16 oktyabr 1992-ci ildə 91 nəfərdən
ibarət qrup Heydər Əliyevə müraciət edərək onu lider kimi
gördüklərini və onun ətrafında birləşdiklərini elan etdilər. 24 oktyabr 1992-ci
il tarixində Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev təklifi qəbul etmişdi. 1992-ci il noyabrın
21-də Naxçıvanda Heydər Əliyevin sədrliyi və 550 nəfərdən ibarət təşəbbüs
qrupunun iştirakı ilə Yeni Azərbaycan Partiyası yaradıldı. Ədliyyə Nazirliyi
tərəfindən 1992-ci il dekabrın 18-də siyasi partiya olaraq rəsmi qeydiyyata
alındığı. Yeni Azərbaycan Partiyası
Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi
çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən siyasi
partiyadır. Müxalifət partiyası kimi yaranan YAP 1993-cü ildə partiyanın sədri
Heydər Əliyevin Prezident seçilməsi, 1995-ci ildə keçirilən Parlament
seçkilərində qalib gəlməklə Azərbaycanda iqtidar partiyasına çevrildi. 1995, 2000, 2005, 2010, 2015 və
2020-ci illərdə keçirilən Parlament seçkilərində Yeni Azərbaycan Partiyası qalib
gəlib. Yeni Azərbaycan Partiyasının sədri 1992-2003-cü illərdə Ulu Öndər Heydər Əliyev olub. 15 oktyabr
2003-cü ildə prezident seçkilərində qələbə çalan İlham Əliyev partiya sədrinin
birinci müavini olaraq partiyaya rəhbərlik etməyə başladı. 2005-ci ildə Yeni
Azərbaycan Partiyasının III Qurultayı keçirildi və Cənab Prezidentimiz İlham
Əliyev partiyanın rəsmi sədri seçildi. 2005-ci ildən YAP-ın sədri Cənab
Prezidentimiz İlham Əliyevdir.
Yeni Azərbaycan Partiyasının keçdiyi
şərəfli inkişaf yolunun 30-cu ilidir. Müstəqil Azərbaycanın
möhkəmləndirilməsində və inkişafında YAP-ın
rolu böyükdür. Dövlət başçımızın partiyaya sədr seçilməsindən sonra Yeni
Azərbaycan Partiyası inkişafın yeni mərhələyə qədəm qoyub. Bu partiya
cəmiyyətdə böyük inam və etimadı qazanıb. 44 günlük Vətən müharibəsində
qazanılan Zəfər partiyanın nüfuzunu daha da yüksəltdi.
Yeni Azərbaycan Partiyasının
yaradılmasının 30 illiyi münasibətilə noyabrın
21-də Heydər Əliyev Mərkəzində
tədbir keçirildi. Tədbirdə YAP-ın sədri,
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev iştirak edib. Dövlətimizin başçımız tədbirdə çıxış edib. O,
çıxışında YAP-ın yaranmasının 30 illiyi
münasibətilə Partiyanın bütün üzvlərini
ürəkdən təbrik edib. Partiyanın yaranması tarixindən ətraflı çıxış edib.
Xalqımızın Ümummilli Lider Heydər Əliyevə inamı sonsuz olub. Ölkənin qarşısında
çox ciddi, böyük problemlər olub. Məhz Heydər Əliyevin zəkası,
cəsarəti,təcrübəsi, xalqın ona olan inamı, Yeni Azərbaycan Partiyası üzvlərinin fəaliyyəti xalqımızı çətin
vəziyyətdən çıxardı. Son 19 ilin hadisələrindən görürük ki, Ulu Öndərin bütün tövsiyyələri, siyasəti yerinə
yetirildi. Ulu Öndərimizin davamçısı olan Cənab Prezidentimiz İlham Əliyev güclü və müasir Azərbaycan dövləti qurdu. Hər
bir Azərbaycanlı dövlətimizlə fəxr edir, qalib dövlətin qalib xalqı olaraq
fəxrlə yaşayır. Ölkəmiz milli-mənəvi dəyərlər üzərində qurulur və inkişaf edir.
Gənc nəslimiz də illik ruhda böyüyərək adət-ənənələrə sadiqdir. Xalqımız bir
ailə kimi yaşayır. Xalqımız dəmir yumruq kimi birləşib, ölümü gözə alaraq işğal
altında olan torpaqlarımızda bayrağımızı qaldırdıq. Bu qələbəni biz Yeni
Azərbaycan Partiyasının sədri, Ali Baş Komandanımız İlham Əliyevin yürütdüyü
siyasətə inanaraq, güvənərək qalib gəldik.
Biz bu günlərdə Yeni Azərbaycan
Partiyasının yubileyini qeyd edərkən hər birimiz Ulu Öndərin xatirəsini
ehtiramla yad edirik. Onun bizə qoyub getdiyi miras bugünki müstəqil Azərbaycandır. Ulu Öndər Heydər
Əliyevin yaradıcısı olduğu Yeni
Azərbaycan Partiyası bu gün Cənab
Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə əhəmiyyətli uğurlara imza atır.
YAP-ın qarşıya qoyulan vəzifələrinin yerinə yetirilməsində rayon və ərazi
partiya təşkilatlarının rolu və aktivliyi vacibdir.
Aydın ƏLİYEV,
Xocalı rayon ziyalısı