Azərbaycanın beynəlxalq arenada oynadığı rol

      Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib.

Tədbirin iştirakçıları arasında ABŞ, Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, İsrail, İsveçrə, İtaliya, Gürcüstan, Kanada, Misir, Pakistan, Polşa, Rumıniya, Rusiya və Türkiyənin aparıcı beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri yer alıblar.

Konfransda Orta Dəhlizin təhlükəsizlik aspektləri, regionun iqtisadi imkanları müzakirə olunub. Xüsusilə bu baxımdan Zəngəzur dəhlizinin əhəmiyyəti, Şərq-Qərb dəhlizinin yaradacağı yeni nəqliyyat imkanları, beynəlxalq yükdaşımalarının genişləndirilməsi və şaxələndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

  ADA Universitetinin rektoru Hafiz Paşayev konfransı açıq elan edərək bildirib ki, bu dəfə biz əsas diqqəti bu gün region üçün çox önəmli və vaxtı yetişmiş məsələ olan “Orta Dəhliz” məsələsinə yönəltməyə qərar verdik. Azərbaycanın geostrateji yerləşməsi həmişə - qədim İpək Yolu vaxtından Ümummilli Lider Heydər Əliyevin böyük Avrasiyanın yeni enerji xəritəsini məharətlə cızaraq müvəffəqiyyətlə enerji dəhlizlərinin yaratdığı müasir dövrümüzə qədər özünə diqqəti cəlb etmişdir. Bu, həm ticari, həm də siyasi nöqteyi-nəzərdən qovuşuqda yerləşən ölkə üçün asan deyildi. Çünki regionun üzləşdiyi bütün əsas məsələlərdə Azərbaycan həmişə üzərində hökmranlıq etmək istəyən tərəflərin səylərinə, bu səylərin haradan daxil olmasına baxmayaraq müqavimət göstərmişdir.

Konfransda Prezident İlham Əliyev belə mühüm məsələlərin müzakirəsi üçün bu önəmli tədbirə ev sahibliyi etdiyinə görə ADA Universitetinə xüsusi təşəkkürünü bildirib.

Azərbaycanınn yerləşdiyi coğrafi məkan haqqında fikirlərini səsləndirən ölkə başçımız üstünlüklərimizdən danışıb. Qeyd edib ki, Bizim açıq dənizə, okeanlara çıxışımız yoxdur. Buna görə istər bizim enerji layihələrimiz, istərsə də nəqliyyat layihələrimiz olsun, hədəfimizə çatmaq üçün biz çox gərgin işləməli idik. Eyni zamanda, bizim coğrafi mövqeyimizin üstünlüyü Avropa ilə Asiyanın arasında yerləşməyimizdir. Əslində, iki qitənin ortasında yerləşirik və bu bizə bağlılıq məsələlərində mühüm rol oynamağa imkan verir. Lakin infrastrukturun fiziki olaraq mövcudluğu ən vacib məsələ idi və biz bu sektora uzun illər ərzində sərmayə yatırmışıq. İndi isə dəmir yolları əlaqələrimizə, yol infrastrukturumuza baxdıqda biz Azərbaycanda hər şeyin hazır olduğunu görürük.

Prezident İlham Əliyev Zəngəzur dəhlizinin gələcəkdə region ölkələrinin iqtisadiyyatına göstərəcəyi müsbət təsirini diqqətə çatdıraraq bildirib ki, biz faktiki olaraq Zəngəzur dəhlizi ilə bağlı müzakirələrimizi Ermənistanla deyil, Rusiya ilə aparırıq. Çünki Ermənistan asılı ölkədir. Onun müstəqilliyi çox simvolikdir. Ona görə də, biz onlarla danışıqlar apararaq vaxt itirmək istəmirik, Rusiya ilə danışıqlar aparırıq. Yeri gəlmişkən, Rusiya rəsmiləri ilə son təmaslarım zamanı biz Zəngəzur dəhlizini müzakirə etdik. Düşünmürəm ki, Ermənistan bu layihəni əngəlləmək iqtidarında olacaq. İrana gəlincə, yenə də düşünmürəm ki, bu, belə olacaq. Çünki İran özü regional kommunikasiya layihələrində maraqlı olmalıdır, ona görə ki, bu layihələr heç kimə qarşı deyil, hamının xeyrinədir.

44 günlük müharibədə Azərbaycanın əldə etdiyi qələbə dövlətimizin gücünü siyasi və diplomatik müstəvidə daha da gücləndirərək dövlətimizin nüfuzunu artırmışdır. İndi regionda heç bir layihə Azərbaycanın iştirakı olmadan keçirilmir. Bütün bunlar Prezident İlham Əliyevin apardığı uzaqgörən siyasətin nəticəsidir.

Akif Rüstəmov,

Xocalı rayon ziyalısı

Yorum Gönder

Daha yeni Daha eski