tərbiyə veriblər. Buna görə də həmişə düşmənə nifrət, xalqımıza, dövlətimizə məhəbbət hisləri ilə böyüyüb gənclik çağıma qədəm qoymuşam. Ancaq bu illərdə ən böyük arzum Qarabağ torpağının tezliklə düşmən tapdağından azad etməyimiz, qisasımızın alınması arzusu olub. Çox şükür olsun ki, bu arzuya, amala xalq olaraq yetə bildik. Məhz buna görə də özümü Vətənin xoşbəxt, qürurlu gənclərindən biri sayıram.

            Şuşa şəhərindən baxarkən Xocalı rayonunun Kosalar kəndinə aid “Ya Əli” adlanan dağ görsənir. Dağın o üzündə viran edilmiş doğma Kosalar kəndidir. Şuşada yandırılan Zəfər tonqalının alovu Kosalar kəndi üçün ümid işığıdır. Biz yaxın zamanda bütün torpaqlarımıza qədəm qoyacağıq...

Bu dağın o üzü bizim kəndimiz,

Boylanır uzaqdan hələ gözümüz.

Düşəcək yoluna yenə izimiz,

İstərəm havanı udum, Kosalar!

Şəfalı suyundan dadım, Kosalar!

Qoynunda doğulduğum, iməklədiyim Xocalı rayonunun Kosalar kəndindən didərgin düşəndə 6 yaşım var idi. Düşmənə matəm saldıran Kosalar kəndinin qəhrəmanlıq dastanını dinləməklə böyüyüb boya-başa çatmışam. Həmişə fəxr edirəm ki, belə qəhrəman kəndin övladıyam. Cismim doğulduğum torpaqdan bir əmanətdir, ruhum isə doğma yurdun havası, suyu ilə həmahəngdir. Doğma kəndimdən yadımda az da olsa xatirələr qalıb. Amma ağlı-qaralı, köhnə film kadrları kimi. Uşaqlıq yaddaşımda bir neçə saniyəlik təəssüratlarla Şuşa şəhəri də qalıb...

            Şuşa milli birliyimizin rəmzi kimi bizi qoynuna çağırır, bir mayak kimi xalqımızı ətrafında cəmləşdirir. Ali Baş Komandanımız İlham Əliyevin Cıdır düzündə alovlandırdığı Novruz bayramı tonqalı Oğuz elini həmrəyliyə səsləyən tonqala bənzəyir. Milli birliyimiz, həmrəyliyimiz Şanlı Zəfərimizlə daha da möhkəmlənibdir, daha da güclü formalaşıbdır. Zəfər sevincini dadan, Ordumuzun arxasında dağ kimi dayanan xalqımız yaxşı bilir ki, milli birliyimiz olan təqdirdə hər döyüş sınağından qalib çıxa bilərik. Azərbaycan əsgəri də məhz kürəyində hiss etdiyi xalqımızın nəfəsi, dəstəyi nəticəsində döyüş əzmi və ruh yüksəkliyi ilə irəli atıldı.

        Bir vaxt dağlarının başı duman olan Şuşa, indi azad səmasında üçrəngli bayrağımızın ahəngi ilə dolaşan şəhid ruhlarının cənnət guşəsidir. Cıdır düzü Zəfər şənliklərinin qeyd olunduğu gözəl məkandır. Düşmən tapdağında ümidlə, intizarla nakam açmış boynubükük xarıbülbüllər artıq sevinclə, həvəslə torpağın altından baş qaldırırlar. Şuşa qayaları övladlarına qovuşan, ağuşuna alan, onlarla qürur hissi keçirən məğrur bir Ananın fərəhlə döyünən sinəsinə bənzəyir. Şuşa mədəniyyətin incilərindən biri olan Yuxarı və Aşağı Gövhərağa məscidləri xalqımızın müqəddəs ziyarət yerlərindən biridir. Kirs dağı başını məğrur tutaraq xoş günlərimizi seyr edir. Şuşa qalası Vətən müharibəsində döyüşlərdə əsgərlərimizə səngər oldu, Pənahəli xanın ruhu ilə oyanıb mənəvi gücə çevrildi, bir neçə əsr əvvəlki müdafiə missiyasını canlandıraraq əsgərlərimizi düşməndən qorudu. Bu gün Şuşa qalasının hər daşı xalqımızın döyüşkənlik ruhundan ilhamlanaraq bir-birinə bərkiyib, sarsılmaz olubdur. İsa bulağı qəzəbindən, kədərindən, həsrətindən daha qanlı göz yaşı axıtmır. Sevinclə, fərəhlə zümzümə edir. Onun da Şanlı Zəfərimizə qoşduğu nəğmələr var. Ümumiyyətlə, azad Qarabağın hər qarış torpağı sanki dilə gəlib danışır.

            Əziz oxucu, çalışdığım qədər fikrimi yazı ilə ifadə edirəm. Amma məni riqqətə gətirən mövzu, ruhumu qanadlandıran sevgi, döyüşşülərimizə, şəhidlərimizə, qazilərimizə olan minnətdarlıq hissi düşüncələrimi şeirlərimlə bildirməyə sövq edir.

“Əziz Şuşa, sən azadsan”!

Zirvələrdə qartal kimi.

Sən ruhuma qol-qanadsan

Gerçəkləşmiş vüsal kimi.

 

Qisas üçün savaşaraq,

Neçə sədlər, dağ aşaraq,

Qayaları dırmaşaraq

Gəldi ordum hilal kimi.


Dastan oldu Böyük Zəfər,

Qalib ordu, xalq müzəffər.

Sərkərdəmiz etdi səfər

Bir müqəddəs amal kimi.


Gəlib indi xoş dövranın,

Abadlaşır hər bir yanın.

Artacaqdır sənin şanın

Gözəl şəhər, mahal kimi.

          Bu gün Xocalı rayonundan olan gənc jurnalist kimi yazılarım, şeirlərim Qarabağı vəsf edir, Şanlı Zəfərimizi təbliğ edir. Amma Qarabağla bağlı ən gözəl əsəri əlbəttə ki, Ali Baş Komandanımız, Müzəffər Ordumuz döyüş meydanında yazıb. Düşmən tapdağında inildəyən torpaqlarımıza azad nəfəs gətirməklə, şəhidlərimizin qisasını almaqla Böyük Zəfər tarixini yazıb igid Vətən oğulları...

Ruhumuz fərəhdən dönüb qartala,

Yetişdik vüsala, çatdıq amala.

Son qoyduq qarətə, bunca işğala,

Azaddır yurdumun torpağı, daşı,

Tarixə yazıldı Vətən savaşı!

       

Bir vaxt Xətainin güclüydü qolu,

İndisə İlham var hünərlə dolu.

“Dəmir Yumruğ”udur haqqın simvolu,

Düşmənin bir yolluq əzildi başı,

Tarixə yazıldı Vətən savaşı!

İndi Şuşada Zəfər şənlikləri qeyd olunur. Həmvətlərimiz Şuşanı ziyarət edir, Vətən müharibəsində əldə etdiyimiz qələbənin sevincini doya-doya, əsl mahiyyətini dərindən dərk edərək yaşayır. Ən əsası odur ki, xalqımız qələbəmizə həmrəyliklə nail olduğu kimi, zəfər sevincini həmrəy yaşadığı kimi, hər kəs ziyarət etdiyi torpaqlardan aldığı təəssüratları bir-biri ilə paylaşaraq həmrəylik duyğusunu canlı saxlayırlar. Azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayının keçirilməsi bir daha onu göstərir ki, Şuşa xalqımız üçün əzizdir və milli birliyimizin zəfər təntənəsidir. Şuşa səfərinə çıxarkən duyğularımı ifadə etmək üçün yenə şeirə yer verəcəyəm.

Şəhid Xudayarın həzin səsilə,

Xanın havalanan şikəstəsilə,

Telli durnaların şən nəğməsilə

Əziz Şuşam, qucağına gəlirəm,

Doğma yurdum, ocağına gəlirəm.


Səndə keçib ömrün ilki, əzəli,

Dilimdə Vaqifin sevgi qəzəli.

Qoy qısqansın məni Şuşa gözəli,

Əziz Şuşam, qucağına gəlirəm,

Doğma yurdum, ocağına gəlirəm.


Ordumuz dərs keçdi xain düşmənə,

Dönür övladların qoynuna yenə.

Mən də bir oğlunam, qucaq aç mənə,

 Əziz Şuşam, qucağına gəlirəm,

Doğma yurdum, ocağına gəlirəm. 

Şuşa nə qədər bizə əzizdirsə, Şuşaya aparan yollar da bizim üçün o qədər əzizdir. Çünki Şuşaya gedən Zəfər yolu igid oğullarımızın hünəri ilə düşmən tapdağından təmizlənib, neçə-neçə şəhidlərimizin qanları hesabına mənfur izlərdən arınıbdır. Şuşa Qarabağın ürəyidirsə, Zəfər yolu da onun şah damarıdır. Cənab Prezidentimizin təbiri ilə desək, Zəfər sözü xalqımıza çox yaraşır. Bütöv Azərbaycan amalı, milli ideologiyamız uğrunda bundan sonra da böyük zəfərlərə imza atacağıq. Bunun üçün həmişəki kimi həmrəy olmalı, Cənab Prezidentimizin ətrafında sıx birləşməliyik. Zəfər yoluna həsr etdiyim “Mübarəkdir Zəfər Yolu” şeirlə təəssüratlarıma poetik ifadə əlavə edirəm:  

Bu yol gedir bizim elə,

Şən şeirlər gəlir dilə.

Qoy bürünsün hər yan gülə,

İşıqlansın sağı-solu,

Mübarəkdir Zəfər Yolu!

 

Şüşə kimi yolun hamar,

Şuşamıza bizi apar.

Sən qəlbimdən keçən damar

Qürur dolu, fərəh dolu,

Mübarəkdir Zəfər Yolu!

 

Məclis qurub Cıdır düzü,

Xarıbülbül gözlər bizi.

Salaq yenə izimizi,

Ana torpaq açıb qolu,

Mübarəkdir Zəfər Yolu!

 

İlham aldım bu xoş çağdan,

Azad olmuş Qarabağdan,

Qalib Ordu aşan dağdan

Çəkdik mərdlik, haqq simvolu,

Mübarəkdir Zəfər Yolu! 

Fikrimi Şuşada keçirilən Zəfər Qurultayında Müzəffər Ali Baş Komandan İlham Əliyevin sözləri ilə yekunlaşdırmaq istəyirəm: “Bu gün alnımız açıqdır, bu gün üzümüz gülür, bu gün başımız dikdir və həmişə belə olacaq. Mən tam əminəm ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Biz öz torpağımızdayıq, bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz”.

           

             Qalib Bəyməmmədoğlu,

“Xocalının səsi” qəzetinin redaktoru


Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi