Həyat yoldaşının şəhid olduğu yerin ziyarətini arzulayan Xocalı qadını

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli hadisələrdən biri kimi daxil olmuşdur. Azərbaycan xalqı və onun dövləti Xocalı soyqırımını heç vaxt unutmur və unutmayacaqdır. Erməni qəsbkarlarının insanlığa sığmayan qətllərinin, əsir və girovlara verdikləri amansız və ağlasığmaz işgəncələrinin ifşa olunması, beynəlxalq aləmdə Xocalı soyqırımının düzgün təbliğ edilməsi məqsədilə mütəmadi olaraq soyqırımı şahidlərindən, erməni girovluğunda olmuş həmvətənlərimizdən müsahibələr alınmalı, düşmənin xisləti, başımıza gətirilən müsibətlər gələcək nəsillərə çatdırılmalıdır. 

Müsahibim Xocalı soyqırımı şəhidi, “İgidliyə görə” medalı ilə təltif edilmiş Allahverdiyev Ziyadxan Salah oğlunun həyat yoldaşı Aidə Allahverdiyavadır. Allahverdiyeva Aidə Hilal qızı 1964-cü il iyulun 5-də Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. 1987-ci ildə Xocalı rayon sakini Ziyadxan Allahverdiyəvlə ailə həyatı qurub. Xocalıda xoşbəxt günlər yaşayan ailənin taleyi 1992-ci il fevral ayının 25-dən 26-na keçən o müdhiş gecədə tar-mar olub. Xocalı soyqırımı zamanı həyat yoldaşı şəhid olan, qayınatası, bir qaynı, qaynının oğlu itkin düşən, iki qaynı, qayınanası erməni girovluğunda olan Aidə Allahverdiyeva o müsibətli günləri belə xatırlayır:

-  Həyat yoldaşım Ziyadxan Xankəndində sürücü işləyirdi. Ermənilər dəfələrlə ona təzyiq göstərərək Xankəndində işləməsinə maneə olurdular. Buna baxmayaraq, hadisələrin ən qızğın vaxtlarınadək o, işini davam etdirdi. Bir dəfə erməni quldurları Ziyadxanın və başqa üç nəfər azərbaycanlının qarşısını kəsərək, onların üzərlərinə benzin tökərək yandırmaqları ilə hədələyiblər. Sonralar Xocalı Özünümüdafiə Taboruna yazılaraq torpaqlarımızın müdafiəsində dayandı. O, Xocalı uğrunda son nəfəsinədək canını sipər etdi və doğulduğu torpaqda şəhidlik məqamına ucaldı.

       Qayınlarım da torpaqlarımızın keşiyində dayanıblar. Böyük qaynım Mirzə və kiçik qaynım Elşən erməni silahlılarına əsir düşüblər. 18 gün erməni zindanında işgəncələr görüblər. Mirzənin barmağını “sən bu barmaqlarla bizə güllə atmısan” - deyərək, kəsmişdilər. Hər iki qayınımın dişlərini çəngəllə çəkib çıxartmışdılar. Qayınanam Allahverdiyeva Məleykə Mövsüm qızı da 1 gün erməni girovluğunda olub. Məleykə xala girov düşən vaxtı oğullarının da əsirlərin arasında olduğunu öyrənmişdir. Onun gözlərinin qarşısında çoxlu əsir öldürdüklərinə görə övladlarının salamat qalacaqlarına inamı qalmayıb. Girovluqda insanların başına gətirilən müsibətləri görən ana şükür edib ki, yaxşı ki, mənim gəlinlərim erməni quldurlarına girov düşməyib. Qayınlarım elə bir vəziyyətdə gəlib çıxdılar ki, onları tanımaq mümkün deyildi. Aldıqları işgəncələrin yeri, mənəvi zərbələri indi də qalmaqdadır. Ziyadxanın şəhid olmasını qardaşları əsirlikdən azad olunduqdan sonra xəbər aldılar. Bu xəbər onlar üçün çəkdikləri işgəncələrdən dəhşətli oldu.

- Erməni quldurları qayınananızı Xocalının hansı tərəfində girov götürüblər?

- Qayınanam Məleykə xala, qayınatam Salah kişi, qaynım Novruz, Novruzun 18 yaşına çatmamış oğlu Mahir camaatla birgə canlarını qurtarmaq üçün Kətik meşəsinə tərəf üz tutublar. Qayınatam Salah kişi İkinci Dünya Müharibəsində gözündən əlil olmuşdu. O, camaatdan xeyli arxada qaldığı üçün Mahir nənəsinə deyib ki, mən babamı qoyub gedə bilmərəm. Bir qədər sonra ermənilər dinc sakinləri gülləbaran ediblər. Camaat pərən-pərən olub. Məlekyə xala o güllə yağışından salamat çıxdığına inana bilməyib. Girov götürülən Məleykə ana, həyat yoldaşından, oğlundan və nəvəsindən ayrı düşüb. İtkin düşən əzizlərindən bir daha xəbər ala bilməyən qayınanamın gözləri ömrünün sonunadək intizar çəkdi.

- Qeyd etdiniz ki, həyat yoldaşınız Xocalı Özünümüdafiə Taborunun üzvü olub...

- Bəli, Ziyadxan Allahverdiyev Xocalı Özünümüdafiə Taboruna yazılmışdı. O, vətənpəvər, torpağına bağlı, qorxmaz insan idi. Soyqırımı axşamı soyuqdan-şaxtadan yeriyə bilməyən, yorulub taqətdən düşən qocalara, uşaqlara kömək edib. Düşmənə qarşı layiqincə mübarizə aparıb.

Ziyadxanı son dəfə görən həmyerlimiz deyir ki, o, ayağından güllə yarası almışdı. Buna baxmayaraq, sonadək avtomatını yerə qoymadı. Döyüş zamanı Ziyadxanın yaxınlığında avtomat səsləri eşitdim. Sonra onu görə bilmədim...

Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 fevral tarixli fərmanı ilə Allahverdiyev Ziyadxan Salah oğlu “İgidliyə görə” medalı ilə təltif edilmişdir.

Söhbət əsnasında ürəyində 30 ilin ağrı-acısını, intizarını daşıyan Aidə Allahverdiyeva göz yaşlarına qərq olaraq Vətən Müharibəsindəki şanlı qələbəmizlə şəhidlərimizin qisasının alındığından qürurla danışdı. Qarabağa Böyük Qayıdışımızla şəhidlərimizin ruhlarının daha da rahatlıq tapacağını qeyd edən Aidə Allahverdiyeva dedi ki, həyat yoldaşının şəhid olduğu yerə gedib həmin torpaqdan təsəlli almaq, oranı özünə ziyarət yerinə çevirmək istəyir...

 Qalib BƏYMƏMMƏDOĞLU

 

 

 

 

 

 

 

 

 

 

 

 


Yorum Gönder

Daha yeni Daha eski