Qəhrəman Vətən oğulları 44 günlük haqq savaşımızda dastan yazdılar. Adlarını şanlı zəfər tarixinə qızıl hərflərlə yazdıran döyüşçülərimiz 30 il ərzində düşmən tapdağı altında inildəyən torpaqlarımızı mənfur izlərdən təmizlədilər. Vətən müharibəsində öz canı və qanı hesabına xalqımıza qələbəni bəxş edən qəhrəman oğullardan biri də Abdullayev Tural Şakir oğludur.
Xocalı rayon İcra Hakimiyyəti Başçısı Aparatının təşkilatçılığı ilə Xocalı rayon ümumtəhsil müəssisələrinin müəllim və şagird kollektivi "Qarabağ" ordenli Tural Abdullayevin şəhidlik məramına ucaldığı gündə onun məzarını ziyarət edərək məzarı üstünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.
Qeyd edək ki, Abdullayev Tural Şakir oğlu 1990-cı il fevral ayının 26-da Laçın rayonunun Ərikli kəndində anadan olub. O, doğulduğu ildə ailəsi Xocalı şəhərinə köç edib. Xocalıda yeni tikilən evlərdə məskunlaşıblar. Turalın 2 yaşı tamam olanda erməni quldurları onun yaşadığı şəhəri yerlə-yeksan etdilər, dinc əhaliyə qarşı soyqırım törətdilər. Xocalı soyqırımında Turalın atasının xalası oğlunun da ailəsi tamamilə məhv edildi. Kiçik yaşlarından düşmənə nifrət hissi bəsləyən Tural böyüyəndə düşməndən qisas almağı qarşısına məqsəd qoyub. Tural doğum gününü qeyd bilməyib. Çünki onun doğum günü 613 günahsız Xocalı sakininin şəhid olduğu soyqırım gününə düşüb.
Tural Abdullayev hərbi xidməti 2008-ci ildə Salyanda Xüsusi Təyinatlı Qüvvələrdə keçibdir. 2010-cu ildən isə Zaqatalada DİN XTQ-də əməliyyat qrupunda çalışıb. 12 il Xüsusi Təyinatlı Qüvvələrdə Vətənə qüsursuz xidmət edən Tural hərbi xidmət keçdiyi zaman və çalışdığı müddətlərdə nümunəvi xidmətinə görə çoxlu sayda medal və Fəxri Fərmanlarla təltif edilib. 2008-ci ildə hərbi xidmətdə nümunəvi xidmətinə görə hərbi hissə komandirinin əmri ilə baş çavuş Abdullayev Tural Şakir oğlu 3-cü dərəcəli döş nişanı ilə təltif edilib. 2013-cü ildə Azərbaycan Respublikasının “Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaranmasının 20 illiyi” yubiley medalı ilə, 2018-ci ilin dekabrında AVMVİB-nin əsasnaməsi ilə təsdiq edilmiş “Milli Ordu - 100” medalı ilə, 2020-ci ilin iyun ayında Azərbaycan Respublikasının Prezidentinin adından “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.
Tural cəmiyyət arasında qorxmazlığı, vətənpərvərliyi ilə seçilib. O, uşaq yaşlarından atasına Xocalının qisasını almağın vacib olduğunu deyərdi. Üçrəngli Bayrağımızı daim özü ilə aparan Tural Vətənə olan borcu qaytarmağı həyatının amalına çevirib. Vətən Müharibəsi başlamamışdən əvvəl əfsanəvi “Yaşma” xüsusi təyinatlıları sırasında xüsusi təlimlərdə iştirak etmişdir. Turalın gözlədiyi qisas vaxtı artıq yetişmişdi. Boz qurd ləqəbli döyüşçü qorxmadan ən təhlükəli döyüşlərə atıldı. Şərəfli döyüş yolu, şücaəti, Vətənə sevgisi onu şəhidlik zirvəsinə ucaltdı. Öz canı qədər sevdiyi bayraq tabutuna, məzarı üstünə sərildi. Tural ölməzliyi ilə Azərbaycan xalqının yaddaşına əbədi möhürləndi.
Tural Abdullayev Vətən Müharibəsi zamanı Murovdağ yüksəkliyinin alınmasında və Kəlbəcər tərəfində keçirilən döyüş əməliyyatlarında iştirak etmişdir. Qorxmaz Vətən oğlu öz cəsarəti, hünəri ilə düşmənə ağır zərbələr vurdu. Qəhrəmancasına döyüşərək sentyabrın 30-da əbədiyyətə qovuşdu.
Baş çavuş Tural Abdullayev 2020-ci il oktyabrın 1-də Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunub.
Subay
idi.
Azərbaycan Respublikası Prezidentinin müavfiq Sərəncamlarına əsasən, “Qarabağ” ordeni, "Vətən uğrunda", “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Məkanı cənnətdir, ruhu şad olsun.