Xocalı rayon MKS-də Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib

       22.07.2022-ci il tarixində Xocalı rayon Mərkəzi Kitabxanasında Xocalı rayon Mədəniyyət evinin, Xocalı rayon Mərkəzi Kitabxana Sisteminin və Xocalı şəhər 5 saylı klubunun birgə təşkilatçılığı ilə Milli Mətbuat Günü ilə bağlı tədbir keçirildi. Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin Xocalı rayon üzrə baş məsləhətçisi Ruslan Bəşirov, rayon Mədəniyyət evinin, rayon Mərkəzi Kitabxanasının və şəhər 5 saylı klubunun kollektivi iştirak etdilər.

İlk öncə Azərbaycan Milli Mətbuatının əsasını qoyan görkəmli maarifçi, publisist, mütəfəkkir Həsən bəy Zərdabi və onun qələm yoldaşlarının ruhu bir dəqiqəlik sükutla yad edildi, Allahdan onlara rəhmət dilənildi.

                Xocalı rayon Mərkəzi Kitabxanasının Kitabişləmə və komplektləşdirmə şöbəsinin müdiri Lətifə Rəsulova çıxış edərək bildirdi ki,

Azərbaycanda milli mətbuatın, ana dilində ilk qəzetin nəşrə başlamasının 147 ili tamam olur. 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, təbiətşünas alim, publisist, mütəfəkkir Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında yeni səhifə açılıb. Vətənpərvər ziyalı Həsən bəy Zərdabi böyük əzab-əziyyətdən sonra ana dilində ilk qəzetin çapına müvəffəq olmuşdur. 1875-ci ilin 22 iyul tarixindən 1877-ci ilin 29 sentyabr tarixinə qədər çapını davam etdirən “Əkinçi” ayda iki dəfə 300-400 tirajla nəşr edilib. “Əkinçi” qəzetində dövrün görkəmli alim və ziyalılarının – Nəcəf bəy Vəzirovun, Moskvadan Əsgər ağa Goraninin, Şamaxıdan Məhəmmədtağı Əlizadə Şirvaninin, Dərbənddən Heydərinin göndərdikləri məktublar, Seyid Əzim Şirvaninin şeirləri və Mirzə Fətəli Axundzadənin “Vəkili-naməlumi millət” imzası ilə məqalələri dərc olunurdu.

            Gəncə Regional Mədəniyyət İdarəsinin Xocalı rayon üzrə baş məsləhətçisi Ruslan Bəşirov çıxışında qeyd etdi ki, bu gün müstəqillik yolu ilə inamla irəliləyən və hərtərəfli inkişaf edən Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması istiqamətində ciddi addımlar atılır, bu sahənin inkişafı ilə bağlı bir sıra uğurlu layihələr həyata keçirilir. Söz və mətbuat cəmiyyətin və dövlətin demokratik inkişaf göstəricisi kimi qəbul olunur. Kütləvi informasiya vasitələri, qəzetlər, jurnallar, teleradiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətdə ictimai fikri və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir. Respublikamızın ictimai-siyasi, sosial-iqtisadi həyatında demokratik dəyərlərin daha geniş şəkildə bərqərar olması, müstəqil dövlətçiliyin siyasi, iqtisadi və hüquqi dayaqların möhkəmlənməsi prosesi sürətləndikcə, Azərbaycan dövləti söz və mətbuat azadlıqlarının qanunvericilik bazasının demokratikləşdirilməsi istiqamətində yeni-yeni addımlar atır.

                                                                                                                            Hafiz Abbasov,

Xocalı rayon Mədəniyyət evinin direktoru





Yorum Gönder

Daha yeni Daha eski