Qədim Füzulinin yeni günləri başlayıb

       27 sentyabr 2020-ci ildə başlanan 44 günlük müharibə zamanı ermənilər
Azərbaycana qarşı hərbi əməliyyatları dayanmadan davam etdirirdilər. Bunun nəticəsində, həmin gün saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələri tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alaxanlı, Şükürbəyli, Horadiz, Əhmədalılar, Qazaxlar və Mirzənağılı kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi
  iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğuları vasitəsilə intensiv atəşə tutulmuşdur. Nəticədə, çoxlu sayda azərbaycanlı yaralanmış, həlak olanlar olmuş və mülki infrastruktur obyektlərinə ciddi ziyan dəymişdir.

Ermənilərin hücumlarının qarşısını almaq üçün əks-hücum əməliyyatı həyata keçirilmişdir. Həmin gün Azərbaycan Silahlı Qüvvələrinə aid şəxsi heyət və tank bölmələrinin raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Dağlıq Qarabağ ətrafı təmas xəttinin, əsasən, şimal, şimal-şərq və cənub-şərq istiqamətində Ermənistan Silahlı Qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikası aşkar edilərək məhv edilmişdir. Aparılmış hərbi əməliyyatlar zamanı  Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilmişdir.

3 oktyabr tarixində yenidən hərbi əməliyyat həyata keçirilir. Bu əməliyyat nəticəsində cəbhənin cənub-şərq cəbhəsində Cəbrayılın Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, Füzulinin isə Aşağı Əbdürrəhmanlı kəndi tamamilə işğaldan azad edilir. Bununla belə, əməliyyatların keçirildiyi ərazilər Azərbaycan ordusunun irəliləməsi ilə yüksək dağlıq ərazilərə keçməsi və düşmənin Füzulinin təmas xəttində bir neçə müdafiə xətti qurması Füzuli şəhərinin azad edilməsini yubadırdı. Bütün bunları nəzərə alaraq, əməliyyatların istiqaməti dəyişdirilir. 9 oktyabrda Azərbaycan ordusu Xocavənd rayonunun Sor kəndi və Hadrut qəsəbəsini, Cəbrayıl rayonunun Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Füzuli rayonunun Yuxarı Güzlək, Gorazıllı kəndlərini işğaldan tam azad edir. Düşmən ordusu 10 oktyabr tarixində Hadrut istiqamətindəki Tuğ kəndindən və Cəbrayıl istiqamətindəki Arakul və Banazur kəndlərindən hücuma keçməyə çalışır. Ancaq Azərbaycan silahlı bölmələrinin gördüyü tədbirlər nəticəsində düşmən tərəfi  çoxlu canlı qüvvə və hərbi texnika itirərək geri çəkilir. 14 oktyabrda Azərbaycan ordusu irəli gedərək Füzuli rayonunun Qaradağlı, Xatınbulaq, Qarakollu və Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Qırmızıqaya, Dağdöşü, Tağaser kəndlərini işğaldan azad edir. Növbəti gün ordu irəliləməni davam etdirərək üç rayon ərazisindən Füzuli şəhərinin şərq istiqamətdə bir neçə kəndi azad edir. Şəhər uğrunda gedən döyüşlərin son fazasından öncə 16 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Xocavənd rayonunun Ağbulaq, Axullu və Xırmancıq kəndlərini işğaldan azad olunur. Şəhərin azad edilməsindən əvvəl artıq şəhər bir necə istiqamətdə Azərbaycan ordusu tərəfindən mühasirəyə alınır. Nəhayət, 16 oktyabrdan 17-nə keçən gecə şəhər uğrunda şiddətli döyüş başlayır. Düşmən xeyli canlı qüvvə və texnika itirərək  ərazini tərk etmək məcburiyyətində qalır. Bütün bunların nəticəsi olaraq,  Füzuli rayonunun Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndləri və Füzuli şəhəri işğaldan tam azad olunur. Eyni zamanda,  Ermənistan ordusunun mühəndis-istehkam rəisi, polkovnik Aşot Qazaryan məhv edilir.

Füzuli şəhərinin işğaldan azad olunması Azərbaycan ordusunun gücünü bir daha sübut etdi. Bununla da, digər ərazilərin yenidən Azərbaycan ərazisinə qatılmasına şərait yaradılmış oldu. 

Füzulinin işğal olunması ilə dünya növbəti erməni vandalizminin klassik nümunəsinin şahidi olmuşdu. Bu gün Füzulidən yayılan videokadrlardan da görünür ki, 27 il ərzində düşmən daşı daş üstündə qoymayıb... Füzulidə Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunan bir sıra memarlıq abidələri var idi. Çox təəssüf ki, tarixi əhəmiyyət daşıyan bu abidələrimiz ermənilərin vəhşi vandalizminə məruz qalıb, məhv edilib, yandırılıb. İşğalçı ermənilər bununla Azərbaycana dair tarixi hər vasitə ilə saxtalaşdırmağa, yaddaşlardan silməyə çalışıblar. Zəbt edilmiş torpaqlarımızın hər daşının külə döndərilməsi, viran edilməsi erməni vandalizminin daha bir sübutudur.

İşğal edilən Füzulinin 51 kəndi və rayon mərkəzi ermənilər tərəfindən viran qoyulmuşdu, 55 min nəfərə yaxın sakin doğma yurdundan didərgin düşmüşdü.

İndi bütün keçmiş məcburi köçkünlər kimi füzulilər də Böyük Qayıdışın sevincini yaşayır. Füzulilər əmindirlər ki, tez bir zamanda viran edilmiş yurd yerləri yenidən qurulacaq və gündən-günə inkişaf edən, çiçəklənən ölkəmizin bir parçası olan Füzuli gözəl şəhərlər sırasında yer alacaqdır.

Novruz Tağıyev,

Xocalı rayon sakini

 

Yorum Gönder

Daha yeni Daha eski