Ümummilli liderimiz Heydər Əliyevin 1990-1993-cü illərdəki fəaliyyəti qüdrətli Azərbaycan dövlətinin formalaşmasının başlanğıcı oldu

Ümummilli liderimiz Heydər Əliyevin xalqımız qarşısında xidmətləri misilsizdir. İstər Azərbaycanda hakimiyyətdə olduğu, istərsə də Moskvada çalışdığı dövrlərdə daim xalqını və doğma vətənini düşünmüş, ölkəmizdə gedən proseslərə biganə qalmamış, Azərbaycanın inkişafı naminə böyük işlər görmüşdür.

Dövlətimizin və xalqımızın üzləşdiyi ağrılı-acılı 90-cı illərdə xilasımıza can atan və yetişən məhz ümummilli liderimiz Heydər Əliyev oldu. 20 Yanvar hadisələrindən sonra Moskvadakı nümayəndəliyimizdə xalqımıza qarşı qırğın törədənlərə qəti etirazını bildirərək, xalqının və dövlətinin yanında olduğunu göstərdi.

1990-ci il iyulun 20-də Bakıya gələn Heydər Əliyev daha sonra Naxçıvana getdi. Həmin dövrdə Azərbaycanda hərc-mərclik, xaos, özbaşınalıq hökm sürürdü. Eləcə də Azərbaycanın bir parçası olan Naxçıvan Muxtar Respublikasında da vəziyyət ürəkaçan deyildi. 1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Milli Məclisinin sədri seçildi. 1990-1993-cü illər ərzində blokada şəraitində qalan Naxçıvanda siyasi və iqtisadi sabitliyin bərqərar olması ümummilli liderimiz Heydər Əliyevin müstəsna xidmətlərindən biri idi. Dövlət rəmzlərimizdən olan üçrəngli bayrağımızın qaldırılması, qardaş Türkiyə ilə əlaqələrin qurulması, Yeni Azərbaycan Partiyasının təsis edilməsi, işğaıçı Ermənistanın hücum cəhdlərinin qarşısının alınması - bütün bunlar ümummilli liderimiz Heydər Əliyevin xalqına və vətəninə nə qədər bağlı olduğunun təzahürü idi.

Qardaş qırğınına, məhvolmaya doğru sürüklənən, ümidsizliyə qapılan xalqımızın qəlbində ümid çırağının yandırılması və sonrakı dövrdə müstəqil, demokratik, qüdrətli Azərbaycan dövlətinin formalaşması dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır.

Ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır!

 

Zülfü Quliyev,

Xocalı rayon Yaloba kənd orta məktəbinin müəllimi


Yorum Gönder

Daha yeni Daha eski